Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.
Möhtərəm Prezident.
Zati-alinizin rəhbərliyi ilə keçirilmiş Dünya dini liderlərinin II Bakı Sammitinin açılış mərasimində iştirak etməkdən böyük şərəf duydum. Həmçinin mənim üçün şərəf idi ki, bəşəriyyətə xidmət etdiklərinə inanan sadiq insanların iştirak etdiyi tədbirdə Əlcəzair Xalq Demokratik Respublikası adından çıxış etdim. Bu insanlar dinin ötəri və batil dünyəvi məqsədlər naminə təhrif edilməsinə, müqəddəs olanı ləkələyənlərə, dinin ruhaniliyinə xələl gətirənlərə, onu bəşəriyyətə xidmət edən nəcib hədəflərindən uzaqlaşdıraraq özlərinin bəd niyyətlərinə yönəldənlərə etiraz edirlər.
Bakı Bəyannaməsi Sizin dinə və bəşəriyyətə xidmət yolunda istəyinizi və fəaliyyətinizi nümayiş etdirdi. Uca Allah da işlərinizin uğurla başa çatmasına yardımçı oldu.
Gözəl qonaqpərvərliyə görə Sizə və tədbirin təşkilatçılarına dərin təşəkkürümü bildirirəm. Sizinlə bir daha görüşüb Bakı Bəyannaməsinin ifadə etdiyi prinsiplərə və dəyərlərə sadiq qalaraq birgə işləməkdən şərəf duyardıq.
Uca Allah Sizə qüvvət versin və müstəqil Azərbaycan Respublikasının qüdrətini daha da artırsın.
Buabdullah Qulamullah
Əlcəzair Xalq Demokratik
Respublikası
Ali İslam Şurasının sədri
Azərbaycan.- 2019.- 26 noyabr.- S.4.