Erməni təxribatının “Sumqayıt ssenarisi

 

Ermənilər tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərə imza atmışlar. 1988-ci ilin fevralında Sumqayıtda baş verən hadisələr də ermənilərin və onların havadarlarının Azərbaycan xalqı ilə bağlı dünyada mənfi imic yaratmaq məqsədi güdən qanlı cinayətlərindən biri idi.

Bu hadisə nəticəsində Sumqayıtda müxtəlif millətlərdən olan 32 adam, o cümlədən 26 erməni həlak olmuş, 400-dən çox insan bədən xəsarəti almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomaşın sındırılmış və qismən yandırılmış, şəhərə ovaxtkı qiymətlərlə 10 milyon Amerika dolları məbləğində maddi ziyan vurulmuşdu.

 

Sumqayıt hadisələri 70 il hökm sürmüş milli əsarət siyasətinin təzahürü idi

 

Yaşlı və orta nəslin nümayəndələri 31 il əvvəl - 1988-ci il fevralın 27-28-də Sumqayıtda erməni millətçilərinin xaricdə yaşayan havadarlarının və "Daşnaksütyun” partiyasının dəstəyi ilə qanlı aksiya törətdiklərini yaxşı xatırlayırlar. Erməni şovinistlərinin hadisəni törətməkdə başlıca məqsədləri azərbaycanlıları başkəsən, quldur və qaniçən bir millət kimi dünya ictimaiyyətinə təqdim etmək idi.

Separatçı, millətçi, terrorçu erməni və ermənipərəst qüvvələr tərəfindən Sumqayıtda tüğyan etmiş iğtişaşlar nəticəsində müxtəlif millətlərdən ölənlər olmuşdur. Bu iğtişaşları araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən 18/55461-88 nömrəli xüsusi cinayət işi açılmış, 444 nəfər adam məhkəmə qarşısında cavab verməli olmuş, onlardan 400 nəfəri 10-15 sutka təcridxanalarda saxlanılmış, bir neçəsi uzunmüddətli həbs cəzasına, 1 nəfəri - Əhməd İman oğlu Əhmədov isə ən yüksək cəzaya - ölüm cəzasına məhkum olunmuşbu hökm tez-tələsik yerinə yetirilmişdir.

1989-cu ilin sentyabr ayında ermənilər Sumqayıtda törədilmiş hadisələrlə bağlı geniş mətbuat konfransı keçirdilər. Daşnakların "Quşamatyanadlanan tarix-maarifçilik cəmiyyətinin Ermənistan Jurnalistlər İttifaqı ilə birlikdə Yerevanda təşkil etdikləri həmin konfransda 300 nəfərdən çox adam - alimlər, tarixçilər, yazıçı və publisistlər, mətbuat nümayəndələri, hüquqşünaslar iştirak etmişdilər. Ermənilər bu konfransın materiallarını bir çox xalqların dillərində, o cümlədən rus dilində 50 min tirajla "Sumqait... Qenosid... Qlasnost...” adlanan kitabda nəşr etdirib dərhal anti-Azərbaycan təbliğat maşınına ötürmüşdülər. Sumqayıtlı alimlər Həsən Sadıqov və Ramazan Məmmədovun "Sumqayıt: milli əsarət, ya milli səxavət?” kitabında verilən məlumata görə, konfransda çıxış edən Ermənistan parlamentinin deputatı, filologiya elmləri doktoru Suren Zolyan hadisələrə siyasi rəng verərək demişdir: "Sumqayıt hadisələri 70 il Sovet Azərbaycanında hökm sürmüş milli əsarət siyasətinin təbii təzahürü idi”.

Sumqayıtda törədilmiş hadisələr barədə Sovet İttifaqının və xarici ölkələrin mətbuatında dərc olunmuş, dünyanın kütləvi informasiya vasitələrində, radiolarda, televiziya kanallarında səslənmiş materialların əksəriyyəti erməni mövqeli, birtərəfli, qərəzli xarakter daşımışdır. İnformasiya müharibəsində erməni tərəf ölçüyəgəlməz dərəcədə fəallıq göstərmiş, azərbaycanlılar haqqında böhtan xarakterli yalanlar yaymağa müvəffəq olmuşdur.

 

Niyə ermənilər öz təxribatları üçün Sumqayıtı seçdilər?

 

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir sıra məsələlərlə yanaşı, Sumqayıt hadisələrinə də aydınlıq gətirildi və onun başvermə səbəbləri araşdırıldı. Məhz bundan sonra ermənilərin əsl siması üzə çıxdı. Məlum oldu ki, Sumqayıt hadisələri əvvəlcədən planlaşdırılmış ssenari əsasında həyata keçirilib. Ermənilər əslində bununla gələcəkdə həyata keçirəcəkləri digər faciələri ört-basdır etmək niyyəti güdürdülər.

