Azərbaycan ekologiyası son yüz ildə
Ekologiya ilkin məzmununa görə canlı orqanizmlərin bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqələrindən bəhs edir. Bu sahə biologiyanın bəşəriyyətə töhfəsidir. Həmin elmi istiqamət təbiətin və cəmiyyətin inkişaf tarixi ilə sıx əlaqəlidir. Ona görə də bu sahənin tədqiqat istiqamətləri və kadr hazırlığı çoxsahəlidir. Tətbiqi sahələri də geniş olmaqla ətraf mühiti, təbiəti mühafizə, təbii ehtiyatlardan səmərəli istifadə məsələləri və s. bağlıdır.
Son yüz ildə ekologiyaya baxış keçirməklə biz tarixin dərinliklərində ekologiya haqqında biliklərin zənginliyini, eyni zamanda onun sahələrinin Qərbdə və Şərqdə mövcud olan eyniliyini, fərqli cəhətlərini, ümumbəşəri xüsusiyyətlərini, özünəməxsusluğunu qismən açmağa nail olduq.
XIX əsrin sonu və XX əsrin əvvəllərində dünya elmlərinin inteqrasiyası yeni elmlərin və yeni dünyagörüşlərin formalaşmasına güclü təsir göstərirdi. Azərbaycanın elmlər sistemində ekoloji anlayışlar təbiət - cəmiyyət münasibətlərinə dair elmi ideyalarda, xüsusilə cəmiyyətin inkişafında təbii şəraitin rolunun qiymətləndirilməsində, təbiəti daha çox dəyişdirmək, kapitalist istehsal üsuluna uyğun geniş təkrar istehsalın inkişaf etdirilməsi və təbiəti mühafizə ilə əlaqədar ideyalarda müşahidə edilirdi. Bu sahədəki elmi biliklər ictimaiyyətə çox məhdud səviyyədə çatdırılırdı. Ekoloji biliklərə dair ideyaların yerli təcrübə ilə əlaqələndirilməsi ayrı-ayrı ziyalıların, xaricdə təhsil alıb gələnlərin üzərinə düşürdü. Onların bəziləri tərəfindən təbiətşünaslığın və onun sahələrinin müxtəlif istiqamətlərinə, ekoloji dünyagörüşlərinə, aqrar biliklərə dair qiymətli elmi - populyar yazılar verilirdi. Bu sahədə daha çox fərqlənən Moskva Universitetinin məzunu - Həsən bəy Zərdabi (Məlikov) idi. O, materialist, dünyagörüşlü təbiətşünasların ideyalarının əsaslarını şərh edirdi. Sonrakı mərhələdə Azərbaycan tədqiqatçıları, alimlər həmin sahəyə dair məlumatları sistemli şəkildə təhlil etməyə başladılar. Tarixçilərin fikrinə görə, XIX əsrin ortalarında və XX yüzilliyin əvvəllərinə kimi Azərbaycanın fəlsəfi və ictimai fikrinin İran, Orta və Yaxın Şərqin digər ölkələrinin mənəvi mədəniyyətlərinin yüksəlişinə böyük təsiri müşahidə edilirdi. Azərbaycanın qabaqcıl ziyalıları digər məsələlərlə yanaşı, Qərb mədəniyyətini də tərənnüm etməklə 1919-cu ildə ilk ali təhsil və elm mərkəzini, demokratik mədəniyyətin əsası olan Bakı Dövlət Universitetini yaratmışlar.
Bakı Dövlət Universitetinin yaranması ilə Avropa ölkələri alimləri, pedaqoqları arasında əlaqələr gücləndirildi. Eyni zamanda Türkiyə, İran ortaq mədəniyyətlərin öyrənilməsi ilə elmi tədqiqat mərkəzi, cəmiyyətlər yaradıldı. Onların sırasında Azərbaycan Tədqiq və Tətəbbö cəmiyyətinin təşkili mühüm əhəmiyyət kəsb etdi.
