Mehriban
Əliyeva:
“Rusiya ilə Azərbaycanın münasibətləri həqiqətən
heç vaxt indiki qədər sıx olmayıb və bu
münasibətlərin kökləri, doğrudan da, uzaq
keçmişə gedib çıxır”
Azərbaycanın Birinci
vitse-prezidentinin TASS agentliyinə, "Rossiyskaya qazeta”ya və
"Rossiya-24” telekanalına müsahibəsi
Xəbər verildiyi kimi, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
noyabrın 21-24-də Rusiyada rəsmi səfərdə olub. O, Prezident Vladimir Putin ilə
görüşüb. Vladimir Putin onu iki ölkənin
münasibətlərinin inkişafında və möhkəmlənməsində
xidmətlərinə görə "Dostluq” ordeni ilə təltif
edib. Bundan əlavə, Mehriban Əliyeva Rusiya
Hökumətinin başçısı Dmitri Medvedev və
Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də
görüşüb. Mehriban Əliyeva səfər
müddətində Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisinin bərpa olunmuş "Azərbaycan” pavilyonunun
açılışında iştirak edib.
Birinci vitse-prezident TASS agentliyinin Baş
direktorunun birinci müavini Mixail Qusmana TASS, "Rossiyskaya
qazeta” və "Rossiya-24” telekanalı üçün
müsahibəsində səfərinin yekunları barədə
danışıb. AZƏRTAC müsahibəni təqdim edir.
-Hər vaxtınız xeyir,
Mehriban xanım. Sizinlə görüşmək imkanına
görə çox sağ olun. Sizin Moskvaya, Rusiyanın paytaxtına rəsmi səfəriniz
başa çatır. Səfərinizin proqramı son dərəcə
zəngin olub, çoxlu görüşlər, o cümlədən
Rusiyanın rəhbərliyi ilə görüşlər
keçirmisiniz. Səfərin yekunlarını
necə qiymətləndirirsiniz? Bu günlər
ərzində Moskvada Sizin üçün ən çox yadda
qalan nə olub?
-Hər vaxtınız xeyir, hörmətli
Mixail Solomonoviç. Sizi görməyimə
çox şadam. Yenidən Moskvada
olmağıma çox şadam. Mən, ilk növbədə,
Rusiya Federasiyasına rəsmi səfərə dəvətə,
səmimi qəbula, maraqlı görüşlərə və
danışıqlara görə Rusiya Federasiyasının rəhbərliyinə,
Prezident Vladimir Vladimiroviç Putinə, Hökumətin
başçısı Dmitri Anatolyeviç Medvedevə,
Federasiya Şurasının sədri Valentina İvanovna
Matviyenkoya dərin minnətdarlığımı bildirmək
istəyirəm.
Ölkələrimizi möhkəm dostluq və
mehriban qonşuluq ənənələri bağlayır. Bu gün biz Azərbaycan-Rusiya
münasibətlərini strateji tərəfdaşlıq kimi səciyyələndiririk.
Hesab edirəm ki, hazırda ölkələrimiz
arasında münasibətlər öz tarixi ərzində ən
yüksək səviyyədədir.
Fəal siyasi dialoq mövcuddur, Azərbaycan
və Rusiya prezidentləri arasında mütəmadi
görüşlər bizim münasibətlərin
çoxvektorluluğunu təyin edir və demək olar ki,
bütün sahələrdə qarşılıqlı əlaqələrin
inkişafına təkan verir.
Qeyd etdiyim kimi, Azərbaycan ilə
Rusiyanı qədim və möhkəm dostluq və mehriban
qonşuluq ənənələri bağlayır, ölkələrimiz
dinamik inkişaf edir. Bu, dövlətlərarası əlaqələrin
genişlənməsi üçün yeni imkanlar yaradır.
