Vətən sevdalıları, dönüklər və
satılmışlar
Prezident İlham Əliyev: "Biz bu tarixi yaddan çıxarmamalıyıq və gənclər bu tarixi bilməlidirlər. Bugünkü reallıqları düzgün təhlil etmək, bu reallıqlara düzgün qiymət vermək üçün biz bu acı dövrü yaddan çıxarmamalıyıq. Elə etməliyik ki, gənclər də bunu bilsinlər, hesab etməsinlər ki, bugünkü inkişaf, bugünkü tərəqqi göydən düşüb. Bilsinlər ki, biz buna qanımız, canımız bahasına nail olmuşuq. Biz tariximizin ən rüsvayçı səhifələrini də vərəqləməliyik. Ona görə ki, o rüsvayçı dövr təkrarlanmasın”.
Əsl həqiqət müqayisədə daha aydın görünür.
Odur ki, bəzən müqayisəolunmazları belə müqayisə etmək zorunda qalırsan.
Xüsusən zaman bir sıra hadisələrə aydınlıq gətirəndən, hərəni öz yerinə qoyandan, kimin kim olduğuna əlahəzrət tarix əsl qiymətini verdikdən sonra.
Gəlin müqayisəolunmazlara zamanın prizmasından bir daha müqayisəli nəzər salaq.
ÖNCƏ VƏTƏNDİR
İnsan nə anasını
seçir, nə də Vətəni!
Bu, Tanrı qismətidir!
Ana da, Vətən də müqəddəs
sayılır!
Odur ki, Ana Vətən deyirik!
Təəssüf ki, bəzən
doğma anasına nankor çıxanlara, hətta onun qatilinə
çevrilənlərə, habelə Vətənə xəyanət
edənlərə də rast gəlirik!
Xoşbəxtlikdən belələrinin
sayı çox azdır!
Amma əməlləri və
murdarlıqları hamıda eyni nifrət doğurur - anaya əl
qaldırıb, Vətəni satanların!
Səbəblər müxtəlif olsa
da...
***
Həyatın müəyyən
dönəmlərində anadan ayrı düşürük:
qızlar gəlin köçəndə, oğlanlar orduya xidmətə,
başqa şəhərdə oxumağa gedəndə və
ya yaşayış yerini dəyişəndə.
Vətəndən də gen
düşənlər olur: ruzi dalınca başqa ölkəyə
üz tutanda, yaxud müxtəlif dövlətlərdə daimi
yaşamaq istəyəndə.
Hər ikisi qismət, tale
yazısıdır!
Əslində, bu ayrılıqlar
(müvəqqəti və ya daimi) nə anaya, nə də Vətənə
olan məhəbbəti azaltmalı deyil!
Bəlkə də əksinə, həsrət
hesabına bu istək daha da güclənməlidir!
Amma o da baxır adamına, onun
mənəvi dünyasına və fərdi keyfiyyətlərinə.
Ananı və Vətəni
sevməmək - bu, mümkündürmü?!
Vətənə düşmənçilik
etmək necə?!
Bəs belə övladlar
tapılarsa, onda onlara nə ad vermək olar, yaxud necə bəraət
qazandırasan?!
***
Vətəndə kimsə sənə
yamanlıq edə bilər!
Vətəndə haçansa,
hansı formadasa haqsızlıqla üzləşə bilərsən!
Hansısa məmurun,
insanın hikkəsinin, yaxud əməlinin, məkrinin
qurbanına çevrilmək də təsadüf edilən
haldır.
Amma buna görə Vətəndən
üz çevirmək, ondan qisas almaq necə?
Məntiqlidirmi,
doğrudurmu?!
Fərdin günahını
Vətənin ayağına yazmaq ədalətlidirmi?!
VƏTƏN
SEVDALILARI
Azərbaycan Xalq Cümhuriyyəti
qurulanda ölkədə cəmi 102 ali təhsilli
adam olub.
Onun 62-si Müsavat
Partiyasının üzvü idi.
