Moskvada MDB İnformasiya Agentlikləri Rəhbərləri
Şurasının iclası keçirilib
Moskvada Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə MDB Ölkələri İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXVII iclası keçirilib.
Üzv agentliklər tərəfdaşlıq əlaqələrinin inkişafını, Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunan layihələri və hazırlıq işlərini müzakirə ediblər.
TASS agentliyinin baş direktoru, İnformşuranın sədri Sergey Mixaylov Qələbənin gələn il qeyd ediləcək 75 illiyinə üzv agentliklərin də hazırlaşdığını, bu təntənəli hadisənin özəlliklərini nümayiş etdirən layihələr hazırlandığını diqqətə çatdırıb. O, TASS-ın bu təqvim ilə əlaqədar arxiv şəkillərdən ibarət böyük fotosərgi təşkil edəcəyini bildirib.
TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanın təklifi ilə üzv agentliklərin də qatılacağı “Mətbuat müharibədə” adlı layihə icra olunacaq. Birgə layihə arxiv fotoları və cəbhədə informasiya işi ilə məşğul olan jurnalistlər barədə məlumatları bir yerə toplamağa imkan verəcək.
İclasda Belarusun BelTA agentliyinin baş direktoru İrina Akuloviç, Özbəkistanın UzA agentliyinin baş direktoru Abdusaid Kuçimov və digər agentliklərin rəhbərləri çıxış edərək görəcəkləri işlər barədə məlumat veriblər. İclasda MDB İcraiyyə Komitəsinin nümayəndəsi Aleksandr Zavarzin də təmsil etdiyi strukturun Qələbənin 75 illiyinə hazırlığı barədə danışıb.
AZƏRTAC-ın bu əlamətdar hadisəni geniş işıqlandıracağını deyən İdarə Heyətinin sədri Aslan Aslanov Azərbaycanda da bu böyük tədbirə hazırlıq işlərinin görüldüyünü bildirib. İdarə Heyətinin sədri İnformşuranın gələn ilin martında AZƏRTAC-ın 100 illik yubileyi çərçivəsində Bakıda keçirilməsini təklif edib. Şura növbəti XXVIII iclasın Azərbaycanda təşkil edilməsini dəstəkləyib.
İclas
iştirakçıları üçün
TASS-ın baş ofisində ekskursiya təşkil edilib,
qonaqlar xəbərlər departamenti,
muzey və konfrans
zalı ilə tanış olublar.
Azərbaycan.-
2019.- 26 noyabr.- S.9.