Siz qeyd etdiyiniz kimi, mənim səfərim
dolğun, maraqlı oldu. Əlbəttə,
ilk növbədə, Rusiya Federasiyasının Prezidenti,
hörmətli Vladimir Vladimiroviç Putin ilə
görüşümü qeyd etmək istəyirəm. Bu, bizim ikitərəfli münasibətlərin bir
çox aspektlərini müzakirə etmək
üçün gözəl fürsət idi. Bu görüş zamanı Rusiya
Federasiyasının Prezidenti mənə "Dostluq” ordenini təqdim
etdi. Bu mükafatı almaq mənim
üçün böyük şərəfdir, mən onu Azərbaycan-Rusiya
münasibətlərinin yüksək səviyyəsinin daha
bir təsdiqi kimi qiymətləndirirəm. Əlbəttə, şadam ki, bizim strateji tərəfdaşlığımızın
inkişafı işində mənim də müəyyən
töhfəm var.
-Mehriban xanım, Siz tamamilə
haqlı olaraq dediniz ki, Rusiya ilə Azərbaycanın
münasibətləri həqiqətən heç vaxt indiki qədər
sıx olmayıb və bu münasibətlərin kökləri
doğrudan da uzaq keçmişə gedib çıxır.
Lakin digər tərəfdən, bugünkü münasibətlərə
görə biz, əlbəttə, ilk növbədə, - bunu
Siz də qeyd etdiniz, – ölkələrimizin liderlərinin,
Prezident Vladimir Vladimiroviç Putinin və Prezident İlham
Heydər oğlu Əliyevin sıx qarşılıqlı əlaqələrinə
borcluyuq. Onlar bu əlaqələri daha da
möhkəmləndirirlər. Bununla belə, - Siz
çoxvektorluluq barədə danışdınız, – Sizin
fikrinizcə, bizim əməkdaşlığımız
hansı sahələrdə daha perspektivlidir? Hansı sahələrdə
bu əməkdaşlıq daha real bəhrələr verir və
harada, ola bilsin, Sizin fikrinizcə, hələ
reallaşdırılmamış potensial var?
-Qeyd etdiyim kimi, Rusiya-Azərbaycan
münasibətləri çox geniş spektri əhatə
edir. Buraya iqtisadi blok, humanitar sahədə
qarşılıqlı fəaliyyət daxildir. Azərbaycan
və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir.
İqtisadi sahəyə, bu sahədə
qarşılıqlı əlaqələrə nəzər
salsaq, burada uğurlu qarşılıqlı fəaliyyət
artıq öz bəhrələrini verir. Rusiya
Azərbaycanın ticarət tərəfdaşlarından
biridir, qeyri-neft məhsullarının idxalına görə
birinci yeri tutur. Sevindirici haldır ki,
ölkələrimiz arasında əmtəə dövriyyəsinin
durmadan artması müşahidə olunur. Ötən il
Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi
19 faiz artaraq 2,6 milyard dollara bərabər
olub. Cari ilin doqquz ayı ərzində bu
göstəricinin artıq 26 faizə çatması
müşahidə olunur, qarşılıqlı sərmayə
qoyuluşu göstəriciləri də yaxşıdır.
Rusiyanın Azərbaycanda sərmayə qoyuluşunun həcmi
4,9 milyard dollardır. Azərbaycan Rusiya
iqtisadiyyatına 1,2 milyard dollar investisiya
yatırıb. Çox sevindirici haldır ki, son
vaxtlar neft sektorunda ənənəvi qarşılıqlı fəaliyyətlə
bərabər, qeyri-neft sektorunda, maşınqayırma, istehsal
avadanlığı, kimya sənayesi, əczaçılıq,
energetika, nəqliyyat kimi sahələrdə çoxsaylı
müştərək layihələr inkişaf etdirilir.
Konkret nümunələr kimi "SOCAR
Polymer” müəssisəsinin, "Azərikimya” müəssisələrinin
modernləşdirilməsi, "KamAZ” yük avtomobillərinin
yığılması və istehsalı, "P-Farm” dərman
preparatları zavodunun birinci növbəsinin tikintisini göstərə
bilərəm.
