Sərt irada operativ reaksiya

 

Ölkənin bank-maliyyə sektorunun sağlamlaşdırılması üçün hansı tədbirlər görülür

 

2014-cü ilin ikinci yarısından qlobal miqyasda müşahidə olunmağa başlamış maliyyə böhranı, xüsusən neftin dünya bazarında qiymətinin kəskin aşağı düşməsi dünya iqtisadiyyatının bir parçası və neft ixracatçısı olan Azərbaycana da təsirsiz ötüşmədi. Amma mobil idarəçilik sistemi, iqtisadiyyatın diversifikasiyası, neft sektorundan asılılığın aradan qaldırılması, qeyri-neft sektorunun inkişafı istiqamətində atılmış addımlar ölkəmizə qlobal iqtisadi kataklizmlərdən minimum itki ilə çıxmağa imkan verdi.

Buna baxmayaraq, məlum problemlər yaşandı və onların aradan qaldırılması kompleks yanaşma tələb edirdi. O üzdən Prezident İlham Əliyevin təşəbbüsü ilə iqtisadiyyatın müxtəlif istiqamətlərində olduğu kimi, maliyyə bazarlarında da silsilə islahatlar həyata keçirilməyə başladı. Məlumdur ki, 2015-ci ildən sonra maliyyə-bank sektorunda müşahidə olunan ən vacib məsələlərdən biri əmanətlərin banklardan kütləvi surətdə geri götürülməsi ilə bağlı idi. Həmin məqamda ölkə rəhbərliyinin hadisələrə çevik reaksiyası nəticəsində 2016-cı ildə əmanətlərin tam sığortalanması haqqında qanun imzalandı və bu, problemin qısa zamanda həll edilməsində əhəmiyyətli rol oynadı. Artıq 2017-ci ilin ikinci yarısından başlayaraq əmanətlərin banklardan geri götürülməsi prosesi dayanmışdı.

Digər tədbir: sirr deyil ki, qeyd olunan hadisələrin fonunda bank sektorunun inkişafı, kapitallaşma problemlərinin aradan qaldırılması və bu sektorun ölkə iqtisadiyyatında payının atması yöndə əsas götürülmüş institusional, hüquqi islahatlar sektorun dirçəldilməsi proseslərinin, bank-müştəri münasibətlərinin mərhələli şəkildə yeni müstəviyə keçirilməsini tələb edirdi. Məhz bu səbəbdən ölkədə bank sektorunun dayanıqlılığını təmin etmək üçün sözügedən sektora qısa vaxtda 1,9 milyard manat məbləğində kapital inyeksiyası həyata keçirildi.

Qeyd olunan dövr ərzində diqqət yetirilməli olan əsas məqamlardan biri də kreditləşmə prosesləri ilə bağlı idi. Statistik məlumatlara nəzər salaq: 2017-ci ildə bank sektorunda kreditləşmə həcmi təxminən 5 milyard, 2018-ci ildə 7,6 milyard, 2019-cu ilin ilk 9 ayının nəticələrinə əsasən 7 milyard manat olub. Ümumiyyətlə, 2018-2019-cu illərdə ölkə üzrə 14,5 milyard manat həcmində kredit verilmişdir ki, bunun da təqribən 8,1 milyard manatını biznes, 6,4 milyard manatını istehlak kreditləri təşkil edir. Təkcə 2019-cu ilin 9 ayında 3,2 milyard manat istehlak, 3,8 milyard manat həcmində biznes krediti verilmişdir. Təbii ki, belə hal ölkə rəhbərliyini razı sala bilməzdi.

Məhz bu səbəbdən oktyabrın 15-də Prezidentin yanında keçirilən iqtisadi müşavirədə qaldırılan əsas mövzulardan biri kreditləşmə, xüsusilə biznesin stimullaşdırılmasında aparıcı yer tutan sahibkarlıq subyektlərinin kreditləşməsi səviyyəsinin ürəkaçan səviyyədə olmaması, istehlak kreditlərinin biznes kreditləri ilə müqayisədə daha çox artması, bankların real sektordan daha çox istehlak kreditlərinin verilməsinə maraq göstərmələri ilə bağlı oldu. Müşavirədə dövlət başçısı haqlı olaraq ölkə iqtisadiyyatının şaxələndirilməsində bünövrə rolunu oynayan yerli sahibkarlıq fəaliyyətinin təşviq edilməsini, iş adamlarının maliyyə resurslarına çıxışını və kredit əlçatanlığının sadələşdirilməsini və bu hesaba real sektorun maliyyə vəsaitləri hesabına dəstəklənməsini vacib tapşırıq kimi aidiyyəti qurumlar qarşısında qaldırdı.