Sumqayıt hadisələrinin başvermə səbəbləri araşdırılarkən ortaya belə bir sual çıxır: ermənilər öz təxribatlarını həyata keçirmək üçün niyə məhz bu yolu seçdilər? Cavab məlumdur: ölkəmiz əleyhinə güclü ideoloji mübarizə aparmaq, habelə soydaşlarımızın indiki Ermənistandan zorla qovulmalarının səbəblərini ört-basdır etmək. Onlar belə bir ssenarini beynəlxalq aləmdə Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq məqsədilə reallaşdırdılar. Xəyanətkar qonşularımız dünyaya əvvəlcədən guya azərbaycanlıların Sumqayıtda yaşayan ermənilərə qarşı zorakılıq etdiklərini, təzyiqlər göstərdiklərini planlaşdırılmış formada təqdim etməyə can atırdılar. Halbuki əslində insanları qətlə yetirənlər elə ermənilərin özləri idi.

Təəssüf ki, respublikamız həmin dövrdə güclü informasiya blokadasına alınmışdı. Dünyaya birbaşa çıxışımız olmadığından əsl həqiqətləri beynəlxalq aləmə çatdıra bilmirdik, xarici aləmdən təcrid olunmuşduq. Azərbaycanın digər bölgələrində baş verən iğtişaşlar da "Krunk” təşkilatının gizli dəstəyi ilə hazırlanmış məxfi əməliyyatların tərkib hissəsi idi. Sov.İKP MK-nın birinci katibi Mixail Qorbaçovun, akademik Aqanbekyanın, digər yüksək vəzifəli ermənilərin, habelə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarının da bu işdə xüsusi rolu vardı.

O vaxtlar şəhərin icra qurumlarının, hüquq mühafizə orqanlarının fəaliyyəti SSRİ rəhbərliyi tərəfindən ciddi şəkildə nəzarətə götürülmüşdü. Şəhər prokuroru İsmət Qayıbovun və digər səlahiyyət sahiblərinin hadisələrə qarışmağa ixtiyarı yox idi. SSRİ Prokurorluğunun xüsusi istintaq qrupu, Dövlət Təhlükəsizlik Komitəsinin nümayəndələri şəhərə ezam olunmuşdular. Hadisələr baş verərkən soydaşlarımızın qeyri-qanuni həbs edilmələri, ölüm cəzasına məhkum olunmaları məhz bu amillərlə bağlı idi. Şəhərə əvvəlcədən çəkiliş və terrorçu qrupların göndərilməsi, xarici müşahidəçilərin dəvət edilməsi bu hadisələrin məqsədyönlü şəkildə düşünülmüş planın tərkib hissəsi olduğunu göstərirdi.

O vaxt Sumqayıtda bir qrup adam istədiyi özbaşınalığı edir, aidiyyəti təşkilatlar isə seyrçi münasibət göstərirdilər. Səriştəsiz rəhbərlərin bu cür hərəkətləri onların şəhərdə fəallığını daha da artırdı. Şəhər partiya komitəsinin birinci katibi Cahangir Müslümzadə həmin vaxt məzuniyyətdə olduğundan hadisələrə vaxtında və lazımi reaksiya verilmədi. Yalnız bir gün keçdikdən sonra Mərkəzi Komitənin səlahiyyətli nümayəndələri şəhərə gəldilər. Erməni təbliğat maşını baş verənləri lentə köçürərək dünyaya çatdıranda yerli təşkilatlar çaşbaş qalaraq, nələrin baş verdiyini heç müəyyənləşdirə də bilmirdilər. Hadisələr şəhərdə keçmiş SSRİ-nin hüquq mühafizə orqanlarının səlahiyyətli nümayəndələrinin gözü qarşısında baş verir, onlar isə bunun qarşısını almaq barədə belə heç düşünmürdülər.

Ermənilər Sumqayıtı əbəs yerə hədəf seçməmişdilər. Həmin ərəfədə minlərlə soydaşımız Ermənistandan - öz ata-baba yurdlarından qaçqın düşmüşdü. Soydaşlarımız Sumqayıta pənah gətirərkən burada gizli erməni təxribatçıları fəaliyyət göstərirdilər. Planlı şəkildə aparılan qətllər, talanlar və digər cinayət halları göstərir ki, proseslər şəhərdəki qüvvələr tərəfindən idarə edildi. Hadisələrin Moskvadan göndərilmiş yüksək səlahiyyətli şəxslərin gözü qarşısında törədilməsi onların hər şeydən məlumatlı olduğunu söyləməyə əsas verirdi.