Qalan ziyalılarımız
isə Qori Müəllimlər Seminariyasını
bitirmişdi (intellektual potensialımıza özəl məktəblərdə
oxumuşlar da daxil idi).
Savad, bilik və intellekt sahiblərinin
belə azlığına baxmayaraq, vətən
övladları XX əsrin əvvəllərində
mümkün olmayanı gerçəkliyə çevirdilər!
Azərbaycan adında müstəqil
dövlət yaradaraq onu dünyaya tanıtdılar və qəbul
etdirdilər!
***
Həmin 102 insan Rusiya və
Avropada təhsil almışdı.
Nə Avropada, nə də Qori Müəllimlər
Seminariyasında təhsil Azərbaycan dilində deyildi!
Diqqət yetirək: özgə dildə,
özgə prinsiplər və tələblər əsasında
oxusalar da, mahiyyətcə dəyişmədilər!
Azərbaycanlı olaraq qaldılar!
Vətənlərini, millətlərini
daha da çox sevdilər!
Pula yox, xalqlarına, dövlətlərinə
xidmət yolunu tutdular!
Sona qədər, yorulmadan,
bütün varlıqları ilə, heç nədən
qorxub çəkinmədən, ruhdan düşmədən!
Avropadan və Rusiyadan ən
yaxşı fikir və düşüncələri, ideya və
qaydaları, işıqlı və mütərəqqi
olanları doğma Vətənə gətirdilər ki,
insanlar burada daha rahat, asudə, firavan yaşasınlar!
Elmli və savadlı, geniş
dünyagörüşlü, müasir təfəkkürlü,
gözüaçıq, yeniliyə meyilli olsunlar!
Qurduqları dövlət kənar təsirlərin
nəticəsində iflasa uğrasa da, yenə əqidələrindən
dönmədilər!
Ölkədə qalanlar xalqa xidmət
yolunu tutdular: sonda nəsibləri repressiya - həbsxana,
sürgün, güllələnmə olsa da!
Mühacirət edənlər Vətənə
dönüklük göstərmədilər: satqınlıq
etmədilər, Azərbaycana asi
çıxmadılar!
Ehtiyac, sıxıntı içində
yaşasalar da, doğmalarına, əzizlərinə həsrət
qalsalar da, dözdülər, ümidlərini itirmədilər!
Mübarizələri Azərbaycanı
"qırmızı müstəmləkəçilərdən”
xilas etmək, Vətəni azad və müstəqil görmək
uğrunda oldu!
Azərbaycana qarşı
çıxanlara boyun əymədilər, kimdənsə muzd
alıb əqidələrini dəyişmədilər, Azərbaycan
xalqının maraqlarını daim uca tutdular!
Vətən həsrəti ilə
dünyadan köçərkən dillərinin son sözü
yenə Azərbaycan, Vətən oldu!
Onlar vətənsevənlər, millətsevənlər,
azadlıqsevənlər - Vətən sevdalıları idilər!
Ona görə bu gün də ürəklərdə
və tarixin şərəfli səhifələrində
yaşayırlar!
Hamısının adını
çəkmək mümkün olmasa da, az
bir qismini yad edək:
Əlimərdan bəy
Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli,
Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy
Ağaoğlu, Ceyhun bəy Hacıbəyli, Şəfi bəy
Rüstəmbəyli...
DÖNÜKLƏR
VƏ SATILMIŞLAR
İnsanlar dünyaya eyni şəkildə
gəlsələr də, hərə bir cür gedir!
Hər insana gördüyü işə,
tutduğu əmələ görə qiymət verilir!
Həm
sağlığında, həm də dünyasını dəyişəndən
sonra.
Pis əməlinə görə Allah
da, dövlət də günahkarı cəzalandırır!
Həyatda elə əməl və
cinayət var ki, bağışlana bilir: əvvəl, ya
müəyyən dövrdən sonra.
Eləsi də var ki, onu nə Allah
bağışlar, nə də dövlət!