1930-cu illərin axırlarından başlayan repressiyaların 1940-cı illərə qədər davam etməsi elmi tədqiqatları yarımçıq qoydu. Azərbaycan xalqının mənəviyyatı və elmi yaradıcılığı sarsıldı. Bunlarla yanaşı, tədricən SSRİ EA Zaqafqaziya filialının Azərbaycan bölməsi, SSRİ EA Azərbaycan filialı, nəhayət, 1945-ci ildə AMEA-nın yaranması ilə Azərbaycan alimləri Antik və Şərq fəlsəfəsi, Azərbaycanda fəlsəfi fikir tarixini Bəhmənyardan, Nizamidən müasir dövrə qədər təhlil etməyə başladılar. Azərbaycan fizikşünasları, kimyaçıları, geoloqları, bioloqları, coğrafiyaşünasları, riyaziyyatçıları apardıqları tədqiqatları İkinci Dünya müharibəsində qələbələr qazanılması istiqamətinə yönəltdilər. Deyilənlər tədricən ekoloji təfəkkürün formalaşmasına təsir göstərirdi. Repressiyalara məruz qalmalarına baxmayaraq sonrakı inkişaf dövrləri göstərdi ki, Azərbaycan xalqı güclü genetik artıma və yaddaşa malikdir. Bunun nəticəsidir ki, xalqımız 1941-1945-ci illərdə böyük şücaət göstərir, Azərbaycan cəbhənin əsas strateji bazalarından birinə çevrilirdi. BDU-da və digər ali məktəblərdə tədqiqatlar, zavodlarda təcrübələr, eksperimentlər aparırdılar. Xüsusilə neft tullantılarından istifadə genişlənirdi.
XX əsrin ortalarından başlayaraq təbiəti mühafizə sahəsində yeni ideyalar və əməli fəaliyyətlər yaranmağa başladı. Ziddiyyətli dövr idi. Belə bir fikir əsaslandırılırdı ki, sosialist istehsal üsulu və istehsal münasibətləri hər şeyə qadirdir. Bu məsələ təbiət qanunlarına da şamil edilirdi. Belə bir dövrdə alimlər öz tədqiqatlarını davam etdirməli olurdular. Onlardan ən birincisi akademik Həsən Əliyev idi. Onun əmək fəaliyyətinin birinci dövründə (1930-1950) Azərbaycanın təbii şəraitinin tədqiqat sahələri istiqamətləndirilmişdir. Eləcə də meşələrin kənd təsərrüfatında məhsuldarlığa təsiri ideyaları, meşəmeliorasiyanın yaradılması, zonalar üçün ağac növlərinin seçilməsi, nəhayət, Meşəmeliorasiya İnstitutunun yaradılması ilə həyata keçirilmişdir. Burada torpaq eroziyası üzrə tədqiqatlar da aparılırdı.
H.Əliyev fəaliyyətinin ikinci mərhələsində (1950-1970-ci illərdə) elmi tədqiqatlarını davam etdirməklə məharətli elm təşkilatçısı kimi də fəaliyyət göstərmişdir. Alimin Meşə Təsərrüfatı və Aqromeliorasiya, Torpaqşünaslıq və Aqrokimya institutlarının yaradılmasında və inkişafında böyük əməyi olmuşdur. Onun təşəbbüsü ilə 1955-ci ildə keçmiş SSRİ EA sistemində ilk dəfə Respublika EA Rəyasət Heyəti yanında Təbiəti mühafizə şöbəsi yaradılmışdır. Coğrafiya İnstitutuna rəhbərlik etdiyi dövrdə bir neçə şöbə, eləcə də təbiəti mühafizə şöbəsi təşkil edilmiş, həmin istiqamətdə də yeni kompleks elmi tədqiqat işləri aparılmağa başlamışdır.
Fəaliyyətinin üçüncü mərhələsində (1970-1990) Azərbaycanda ekoloji problemlərin və təbiəti mühafizə məsələlərinin kompleks tədqiqinin əsaslarının yaradılmasına başlamışdır. Azərbaycan təbiətinin mühafizəsində meşələrin salınması və qorunmasına, meşə - meliorasiya işlərinə xüsusi önəm vermişdir. Həmin dövrlərdə 14 qoruq yaradılmışdır. Onun da 7-si Həsən Əliyevin səyi, təklifi və təkidi ilə həyata keçirilmişdir. Azərbaycan təbiətinin mühafizəsində meşələrin salınmasına və qorunmasına, meşə - meliorasiya işlərinə xüsusi önəm verilmişdir.
