Azərbaycan dünya miqyasında müasir, öz tarixinə,
ənənələrinə sadiq, sürətlə inkişaf
edən dinamik ölkədir
İlham Əliyev: "Bakı
Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli
inkişafına böyük töhfələr vermişdir”
Noyabrın 26-da Konqres Mərkəzində
Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə
mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mərasimdə
iştirak edib.
Dövlətimizin
başçısı mərasimdə nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar.
Hörmətli müəllimlər, tələbələr.
Mən sizi və bütün Azərbaycan xalqını Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Universitetin bütün kollektivinə yeni uğurlar arzulayıram.
Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilmişdir. Bu qərar bir daha onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişdir. Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə güclü müstəqil dövlət qurmaq mümkün deyil. Baxmayaraq ki, gənc respublika böyük çətinliklərlə üzləşmişdi və ölkə ərazisinə tam nəzarət edə bilmirdi, bu qərar bir daha respublikanın niyyətini, qurucuların siyasətini əks etdirir. Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr vermişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Bu, bir daha onu göstərir ki, müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan daha asandır. Müstəqilliyi qorumaq, onu müdafiə etmək, onu gücləndirmək böyük siyasi biliklər, böyük cəsarət tələb edir.
Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra Bakı Dövlət Universiteti yeni ictimai-siyasi dövrdə fəaliyyətini davam etdirirdi. Yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirmişdir. Məzunlar arasından görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxmışdır. Onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfəsini vermişdir.
Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi. Heydər Əliyev həm sovet dövründə, həm müstəqilliyin ərəfəsində, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir. Məhz onun rəhbərliyi ilə sovet dövründə Azərbaycan müttəfiq respublikalar arasında ən geridə qalmış yerdən ən qabaqcıl yerlərə qədər yüksəldi. O vaxt, - gənclər təbii ki, bunu bilmirlər, - respublikaları fərqləndirən bir neçə əlamət var idi. Onların arasında keçici "Qırmızı bayraq” var idi. Yəni, "Qırmızı bayraq” ilə o respublikalar təltif olunurdu ki, orada həm sənayedə, həm kənd təsərrüfatında, həm də bütün digər sahələrdə böyük uğurlar var idi. Bax, Heydər Əliyevin dövründə 13 il ərzində Azərbaycan hər il bu "Qırmızı bayrağı” alırdı. Bu, bir daha onu təsdiq edirdi ki, onun rəhbərliyi ilə Azərbaycan böyük uğurlu yol keçmişdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda biz ən sonuncu yerlərdə idik. O, Azərbaycanı böyük inkişafa doğru apararaq ən qabaqcıl yerlərə qədər ucaltdı. Əgər sovet dövründə cəmi iki respublika var idi ki, onlar donor kimi fəaliyyət göstərirdi, onlardan biri Azərbaycan idi.
Heydər Əliyev təhsil sahəsinə çox böyük diqqət göstərirdi, hər il böyük müşavirələr keçirirdi. Eyni zamanda, Azərbaycan gənclərinin Sovet İttifaqının aparıcı ali məktəblərində oxuması üçün böyük səylər göstərmişdi və bu, unikal xarakter daşıyırdı. Çünki sovet məkanında buna oxşar təcrübə yox idi. Hər il təqribən 800-ə yaxın Azərbaycan gənci Bakıda imtahanlar verməklə Sovet İttifaqının Moskva, Leninqrad və digər böyük şəhərlərindəki aparıcı ali məktəblərinə ezam edilmişdir. Beləliklə, Azərbaycanın gələcəyi üçün güclü kadr potensialı yaradılırdı. Məhz bu kadr potensialı, o cümlədən bu gün ölkəmizin, müstəqil dövlətin uğurlu inkişafını təmin edir. Həmçinin o illərdə yüksək təhsil almış kadrlar bu gün Azərbaycanı ləyaqətlə təmsil edirlər.
Heydər Əliyevin qərarı ilə 1970-ci illərin əvvəllərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. Bu da Ulu Öndərin uzaqgörənliyini göstərir. Çünki o vaxt azərbaycanlılar sovet ordusunda az təmsil olunurdu. Heydər Əliyev çox istəyirdi ki, Azərbaycan hərbçiləri yetişsin. Sanki bilirdi ki, nə vaxtsa Azərbaycan müstəqil dövlət olacaq və bu kadrlar bizə lazım olacaq.
Bir sözlə, təhsilə, bütün başqa sahələrə göstərilən diqqət, onun fədakar əməyi və Azərbaycan xalqının müdrikliyi imkan verdi ki, Heydər Əliyev Azərbaycanın ən ağır günlərində öz xilaskarlıq missiyasını icra etsin. Əgər 1970-ci illərdə onun gördüyü işlər xalq tərəfindən rəğbətlə və böyük məhəbbətlə qarşılanmasaydı, - 1990-cı illərin əvvəllərində Azərbaycan böyük fəlakətlə üz-üzə qalmışdı, - Azərbaycan xalqı ona müraciət etməzdi. Məhz o illər ərzində gördüyü işlər Azərbaycan xalqının qəlbində ona inam hissini saxlayırdı.
Ölkəmizin müstəqilliyə qədərki dövründə də, müstəqillik dövründə də Heydər Əliyev daim xalqın yanında idi və xalqa xidmət etmək onun başlıca missiyası idi. 20 Yanvar faciəsindən sonra o, səsini ucaltdı, Moskvadakı daimi nümayəndəliyə gəlib, orada mətbuat konfransı keçirib, sovet rəhbərliyini, Kommunist Partiyasının rəhbərliyini ittiham etmişdir, bu qanlı faciəni pisləmişdir və bütün dünyaya bu həqiqəti çatdırmışdır. Çünki onun böyük nüfuzu var idi və onun dilindən səslənən sözlər, həqiqətlər dünyanın bütün yerlərində əks-səda vermişdi. Halbuki o vaxt Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı dağılacaq. O cəsarətli addım Heydər Əliyevin xalqa nə qədər bağlı olduğunu göstərir.
Ondan sonra uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etdi. O da böyük təhlükə idi. Onu da bildirməliyəm ki, 20 Yanvar faciəsindən sonra Azərbaycan rəhbərliyində təmsil olunanlar susmuşdular, ağızlarına su alıb susmuşdular, biri də bu qanlı faciəni qınamadı, biri də öz səsini ucaltmadı. Bu, bir daha göstərdi ki, ovaxtkı rəhbərlik antimilli rəhbərlik idi. O hakimiyyəti əvəzləyən, qanunsuz yollarla hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü bir ildən çox hakimiyyətdə idi. Bir il ərzində 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət vermədi. Hakimiyyət onların əlində idi. Nə üçün bunu etmədilər? Nə üçün xalqımızın bu faciəsinə, bu yarasına biganə qalmışdılar? Bu, həqiqətdir. 20 Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətə məhz Heydər Əliyev hakimiyyətə qayıdandan sonra siyasi-hüquqi qiymət vermişdir və bu, tarixdir. Bu, bir daha Ulu Öndərin xalqa nə qədər bağlı olduğunu göstərir.
Müstəqilliyə gedən
yol da Heydər Əliyevin adı ilə bağlıdır. Məhz
onun qərarı ilə Naxçıvan Ali Məclisinin
sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli bayrağı dövlət bayrağı
kimi təsis olundu və buna oxşar digər qərarlar qəbul
edildi. O vaxt Sovet İttifaqının saxlanmasına dair
referendum keçirilmişdir və Azərbaycan üzrə
referendum saxtalaşdırılmışdır. Guya ki, Azərbaycan
əhalisi Sovet İttifaqının saxlanmasına səs
vermişdir. Halbuki bu, belə deyildi. Naxçıvanda
referendum keçirilmədi. Naxçıvan Muxtar Sovet Sosialist
Respublikasının adından "Sovet Sosialist” sözləri
çıxarıldı. Bu da müstəqilliyə aparan yol
idi. Azərbaycanda siyasi sistemi formalaşdıran Yeni Azərbaycan
Partiyası təsis edildi. Çünki partiya yaranana qədər Azərbaycanda
siyasi sistem, partiyalar yox idi. Ayrı–ayrı
silahlı dəstələr öz adlarını partiya
qoymuşdular və bir-biri ilə mübarizə
aparırdılar, torpaqlar isə işğal altına
düşürdü. Əgər Heydər
Əliyev müstəqilliyin ilk illərindən Azərbaycanda
rəhbər olsaydı, heç vaxt torpağımız
işğal altına düşməzdi. Azərbaycanın
Heydər Əliyevə qədərki bütün rəhbərləri
fərarilik etmiş, xalqı və ölkəni ağır vəziyyətdə
tərk etmiş, qaçmışlar, ikisi Moskvaya, biri Kələkiyə.
Bu, fərarilikdir, bu, satqınlıqdır, bu, xəyanətdir.
Liderin vəzifəsidir dövləti qorumaq,
liderin vəzifəsidir xalqla bir yerdə olmaq. Ən ağır, ən çətin anlarda lider
qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər
birimiz üçün nümunədir. Burada əyləşən
gənclər də bu tarixi bilməlidirlər. Mən dəfələrlə bunu demişəm.
Biz - bu tarixi yaşayan insanlar, əlbəttə ki, heç
vaxt bunu unutmayacağıq. Bugünkü
uğurlu inkişafımızı hər zaman qiymətləndirəcəyik.