Bunlar Vətənə dönük
çıxmaq, Vətəni satmaq, dövlətə və
xalqa xəyanətdir!
***
Dövlətin
gördüyü işdən, hansısa siyasətindən
narazı qalmaq, atılan addımları bəyənməmək
demokratik cəmiyyətdə adi və normal hal sayılır.
Müxalif mövqedə
dayanmaq, iqtidara qarşı demokratik qayda və prinsiplər əsasında
mübarizə aparmaq - bu da başadüşüləndir.
Amma dövlətə düşmən
mövqedə dayanmaq, yaxud dövlətə düşmənçilik
edənlərin əllərində alətə çevrilmək
- bu nə demokratiyadır, nə başadüşüləndir,
nə də müxalifətçilik!
Özü də həm ölkənin
çölündə, həm də içində!
Avropada təhsil alanlar, Avropa mədəniyyətinə
və qabaqcıl ictimai fikrinə yiyələnənlər Vətəndən
didərgin düşüb yenidən Avropada yaşamaq məcburiyyətində
qaldıqda, azərbaycanlı olduqlarını bir an belə
unutmadılar, Vətən sevgisi, Vətən təəssübü
heç zaman onları tərk etmədi!
Bu gün isə Avropada yaşamaq
eşqilə müxtəlif üsul və vasitələrlə
ora gedib oturum alanların bir qismi Vətənə düşmən
münasibəti bəsləyirlər!
Sanki damarlarındakı Azərbaycanlı
qanı da dəyişib!
Yaxşı, tutaq ki, Azərbaycan
pisdir, burada yaşamaq istəmirsən, odur ki,
çıxıb getmisən!
Get də!
"Avropa demokratiyasından”
gen-bol bəhrələn, yağ-bal içində yaşa!
Səni yolundan saxlayan, yaxud
zorla geriyə qaytaran var?
Daha Azərbaycandan nə istəyirsən?!
Gərək çörəyini
keçmiş vətəninə düşmənçilikdən
qazanasan?
Gərək antiazərbaycançı
şəbəkənin əlində Vətəninə
qarşı mübarizə alətinə çevriləsən?
Gərək Azərbaycanı
söydüyünə görə aldığın qrant
hesabına yaşayasan?!
Axı özgə millətlər sənin
kimi etmir!
Əksinə, onlar diaspor hərəkatı
yaradaraq Vətənlərinə dayaq olmağa
çalışırlar!
Sizdən fərqli olaraq hətta
ölkələrinin yalan, saxta, ayıb işlərini belə
gizlətmək üçün yalanlar quraşdırıb
yayırlar!
Yaxşı, köməyin
başına dəysin, düşmənçiliyin nədir?!
Axı od olsan belə,
yalnız özünü yandırarsan!
Sizlər və sizin kimilər
bugünkü müstəqil və qüdrətli Azərbaycana
nə edə bilərsiniz?
Hətta yelə dönsəniz belə,
ondan yan keçəcəksiniz!
***
Filosoflar deyirlər ki, hadisə mahiyyətin
təzahürüdür!
Çox doğru buyururlar!
Əli Kərimlinin əməlləri
elə əvvəldən öz mahiyyətinə uyğun olub:
* Ə.Elçibəyin sağ əli
oldu, sonra onu satdı;
* AXC-nin başına keçmək
üçün dəfələrlə bu təşkilatı
parçalayıb dağıtdı;
* Özündən "hörmətli”
kim var idisə, didərgin saldı, ya da
başqa vasitə ilə axırına çıxdı;
* Müavinlərinin üstünlüyünü
görən kimi, onları bir-bir ləkələyərək
təşkilatdan perik saldı;
* Aldığı qrantları
çox zaman (mümkün olan kimi) gizlincə yeyərək
heç kəsə bildirmədi;
* Özünə də, ailəsinə
və övladlarına da vaxtında "gün
ağladı”, böyür-başını isə demokratiya
uğrunda mübarizə adı ilə ac-yalavac saxladı!