Həsən Əliyevin təbiətlə bağlı yaratdığı elmi məktəblərdə onun 40-a qədər elmlər namizədi, elmlər doktoru əzmlə fəaliyyət göstərmiş və uzun müddət direktor olduğu Coğrafiya İnstitutunun bütün şöbələrinin elmi fəaliyyəti ekoloji məsələlərlə əlaqələndirilmişdir.
AMEA sistemində ilk Təbiəti mühafizə şöbəsi Coğrafiya İnstitutunun nəzdində yaradılmış, ilk ekoloq təbiətşünas alimlər məhz həmin elmi tədqiqat institutunda hazırlanmışdır.
Azərbaycanda ekologiya və ətraf mühiti mühafizə sahələrində elmi tədqiqatların, tətbiqi sahələrin, kadr hazırlığının geniş miqyasda dövlət səviyyəsində idarə edilməsinə 1970-ci illərdən başlanmışdır. Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi böyük nəticələrlə müşayiət olunmuşdur. Təkcə onu demək kifayətdir ki, keçən dövrlərdə (1970-1980; 1992-2002-ci illərdə) ekologiya və ətraf mühiti mühafizə ilə əlaqədar bir çox qanunlar qəbul edilmiş, 30-a yaxın fərman və hüquqi sənədlər imzalanmışdır.
Akademik Həsən Əliyev BDU-da ekoloji təmayüllü kafedranın açılması təklifini vermişdi. Təhsil Nazirliyinin o vaxtki rəhbərliyi, eləcə də BDU-nun rektorluğu 1980-ci ildə Geologiya-coğrafiya fakültəsində Ətraf Mühitin Mühafizəsi (ƏMM) və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasının yaranmasına səy göstərmiş, həmin sahədə kadr hazırlığına başlanılmışdır. Kafedraya professor F.Hacıyev rəhbərlik etmişdir. Bir ildən sonra yüksək vəzifəyə irəli çəkilməsi ilə əlaqədar kafedraya rəhbərlik mənə həvalə olunmuşdur. Kafedra əməkdaşları ali məktəblərdə Ətraf mühiti mühafizə fənninin tədrisini BDU-da müvəffəqiyyətlə həyata keçirmişlər.
1990-cı ildə Ətraf Mühiti Mühafizə üzrə Regional Koordinasiya Şurası təsis edilmişdir. BDU-nun Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrası Zaqafqaziya respublikaları üzrə bu sahədə regional mərkəz olmuşdur. Yeganə ekoloji təmayüllü kafedra kimi təhsil sistemində elmi-metodiki mərkəzə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyev çətin illərdə respublika rəhbərliyinə qayıtdıqdan sonra ekologiya və ƏMM məsələlərinin həyata keçirilməsinə xüsusi səy göstərirdi. Eyni zamanda bu məsələlərin sosial-iqtisadi islahatlar dövründə həyata keçirilməsi təhsil sisteminin yeniləşdirilməsini tələb edirdi. 1999-cu ildə ölkədə təhsil islahatlarına başlandı, 2003-cü ildə ekoloji təhsil və ekoloji maarifləndirmə sahəsi ilə əlaqədar Prezident fərmanlar verdi. Bütün bunlar ümumi kadr hazırlığı, eləcə də ekologiya və ətraf mühiti mühafizə sahəsində mühüm əhəmiyyət kəsb etdi. 2001-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni strukturda yaradılması haqqında fərman imzalandı. Tədricən "Əsrin kontraktı”nın həyata keçirilməsi ilə neft və qaz kəmərlərinin çəkilməsi və s. ekoloji təmayüllü layihələrin həyata keçirilməsi, təbii resurslardan səmərəli istifadə Azərbaycan alimlərinin fəaliyyətini daha da stimullaşdırdı.
BDU-nun Ətraf mühiti mühafizə kafedrası əməkdaşları yüksək ixtisaslı kadr hazırlamaqla yanaşı, Azərbaycan Respublikası Dövlət Təbiəti Mühafizə Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura, Dövlət Plan Komitələrinin layihə institutları və digərləri ilə birlikdə təsərrüfat müqaviləli işlərdə və dövlət əhəmiyyətli proqramların yerinə yetirilməsində iştirak edirdilər.