Gənclər bunu görməyiblər. Onlara elə gəlir ki, həmişə belə
olub. Onlara elə gəlir ki, Azərbaycan həmişə
belə çiçəklənən, firavan dövlət
olub. Belə deyildi. Biz
o günləri yaxşı xatırlayırıq. Xalq Cəbhəsi-Müsavat cütlüyünün
xəyanətkar hakimiyyəti dövründə on minlərlə
insan saatlarla çörək növbəsində
dayanırdı. Əli silahlı quldurlar
meydan oxuyurdular, şəhərlərimizdə insanları
incidirdilər, oğurlayırdılar, işgəncələr
verirdilər, jurnalistləri döyürdülər. Məhz Xalq Cəbhəsi-Müsavat hakimiyyəti -
özünü demokrat adlandıran bu ünsürlər Azərbaycanda
senzura tətbiq etmişdilər. Heydər
Əliyev hakimiyyətə gələndən sonra senzuranı
ləğv etdi. Gənclər bu tarixi bilməlidirlər.
Müəllimlər bu tarixi onlara
çatdırmalıdırlar ki, həm həqiqəti bilsinlər,
həm də Azərbaycan gələcəkdə heç vaxt
bu ağır vəziyyətə düşməsin. Azərbaycan heç vaxt gözü kölgəli
olmasın, heç vaxt başqasının iradəsindən
asılı olmasın, heç vaxt başqa dövlətlər
qarşısında baş əyməsin. AXC-Müsavat
cütlüyü dövründə prezidentin kabinetinin
qapısını xarici səfirlər ayaqları ilə
açırdılar, ona göstərişlər verirdilər.
O da məzlum bir adam kimi o göstərişləri
yerinə yetirirdi. Ona görə belə günə
düşdü. Məgər bizi bizdən
çox sevən, istəyən varmı? Bu
gün bəzi hallarda bəzi xarici dairələrdən
eşidirik ki, biz Azərbaycana kömək etmək istəyirik,
biz Azərbaycanı belə inkişaf etmiş ölkə kimi
görmək istəyirik. Hamısı
yalandır. Mən tam səmimiyyətlə
deyirəm. Bizim ən ağır günlərimizdə
xəzinə boş idi, Xalq Cəbhəsi-Müsavat
cütlüyü talamışdı, ləl-cavahirat fondunu
talamışdı. İnsanlar öz
axırıncı qızıl əşyalarını
aparırdılar ki, ordumuza kömək etsinlər. O vaxt
prezident, dövlət katibi, baş nazir o ləl-cavahirat fondunu
talan etmişlər. İndi onun izi-tozu da
qalmayıb. O vaxt xəzinə boş olanda, biz kreditlər
üçün müraciət edəndə heç kim bizə kredit vermirdi. Yaxşı,
əgər siz Azərbaycanı bu qədər sevirsinizsə,
nə üçün o vaxt bizə kömək etməmisiniz?!
Nə üçün ağır vəziyyətdə
olan ölkəyə kömək etməmisiniz?! İndi sıra ilə düzülüblər bizə
kredit vermək istəyənlər. Biz
almırıq. Biz özümüz kredit
veririk. Bizim xarici dövlət borcumuz
ümumi daxili məhsulun 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada
doqquzuncu yerdəyik. İndi istənilən məbləğdə
- bax, sabah 10 milyard dollar lazım olsa,
alarıq. Almırıq, qoymuram. Borcu yenə də endirirəm. Ona
görə kimsə deyəndə ki, biz Azərbaycanın
yaxşılığını istəyirik, inanmayın, gənclər
də inanmasınlar. Bizdən çox bizi
istəyən heç vaxt olmayıb və olmayacaq.
Xalqımızın tarixi
faciələrlə doludur. Biz nəyə görə
uzun illər, əsrlərboyu müstəmləkə kimi
yaşamışıq? Nəyə görə
başqa dövlətlərin tərkibində
yaşamışıq? Nəyə görə
bizim dövlətçiliyimizin tarixi çox məhduddur?
O vaxt hətta müstəqil dövlətlər olanda onların
da imkanları məhdud idi. Elə götürək
Azərbaycan Xalq Cümhuriyyətini, ölkəni idarə edə
bilmirdi. Xarici hərbi missiyaların rəhbərləri
qərarlar qəbul edirdilər. Hətta
bizim o vaxt qəbul edilmiş birinci dövlət
bayrağımız xarici hərbi missioner tərəfindən
dəyişdirildi. Ultimatum qoyuldu,
tarixçilər bunu yaxşı bilirlər. Müstəqil dövlətin rəhbərliyinə
ultimatum qoyuldu ki, siz bu bayrağı dəyişdirməlisiniz
və dəyişdirdilər. Ondan sonra
indiki üçrəngli bayraq təsis edildi. Ona görə hətta o dövrlərdə müstəqillik
yarımçıq idi, natamam idi.
Bu gün əsl müstəqillik
dövrüdür. Çünki bu gün biz
özümüz öz gələcəyimizi müəyyən
edirik. Bu gün biz özümüz qərarları
qəbul edirik. Bu gün Azərbaycanda
xalqın iradəsi hökm sürür. Bu
gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə,
ənənələrinə sadiq, sürətlə inkişaf
edən dinamik ölkədir. Heç kimdən
asılı deyilik və elə etməliyik ki, heç vaxt
heç kimdən asılı olmayaq. Buna
görə güclü olmalıyıq, vətənpərvər
olmalıyıq, iqtisadiyyatımız daha da güclü
olmalıdır və siyasi iradəmiz yerində
olmalıdır. Bugünkü hakimiyyətdə
bütün bunlar var və hər kəs görür ki,
heç kim bizim işimizə müdaxilə
edə bilməz. Nə qədər
çalışsalar, nə qədər əlləşsələr,
nə qədər yalan-böhtan yaysalar yapışmır bizə.
Çünki xalq bizi dəstəkləyir və
sonuncu rəy sorğuları onu göstərir. Əhalinin mütləq əksəriyyəti bizim
siyasətimizi dəstəkləyir. Əhalinin mütləq
əksəriyyəti bizə alternativ görmür və kim ola bilər bu alternativ? Hətta
havadarları artıq onlardan üz döndərmişlər.
Biz bunu dəqiq bilirik. Mən
indi bu auditoriyada bəzi operativ məlumatları da
bölüşə bilərəm sizinlə, Azərbaycan
xalqı ilə. İndi anti-Azərbaycan
dairələr, xaricdəki dairələr artıq
açıq deyirlər ki, bizdə ənənəvi
müxalifət yoxdur, ayrı-ayrı satqın dəstələr
var ki, onların da kitabı bağlanıb, onlara ümid bəsləmək
olmaz. Ona görə onlara pul təminatı
da azalıbdır, ona görə çabalayırlar. Əsas hədəf gənclər olmalıdır.
Onlar gəncləri əsas hədəf
seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər,
onların beyinlərini zəhərləmək istəyirlər,
onları xalqa qarşı, Vətənə qarşı, ənənəvi
dəyərlərə qarşı qaldırmaq istəyirlər.
Alınmır və alınmayacaq. Çünki Azərbaycan gəncləri vətənpərvərdir,
Vətəni sevəndirlər, Vətənə
bağlıdırlar. Ancaq o niyyət var və
biz bunu bilməliyik, müəllimlər də bilməlidirlər.
Müəllimlər tələbələrə
nəinki biliklər verməlidirlər, onları tərbiyə
də etməlidirlər. Ümumiyyətlə Azərbaycanda
tərbiyə işi yeni müstəviyə qalxmalıdır,
biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər,
boşluqlar var. Bizi istəməyən qüvvələr, o
cümlədən erməni lobbi qurumları tərəfindən
maliyyələşən qurumlar bu boşluqlardan istifadə
edirlər, xüsusilə bu gün ki, azad internet mövcuddur. Azərbaycanda internet istifadəçilərinin faiz
nisbəti 80-ni keçib. Azərbaycanda
azad, demokratik cəmiyyət formalaşıb, azad media var. Ona
görə istənilən yalanı ortalığa atmaq olar.
Ondan sonra bu yalan ətrafında müzakirələr
təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim
edilir və gənclərin beyinlərini zəhərləmək
istəyirlər. Biz buna imkan verə bilmərik.
Gənclər özləri də bilməlidirlər,
tarixi yaxşı bilməlidirlər. Əgər
tarixi yaxşı bilsələr, görərlər ki,
tariximizdə heç vaxt heç bir kənar qüvvə,
heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib,
əksinə, bizi əzmək istəyib, özünə ram
etmək istəyib, sərvətlərimizi talamaq istəyib,
bizi alçaltmaq istəyib. Əgər belə
olmasaydı, bizim çoxəsrlik tariximizin böyük hissəsi
müstəmləkəçilik tarixi olmazdı. Bir daha demək istəyirəm ki, bizim müstəqillik
dövrlərimiz Azərbaycan xalqının tarixində
çox məhduddur. Məhz ona görə
ki, aldanmışıq, əzilmişik. Buna
imkan vermək olmaz və verməyəcəyik, biz möhkəm
dayanmışıq. Heç kim bizim
işimizə müdaxilə edə bilməz, heç bir kənar
qüvvə bizim iradəmizə təsir edə bilməz. Qoy, ləkələsinlər, qoy, yalan-uydurma
yaysınlar, bizə yapışmır. Əsas
odur ki, biz öz həyatımızı ləyaqətlə
yaşayaq. Ləyaqətli insanlar kimi, Vətənə
bağlı olan insanlar kimi, mərd insanlar kimi yaşayaq,
quraq, yaradaq, bütün yad qüvvələrə
cavabımızı verək və öz inkişaf yolumuzu
davam etdirək.
