Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 26-da NATO-nun Hərbi Komitəsinin
sədri Ser Stüart Piiçin başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki,
nümayəndə heyətinin üzvlərini salamlayan
Prezident İlham ƏLİYEV dedi:
-Çox şadam ki, artıq neçə il ərzində Azərbaycan belə mühüm görüşlər üçün öz logistika dəstəyini və məkanını təqdim edir. Biz bunu yüksək qiymətləndiririk. Biz bunu aramızda olan dostluq və tərəfdaşlıq əlaməti hesab edirik. Həmçinin etimad əlaməti kimi də qəbul edirik. Çünki dünyada çoxlu ölkə var. Birləşmiş Millətlər Təşkilatında demək olar iki yüz ölkə var. Lakin müəyyənliyə, əməkdaşlığa, risklərin azalmasına və planetimizin daha təhlükəsiz olmasına gətirib çıxaran bu görüşlərin keçirilməsi yeri kimi Azərbaycan seçilmişdir. Biz çox şadıq və qürur hissi keçiririk ki, Azərbaycan həm NATO, həm də Rusiya tərəfindən bu görüşün keçirilmə yeri kimi seçilmişdir. Ümidvarıq ki, əvvəlki, bugünkü və növbəti görüşlər sülh və sabitliyə töhfə verəcəkdir. Bir daha xoş gəlmisiniz.
***
NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart PİİÇ dedi:
-Cənab Prezident, təşəkkür edirəm. Əvvəlcə icazə verin Baş katib cənab Stoltenberqin salamlarını Sizə çatdırım. O, Sizə ən səmimi salamlarını çatdırır.
Prezident İlham Əliyev: Çox sağ olun, mənim də salamlarımı cənab Baş katibə çatdırın. Mən onunla NATO mənzil-qərargahında görüşümü xatırlayıram. Həmçinin Şimali Atlantika Şurasında səfirlərlə ünsiyyətimi xatırlayıram. Mən orada dəfələrlə olmuşam.
Ser Stüart Piiç: Bugünkü görüşə əlavə olaraq icazə verin Silahlı Qüvvələrinizin NATO-ya dəstəyinə görə Sizə təşəkkürümü bildirim. Tərəfdaş və dost olaraq bu, bizim üçün çox önəmlidir. Sizin Silahlı Qüvvələrinizə bizim böyük hörmətimiz var, onlar çox peşəkar və effektivdirlər.
Prezident
İlham Əliyev: Çox
sağ olun. Biz NATO-nun etibarlı tərəfdaşıyıq
və bizim hərbçilərimiz
Əfqanıstanda NATO hərbçiləri ilə
çiyin-çiyinə xidmət edirlər. Bildiyiniz
kimi, bu yaxınlarda biz hərbçilərimizin sayını 30 faiz artırdıq, indi
onların sayı 120 nəfərdir. Həmçinin biz Sülh Naminə Tərəfdaşlıq
Proqramı çərçivəsində də işləyirik.
Eyni zamanda,
Əfqanıstana gedən yüklərə mühüm
logistik və nəqliyyat dəstəyini təmin
edirik. Həmçinin iki
il bundan əvvəl biz Azərbaycan və Türkiyə arasında
dəmir yolunun
açılışını etdik və
hazırda bu yoldan
daşımalar üçün istifadə
edilir. Digər vacib məsələ
ondan ibarətdir ki, biz Lapis Lazulinin
öz sistemimizlə bağlanmasına nail olduq. Biz
artıq Əfqanıstandan onların ixrac
etdiyi yükləri qəbul etməyə
başlamışıq. Beləliklə, biz
Əfqanıstana iqtisadi və sosial inkişaf üçün daha çox pul qazanmağa kömək edirik.
Eyni zamanda, biz bir neçə dəfə
Əfqan Milli Ordusunun Etimad Fonduna ianələr vermişik. Həmçinin biz
Əfqanıstan hökuməti ilə islahatlar
üzərində yaxından işləyirik. Çox
qürurvericidir ki,
dövlət xidmətlərinin göstərilməsi üzrə
ilk mərkəz olan
ASAN, - bu nou-xaunun sahibi bizik, -
Əfqanıstanda açılmışdır. Beləliklə,
bu, vahid pəncərə
sistemi çərçivəsində çox nadir dövlət
xidmətləri mərkəzidir. İki
yüzdən çox xidmət var, bunlar onlayn
və çox səmərəli şəkildə
göstərilir. Burada bu
mərkəzin bəyənilmə səviyyəsi 100 faizə
yaxındır. Bəlkə nümayəndə heyətinizin bəzi
üzvləri onların birinə baş
çəkə bilər, Bakıda beş
mərkəz mövcuddur. Bunu biz əfqan
tərəfdaşlarımıza nəyi təklif etdiyimizi görsünlər deyə deyirəm.
Əlbəttə, təhlükəsizlik və terrorla mübarizə əməliyyatları çox vacibdir, lakin ölkəyə iş
yerləri, məşğulluq, sosial
müdafiə, iqtisadi islahatlar
lazımdır və biz bu
məsələlərlə bağlı
Əfqanıstan hökuməti ilə çox
geniş iş
aparırıq.
Azərbaycan.-
2019.- 27 noyabr.- S.4.