Ümumiyyətlə, 1988-ci il fevral ayının 27-də Sumqayıtda iğtişaşlara əvvəlcədən planlaşdırılmış şəkildə start verilmişdi. İtaətsizlik baş alıb getmişdi. Hüquq mühafizə orqanları iflic vəziyyətinə düşmüşdü. Bütün silahlar onlardan alınmışdı. Nəticədə bir çox ticarət, ictimai-iaşə və məişət obyektləri dağıdılmış, maşınlar yandırılmışdı. Mitinq iştirakçılarını sakitləşdirmək qeyri-mümkün idi. Həmin anlar sovet qoşunları Sumqayıtın ayrı-ayrı məhəllə və mikrorayonlarına dislokasiya olunmuşdu. Lakin hadisələrin qarşısını almaq üçün müdaxilə edilməmişdi. Fevral ayının 28-də və 29-da şəhərdə qanlı aksiya baş vermişdi. Mart ayının 1-də isə şəhərdə komendant saatı elan olunmuşdu. İndi o günləri xatırlayanda hələ də aktuallığını itirməmiş suallarla üzləşirsən. Məsələn, sovet qoşunları niyə gözləmə mövqeyi tutmuşdu?

Mixail Qorbaçov 1988-ci il iyul ayının 18-də SSRİ Ali Sovetinin iclasında "Qoşunlar Sumqayıta bir saat gecikmişdifikrini söyləmişdi. Bu fikir tamamilə yalan idi. SSRİ müdafiə naziri Yazov "Sumqayıtın əks-sədası” sənədli filminin çəkiliş qrupuna verdiyi müsahibəsində bu faktı təkzib etmişdi. Filmin ssenari müəlliflərindən biri, sumqayıtlı jurnalist Eyruz Məmmədov o günləri belə xatırlayır: "Dmitri Yazov tam ciddiyyəti ilə bizə bildirdi ki, Sovet ordusu heç bir vaxt heç bir yerə gecikməyib. Baş komandanın əmri olmadan komendant saatı elan etməyə, əsgərin silah işlətməyə, güllə atmağa ixtiyarı yoxdur”.

Erməni ekstremistləri məhz Sumqayıt şəhərini ona görə seçmişdilər ki, orada 10 minə yaxın yeniyetmə texniki peşə məktəblərində təhsil alırdı. Azərbaycanın müxtəlif regionlarından gələn həmin gənclərin əksəri valideyn nəzarətindən uzaq idi. Şəhərdə kriminogen vəziyyət xoşagələn deyildi.

Həmin günlər 100-dən yuxarı saqqallı və qara gödəkçə geyinmiş erməni ekstremisti Sumqayıtda idi. Əksəriyyəti "Dalğa” və "Sumqayıt” mehmanxanalarında qalırdı. Onlar əhali arasında müxtəlif şayiələr yayır, ara qızışdırır, ermənilərin evlərinə soxulmağa təşviq edirdilər. Gənclər də asanlıqla təxribata uyurdular.

Ermənistan rəhbərliyi, ideoloqları Sumqayıt hadisələrindən bir kart kimi istifadə edərək azərbaycanlıları vəhşi, quldur, qaniçən bir millət kimi dünya ictimaiyyətinə təqdim etmək üçün təbliğat mexanizmini işə saldılar. "Azərbaycanda ermənilər qırılır, qətlə yetirilir, başları kəsilir, yandırılır” və s. kimi cəfəng uydurmalar yayılırdı. Hadisələr zamanı Sumqayıta xaricdən ezam olunmuş Artaşes Qabrielyan videokamera ilə hadisələrin bəzi məqamlarını lentə alırdı, sonralar onlar montaj olunub xarici telekanallarda göstərilirdi.

Sumqayıtda baş verən hadisələrdə əsas təşkilatçılardan və icraçılardan biri Eduard Qriqoryan idi. O, iki dəfə məhkum olunmuşduheç yerdə işləmirdi. "Krunkun fəal üzvü idi. İstintaq qrupunun materiallarından aydın olur ki, 1988-ci il fevral ayının ortalarında onun yaşadığı mənzilə Yerevandan bir qrup emissar gəlib. Belə ki, Qriqoryan təlimatlandırılmış, ona pul, narkotik vasitələr verilmişdi. "Paşa” ləqəbli Edik ertəsi gün ətrafına bir neçə azyaşlı yeniyetmə və gəncləri toplayıb, yaxın günlərdə bəzi əməliyyatlarda iştirak etsələr, çoxlu pul verəcəyini bildirərək onları şirnikləndirmiş və 1988-ci il fevral ayının 27-29-da Sumqayıtda iğtişaşlara rəhbərlik etmişdi.

 

(ardı var)

 

Azərbaycan.- 2019.- 26 noyabr.- S.1; 9.