İndi Azərbaycanda təbii resursların qiymətləndirilməsi və onlardan istifadənin genişləndirilməsi ilə əlaqədar dövlət səviyyəsində ətraf mühiti mühafizə və təbiəti bərpa məsələlərinə də ehtiyac yaranmışdır. Eyni zamanda Azərbaycan Respublikasında Regionların Sosial-iqtisadi inkişafına dair Prezident İlham Əliyev tərəfindən dövlət inkişaf proqramlarının həyata keçirilməsinə, insan kapitalına önəm verilməsinə, dayanıqlı inkişafın əsas prioritet kimi qəbul edilməsinə və bu sahədəki fəaliyyətin genişləndirilməsinə xüsusi önəm verilir. Ekologiya və ətraf mühiti mühafizə sahəsində fərmanların verilməsi, strateji əhəmiyyətli fəaliyyət "İlham Əliyevin uğurlu ekoloji siyasəti” adı altında ikicildlik toplum da öz əksini tapmışdır.
Müasir ekoloji anlayışların elmi və praktiki məzmunu yeni metodoloji yanaşma tələb edir. Ətraf mühiti mühafizə kafedrasının əməkdaşları bu sahədə də fəallıq göstərirlər. Onların sırasında "Ekoloji tutum” konsepsiyasının Azərbaycan şəraitinə uyğunlaşdırılması; torpaqların təsərrüfat təyinatında ətraf mühitin nəzərə alınması; əkin sahələrindən ildə iki-üç dəfə məhsul götürülməsi və s. kimi mütərəqqi ideyalar ekoloji tələblərə uyğun qiymətləndirilir. Ətraf mühiti mühafizə kafedrasının əməkdaşları son dövrə qədər bu sahə üzrə tədqiqat planına müvafiq olaraq 15 mövzu, 10-a yaxın təsərrüfat müqaviləli elmi-tədqiqat işləri, kompleks proqramlar və qrantlar yerinə yetirmişlər.
Prezident İlham Əliyevin 2010-cu ilin "Ekologiya ili” adlandırdığı ildə BDU-da Ekologiya və torpaqşünaslıq fakültəsi təşkil edilmişdir. Ekologiya və torpaqşünaslıq fakültəsinin yaradılması ilə ətraf mühiti mühafizə, təbii ehtiyatlardan səmərəli istifadə kafedrası Coğrafi ekologiya kafedrası adlandırılaraq Ekoloji kimya, Bioekologiya, Torpaqşünaslıq, Yer quruluşu və torpaq kadastrı kafedraları ilə birlikdə fəaliyyət göstərir. Bu kafedralar ekologiyanın böyük hissəsini əhatə etməklə həmin sahədə kadr hazırlığının mühüm istiqaməti kimi formalaşdırılmışdır. Ekologiya elminin sistemli inkişaf etdirilməsi və bu sahədə kadr hazırlığının müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində Ekologiya və torpaqşünaslıq fakültəsində və digər fakültələrdə qlobal və kosmik ekologiya, təkamül ekologiyası, struktur ekologiya, nanoekologiya, tətbiqi ekologiya və s. sahələrə xüsusi önəm verilməkdədir.
Coğrafi ekologiya təbiəti, sosial şəraiti, təsərrüfat sahələrini əhatə etdiyinə görə onun bir çox sahələrinin metodoloji aspektlərinin təkmilləşdirilməsində və yeniləşdirilməsində yeni istiqamətlər formalaşmaqdadır.
Müasir dövrdə ekoloji kadrlardan səmərəli istifadə nəticəsində idarəetmənin səmərəli təşkilinə, təsərrüfat sahələrinin modelləşdirilməsinə və proqnozlaşdırılmasına əlverişli şərait yaradılmış, kafedraların fəaliyyətində xarici ölkələrlə əlaqələr xüsusi yer tutmuşdur. Fakültəmizin Rusiya, Almaniya, Türkiyə, ABŞ və İranla elmi əlaqələri yaradılmışdır.
Biz qürur hissi keçiririk ki, ekologiyada böyük xidmətləri olan akademiklərdən H.Əliyev, B.Budaqov, V.Hacıyev, R.Əliyeva, professorlardan Ə.Əyyubov, Ş.Xəlilov, Q.Mustafayev, N.Mikayılov, T.İsmayılov və başqaları ilə birlikdə fəaliyyət göstərmiş və yaxşı əməkdaşlığımız olmuşdur.
Şövqi GÖYÇAYSKİ,
BDU-nun professor
Azərbaycan.- 2019.- 26 noyabr.-
S.10.