Sözügedən müşavirədən təxminən ay yarım keçib. Bu müddət ərzində ölkənin bank sektoru Prezidentin iradlarından nə nəticə çıxarmışdır? Suala cavab tapmaq üçün bu sahədə administrativ alətlərə malik Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) müraciət etdik. Bildirildi ki, dövlət başçısının tənqidindəki məqamları aradan qaldırmaq üçün öncə bank sektorunun tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyə - "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na və "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a mühüm dəyişikliklər edilmiş, biznes kreditlərinin risk dərəcələri azaldılmış, məsuliyyətli borclanma vərdişlərinin formalaşdırılmasına, istehlakçıların izafi borclanmasının qarşısının alınması və onların hüquqlarının qorunmasına və bankların öz kapitallarına müvafiq biznes kreditlərinə daha çox yer ayırmalarına şərait yaradılmışdır. Bununla yanaşı, Prezidentin qeyd olunan məsələ ilə bağlı tapşırığının banklarla fəal kommunikasiya şəklində həyata keçirilməsi üçün MBNP-də Azərbaycan Banklar Assosiasiyasının, həmçinin ölkədə fəaliyyət göstərən istehlak yönümlü bankların iştirakı ilə iclas keçirilmiş, geniş müzakirələr fonunda prosesin birgə əməkdaşlıq şəraitində tənzimlənməsi və konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş, bankların strateji planlarına yenidən nəzər salmaları və qısa müddətdə təkliflərin Palataya təqdim olunması qərara alınmış, biznes kreditlərinin təşviqi üçün banklar tərəfindən kredit yarmarkalarının keçirilməsi məqsədəuyğun hesab edilmişdir.

Görülən digər tədbiri də çox vacib və əhəmiyyətli hesab etmək olar. Təhlillər onu göstərir ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar əksər hallarda daşınmaz əmlaklarını girov qoymaqla kredit alırlar. Maraqlısı budur ki, kiçik və orta sahibkarların (KOB) aktivlərinin cəmi 22 faizi daşınmaz əmlak olsa da, onların götürdükləri kreditlər üzrə girovlarının 76 faizini daşınmaz əmlak təşkil edir. Məhz bu anormallığı aradan qaldırmaq üçün KOB-ların kreditlərə çıxış imkanlarının, maliyyə əlçatanlığının artırılması və müvafiq infrastrukturun gücləndirilməsi məqsədilə beynəlxalq praktikada qəbul olunmuş Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (DƏYDR) yaradılmışdır.

DƏYDR yüklülük verənlər və yüklülük sahibləri üçün bir sıra üstünlüklərə malikdir. Belə ki, adətən girov saxlayan maliyyə qurumları olan yüklülük sahibləri borcluların daşınar əmlaklarının yüklülüyü barədə vahid və ümumiləşdirilmiş məlumatların istənilən zaman "onlayn” qaydada operativ şəkildə əldə edilməsi, müştəri biznesinin daha təfərrüatlı nəzarətdə saxlanılması və müştəri dairəsinin genişlənməsi, həmçinin reyestrə daxil edilən daşınar əmlaklara tələb hüquqlarında üstünlük imkanlarına sahib olurlar. Digər tərəfdən, yüklülük verənlər üçün maliyyə resurslarına çıxış imkanları artır, maliyyə resurslarının daha ucuz və uzun müddətə cəlb edilməsində rəqabət canlanır, maliyyə paradoksu aradan qaldırılır və kredit təşkilatlarına çıxış asanlaşır. Üçüncüsü, reyestr maliyyə qurumlarına KOB subyektlərinin daşınar aktivləri barədə məlumatlar verir ki, bununla da banklar təminat predmeti kimi təqdim olunmuş əmlak barədə (yəni yüklü olub-olmadığı haqqında) məlumat əldə edir. DƏYDR, həmçinin banklara təkrar satış bazarı olan daha yaxşı təminat predmetlərini seçmək imkanı verir, iflas vəziyyətində olan sahibkarlıq subyektinin qoyduğu təminat predmetini daha asanlıqla satmaq imkanı yaradır.