Tranzit-nəqliyyat sistemi bizim
qarşılıqlı fəaliyyətdə çox
mühüm və perspektivli istiqamətdir. Burada Qərbi Avropa bazarlarını
asiyalı istehlakçılarla birləşdirəcək
"Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin
yaradılması ən mühüm müştərək
layihələrdən biridir. Bu layihənin
reallaşdırılması başlayandan bəri ötən il uzunluğu yeddi min kilometrdən çox olan
bu marşrut üzrə yükdaşımaların həcmi səkkiz
dəfə, cari ilin altı ayı ərzində isə 60 faiz
artıb. Gələn il həmin layihə
çərçivəsində Bakıdan Rusiya Federasiyası
ilə sərhədə qədər yeni dördzolaqlı
magistral yol istifadəyə veriləcək. Bu
ilin sonuna qədər sərhədyanı Samur çayı
üzərindən birgə tikilən körpünün
inşası başa çatacaq və o, istifadəyə veriləcək.
-Mehriban xanım, mənim
bildiyinə görə, Siz Birinci vitse-prezident kimi humanitar,
sosial və mədəni sahələrin inkişafına
xüsusi diqqət yetirirsiniz. Bu sahələr Sizin
ciddi maraq obyektinizdir. Mənim fikrincə, bu da Rusiya-Azərbaycan
əməkdaşlığının çox mühüm
amilidir. Bu baxımdan, bizim
qarşılıqlı münasibətlərimizin bu sahəsi
necə inkişaf edir? Axı bu humanitar sahə
bütün insanlara, mənəvi həyata, bizim, bir daha deyirəm,
tarixi köklərimizə aiddir. Bu mənada,
indi Siz nəyi daha vacib hesab edirsiniz?
-Siz tamamilə düzgün
vurğuladınız. Humanitar sfera, humanitar sahə
dövlətlərarası münasibətlərdə belə
adlandırıldığı kimi şəxsiyyətlərarası
ünsiyyətdir. Bunu qeyd etməyə
çox şadam ki, humanitar sahədə Azərbaycan-Rusiya
münasibətləri nümunəvi xarakter
daşıyır. Bizim paytaxtımızda
Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü
ilə yaradılmış Beynəlxalq Humanitar Forum mütəmadi
keçirilir. Azərbaycanda rus mədəniyyətinə
və rus dilinə qayğıkeş və hörmətli
münasibət hamıya məlumdur. Bizim ölkəmizdə
300-dən çox məktəbdə tədris rus dilində
aparılır, hər il rus dili
olimpiadası keçirilir, 14 dövlət ali məktəbində
rus dili kafedraları və rus bölməsi fəaliyyət
göstərir. Keçən il 130 mindən
çox orta məktəb şagirdi və 25 mindən artıq
ali məktəb tələbəsi rus dilində təhsil
alıb.
Ali məktəblər arasında əməkdaşlıq
da yüksək səviyyədədir. Azərbaycanda, bizim paytaxtda Lomonosov adına Moskva Dövlət Universitetinin və
Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin
filialları uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik
Akademiyasının və Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutunun ikili magistr diplomları
proqramının birlikdə icrasına başlanıb.
Azərbaycanda çoxminli rusdilli icma var,
bu icma ölkəmizin ümumi inkişafına layiqli töhfə
verir, çoxsaylı sərgilər keçirilir. Bu il Azərbaycanda
Rusiya Mədəniyyəti Günləri keçirilib. Gələn
il qarşılıqlı tədbir –
Rusiyada Azərbaycan Mədəniyyəti Günləri
keçirilməsi planlaşdırılır. Dediyim
kimi, bu sahədə bizim münasibətlərimiz nümunəvidir.
Bu, çox vacibdir, çünki bu sahə həqiqətən
insanları, xalqları yaxınlaşdırır. Biz də bu ortaq humanitar məkanı qoruyub saxlamaqda
maraqlıyıq.