Bu gün Azərbaycan bax, belə
inkişaf edir.
Ona görə dünyada bizə rəğbət
artır. Təsadüfi deyil ki, dünya
birliyinin mütləq əksəriyyətini təşkil edən
ölkələr bizə səs verirlər. Necə ki, 8
il bundan əvvəl səs veriblər, biz
155 ölkənin səsi ilə BMT Təhlükəsizlik
Şurasına üzv seçilmişik. Özü
də necə seçilmişik. İndi diplomatlar
bunu yaxşı bilirlər ki, adətən səsvermə bir
gün ərzində keçirilir və tez bir zamanda yeni
üzvlər seçilir. Bizdə isə
bu, üç gün çəkdi. Üç gün,
16 tur. Nəyə görə?
Çünki bizə rəqib olan ölkə
öz namizədliyini geri götürmürdü. Biz hər bir turda böyük səs fərqi ilə
qalib idik, amma lazım olan səsləri yığa bilmirdik.
Adətən belə olan halda, səslərdə
fərq böyük olanda məğlub ölkə öz namizədliyini
geri götürür. O isə götürmürdü.
Özü də bizə dost ölkə idi. Təəccüb
etdim, bu, nə məsələdir, sonra öyrəndik ki, imkan
vermirlər. Bəzi böyük dövlətlər
imkan vermir və istəyirdilər ki, bizim
üzvlüyümüzün qarşısı alınsın.
Bir daha qayıdıram bu məsələyə.
Əgər həmin o ölkələrin
nümayəndələri sizə desələr ki, "biz Azərbaycanı
istəyirik, inkişafını istəyirik”, inanmayın.
İstəsəydilər, imkan verərdilər.
Mən indi onların adını çəkmək
istəmirəm, maraqlananlar öyrənə bilərlər.
On altı tur və üç gün bizim
üzvlüyümüzü əngəlləmək istəyirdilər.
Sonra nə oldu? Gəldilər
bizim nümayəndələrə yaxınlaşıb dedilər
ki, Azərbaycan, öz namizədliyinizi geri götürün.
Gələn il biz sizə kömək edərik,
amma indi geri götürün. Mən bu
üç gün ərzində Nyu-Yorkla birbaşa əlaqədə
idim. Dedim ki, qətiyyən, axıra qədər, lap bir il çəksə, biz orada bu səsvermədə
iştirak edəcəyik. Bir il çəksə,
biz Təhlükəsizlik Şurasının işini iflic vəziyyətə
sala bilərik. Ancaq ondan sonra həmin o rəqib
ölkəyə göstəriş verildi, o, namizədliyini
geri götürdü. Bu, nəyin
bahasına oldu? Çünki əksər
ölkələr bu sistemdən beziblər, yorulublar. Bizə səs verənlər də vaxtilə bizim kimi
müstəmləkə olublar, əziliblər, soyulublar, talan
ediliblər. Daha artıq onların da səbri
tükənib.
Bu yaxınlarda biz 120 ölkənin
qərarı ilə Qoşulmama Hərəkatına sədrlik
etməyə başladıq. Mən sizə deyim və
Bakıda keçirilmiş Zirvə Görüşü onu
bir daha göstərdi, bu ölkələr arasında ixtilaflar
kifayət qədər çoxşaxəlidir. Elə ölkələr var ki, bir-biri ilə
müharibə şəraitindədir. Elə
ölkələr var ki, bir-biri ilə diplomatik əlaqələr
saxlamırlar. Amma onların hər biri – 119-u bizə səs
verdi. Nadir bir vəziyyətdir.
Biri də bitərəf qalmadı, yaxud da əleyhinə
səs vermədi. Nəyə görə?
Bax, dediyim sözlərə görə. Bizə inanırlar, bizi tanıyırlar, bilirlər
ki, sözümüzlə əməlimiz birdir. Bilirlər
ki, heç kimin qarşısında baş əymirik, lap ən
ağır sınaqlarla, ən ağır təxribatlarla
üz-üz qalsaq belə. Bu müddət ərzində belə
təxribatlar az olmayıb. 2003-cü ili xatırlayaq. Prezident
seçkilərindən sonra Azərbaycanda çevriliş cəhdi.
Heç kimə sirr deyil ki, mən prezident
seçkilərində təmiz qələbə
qazanmışdım. Çünki insanlar
Heydər Əliyev siyasətinə səs vermişdilər.
İğtişaş törədildi.
2005-ci il. Azərbaycan
artıq o inqilabların sırasında növbəti yer kimi
göstərilirdi. Belə maykalar
buraxılmışdı, üzərində
yazılmışdı: "Gürcüstan, Ukrayna,
Qırğızıstan, Azərbaycan”. Yəni,
dördüncü biz olmalı idik və bizdən sonra da
başqaları olmalı idi. Biz
dayandırdıq bu vəbanı, bu xəstəliyi, bu
azarı. İndi bütün dünya
görür ki, bu inqilablar o ölkələrə ancaq bədbəxtlik
gətirib və indi öz problemləri ilə üz-üzədirlər,
orada iğtişaşlar səngimir. Çünki
oralara bu zəhərli inqilab toxumu səpilmişdi. Necə
ki, bu zəhərli alaq otu kimi Xalq Cəbhəsi-Müsavat
cütlüyü hakimiyyətdə bir il
qaldı. O qədər zəhərlədilər ki, bu günə
qədər də o zəhərin təsiri bəzi yerlərdə
qalır. Ona görə növbəti məntəqə
biz olmalı idik və narıncı maykaları da gətizdirmişdilər,
sadəcə olaraq, özünü müxalifət
adlandıran ünsürlər bir daha öz
kütlüyünü göstərmişlər. Fikirləşmədilər ki, noyabr ayında
parlament seçkiləri keçirilməli idi, noyabr ayı
soyuq keçir. Ona görə o
maykaları bilmirlər necə geyinsinlər, bəziləri
pencəyin üstündən maykalar geymişdilər. Yəni, çox gülməli bir mənzərə
idi. O da alınmadı. Nəyə görə?!
Xalq istəmədi! Xalq dedi ki, yox, bəsdir,
görmüşük sizi, necə ki, hakimiyyət uğrunda
mübarizə naminə talamısınız,
döymüsünüz, söymüsünüz,
öldürmüsünüz, Gəncəni
bombalamısınız, vətəndaş müharibəsini
başlamısınız, Qarabağı satmısınız,
Şuşanı satmısınız, Laçını
satmısınız. Sonra da fərari kimi
qaçmısınız, prezident Kələkiyə, dövlət
katibi Kələkiyə, o birilər isə vəzifələrini
dondurdular. Belə də hakimiyyət olar?
Belə də qorxaq adamlar olar? Heç adi adam hansı ki, özünü lider hesab etmir,
özünə rəva bilməz ki, belə, bu cür
biabır olsun. Amma bunların belə utanan
üzü yoxdur. Bu yaxınlarda yenə də
o mənzərəni hamımız görmüşük,
biabırçılıqdır, xəstədilər, dəlidirlər,
nədirlər, vallah deməyə söz tapmıram. Ona görə bu gün müxalifət düşərgəsində
boşluq yaranıbdır və bizi istəməyənlər
gənclərdən istifadə etmək istəyirlər ki,
onları xalqın üstünə qaldırsınlar. Sağlam müxalifət yaradılmalıdır.
Dövlətçiliyə sadiq olan, xalqa
bağlı olan, doğrudan da təklif verən, hakimiyyəti
tənqid edən, amma konstruktiv təklif verən, yol göstərən.
Ancaq biz sevinərik əgər belə
müxalifət yaranarsa. Doğrudan da bizim
işimizə kömək olar. Biz hər
şeyi indi öz üzərimizə götürmüşük,
bəlkə də hansısa alternativ yanaşma, yaxud da ki,
mövqe kömək edə bilər. Amma
yoxdur və yaxın üfüqlərdə də
görünmür.
Bizim xarici siyasətlə
bağlı uğurlarımız təkcə bu sədrliklə
məhdudlaşmır. Halbuki bu, çox önəmli məsələdir.
Oktyabr-noyabr aylarında - cəmi iki ay ərzində
görün nə qədər böyük hadisələr
baş verdi. Prezident Putinin dəvəti ilə
mən "Valday” Diskussiya Klubunda iştirak etdim. Oraya cəmi 3 dövlət başçısı dəvət
olunmuşdu, o cümlədən Azərbaycan. Bu, bir daha göstərir ki, Rusiya və onun Prezidenti
Azərbaycana nə qədər böyük önəm verir və
bizə böyük hörmət göstərir. Orada da
canlı efirdə sözümü dedim. Mən
bunu Bakıda da, hansısa rayonda da deyə bilərdim.
Onu kim eşidəcəkdi? Bizimkilər, yəni,
biz bunu özümüz üçün demirik, biz deyirik ki,
dünya bilsin və orada canlı efirdə mən dedim:
"Qarabağ Azərbaycandır, nida işarəsi”. Bir daha bütün dünya gördü ki,
Qarabağ Azərbaycanındır, bir daha bütün
dünya bu həqiqəti gördü.