MBNP-nin məlumatında o da bildirilir ki, KOB-ların kredit əlçatanlığının sadələşdirilməsi baxımından həyata keçirilmiş daha bir institusional islahat 8 bankın iştirakı ilə 2018-ci ilin fevral ayında Azərbaycan Kredit Bürosunun yaradılmasıdır. Müştərilərin kreditləri barədə məlumatları kredit təşkilatları ilə yanaşı, daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər bazalardan toplayaraq analiz edən və dolğun kredit hesabatları formalaşdıran bu ilk özəl kredit bürosu bankların anderraytinqə çəkdikləri xərcləri, onların problemli kredit portfellərini əhəmiyyətli dərəcədə aşağı salmışdır.

O ki, qaldı aqrar sektorun kreditləşməsinə, MBNP bu barədə də açıqlama vermişdir: "Son dönəmlərə qədər risklərin çoxluğu səbəbindən biznesin kreditləşməsində ən problemli sahələrdən biri kənd təsərrüfatı hesab olunurdu ki, artıq növbəti ildən ölkəmizdə yeni aqrar sığorta modeli tətbiq olunmağa başlayacaq. Yeni model sığorta risklərinin düzgün qiymətləndirilməsi nəticəsində bu sahədə dayanıqlı və effektiv fəaliyyəti təmin edəcək. Eyni zamanda, ölkəmizin müxtəlif regionlarında aqrar istehsalatın geniş yayıldığını və sahibkarların bu fəaliyyət növü ilə sıx məşğul olduğunu nəzərə alaraq, yeni sığorta modeli imkan verəcək ki, ölkəmizin bank sektoru mərkəzdən - Bakı və Abşeron ətrafından regionlara doğru inteqrasiya etsin”.

Və nəhayət, ölkə başçısının birbaşa rəhbərliyi altında həyata keçirilən iqtisadi kurs, o cümlədən real sektorun maliyyələşdirilməsində səmərəliliyin artırılması istiqamətində həyata keçirilən institusional islahatlar artıq öz müsbət nəticələrini verir. Təsadüfi deyil ki, Azərbaycan artıq özünün maliyyə infrastrukturunun xarici dövlətlərə ixracını həyata keçirir. Artıq Qırğızıstan, Ukrayna, Gürcüstan kimi ölkələr Azərbaycanın bu istiqamətdəki təcrübəsini öyrənərək tətbiq etmək məqsədilə ciddi addımlar atmışlar.

Göründüyü kimi, ölkənin bank sektoru Prezident İlham Əliyevin 15 oktyabr iqtisadi müşavirədə səsləndirdiyi tənqid və iradlardakı nöqsanları aradan qaldırmaq üçün MBNP ilə birgə tədbirlər həyat keçirirlər. Lakin bu tədbirlərin nə dərəcədə səmərəli və funksional olub-olmamasını bilmək üçün müəyyən zaman lazımdır. Buna baxmayaraq, ölkədə bütün, ilk növbədə, iqtisadi sahələrdə köklü islahatların aparıldığı indiki vaxtda bank sektorunun üzərinə düşən vəzifənin öhdəsindən gəlmək üçün bütün imkanlarından istifadə edəcəyinə inanmaq istərdik. Özü də təkcə ona görə yox ki, bunu həmin islahatların təşəbbüskarı və müəllifi Prezident İlham Əliyev tələb edir. Həm də onun üçün ki, Azərbaycanın müstəqillik dövrünün indiki tarixi məqamında bank sektorunun yaxasını kənara çəkməyə, korporativ maraqlarını ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməkdən üstün tutmağa sadəcə haqqı yoxdur.

 

Raqif MƏMMƏDLİ

 

Azərbaycan.- 2019.- 26 noyabr.- S. 10.