-Azərbaycan Prezidenti
İlham Heydər oğlu Əliyev dəfələrlə
deyib, – biz bunu müxtəlif tribunlardan kifayət qədər
tez-tez eşidirik, – təəssüf ki, bir sıra Avropa
ölkələrində özünü doğrulda bilməmiş
multikulturalizm Azərbaycan üçün böyük əhəmiyyət
kəsb edir, üstəlik, bu gün Azərbaycanda onu real
olaraq müşahidə edirik. Belə
adlandırılan çoxkonfessiyalılıq da multikulturalizmlə
qarşılıqlı bağlıdır. Lap yaxın vaxtlarda Bakıda Dünya dini liderlərinin
ikinci Sammiti keçirildi. Həmin tədbirdə
dünyanın ən müxtəlif dinlərinin nümayəndələri
iştirak edirdilər. Onlar hamısı Azərbaycanda
heyrətamiz çoxkonfessiyalılığı qeyd etdilər.
Buna nəyin hesabına nail olursunuz? Bu, yalnız
tarixi köklərdən irəli gəlir, yoxsa, bugünkü
Azərbaycan iqtidarının məqsədyönlü fəaliyyətinin
nəticəsidir? Bu baxımdan, Siz gələcək
inkişafı necə görürsünüz?
-Azərbaycan Respublikasının Prezidenti
öz çıxışlarının birində qeyd edib ki,
"multikulturalizm” sözü bizim leksikonumuzda yetərincə
təzə sözdür, lakin bu sözün arxasında
dayanan ənənələrin çoxəsrlik tarixi var. Azərbaycan
sivilizasiyaların, mədəniyyətlərin və dinlərin
qovuşuğunda yerləşir və sözsüz ki, bu, onun
çoxəsrlik tolerantlıq və multikulturalizm mədəniyyətinə
də təsir göstərir. Müxtəlif
millətlərə, mədəniyyətlərə və dinlərə
mənsub insanlar əsrlərboyu ölkəmizdə sülh, həmrəylik
və dostluq şəraitində yaşayıblar və
yaşayırlar, bu gün də bu ənənə dövlət
siyasəti ilə dəstəklənir. Buna
görə Azərbaycan bu gün beynəlxalq aləmdə
artıq dinlərarası, millətlərarası, mədəniyyətlərarası
dialoqun möhkəmlənməsinə yönəlmiş
çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi
tanınmış məkana çevrilib. Siz
bu yaxınlarda bizim paytaxtda Dünya dini liderlərinin ikinci
Sammitinin keçirilməsini qeyd etdiniz.
Siz tamamilə düzgün olaraq
vurğuladınız ki, müasir dünyada, təəssüf
ki, ümumi gərginlik artır. Biz irqçilik, ksenofobiya,
islamofobiya, antisemitizm, millətlərarası və dinlərarası
qarşıdurmanın qızışdırılmasında
dindən istifadə edilməsi kimi təhlükəli meyillərin
artmasının şahidləriyik. Bu gün bütün
bu məsələlər ümumbəşəri əhəmiyyət
kəsb edir və Azərbaycanda bu məsələlərin ən
yüksək dövlət səviyyəsində
qaldırılması, zənnimcə, təsadüfi deyil, ona
görə ki, mənim dediyim kimi, Azərbaycanda qədim ənənələr
var. Bununla bərabər, belə beynəlxalq tədbirlərdə
səslənən bu cür ismarıcların bütün
dünya ictimaiyyətinə çatdırılması
vacibdir. Dünya dini liderlərinin ikinci Sammitində
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill də
iştirak və çıxış etdi. Hesab edirəm ki, onun bütün ismarıcları,
müraciətləri bu gün aktualdır, bəlkə də
həmişəkindən daha aktualdır, ona görə ki,
dünyada bu təhlükəli hadisələrin artması
meyili təəssüf doğurur. Mən əminəm
ki, bu təhdidləri yalnız ümumi səylərlə, həm
dövlət başçıları səviyyəsində, həm
də adi vətəndaş cəmiyyəti arasında səylərlə
dayandırmaq olar.
-Mənim daha bir sualım var.
Sizin Moskvada keçirdiyiniz çox mühüm
görüşlər arasında, zənnimcə, bir
görüş xüsusi fərqlənib və Rusiya mətbuatında
geniş işıqlandırılıb. Mən əvvəllər
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi
adlandırılan məkanda yeni "Azərbaycan” pavilyonunun
açılışını nəzərdə tuturam.