Ondan sonra MDB Zirvə
Görüşündə, - o, "Valday”dan bir neçə
gün sonra baş verdi, - mən qeyd etdim
ki, biz Böyük Vətən müharibəsində Qələbənin
75 illiyinin ərəfəsindəyik. Biz imkan verə
bilmərik ki, MDB məkanında faşistlərə abidələr
ucaldılsın. Dedim ki, Ermənistanda faşist Qaregin
Njdeyə 6 metrlik abidə ucaldılıb, bu, sökülməlidir,
bu, qəbuledilməzdir. Dedim ki, o vaxt o, həbs olunmuşdur və
həbsxanada da çürümüşdür. Onu da bildirmək istəyirəm ki, həbs edən təşkilatın
adı "ÑÌÅÐØ” idi.
Bilməyənlər bilsinlər ki, bu,
abreviaturadır, bunun adı "Ñìåðòü Øïèîíàì”, "ÑìåðØ”,
yəni, "Casuslara ölüm”. Yəni, casus kimi həbs
olundu, ona 25 il cəza verildi, faktiki olaraq,
ölüm cəzası və o, Vladimir türməsində
dünyadan getdi. İndi, görün, Ermənistanın
baş nazirinin cavabı nə oldu? Dedi ki, Soljenitsın
da lagerdə olub, dissidentlər də türmədə olub. Yəni,
bu adam Soljenitsını və söz
azadlığına görə həbs edilən və sonra
reabilitasiya olunan digər adamları faşist Njde ilə eyniləşdirir.
Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət
dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti
dəyişmir. Mən onlara şans verdim.
Öz çıxışımda dedim ki, onu əvvəlki
hakimiyyət ucaldıb. İndiki hakimiyyət
özünü demokratik adlandırırsa, söksün,
yıxsın bu abidəni. Bu ləkəni
yusun Ermənistan üzündən. Heç
olmasa, onlar bir ləkədən canlarını qurtarsınlar.
Yox, görün, bunların faşist mahiyyəti
hara gedib çıxıb ki, bu, türklərə
qarşı vuruşub. Yəni, onlar
üçün əsas budur. Onlar
uşaqları da belə yetişdirirlər, bizə
qarşı, Türkiyəyə qarşı, müsəlmanlara
qarşı nifrət ab-havasında.
Mən müsəlman ölkələrinə
dəfələrlə müraciət etmişəm. Açıq
müraciət etmişəm ki, siz Ermənistanla necə
qucaqlaşırsınız? Siz bunların
liderlərini necə dəvət edirsiniz? Görmürsünüzmü
ki, bunlar bizim məscidlərimizi yerlə bir etdilər? Görmürsünüz ki, bizim məscidləri təhqir
etdilər? Gedin, baxın, o şəkillər var, onlar
Ağdam məscidini, Şuşa məscidlərini,
işğal edilmiş digər torpaqlardakı məscidləri
nə günə qoydular? Bu, axı təkcə
bizim məscidlərimiz deyil, bütün müsəlman aləminin
məscidləridir. Buna necə göz
yummaq olar? Necə belə riyakarlıq etmək
olar?
Biz dəfələrlə
İslam həmrəyliyi ilə bağlı tədbirlər
keçirmişik, sözümüzü demişik. Bunu davam etdirəcəyik
və o faşist Njdeyə ucaldılan abidə də gündəlikdədir.
O cinayətkar dövlətlə münasibətlər quran bəzi
müsəlman ölkələri bunu edəndə və
faşistlərə qucaq açanda heç olmasa, o
dağılmış məscidlərin təsvirlərini
göz önünə gətirsinlər və özlərinə
sual versinlər ki, mən kiminlə qucaqlaşıram?!
Ona görə bizim bu istiqamətdə
siyasətimiz davam etdiriləcək. Amma məsələ
bununla bitmir. Ermənistanın baş naziri
Aşqabad Zirvə Görüşündə böyük səhv
buraxdı, Soljenitsınla faşisti eyniləşdirdi. Amma heç olmasa, ondan sonra bir nəticə
çıxaraydı. Çünki həm
mətbuatda, özü də Rusiya mətbuatında, başqa
mətbuatda bunu lağa qoydular ki, bu, nə deyir, nə
danışır, bu, nədir? Ondan sonra,
görün, nə deyir? Rusiya jurnalistləri
ilə görüşdə deyir ki, nə olsun ki, Njde Hitlerlə
görüşüb, Molotov da Hitlerlə
görüşüb. Bax, bilirsiniz, buna
daha şərh vermək mümkün deyil. Molotov Sovet İttifaqının Xarici İşlər
naziri olub, 1939-cu ildə müharibənin
mümkünlüyünü aradan qaldırmaq
üçün gedibdir, görüşübdür. O,
Hitlerə xidmət etmirdi. O, Hitlerə qarşı
koalisiyanın başında duran Sovet İttifaqının
aparıcı simalarından biri idi. Onu Njde ilə
eyniləşdirmək olar?! Mən, eyni
zamanda, bu misalları ona görə gətirirəm ki, gənclər
yaxşı oxusunlar, gələcəkdə belə
gülünc vəziyyətə düşməsinlər,
tarixi yaxşı bilsinlər. Amma bunu deyən
bu gün o ölkənin rəhbəridir. Yəni,
onlardan nə gözləmək olar? Bu sual
ritorik sualdır.
Elə bu iki ay ərzində
bizim xarici siyasətlə bağlı digər önəmli
hadisələr də baş vermişdir. Biz oktyabr
ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasına sədrliyi öz üzərimizə
götürdük və Zirvə Görüşünü
Bakıda keçirdik. Qoşulmama Hərəkatının
sədrliyini öz üzərimizə
götürmüşük. Üç il
ərzində biz bu təşkilata sədrlik edəcəyik. Bu, BMT-dən sonra dünyada ikinci təşkilatdır
və əslində, birinci təşkilatdır. Çünki BMT indi elə vəziyyətdədir
ki, onu islah etmək istəyənlərin sayı gündən-günə
artır, bu, bir. İkincisi, BMT-nin rəhbəri
yoxdur. Heç bir ölkə BMT-yə rəhbərlik
etmir. Təhlükəsizlik Şurasına
da sıra ilə rəhbərlik olunur. Biz
də, o cümlədən rəhbərlik etmişik. Bu rəhbərlik müddətlidir. Biz isə dünyanın BMT-dən sonra ən
böyük təşkilatının sədriyik və indi
bizim sözümüz keçəcəkdir. Gündəliyi biz formalaşdırırıq, məsələləri
biz müzakirəyə çıxaracağıq. Əlbəttə ki, öz məsələmizi və
əzilmiş, ədalətsizliyə düçar olmuş
ölkələrin məsələlərini
qaldıracağıq, onları müdafiə edəcəyik.
Noyabr ayında Bakıda
Dünya dini liderlərinin II Zirvə Görüşü
keçirilmişdir, 70 ölkənin dini liderləri Bakıya
gəlmişlər. Dünyada buna bənzər ikinci
yığıncaq yoxdur. Mən iclaslarda
bir-birinin yanında oturanlara fikir verirdim, əgər onlar
başqa yerdə görüşsəydilər, bəlkə
başqa cür danışardılar. Amma oturublar,
bir-birini dinləyirlər, bir-birinə salam
verirlər. Biz bunu istəyirik. Çünki dünya başqa istiqamətdə
gedir. Deyirlər ki, multikulturalizm
ölübdür, yoxdur. Müsəlman
miqrantlarını qəfəsdə saxlayırlar, "Stop
İslam” deyirlər demokratiya beşikləri. Deyirlər ki, biz miqrantları qəbul edə bilərik,
- mən Avropa ölkələrini nəzərdə tuturam, -
ancaq müsəlman miqrantları yox. Deyirlər
ki, multikulturalizm iflasa uğrayıb. Amma
biz göstəririk ki, yox, elə deyil. Bu,
siyasi iradədən, baxışlardan asılıdır, sən
nə istəyirsən, hansı siyasət yürüdürsən.
Bax, biz bu siyasəti yürüdürük.
Bu siyasət yeganə düzgün siyasətdir.
Əks təqdirdə, gələcək müharibələr,
o cümlədən ola bilsin, dini
müharibələr qaçılmazdır. Ona
görə, bax, dini liderlərin Zirvə
Görüşünün keçirilməsi belə səviyyədə
və belə təmsilçiliklə bir daha bizim hörmətimizi,
rolumuzu göstərir. Biz nəinki ölkə
daxilində, dünya miqyasında bu gün çox önəmli
ölkəyə çevrilmişik.
O ki qaldı, daxili məsələlərə,
onlar da öz həllini tapır. Azərbaycan
iqtisadiyyatı inkişaf edir. Mən gələcəkdə
iqtisadi sahədə heç bir problem görmürəm.
Manatın məzənnəsi artıq
üç ildir ki, sabitdir. Əminəm
ki, belə davam edəcək. Valyuta
ehtiyatlarımız artır. Valyuta
ehtiyatlarımız ümumi daxili məhsuldan artıq
çoxdur. Xarici borcumuz azalır, yenə
də azaldacağıq. Mən göstəriş
vermişəm təqribən 10 faizə qədər, indi
ümumi daxili məhsulun 17 faizini təşkil edir, 10 faizinə
qədər getməlidir. Sənaye artır.
Bu il qeyri-neft sənayemiz 15 faiz, kənd təsərrüfatı
7 faiz artıbdır. Davos Ümumdünya Forumu
bizi çox yüksək yerlərə layiq görür, o
cümlədən islahatların aparılması istiqamətində.
