Azərbaycan nümayəndə heyəti Kabardin-Balkar Respublikasının
başçısı ilə görüşüb
Azərbaycan nümayəndə heyəti noyabrın 26-da Nalçik şəhərində Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının başçısı Kazbek Kokov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Qafqaz və Azərbaycan xalqları arasında bir çox sahələrdə sıx əlaqələrin mövcudluğunu qeyd edib. “Bizi birləşdirən ortaq dəyərlərdən biri faşizmə qarşı birgə mübarizə aparmağımız olub. Təəssüf ki, bu gün də faşizmi yaşadan qüvvələr var. Hazırda bəzi yerlərdə insanlara zülm edən Qaregin Njdeyə abidə qoyulur. Bu cür hallara qarşı biz birlikdə mübarizə aparmalıyıq”, - deyə A.Paşazadə vurğulayıb.
Dünya dini liderlərinin Bakıda keçirilən II Sammitinə toxunan QMİ sədri həmin tədbirdə Rusiyadan, o cümlədən Qafqaz regionundan nümayəndələrin iştirakını yüksək qiymətləndirdiyini qeyd edib.
Kazbek Kokov Rusiya və Azərbaycan arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib, Şeyxülislam Allahşükür Paşazadənin Qafqazda dinlər və millətlər arasındakı münasibətlərin möhkəmləndirilməsində xidmətlərindən danışıb. Vurğulayıb ki, atası, Kabardin-Balkar Respublikasının əvvəlki başçısı Valeri Kokov ilə ulu öndər Heydər Əliyevin sıx dostluq əlaqələri olub və bu gün Prezident İlham Əliyev bu münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib.
Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi
məsələlər üzrə köməkçisi
Əli Həsənov Azərbaycan ilə Rusiya
arasında əlaqələrin strateji tərəfdaşlıq
səviyyəsində olduğunu, beynəlxalq
müstəvidə də uğurla inkişaf etdiyini bildirib. Əli Həsənov, eyni
zamanda, Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya
Federasiyasına rəsmi səfərinin və burada
keçirdiyi görüşlərin
ölkələrimiz arasında münasibətlərin daha da inkişafı
baxımından əhəmiyyətini qeyd
edib.
Azərbaycan.-
2019.- 27 noyabr.-S.6.