“Neft Daşları”nın “kiçik qardaşı”
"Palçıq Pilpiləsi” yatağı indiyədək
10 milyon tondan çox neft verib
Xəzərin qoynunda "Palçıq Pilpiləsi” adlanan bir "qara qızıl” yatağı da
var. Bakı şəhərindən 80 kilometr şərqdə yerləşir.
Pirallahı adasından cənub-şərq istiqamətində
40 kilometr aralıdadır. Bu,
"Neft Daşları” NQÇİ-nin
istismar etdiyi iki yataqdan biridir.
"Palçıq Pilpiləsi” Çilov adasının qurtaracağından başlanıb Neft Daşlarına çatanadək böyük bir ərazini əhatə edir. Burada suyun dərinliyi 10-25 metr arasında dəyişir, bəzi hissələrdə isə dərinlik bir qədər çox olur. Yatağın uzunluğu 10 kilometr, eni 2,5 kilometrdir. Bu ərazidə 11 özül quraşdırılıb. Əslində isə, onların sayı 14-dür. Çünki üç yerdə özüllər qoşadır.
"Palçıq Pilpiləsi”ni "Neft Daşları”nın "kiçik qardaşı” da adlandırırlar. Bu yataq 1953-cü ildə aşkarlanıb. Həmin vaxt burada fontan vuran 261 nömrəli quyu 40 ton neft hasilatı ilə istismara daxil olub. Yatağın sənaye əhəmiyyətli işlənməsinə isə 1963-cü ildən başlanıb.
İndiyədək "Palçıq Pilpiləsi” yatağında 347 quyu qazılıb. 212 quyu ləğv olunub. İstismar müddətində bu yataq 10 milyon 99 min ton neft verib. Buradan eləcə də 738 milyon kubmetr mavi yanacaq hasil edilib.
Hazırda
"Palçıq Pilpiləsi”nin quyu fondunun sayı 114-dür. Onlardan 105-i fəaliyyətdə olan quyu sayılır. Yataqdan gündəlik
neft hasilatı 265 ton təşkil edir.
Yataqda istismar və suvurucu quyulara nəzarət əsasən
estakada və dərin özüldə aparılır. Son illərdə
istismar müddətinin
keçdiyinə görə
və Xəzərdəki
fırtınaların təsirindən
estakadaların bir hissəsi sıradan çıxıb. Odur ki, indi yatağın işlənməsini davam etdirmək məqsədilə
ayrı-ayrı dərin
özüllərin tikilməsi
və oradan maili hasilat quyularının
qazılması həyata
keçirilir. Son 5 ildə "Palçıq
Pilpiləsi”ndə yerləşən
1295, 1304, 1183, 1284 nömrəli meydançalar əsaslı
təmir olunub. Burada eləcə də 1284 və 1043 nömrəli meydançaların
arasındakı estakadanın,
1146 və 1157 nömrəli
dərin dəniz özüllərinin əsaslı
təmiri həyata keçirilib. Bu il
isə 1100, 1063, 1077 nömrəli
meydançaların və
1145 nömrəli stasionar
dəniz özülünün
əsaslı təmiri
davam etdirilib.
Qarşıdakı 5 il ərzində "Palçıq Pilpiləsi”ndə
4 yeni meydançanın
tikilməsi planlaşdırılıb.
Geoloqların yəqin
etdiyinə görə,
"Palçıq Pilpiləsi”nin
4 milyon 671 min ton qalıq
neft ehtiyatı var. Yataqda eləcə də 561 min kubmetr qalıq qaz ehtiyatı mövcuddur. Bu rəqəmlər şərhsiz də sübut edir ki, "Palçıq Pilpiləsi”nin ömrü
uzun olacaq.
Flora SADIQLI
Azərbaycan.- 2019.- 26 noyabr.- S.10.