Amma Əli Kərimlinin düz söz
deyən, obyektiv danışan vaxtı da olub!
25 may 1993-cü ildə, Prezident
Aparatında keçirilən məşhur müşavirədə!
Çox
"silahdaşlarını” qabaqlayaraq özü dövlət
katibi işləyən vaxtda!
Əli Kərimli həmin
müşavirəni unutmaq və unutdurmaq istəsə də,
biz yadına salırıq:
* "Xalqın böyük
narazılığına səbəb olan bir qüsurumuz da
iqtisadi sahədə cinayətkarlığın baş
alıb getməsidir. İqtisadi sahədə cinayətkarlıq
elə bir vüsət alıb ki, dövlət əmlakının
açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni
yollarla xaricə satılması, həmin vəsaitin xaricdə
saxlanılması və bir sözlə, dövlət əmlakının
talan edilməsi adicə hala çevrilib”.
* "İqtisadiyyatın
bütün sahələrində cinayətkarlıq iri miqyas
alıb və hətta ayrı-ayrı cinayət faktları
göstərir ki, hüquq mühafizə orqanlarının da
müəyyən vəzifəli şəxsləri daxil olmaqla
artıq dövlət orqanlarının daxilində müəyyən
cinayətkar təbəqələr formalaşmaqdadır”.
* "Bu gün Azərbaycanın
maddi sərvətləri qaçaqmalçılıq yolu ilə
talan olunur. Respublikanın on minlərlə iribuynuzlu
mal-qarası, minlərlə texnikası və digər maddi sərvətləri
sərhəddən qaçaqmalçılıq yolu ilə
keçirilir. Bu, respublikanın
iqtisadiyyatına sarsıdıcı zərbə vurur”.
* "Respublikada
bütövlükdə nəinki qanunçuluq, hətta icra
intizamı xeyli dərəcədə aşağıdır. Prezident fərman
və sərəncamlarının icrası qənaətbəxş
səviyyədə deyil. Bəzən elə
ab-hava yaradırıq ki, qanunsuzluq, özbaşınalıq,
hakimiyyətsizlik demokratiya ilə eyniləşdirilir. Çox təəssüf ki, hətta fərmanlar
icra olunduğu təqdirdə belə istənilən nəticəni
vermir. Qarşıya qoyulan məqsədə nail olunmur”.
Heç gör beləsinə
də inanar, onun dalınca düşərlər?!
Doğrudur, bunları cavanlar bilməsələr
də, yaşlılar, xüsusən AXC-Müsavat
cütlüyünü iqtidarda görənlər, ötən
əsrin 90-cı illərinin əvvəllərini yaşayanlar
yaxşı bilirlər!
Üstəlik, "it
dalınca düşən”lərin nə
tapdıqlarını da babalarımız neçə əsr
bundan qabaq söyləyiblər.
***
ÖZÜNÜ MÜXALİFƏT
ADLANDIRAN ANTİMİLLİ VƏ TAMAMİLƏ RƏZİL
OLMUŞ QORXAQ DƏSTƏ
ABŞ Konqresi zamanın ən
böyük ədalətsizliklərindən birini etdi: "erməni
soyqırımı”nı tanıdı.
Heç bir konqresmenin
görmədiyi, şahidi olmadığı "hadisə” barədə
qərar çıxarıldı!
Nə tarixi faktlarla maraqlanan oldu, nə
arxivlərdəki materiallara baxan, nə də əsl həqiqəti
axtaran!
Türkiyədən hayıf
çıxmaq, qisas almaq üçün bunu tez-tələsik,
həm də ədalətsiz etdilər!
Azərbaycan ərazisinin 20 faizini
işğalda saxlayan, Xocalı soyqırımını
törədən, 20 min azərbaycanlını şəhid edən,
faşist ideologiyasını yaşadan, vəsf edən erməniləri
"soyqırımı qurbanları” kimi qəbul etdilər.