Bu pavilyonun da öz tarixi var və Siz
açılışda bu barədə çox yaxşı
danışdınız. Lakin mən bir məqama diqqət
yetirdim ki, pavilyonun yenilənməsi, faktiki olaraq yenidən
yaranması Sizin başçılıq
etdiyiniz Heydər Əliyev Fondu ilə bağlıdır. Bu işdə
çoxları, o cümlədən Moskvanın hakimiyyət
orqanları, Moskva təşkilatları da iştirak ediblər,
lakin mən belə başa düşürəm ki,
bütün bunlara Sizin başçılıq etdiyiniz Heydər
Əliyev Fondu himayədarlıq edib. Bununla əlaqədar mən
sərginin ərazisində, digər tərəfdən
moskvalılar üçün də tamamilə nadir məkana
çevrilmiş pavilyon mövzusuna bir daha qayıtmaq istərdim
və xahiş edərdim ki, Siz Fond barədə bir neçə
kəlmə deyəsiniz. Çünki o, iri beynəlxalq
ictimai humanitar xeyriyyə təşkilatlarından birinə
çevrilib. Bu gün o, dünyada çox
nüfuzlu humanitar təşkilat imicinə malikdir və
bütün bu illər ərzində Fonda Siz
başçılıq edirsiniz. Siz bu Fondun gələcək
inkişafını, deyək ki, bu pavilyon prizmasından necə
görürsünüz?
-Mən, ilk növbədə, Rusiya
Federasiyasının rəhbərliyinə, Moskva şəhəri
hökumətinə Azərbaycan dövləti
üçün Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisinin ərazisində milli "Azərbaycan”
pavilyonumuzun bərpasında iştirak etmək imkanı
yaratdıqlarına görə bir daha təşəkkürümü
bildirmək istəyirəm. Çox şadam ki, bu əlamətdar
hadisə mənim rəsmi səfərim çərçivəsində
baş verdi. Bizim milli
pavilyonun açılışında iştirak etməkdən
qürur duyurdum. Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisi bu gün dünyanın ən iri
sərgi mərkəzlərindən biridir. Hər il Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisinə çoxsaylı qonaqlar gəlir və
Moskvanın bu memarlıq-mədəniyyət mərkəzinin
tarixi həqiqətən çox maraqlıdır. Bizim "Azərbaycan” pavilyonu 1939-cu ildə inşa
edilib, sonrakı illərdə başqa pavilyonlar kimi o da
çoxsaylı dəyişikliklərə məruz qalıb.
1966-cı ildə pavilyon bütöv metal qutu ilə
örtülüb, onun siması tamamilə dəyişib və
o, öz funksional və milli identikliyini, demək olar ki, itirib. Bərpa işləri 2017-ci ildə başlandı.
Təbii ki, bu, Azərbaycan dövlətinin qərarı
idi və Heydər Əliyev Fondunun rəhbərliyi altında
həyata keçirilirdi. Qeyd etməliyəm
ki, Fondun komandası bu işə çox böyük
qayğı və məsuliyyətlə yanaşıb,
çünki pavilyonun ilkin simasını bərpa etmək,
onun milli autentikliyini qaytarmaq məqsədi qarşıya
qoyulmuşdu. Böyük işçi
qrupu yaradıldı, həm Rusiyadan, həm də Azərbaycandan
ən yaxşı mütəxəssislər cəlb edildi.
Orijinal simanı bərpa etmək
üçün hər incəliyə, hətta
naxışlara da diqqət yetirilirdi. Əlbəttə,
bizim bu gün gördüklərimiz çox sevindiricidir, əminəm
ki, bu, hər bir azərbaycanlını sevindirir. Yenilənmiş "Azərbaycan” pavilyonu öz
qapılarını paytaxtının qonaqlarının da
üzünə açır. Bununla bərabər
o, bizim əlaqələrin - ölkələrimiz arasında,
xalqlarımız arasında, o cümlədən humanitar sahədə
əlaqələrin möhkəmlənməsinə xidmət
edəcək daha bir məkandır.
