Azərbaycan multikulturalizminə həsr olunmuş növbəti kitab çapdan çıxıb

 

Noyabrın 25-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə maliyyə dəstəyi ilə nəşr olunan “Azərbaycan multikulturalizmi. Etnik müxtəliflik xəzinəsi” kitabının təqdimat mərasimi keçirilib. İngilis dilində nəşr edilən kitabda Azərbaycanda yaşayan etnik xalqların mədəniyyətindən bəhs olunur.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimindən əvvəl Azərbaycan Pedaqoji Universitetinin 4-cü kurs tələbəsi Kənan Məmmədovun ssenarisi əsasında hazırlanan “Şərqin tolerantlıq qapısı” adlı qısametrajlı film nümayiş olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov tədbiri açaraq multikulturalizmin cəmiyyətdə mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına töhfə verdiyini bildirib. Azərbaycanın multikulturalizm ənənələrindən danışan icraçı direktor nəşrin əhəmiyyətini qeyd edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizmdini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib ki, Azərbaycan dünyada multikulturalizmin ən çox inkişaf etdiyi ölkələrdən biridir. Multikulturalizmin Azərbaycanın dövlət siyasətinin bir hissəsi olmaqla bərabər, həm də xalqımızın həyat tərzinə çevrildiyini qeyd edən şöbə müdiri deyib: “Azərbaycanda müxtəlif xalqların, dinlərin nümayəndələri əsrlərboyu dincmehriban şəraitdə yaşayıblar. Ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan müxtəlif millətlərin, xalqların dinc və yanaşı yaşadığı ölkədir. Bir çox fərqli mədəniyyətlərin birgəyaşayış tərzini özündə əks etdirən multikulturalizm cəmiyyətdəki etnik müxtəlifliyin tənzimləməsinin ən uğurlu modelidir. Mədəni müxtəlifliyin qorunması ilə əlaqədar UNESKO-nun 2001-ci il noyabrın 2-də qəbul etdiyi Bəyannamədə belə bir fikir yürüdülür ki, mədəni müxtəliflik məhz yaradıcılığın, inkişafın mənbəyidir”.

Etibar Nəcəfov, həmçinin bildirib: “Elə dövlətlər var ki, onlar dini və mədəni müxtəlifliyin əleyhinə çıxır, ölkələrində başqa millətlərin yaşamasını istəmirlər. Belə ölkələrdən biri də mənfur qonşumuz Ermənistandır. Hələ ötən əsrin 30-cu illərində burada Qaregin Njde adlı qatı millətçi fəaliyyət göstərirdi və o, Böyük Vətən müharibəsi illərində faşist Almaniyası ilə ittifaqa girmişdi. Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında çıxışında belə bir insana abidə qoyulmasını kəskin surətdə pislədi”.

Azərbaycan dövlətinin və xalqının etnik müxtəlifliyə, multikulturalizmə müsbət baxdığını, onu dəstəklədiyini vurğulayan Prezident Administrasiyasının şöbə müdiri yeni kitabın da bunu təsdiqlədiyini qeyd edib.

Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu kitab Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. O deyib: “Düşünürəm ki, bu kitab təcavüzkar və işğalçı Ermənistana qarşı informasiya müharibəsində ən yaxşı silahlardan biri olacaq. Biz bu istiqamətdə bütün imkanlardan istifadə etməliyik. Dünyada 8 milyard insan var, lakin 50 milyonluq yalnız 25 xalq mövcuddur ki, onlardan da biri Azərbaycan xalqıdır”. BBMM kimi, Mənəvi Dəyərlərin Təbliği Fondunun da mütəmadi olaraq kitablar nəşr etdirdiyini, tariximizin, mədəniyyətimizin dünyaya çatdırılması, təbliğ olunması üçün mühüm işlər görüldüyünü bildirən Dövlət Komitəsinin sədri deyib ki, Dünya dini liderlərinin II Bakı Sammitinin Bakıda keçirilməsi ölkəmizin tolerantlıq məkanı olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin Sammitdə çıxışı dini liderlər tərəfindən maraqla qarşılandı və onlar ölkəmizdə tolerantlığın, multikulturalizmin hökm sürdüyünün əyani şahidi oldular. Mənəvi və dini dəyərlərin təbliği və qorunmasının daim diqqət mərkəzində olduğunu deyən M.Qurbanlı kitabın elektron versiyasının yayılmasının önəmini diqqətə çatdırıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı direktoru Mehman İsmayılov qeyd edib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Fond artıq ikinci ildir birgə layihələr həyata keçirir. O, nəşrin əhəmiyyətindən danışaraq ingilis dilində çap edilən kitabın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün yaxşı vasitə olduğunu vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev çıxışında bildirib ki, İslam dini bütün insanları birliyə çağırır. Dövlətimizin başçısının ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinə hər zaman diqqət və qayğı göstərdiyini diqqətə çatdıran sədr müavini hər il müxtəlif dinlərin nümayəndələrinin Ramazan süfrəsinə dəvət olunduqlarını və birgə nahar etdiklərini deyib.

Sonra çıxış edənlər – AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, ölkəmizdəki kürd icmasının ağsaqqalı Əhməde Həpo, Alban-Udi Xristian İcmasının rəhbəri Robert Mobili, Mifodiy Ata və başqaları Azərbaycanda mövcud olan multikultural ənənələrdən danışıblar.

Sonda kitabın müəllifləri Dövlət İqtisad Universitetindəki Multikulturalizm Mərkəzinin rəhbəri, professor Məhəbbət PaşayevaBBMM-in Analitika şöbəsinin məsləhətçisi Araz Qurbanov nəşrin ərsəyə gəlməsində göstərilən dəstəyə və köməyə görə minnətdarlıqlarını ifadə ediblər.

 

Azərbaycan.- 2019.- 26 noyabr.- S.8.