Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib

 

Noyabrın 25-də Bakı Konqres Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) 100 illiyinə həsr olunan Məzun Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, forumun əsas məqsədi “Universitet – məzun” münasibətləri sistemində inteqrasiya proseslərinin inkişafı, Azərbaycanda təhsilin, elminmilli mədəni dəyərlərin xaricdə tanıdılması, beynəlxalq təhsil və elmi əməkdaşlığın gücləndirilməsi, karyera qurmaq üçün BDU daxilində mütərəqqi metodların formalaşdırılması və inkişafı üçün insan resurslarının inkişaf etdirilməsidir.

Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Bakı Dövlət Universiteti (BDU) Azərbaycanda bir çox ali təhsil ocaqlarının və elmi müəssisələrin, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasında baza rolunu oynayıb. Ölkənin ictimai-siyasi həyatında BDU və onun məzunları hər zaman fəal iştirak ediblər. Ötən 100 il ərzində universitetin 180 minə yaxın məzunu olub.

“İnanıram ki, forum təcrübə mübadiləsinə və yeni əməkdaşlıqların qurulmasına töhfə verəcək. Bizim məzunlarımız öz universitetlərinin daha da inkişaf etməsi üçün səylərini əsirgəməməlidirlər”, - deyə rektor Elçin Babayev qeyd edib.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxışında vurğulayıb ki, Bakı Dövlət Universiteti həmişə Azərbaycanın ən qabaqcıl universiteti olub. Fəxr edirəm ki, mən də bu universitetin tələbəsi olmuşam. Təhsil aldığım 5 il ərzində universitetdə bilik əldə etmişəm, həyat dərsi keçmişəm. Bu gün bura toplaşmaqda məqsədimiz universitetin bizə verdiklərinin bəhrəsinin müəyyən bir hissəsini doğma universitetimizə qaytarmaqdır.

Forum çərçivəsində “Qloballaşan dünyada universitetlərin rolu: yeni çağırışlar və gözləntilər” mövzusunda iclas keçirilib. İclasda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Tarix fakültəsinin 1977-ci il məzunu Hicran Hüseynova, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, BP-nin Azərbaycan-Gürcüstan–Türkiyə üzrə vitse-prezidenti, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin 1999-cu il məzunu Bəxtiyar Aslanbəyli, TTK Molekulyar biologiya laboratoriyasının müdiri (Kembric, Böyük Britaniya), Tətbiqi riyaziyyatkibernetika fakültəsinin 1985-ci il məzunu Qərib Mürşüdov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin 2002-ci il məzunu Leyla Abdullayeva, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin 1999-cu il məzunu Arye Qut, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və digərləri çıxışlarında qloballaşan dünyada universitetlərin yeriroluna diqqət çəkib, həyatın müxtəlif sahələri kimi təhsil mühitinin də çağırışlarla üzləşdiyini qeyd edərək gələcək inkişafa hesablanmış addımlar atılmasının zəruriliyini bildiriblər. Universitetin keçdiyi ötən 100 il ərzində Azərbaycanın intellektual potensialının formalaşmasında, milli-mənəvi dəyərlərin qorunmasında, müxtəlif sahələr üzrə yüksəkixtisaslı kadrlar hazırlanmasında mühüm rol oynadığını vurğulayıblar. Universitetin gələcək inkişafı istiqamətində fikir və təkliflərini səsləndiriblər.

Məzun Forumu öz işini “Bakı Dövlət Universiteti məzunlarının gələcək birgə fəaliyyət istiqamətləri” mövzusunda iclasla davam etdirib. İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, Hüquq fakültəsinin 2005-ci il məzunu Ülvi Mehdiyev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin 2003-ci il məzunu Yusif Abdullayev, Almaniyanın Humbolt Universitetinin kafedra müdiri, Şərqşünaslıq fakültəsinin 1979-cu il məzunu Eva Mariya Aux, “İrs” və “Azerbaijan Airlines” jurnallarının baş redaktoru, Jurnalistika fakültəsinin 1991-ci il məzunu Musa Mərcanlı, Türkiyənin Akdeniz Universitetinin professoru, Kimya fakültəsinin 1980-ci il məzunu Tərlan Məmmədov forumun məzunlara birgə fəaliyyət istiqamətində gözəl imkan yaradacağına əmin olduqlarını bildiriblər.

İclasda BDU-nun müxtəlif ölkələrdən olan məzunları arasında akademik, elmi, texnolojibiznes sahələrində əməkdaşlıqlarını möhkəmləndirmək üçün “Beynəlxalq Məzun Assosiasiyası” yaradılıb. İclas mövzu istiqamətində maraqlı müzakirələrin aparılması ilə başa çatıb.

Sonda rektor Elçin Babayev BDU məzunlarına forumda iştirakları, çıxışları və maraqlı təklifləri üçün təşəkkürünü bildirib. Qeyd edib ki, Məzun Forumu təcrübə mübadiləsi və yeni əməkdaşlıqların qurulması üçün əlverişli platformadır.

Xatırladaq ki, forumun 300-dən çox iştirakçısı arasında Bakı Dövlət Universitetinin Azərbaycan, Amerika, Avropa, Yaxın Şərq, Asiya, MDB və dünyanın digər regionlarından olan məzunları, müxtəlif təşkilatların və birliklərin nümayəndələri var.

 

Azərbaycan.- 2019.- 26 noyabr.- S.8.