Fonda gəldikdə isə, Heydər
Əliyev Fondu 2004-cü ildə yaradılıb. Onun fəaliyyətinin əsas
istiqamətləri təhsilin, səhiyyənin, gənclərin,
ölkəmizin əhalisinin ən imkansız təbəqələrinin
dəstəklənməsi, o cümlədən
qaçqınlara və məcburi köçkünlərə
kömək kimi mühüm sahələrdir. Zənnimcə, belə desəm yanılmaram ki, Fond
15 illik fəaliyyəti ərzində həm ölkəmizdə,
həm də onun hüdudlarından kənarda böyük
hörmət qazanıb. Fondun əsas ideologiyası ondan
ibarətdir ki, irimiqyaslı layihələri
reallaşdırmaqla bərabər, bu illər ərzində
ölkəmizdə Fondun xətti ilə həqiqətən
çox işlər görülüb, yüzlərlə məktəb
və uşaq bağçası tikilib, tarixi abidələr bərpa
edilib, çoxsaylı tədbirlər təşkil edilib. Biz həmişə bir məqamı unutmamağa
çalışırıq ki, bütün bu işlər
ölkəmizdə insanların daha yaxşı
yaşamasına yönəlib, biz konkret vətəndaşı
görməyə və eşitməyə
çalışırıq. Ona görə Fondun
hamıya məlum olan, yaxşı işıqlandırılan
işindən əlavə, bizim elan etmədiyimiz işlər
də var. Yəni, bu gün Azərbaycanda bizim vətəndaşlarımız
bilirlər ki, onlar Fonda müraciət etdikdə mümkün
olan hər cür kömək edilməsi üçün
maksimum səy göstəriləcək. Mən
fəxr edirəm ki, Fondda bu cür vətənpərvər,
yaxşı təhsil görmüş, artıq müstəqil
Azərbaycanda böyümüş gənclər komandası
var və bizim uğurlarımız, əlbəttə ki,
komanda şəklində işin uğurudur. Buna görə mənim fikrimcə, Heydər
Əliyev Fondunun əsas nailiyyəti ondan ibarətdir ki, o, Azərbaycan
xalqının bu cür hörmətini və sevgisini
qazanıb.
-Hörmətli
Mehriban xanım, söhbət üçün Sizə təşəkkür
etmək istəyirəm. Artıq Yeni il
yaxınlaşır. Onu həm Azərbaycanda, həm də
Rusiyada qeyd edəcəklər. Sizinlə
sağollaşmağa çox təəssüflənəcəyəm,
çünki Yeni ilə qədər bu sözləri eşidə
biləcəyimizə əmin deyiləm. Ona görə
sağollaşmaqdan əvvəl Sizdən xahiş etmək istərdim,
qarşıdan gələn ildə rusiyalılara və öz
həmvətənlərimizə arzularınızı bildirəsiniz.
-Mən həm Rusiya xalqına, həm də
Azərbaycan xalqına, ilk növbədə, əlbəttə,
sülh arzulamaq istəyirəm. Dövlətlərimizin
uğurlu inkişafını, onların qarşısında
duran planların həyata keçməsini arzulamaq istəyirəm.
Tamamilə adi insani istəklərimi - möhkəm
cansağlığı, nurlu və xeyirli günlər
arzulamaq istəyirəm. İstəyirəm
ki, uğurlar kədərlərdən çox olsun. Kədər bizdən yan keçsin. İnsanlar müəyyən çətinliklərin
öhdəsindən gəlmək üçün
özündə qüvvə tapsınlar. Ona
görə ki, həyatda çətinliklər, kədərli
günlər də olur, amma istərdim ki, şad, parlaq,
işıqlı günlər daha çox olsun.
-İcazə verin, bu arzularınıza
görə Sizə təşəkkür edim və öz
növbəmdə, Sizə də onları arzu edim. Sizə
cansağlığı, uğurlar arzulayır, ən xoş
diləklərimi bildirirəm. Çox sağ
olun.
-Sağ
olun.
Azərbaycan.-
2019.- 26 noyabr.- S.1; 3.