İslahatlara meyillilik və rəhbərliyə
olan inam əmsalına görə biz dünyada birinci
onluqdayıq. Özü də bunu biz yox,
Davos deyir. Dünya Bankı nə deyir?
Deyir ki, Azərbaycan 20 ən islahatçı
ölkə sırasındadır.
İslahatlar bizim
şüurlu seçimimizdir. Elə fərz edə
bilərik ki, nəyə lazımdır bu islahatlar? Onsuz da hər şey yolunda gedir, ölkə
inkişaf edir, yeni müəssisələr
açılır, abadlıq işləri görülür.
Yox, struktur islahatları, siyasi islahatlar, iqtisadi
islahatlar lazımdır. Baxın, iqtisadi
islahatlar nəticəsində təkcə bu ilin on ayında
büdcəyə 850 milyon manatdan çox vəsait
toplamışıq. Bunları sosial sahəyə
yönəldirik. Amma bu, hələ
islahatların növbəti mərhələsinin birinci
addımlarıdır. Bundan sonra da daha
böyük addımlar atılacaqdır. Bu,
imkan verir ki, sosial sahəyə böyük diqqət yetirək.
Bundan 4 milyon 200 mindən çox insan
faydalanıb. Bu il minimum əməkhaqqı iki dəfə,
minimum pensiya 70 faiz, müavinətlər iki dəfə, tələbələrin
təqaüdləri 50 faiz, köçkünlərə verilən
təqaüd 50 faiz artırılıb. Nəyin
hesabına? Bu, göydən düşən
deyil, bunları islahatların hesabına əldə edirik, əldə
də etməliyik.
Kadr islahatları gedir, bu da zərurətdir,
durğunluq yarada bilmərik, sovet dövrünün
durğunluğu hələ ki, yadımızdan
çıxmayıb. Ona görə kadr islahatları
aparılmalıdır, ancaq təkamül yolu ilə, təbii
yolla, burada da heç bir əyintilərə yol vermək
olmaz. Mən bir neçə dəfə bu məsələ
ilə bağlı fikirlərimi deyəndən sonra bəziləri
başladılar bəzi adamların yaşını
hesablamağa ki, bunun 70 yaşı var getməlidir, qətiyyən
belə şey ola bilməz. Sonra dedim mən
imkan vermərəm ki, kampaniya aparılsın. Təcrübə,
bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə,
islahatlara meyilliliyi - bu sintez Azərbaycanda var. Həm cəmiyyətdə,
həm iqtidarda var. Biz ənənəvi dəyərlər
üzərində dövlət qururuq, böyük-kiçik
var. Bunu biz qorumalıyıq, gənclər də məni
eşitsinlər, daim böyük-kiçik məsələsinə
fikir versinlər. İndi bəzi ölkələrdə
buna fikir verilmir. Qadınlarla kişilər
arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi
cəmiyyətdə yaşayırıq və
yaşamalıyıq. Qadınlara hörmət
etməliyik, biz onları qorumalıyıq, onları müdafiə
eləməliyik. Onlar bizi yox, biz onları.
Gender bərabərliyi var, biz də bunu qəbul
edirik. Amma biz ənənəvi
düşüncədən kənarda yaşaya bilmərik və
gənc nəsil də bunu bilsin. Yaşlılara
hörmət olunmalıdır, yaşına görə.
İndi bəziləri istəyirlər ki, bizim
lüğətimizdən "ağsaqqal”, "ağbirçək”
sözləri çıxsın, necə ki, bəzi ölkələrdə.
Onlara baxanda adam dəhşətə gəlir.
Sonra da bizə deyirlər ki, gəlin bizə
inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ
Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki,
biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya
inteqrasiya etməliyik, "Stop İslam!” deyənlərə?
Haraya inteqrasiya etməliyik, qadınla kişi
arasında fərq görməyənə? Mən
artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik.
Ona görə Azərbaycanda yaşlı nəsil, gənc nəsil
bir yerdə olmalıdır, necə ki, ali
məktəblərdə. Baxın, indi Bakı Dövlət
Universitetində minlərlə gənc var, müəllim var.
Müəllimlər biliklərini bölüşürlər,
gənclər öyrənirlər, sabah
onların yerini tutacaqlar. Belə inkişaf etməliyik.
Əlbəttə, kadr islahatları bundan sonra da
aparılmalıdır. Ancaq bu, kampaniyaya
çevrilməməlidir.
O ki qaldı, müəllimlərin fəaliyyətinə,
mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm.
Müəllim peşəsi çox şərəfəli,
məsuliyyətli, çox ağır peşədir. Müəllim hər zaman tələbə
qarşısında öz biliyini göstərməlidir.
Tələbələr də indi hər şeyi
görürlər, hər şeyi seçə bilirlər.
Ona görə müəllimlər daim öz
biliklərini artırmalıdırlar. Mən
deyim ki, biz müasir dövrdə köhnə baqajla yaşaya
bilmərik. Ona görə indi internet dövrüdür,
hər bir məlumatı əldə etmək üçün
imkanlar var. Daim müəllimlər yeniliklərə
baxsınlar, onların peşəsində hansı proseslər
gedir, dünyada hansı proseslər gedir, texnoloji inkişaf nədən
ibarətdir ki, tələbələrə keyfiyyətli biliklər
versinlər. Ona görə müəllim peşəsi
şərəflidir, hörmətlidir, ancaq, eyni zamanda, müəllimlər
də daim öz üzərlərində işləməlidirlər.
Mən də müəllim
olmuşam. İnstitutu bitirəndə mən bir xarici ölkəyə
təyinat aldım, ancaq ondan imtina etdim, xaricə getmək istəmədim.
Qaldım institutda, aspiranturaya daxil oldum, dissertasiya müdafiə
etdim və 23 yaşımda dərs verməyə
başlamışdım, özü də Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutunda, 23
yaşında, 5 il ərzində. Ona görə
müəllim peşəsi mənim üçün yad
peşə deyil. Mən də müəllim
olmuşam, müəllim kimi sizi salamlayıram.
Tələbələrə
də sözüm odur ki, bilikli olsunlar. Bugünkü
dünyada tanışlıqla, tapşırıqla oxumaq
mümkün deyil. Sovet vaxtında belə bir söz var
idi: "tapş”, o, instituta "tapşla” daxil oldu. Əvvəllər sovet dövründə əsas məqsəd
diplom almaq idi. Evlənmək
üçün, yəni, elçiliyə getmək
üçün diplomu var, yoxsa yox? Hə
varsa, onda markası artır. Diplom heç
nədir, bilin. Əgər bilik olmasa, savad
olmasa müasir dünyada bu, əhəmiyyətsiz bir
şeydir. Bilik olmalıdır. Çünki indi yeni peşələr açılır.
Əvvəlki peşələrin bir çoxu
sıradan çıxır. Artıq 20 il
bundan əvvəl olan bəzi peşələr yoxdur və
olmayacaq da. Bu proses getdikcə gedəcək, biz 4-cü
industrial inqilab içərisindəyik. Artıq
bilinir ki, hansı peşələr 5 ildən sonra olmayacaq.
Amma biz əhalisi artan ölkəyik. Sovet dövründəki 7 milyondan 10 milyona
çatıb bizim əhalimiz. Ona görə
biz o yeni peşələri gərək mənimsəyək.
Gərək imkan yaradaq bizim vətəndaşlara
ki, o peşələrə onlar yiyələnsinlər. Ona görə bu sahədə həm müəllimlərin
üzərinə böyük vəzifə düşür, həm
də tələbələr daim
çalışmalıdırlar. Bilik,
savad - onların yaxşı gələcəyini, təminatlı
gələcəyini müəyyən edən budur. Vətənpərvər olmalıdırlar. Bu olmasa, ölkəmizin gələcəyi olmayacaq.
Bu olmasa, nə vaxtsa yenə də kiminsə təsiri
altına düşüb yenə də müstəqillik
arzuları ilə yaşayacağıq. Ona
görə gənclərdə vətənpərvərlik
çox güclü olmalıdır. Gənclər
milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi
dəyərlər əsasında tərbiyə
almalıdırlar. Bax belə gənclər
ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin
mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli,
savadlı, Vətənə bağlı, vətənpərvər
və dünyaya açıq. Elə
olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi
güclənsin.
Biz 1920-ci ildən müstəqilliyi
əldən verdik. Bunun obyektiv və subyektiv səbəbləri
vardır. Ancaq bu, reallıqdır, indi
hansı səbəbi istəyirsən gətir, xeyri yoxdur,
getdi əldən müstəqillik. Nəyə
görə gücümüz çatmadı? Onun da müxtəlif səbəbləri var, amma fakt
odur ki, çatmadı. Ona görə bu
acı tarix daim bizim gözümüzün önündə
olmalıdır.
Müstəqillik 1993-cü
ildə də əldən gedirdi, əgər Heydər
Əliyev gəlməsəydi. O, müstəqilliyi qorudu,
saxladı, gücləndirdi, bizi düz yola gətirdi. Biz də onun yolu ilə gedirik, müstəqilliyi
möhkəmləndiririk və möhkəmləndirəcəyik.
Bizim müstəqilliyimiz
başlıca vəzifəmizdir. Azərbaycan müstəqil
dövlətdir, qürurlu dövlətdir və gələcəyə
çox nikbin baxan dövlətdir. Bir daha
sizi təbrik edirəm, cansağlığı, uğurlar
arzulayıram. Sağ olun.