Bu ədalətsizlik Türkiyəyə,
deməli, həm də Azərbaycana qarşı törədilən
haqsızlıq bütün xalqımızı, hər birimizi
ağrıtdı!
Bircə Əli Kərimlidən və
ətrafından, radikal müxalifətdən başqa!
Özlərini görməzliyə,
korluğa qoydular!
Özlərini eşitməzliyə,
karlığa qoydular!
Özlərini bilməzliyə,
qanmazlığa qoydular!
Amma əsl həqiqətin necə
olduğunu görürlər də, bilirlər də!
Qorxdular ki, bir söz desələr,
ABŞ-dakı ağalarının xətrinə dəyər!
Qorxdular ki, etiraz etsələr, əlləri
dollar qrantından çıxar!
Qorxdular ki, qulaqlarını
dartarlar ki, həddinizi bilin, yoxsa sizləri daha "demokrat
sayıb” müdafiə etmərik!
Əslində antimilli ünsürlərin
bu qorxaq susqunluğu xalqa və millətə xəyanətin
bir növüdür!
Hələ bir üzləri də var
ki, mitinqə çıxmaq istəyəndə
maraqlarını qorumadıqları xalqdan dəstək umurlar!
Heç xalq
satılmışlara dəstək verərmi?!
Azərbaycan xalqı doxsanıncı
illərdə gördüklərini və sizlərin iqtidar
dövrü əməllərinizi unutmayıb!
"Azərbaycan Saatı”, "Turan
TV”, "Azerfreedom TV”, "Meydan TV”, "Osmanqızı TV”,
habelə xaricdə oturan və xaricdən maliyyələşdirilən
neçə-neçə saytlar yorulmadan və dayanmadan Azərbaycana
qarşı kin-küdurət, çirkab püskürürlər.
Hamısının "qəhrəmanları”,
"danışan dilləri” də azərbaycanlılardır!
Necə azərbaycanlıdırlar,
onu bir Allah bilir!
Onları gecə-gündüz
danışdıranlar ("hürdürənlər” demirəm)
isə azərbaycanlı deyillər!
Heç pullarını da Azərbaycan
manatı ilə ödəmirlər!
Bir də satılmışlara nə
fərqi hansı valyutadır!
Təki pul verən olsun, satmağa isə
nəsə tapacaqlar!
***
Bu gün Azərbaycanın kifayət
qədər düşmənləri var!
Bu gün Azərbaycanın sərvətlərindən
pay umanlar çoxdur!
Bu gün Azərbaycanın müstəqil
siyasət yeridərək gündən-günə güclənməsindən
narahatlıq keçirənlər var!
Bu gün Azərbaycanın sabit və
inkişaf edən ölkəyə çevrilməsindən
yuxusunu qaçıranlar da çoxdur!
Kifayət qədər
düşmən olduğu bir zamanda özümüzün də
özümüzə düşmən kəsilməyimiz kimə
gərəkdir?
Yəqin ki, düşmənlərimizə,
bir də onlara satılanlara!
Ötən əsrin əvvəllərində
Azərbaycan Xalq Cümhuriyyəti qurucularına qismət
olmayanlar bu gün bizə nəsib olub!
23 ay əziyyət çəkənlər
sonra nələr gördülər, hansı müsibətlərə
düçar oldular!
Bugünkü Azərbaycan isə
tarixinin ən qüdrətli məqamını yaşayır!
Yaxşı, bu 28 ildə
qazanılanların qədrini biz bilməsək, kim biləcək?!
Kimin mövqeyində
dayanmalıyıq: Vətən sevdalılarının, yoxsa
dönüklərin və satılmışların?!
Vətənpərvər insanlar
üçün, Azərbaycan xalqı üçün bu
sualın cavabı çoxdan bəllidir!
Milçək bir şey olmasa da,
könül bulandırır - demişlər!
Bəxtiyar SADIQOV
Azərbaycan.-
2019.- 26 noyabr.- S.1; 7.