***
Sonra universitetin rektoru Elçin BABAYEV çıxış
edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli qonaqlar, həmkarlar,
əziz tələbələr.
Xanımlar və cənablar.
Bu gün biz sizinlə birlikdə
dünya şöhrətli siyasətçi, görkəmli
ictimai-siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin məzunu olduğu, bununla daim fəxr
etdiyi və "Azərbaycan xalqının, Azərbaycan
Respublikasının milli sərvəti və milli iftixarı”
adlandırdığı Bakı Dövlət Universitetinin
yaradılmasının 100 illik yubileyini qeyd edirik. Bu xoş və həyəcanlı gündə bizimlə
birlikdə olmağınızdan şərəf duyur, minnətdarlığımızı
bildiririk. Sizinlə birgə "Bakı
Dövlət Universiteti ailəsi”nin bu yubileyini dünyanın ən
gözəl şəhərlərindən biri olan
Bakının unikal məkanlarından birində qeyd etmək
böyük şərəfdir.
Bakı Dövlət Universiteti
müsəlman Şərqinin yeni tipli ilk ali
təhsil müəssisəsi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin
bizə yadigarıdır. Vətənpərvər
ziyalıların, elm, təhsil və mədəniyyət fədailərinin
milli təəssübkeşliyi, əzmkarlığı və
mübarizəsi sayəsində 1919-cu ildə həyata vəsiqə
qazanan Bakı Dövlət Universiteti ötən 100 ildə
xalqımızın həyatında müstəsna rol
oynamışdır. Bu bir əsrlik tarix
xalqımızın tarixinə yazılmış ən
dolğun və zəngin səhifələrdəndir.
Bu illər ərzində
universitetin 7 dəfə yubileyi keçirilmişdir. Fərəhləndirici
haldır ki, bu yubileylərdən dördü - 50, 60, 75, 80
illik yubileylər bilavasitə ulu öndər Heydər
Əliyevin təşəbbüsü və sərəncamları
əsasında qeyd olunmuşdur. 50, 60, 75
illik yubiley tədbirlərində Ulu Öndər şəxsən
iştirak etmişdir.
Möhtərəm cənab
Prezident.
Bu ülvi ənənənin
davamı kimi, universitetin 90 illik yubileyi də Sizin Sərəncamınız
əsasında keçirilmişdir. Doxsan illik yubileydə
olduğu kimi, bu gün də Sizi öz sıralarımızda
görməkdən hədsiz məmnunluq duyuruq. Sizin
2017-ci il 14 noyabr tarixli Sərəncamınız
universitet üçün öncədən verilmiş ən
böyük yubiley hədiyyəsi olmuşdur. Sərəncama
uyğun olaraq BDU-nun 100 illik yubileyi bu il iyunun 12-də Parisdə
UNESCO-nun Baş qərargahında, sentyabrın 9-da Vyanada Azərbaycan
Mədəniyyət Mərkəzində, həmçinin
Rumıniyada Qara Dəniz Universitetləri Assosiasiyasının
təşkilatçılığı ilə Buxarest
Universitetində yüksək səviyyədə qeyd edildi. Ayrı-ayrı universitetlərdə, Milli Kitabxanada və
bir çox qurumlarda yubiley tədbirləri keçirildi,
müsabiqələr təşkil olundu, poçt markaları
və yubiley pul nişanı tədavülə
buraxıldı. 2019-cu ildə "Məzun
günü” Bakı Kristal Zalında yeni formatda və 5000 məzunun
iştirakı ilə yüksək səviyyədə qeyd
olundu. Heç şübhəsiz ki,
bütün bunlar kollektivimizi elm və təhsildə daha
yüksək uğurlar qazanmağa ruhlandırır.
Möhtərəm cənab Prezident,
icazə verin, fürsətdən istifadə edərək 100
illik yubileylə əlaqədar imzaladığınız Sərəncamda
və bugünkü proqram xarakterli
çıxışınızda universitetə, onun tarixi xidmətlərinə
verdiyiniz yüksək qiymətə, səsləndirdiyiniz
xoş sözlərə və universitetin 100 illik yubiley
medalının təsis edilməsinə görə
universitetin bütün kollektivi və məzunları
adından Sizə bir daha təşəkkürümüzü,
dərin hörmət və ehtiramımızı bildirim. Eyni zamanda, dünən universitetin elm və təhsil
sahəsində nailiyyətlər əldə etmiş 113 əməkdaşını
dövlət təltiflərinə layiq
gördüyünüzə görə Sizə dərin minnətdarlığımızı
bildiririk.
Möhtərəm cənab
Prezident, Sizin tarixi xidmətləriniz sayəsində bu gün
ölkəmiz dünyada analoqu olmayan sürətlə
inkişaf edir.
Bir sıra beynəlxalq hesabatlarda ən islahatçı
dövlət kimi qeyd edilir, ayrı-ayrı göstəricilər
üzrə hər il bir neçə pillə
irəliləyərək dünya dövlətləri
sırasında layiqli yer tutur. Sizin rəhbərliyiniz və
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü
və əməli dəstəyi ilə ölkədə təhsilin
inkişafı üçün atılan addımlar, yüksəkixtisaslı
insan kapitalının formalaşdırılması istiqamətində
görülən işlər Azərbaycanın
inkişafı, gələcəyi
üçün ən yaxşı sərmayə və təminatdır.
İnanırıq ki, son illər Sizin rəhbərliyinizlə
aparılan məqsədyönlü islahatlar sayəsində
ölkəmiz çox yaxın gələcəkdə
inkişaf etməkdə olan dövlətlər
sırasından inkişaf etmiş dövlətlər
sırasına adlayacaqdır. Bu, artıq xəyal
deyil, gerçəklikdir.
Hörmətli tədbir
iştirakçıları, yarandığı ilk illərdə
Bakı Dövlət Universitetinin əsas məqsədi Azərbaycanda
maarifçiliyin və səhiyyənin inkişaf etdirilməsi
olmuşdur. Sonralar isə bütün fəaliyyəti
dövründə Bakı Dövlət Universiteti xalqın
milli şüurunun, milli özünüdərkinin yetkinləşməsi,
elm və təhsilin inkişafı və azərbaycançılıq
ideologiyasının formalaşmasında əvəzsiz rol
oynamışdır. Universitetin kadr potensialı və
elmi bazası əsasında sonralar bir sıra ali
təhsil müəssisələri və Azərbaycan Milli Elmlər
Akademiyası yaradılmışdır. Fərəhləndirici
haldır ki, bu missiya bu gün də davam etdirilir. Ötən
il universitetin İlahiyyat fakültəsinin
bazası əsasında yaradılan Azərbaycan İlahiyyat
İnstitutu bunun bariz sübutudur.
Bakı Dövlət
Universiteti fəaliyyət göstərdiyi dövr ərzində
200 mindən çox mütəxəssis, o cümlədən
bir sıra xarici ölkələr üçün yüzlərlə
yüksəkixtisaslı kadrlar hazırlamışdır. O, bu missiyanı bu gün də
davam etdirir.
Əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulan və bu gün uğurla
davam etdirilən siyasətin prioritet istiqamətləri kimi
ölkəmizdə elm və təhsil sahəsinə, o
cümlədən Bakı Dövlət Universitetinə
göstərilən daimi diqqət və qayğı nəticəsində
universitet ötən əsrin 70-ci illərindən
başlayaraq öz intibah dövrünü yaşayır.
Yüz il bundan əvvəl cəmi 2
fakültə, 44 nəfərlik professor-müəllim heyəti
və 1094 tələbə ilə fəaliyyətə
başlayan universitetdə bu gün 16 fakültə, 121 kafedra,
2 elmi-tədqiqat institutu, 3 elmi tədqiqat mərkəzi, 30-dan
çox elmi tədqiqat və tədris laboratoriyası, Qazax
filialı, "Gənc istedadlar” liseyi, 2 tədris-təcrübə
bazası fəaliyyət göstərir. Universitetdə ali təhsilin bütün səviyyələrində
24 mindən çox tələbə təhsil alır. Tədris
Azərbaycan, rus, ingilis və qismən alman dillərində
aparılır. Üç mindən çox əməkdaş,
o cümlədən 1500 nəfərə qədər
professor-müəllim heyəti və elmi işçi
çalışır. Onlardan 17 nəfər Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi və müxbir
üzvü, 300 nəfərə qədəri elmlər doktoru,
professor, 1000 nəfərə qədəri fəlsəfə
doktoru, dosentdir. Bakalavriat səviyyəsində 66 ixtisas,
magistratura səviyyəsində 235 ixtisaslaşma və
doktorantura səviyyəsində 114 ixtisas üzrə yüksəkixtisaslı
elmi və elmi-pedaqoji kadr hazırlığı həyata
keçirilir. "2019-2023-cü illər üçün Azərbaycan
respublikasında ali təhsil sisteminin beynəlxalq
rəqabətliliyinin artırılması üzrə Dövlət
Proqramı”na uyğun olaraq magistratura və doktorantura səviyyələrində
dünyanın bir sıra qabaqcıl universitetləri ilə
ikili diplom proqramları həyata keçirilir. Dünyanın
60-dan çox ölkəsinin 200-dən çox elm və tədris
mərkəzi ilə əməkdaşlıq əlaqələri
qurulub, birgə elmi-tədqiqat işləri və kadr
hazırlığı aparılır.
Elmi və tədris fəaliyyəti
ilə yanaşı, universitet bu gün də ölkənin
ictimai-siyasi və mədəni həyatında kifayət qədər
fəal iştirak edir, Ulu Öndərin misilsiz xidmətləri
sayəsində artıq əbədi müstəqillik əldə
etmiş respublikamızda dövlətçiliyin daha da
möhkəmləndirilməsinə, milli şüur və
düşüncə tərzinin formalaşmasına dəyərli
və sanballı töhfələr verir.
Bu gün biz fəxr edirik ki, Azərbaycan
Milli Elmlər Akademiyasının 176 nəfər həqiqi və
müxbir üzvündən 93 nəfəri, Milli Məclisin
117 nəfər üzvündən 46 nəfəri, ali struktur rəhbərlərinin
böyük əksəriyyəti Bakı Dövlət
Universitetinin məzunlarıdırlar. Bakı
Dövlət Universitetinin məzunları tarixboyu ölkə
quruculuğunda çox mürəkkəb, məsuliyyətli və
eyni zamanda, nəcib missiyanı yerinə yetiriblər və
yetirməkdədirlər. Biz sizlərlə
qürur duyuruq, əziz məzunlarımız.
Şübhəsiz ki, bu
nailiyyətlərin əldə edilməsində
keçmişdə və hazırda universitetdə
çalışan, doğma respublikamızın elm və təhsil
tarixində özünəməxsus yeri və rolu olan yüzlərlə,
minlərlə dəyərli insanların misilsiz xidmətləri
olmuşdur.
Ulu Öndər universitetin 80 illik yubileyi ilə əlaqədar
göndərdiyi təbrik məktubunda yazırdı:
"Bakı Dövlət Universitetinin əsasını
qoyanların, onun inkişafına təkan vermiş
insanların əməyini daim yüksək qiymətləndirərək,
onların xatirəsini böyük minnətdarlıq və
ehtiram hissi ilə yad edirəm”.
Bu insanlar həqiqətən
böyük hörmət və ehtirama layiqdirlər.
Bu gün Bakı Dövlət
Universiteti bir əsrlik fəaliyyətinə uğurla yekun
vuraraq yeni 100 illiyə qədəm qoyur. İnanırıq ki, öz
missiyasına uyğun olaraq BDU növbəti 100 illikdə də
beynəlxalq və milli əmək bazarı üçün
rəqabətədavamlı, vətənpərvərlik ruhunda
tərbiyə edilmiş yüksək ixtisaslı mütəxəssislər
hazırlayacaq, ölkəmizin daim yüksələn xətlə
inkişafına dəyərli töhfələr verəcəkdir.
Müasir dövrdə
dünyanın nüfuzlu universitetləri qloballaşmanın tələblərinə
uyğun olaraq islahatlar aparır, modernləşməyə
doğru kurs götürür. İslahatlar zamanın
tələbidir, modernləşmə isə inkişaf deməkdir.
Ölkəmizin elm və təhsil strategiyalarına uyğun
olaraq universitet də yeni 100 illiyə elmdə müasir və
yeni texnologiyalara cavab verən tədqiqatlarla, təlim və tədrisə
innovativ yanaşmalarla, idarəetmədə beynəlxalq təcrübədən
istifadə etməklə başlamağı
qarşısına məqsəd qoymuşdur. Bütün
bunlar bizim "Universitet-5.0” inkişaf strategiyamızın əsasını
təşkil edir. Strategiya - təhsil, elm,
innovasiya, beynəlmiləlləşmə və sosiallaşma
prinsiplərinin vəhdətindən ibarətdir.
Şübhə etmirik ki,
universitet yaxın gələcəkdə elmi tədqiqatların
əhatə dairəsinin və keyfiyyətinin daha da
artırılması yolu ilə ölkəmizin ilk tədqiqat
universiteti statusunu əldə edəcəkdir. İnanırıq
ki, Bakı Dövlət Universiteti bundan sonra da öz
missiyasına sadiq qalaraq, davamlı inkişaf üçün
potensial yaradan, mədəniyyətlərarası dialoqu təşviq
edən və ölkə təhsilində yeni standartlar tətbiq
edən güclü bir universitet olaraq daha da inkişaf edəcəkdir.
Bu gün adı dünyanın qabaqcıl 1000 universiteti
siyahısında yer alan universitetimiz
yaxın illər ərzində yeni uğurlara nail olacaq,
dünya təhsil sisteminə inteqrasiya olunacaq və təhsilin
beynəlmiləlləşməsi istiqamətində
mühüm addımlar atacaqdır.
Mən sizin hər birinizi bu
şanlı yubiley münasibətilə bir daha təbrik edərək
universitetin ilk rektoru Vasili Razumovskinin 100 il
bundan əvvəl dediyi sözləri də yada salmaq istəyirəm:
"Yaşa, çiçəklən, var ol, Bakı
Universiteti”. Yüz il bundan əvvəl
yandırılmış məşəl bu gün də
öz nuru - universitet məzunları ilə gələcəyə
gedən yolumuza işıq saçır. Müasirləşən,
dinamik olaraq dəyişən, gəncləşən
universitet öz ənənəvi missiyasını şərəf
və ləyaqətlə yerinə yetirir.
Bakı Dövlət
Universiteti mənəvi böyüklüyümüzün rəmzi,
elm, təhsil və mədəniyyətimizin əzəmətli
məbədi kimi daim qüdrətlənən Azərbaycanla
birlikdə yaşayacaq, onun daha da çiçəklənməsi
naminə yeni və sanballı töhfələr verəcəkdir. Biz buna söz
veririk. Diqqətinizə görə təşəkkür
edirəm.
***
Universitetin professoru, hüquq elmləri
doktoru Firuzə ABBASOVA
çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli tədbir
iştirakçıları, əziz həmkarlarım.
Sizi bu əlamətdar
gündə salamlayıram. Azərbaycan Xalq
Cümhuriyyətinin yadigarı, müsəlman Şərqinin
ilk dünyəvi və müasir təhsil ocağı Bakı
Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə
hər birinizi səmimi qəlbdən təbrik edirəm.
Yüz illik tarixi boyunca
universitet milli kadrların hazırlanması, yeni elmi istiqamətlərin
formalaşdırılması, dünya təhsil məkanına
inteqrasiya, dövlətçilik ənənələrinin,
milli-mənəvi dəyərlərin qorunub saxlanılması
və nəsildən-nəslə ötürülməsi kimi
vəzifələri layiqincə yerinə yetirib, hər zaman Azərbaycan
dövlətçiliyinin sadiq keşikçisi olub.
Bakı Dövlət
Universiteti həmişə azərbaycançılıq
ideologiyasının mühafizə və tərənnüm mərkəzi
olub, hətta SSRİ dönəmində saysız vətənpərvər
və fədakar ziyalılar yetişdirməklə milli
özünüdərk prosesində müntəzəm olaraq
birbaşa iştirak edib. Məhz SSRİ dövründə
Ümummilli Liderimiz tərəfindən əsası qoyulan azərbaycançılıq
ideyasının həyata keçirilməsində universiteti
bitirən ziyalıların böyük rolu olub. Heydər Əliyevin universitetimiz haqqında dediyi
"Universitet həqiqət axtaran, milli ruhu inkişaf etdirən
bir ocaq, bir məktəb olmuşdur” sözləri bu fikirlərin
bariz nümunəsidir.
Elm və təhsil sahəsində
çoxşaxəli fəaliyyəti ilə seçilən
Bakı Dövlət Universiteti ictimai həyatın, elm və
texnologiyanın demək olar ki, bütün sahələrində
kadr hazırlığı və elmi tədqiqatlar aparan ali təhsil ocağıdır. Azərbaycanın
ən tanınmış ziyalıları, ictimai-siyasi fikrin
formalaşmasında misilsiz rolu olan görkəmli şəxsiyyətlərin
əksəriyyəti bu universitetdə təhsil alıb,
dünya elminə əvəzsiz töhfələr vermiş
alimlərin böyük əksəriyyəti burada fəaliyyət
göstərib. Bu gün də BDU ölkənin
ilk və ən qabaqcıl universiteti kimi özünün tarixi
simasını, müsbət ənənələrini, elmi
potensialını, cəmiyyətdəki yüksək
nüfuzunu qoruyub saxlayır. Azərbaycanda sonradan bir
çox ali təhsil ocaqları
yaradılsa da, Bakı Dövlət Universiteti Azərbaycan təhsilinin
flaqmanı olmaqla, cəmiyyətdəki lider mövqeyini əldən
verməyib. Bu gün 100 yaşını qeyd edən
universitet Azərbaycan təhsilinin dünya miqyasına,
xüsusən də Avratlantika məkanına inteqrasiya
prosesinin önündə gedir.
Bakı Dövlət Universitetinin məzunu
olması ilə fəxr edən dünya şöhrətli
siyasətçi ümummilli lider Heydər Əliyev
demişdir: "Bakı Dövlət Universiteti Azərbaycan
xalqının milli sərvətidir, iftixarıdır!”. Bəli, Bakı Dövlət Universiteti bizim milli sərvətimizdir,
iftixar mənbəyimizdir, mənəviyyatımızdır,
milli kimliyimizdir. Məhz bu səbəbdən
də bu gün təkcə universitet kollektivinin deyil, ürəyi
Bakı Dövlət Universitetinin sevinci ilə döyünən
Azərbaycan xalqının bayramıdır.
Ötən əsrin 70-ci illərindən
başlayaraq özünün intibah dövrünü
yaşayan Bakı Dövlət Universiteti uzun illər ərzində
ümummilli lider Heydər Əliyevin diqqət və
qayğısını öz üzərində hiss edib. Universitetin yaranmasını xalqımızın
tarixində ən əlamətdar hadisələrdən biri
kimi qiymətləndirən Ulu Öndər universitetlə
bağlı hər bir məsələyə çox həssaslıqla
yanaşırdı.
Möhtərəm cənab Prezident,
Ulu Öndərin layiqli davamçısı kimi, Sizin də Bakı Dövlət Universitetinə
qayğınızı daim hiss edirik. Siz neft gəlirlərinin
insan kapitalına çevrilməsinin vacibliyini dəfələrlə
qeyd edərək alimlərimiz qarşısında bir çox
mühüm vəzifələr qoymusunuz. Bakı
Dövlət Universitetinin professor-müəllim heyəti də
bu strategiyanı əsas tutaraq ölkənin elm və təhsil
potensialının güclənməsinə, dövlət idarəçiliyi
üçün yüksək ixtisaslı, savadlı, vətənpərvər
kadrların hazırlanmasına böyük səy göstərir.
Ümummilli Liderimizin və Sizin
doğma universitetimizə göstərdiyiniz böyük diqqət
və qayğıya cavab olaraq biz universitet müəllimləri
Sizi əmin edirik ki, bundan sonra da elm və təhsildə
yüksək nailiyyətlər əldə etmək
üçün səylərimizi əsirgəməyəcəyik,
elmi tədqiqatlarımızı əzmkarlıqla davam etdirərək
Azərbaycan elminin inkişafına öz töhfələrimizi
verəcəyik. Bu şərəfli və
müqəddəs yolda bütün həmkarlarıma
uğurlar arzulayıram.
Hörmətli tədbir
iştirakçıları, mən Ulu Öndərin "Qoy ədalət
zəfər çalsın” devizinin hər kəs
üçün bərabər imkanlar və şərait
yaratdığı dövrdə Bakı Dövlət
Universitetinin tələbəsi olmuşam. Hazırda isə
bu universitetin müəllimiyəm. Bundan böyük nə
xoşbəxtlik ola bilər? Bakı Dövlət Universitetinin müəllimi olmaq
şərəfdir, fəxrdir. Bu hisslərlə
çıxışımı bitirib gələcək nəsillərə
Bakı Dövlət Universitetinin daha böyük
uğurlarının şahidi və
iştirakçısı olmağı, onun möhtəşəm
və şanlı yubileylərini qeyd etməyi arzulayıram.
Diqqətinizə görə minnətdaram.
***
Bakı Dövlət Universitetinin məşhur
60 aliminə həsr olunmuş "İthaf” kompozisiyası təqdim
edildi.
***
Universitetin Jurnalistika fakültəsinin
ikinci kurs tələbəsi Rəşad
İMANOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident,
hörmətli tədbir iştirakçıları, bu bayram
günündə hər birinizi salamlayıram. Azərbaycanın
ilk ali təhsil ocağı olan Bakı
Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə
təşkil edilmiş bu mötəbər tədbirdə
sizin qarşısında çıxış etmək mənim
üçün böyük bir şərəfdir. Ona görə ki, mən burada gənc nəslin bir
nümayəndəsi olaraq təkcə öz adımdan deyil,
eləcə də Bakı Dövlət Universitetinin 24 min tələbəsi
adından çıxış edirəm.
Bu gün Bakı Dövlət
Universitetinin tələbələri üçün olduqca
qürurverici və xüsusi bir gündür. Müqəddəs
saydığımız, eyni zamanda, öz evimiz qədər
sevdiyimiz universitetimizin 100 illik yubileyini qeyd edirik. Bizi sevindirən odur ki, bu gün Azərbaycanda təhsilə
qayğı yüksək səviyyədədir. Bu sahədə hər bir yenilik, hər bir islahat, ilk
növbədə, Azərbaycan gənclərinin gələcəyi
nəzərə alınaraq aparılır.
Ali təhsil müəssisəsi
tələbələrdə biliyin, savadın, peşəkarlığın
və intellektin artmasında, eləcə də onların gələcək
həyatında əvəzsiz rol oynayır. Bakı
Dövlət Universitetinin tələbələri olaraq deyə
bilərik ki, universitetimiz bizə gələcəyimizi
sağlam təməllər əsasında qurmaqda daim yol
göstərir. Məhz bu dəstək nəticəsində
bizim elmə olan marağımız gündən-günə
daha da artır.
Respublikamızda dövlət
gənclər siyasətinin formalaşdırılması
ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Ulu Öndər gənclərlə
bağlı məsələləri həmişə dövlət
siyasətinin əsas tərkib hissələrindən biri hesab
edir, gənclərin imkan və bacarıqlarını yüksək
qiymətləndirir, onların problemlərinin həlli istiqamətində
həyata keçirilən tədbirlərə xüsusi önəm
verirdi. Məhz onun müvafiq Sərəncamı
ilə 2 fevral Azərbaycan Respublikasında "Gənclər
günü” kimi təsis edilmişdir.
Ulu öndər Heydər
Əliyevin də vurğuladığı kimi, "Azərbaycan
xalqının sərvəti” olan Bakı Dövlət Universitetində
təhsil almağın böyük məsuliyyət tələb
edən bir proses olduğunu bilirik. Heydər Əliyevin
bir çox xoş xatirələrinin olduğu universitetdə
təhsil almaq biz vətənpərvər gənclər
üçün qürur mənbəyidir. Ulu Öndəri dərin hörmət və minnətdarlıq
hissi ilə anırıq və söz veririk ki, gənc nəsil
olaraq üzərimizə düşən vəzifələri
layiqincə yerinə yetirəcəyik.
Biz tələbələr gələcəyə
böyük inamla baxırıq. Ona görə ki, biz
yüksək səviyyədə təhsil alırıq, biz elm
və təhsilin insan həyatına təsirini dərk edirik,
biz vətənpərvər ruhda yetişirik və şəraitdən
asılı olmayaraq hər zaman Vətənin müdafiəsinə
hazırıq. Bizi buna daha da ruhlandıran,
ilk növbədə, cənab Prezidentimizin öz
çıxışlarında daim gənclərin yanında
olduğunu vurğulamasıdır.
Möhtərəm cənab Prezident,
qloballaşmanın vüsət aldığı və
informasiya cəmiyyətinin sürətlə
formalaşdığı müasir dövrdə Azərbaycan
Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və
digər sahələrdə gənclərin daha fəal
iştirakını təmin etmək istiqamətində
aparılan işlərin yeni səviyyəyə yüksəldilməsi
məqsədi ilə Ulu Öndərin yolunu uğurla davam etdirərək,
Siz çoxsaylı sərəncam və fərmanlar
imzalamısınız, o cümlədən növbəti
"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət
Proqramını təsdiq etmisiniz. Bu sərəncam
və fərmanlar cəmiyyətin maraqlarının təmin
edilməsi və ölkə iqtisadiyyatının rəqabətə
davamlılıq qabiliyyətinin artırılması
üçün gəncliyin innovativ potensialından geniş
istifadə olunmasına əlverişli zəmin
yaratmışdır. Məhz Sizin
böyük əməyiniz və səyiniz nəticəsində
Azərbaycan gəncliyi bu gün artıq cəmiyyətin
inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə
çevrilib. Cənab Prezident, Sizə bütün Azərbaycan
gəncliyi adından minnətdarlığımızı
bildirirəm.
Dövlətin gənclər
siyasətinin reallaşdırılması sahəsində təhsil
aldığım doğma Bakı Dövlət Universitetində
də mühüm tədbirlər həyata
keçirilmişdir və bu gün də bu siyasət
uğurla davam etdirilir. Hörmətli müəllimlərimiz tərəfindən
gənc nəslə hərtərəfli diqqət və
qayğı göstərilir, gənclərin elm və təhsil
sahəsində fəal iştirakının təmin
olunması, beynəlxalq aləmdə tanınan və qəbul
edilən nailiyyətlər əldə etməsi
üçün bütün şərait
yaradılmışdır. Bütün
bunlara görə biz universitetin professor-müəllim heyətinə,
eləcə də bizə dəstək olan hər bir əməkdaşına
sonsuz dərəcədə minnətdarıq. Biz onsuz da güclü ölkəyik, gənclərin
yüksək savadı ilə daha da güclənəcəyik
və bu savadı gənclərə aşılayan müqəddəs
universitetimiz də daim ucalacaq.
Bakı Dövlət
Universitetinin 100 illik yubileyi münasibətilə bütün
Azərbaycan xalqını təbrik edirəm. Yaşasın Bakı
Dövlət Universiteti! Yaşasın Azərbaycan gəncliyi,
Azərbaycan xalqı! Yaşasın Azərbaycan!
***
Daha sonra universitetin loqotipinin
və 16 fakültəsi üzrə elm sahəsini əhatə
edən "Tələbənin yolu” qrafik-rəqəmsal təqdimatı
oldu.
Bakı Dövlət Universitetinin 100
illik yubileyinə həsr olunan mərasim bu qocaman təhsil
ocağının himninin ifası və müxtəlif ölkələrdən
gəlmiş ali məktəb nümayəndələrinin
təbrikləri ilə yekunlaşdı.
Azərbaycan.-2019.-27
noyabr.- S.1-3.