İstirahətdən ölüm təcridxanasına göndərilən alim

 

Bəkir Vahab oğlu Çobanzadə - ədəbiyyatşünas, türkoloq, mətinşünas, filologiya elmləri doktoru, professor... Bir sözlə, onun çox titulları, fəxri adları var. O, ədəbiyyatda bir sahə ilə məhdudlaşmayıb, ədəbi əlaqələri çox geniş olub. Əsas məşğuliyyəti isə türkologiya elminin problemlərini araşdırmaq olub. Bəkir Çobanzadənin fitri istedadı çoxlarında ona qarşı maraq yaradıb. Ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Türk-ərəb-macar filologiyasından çoxsaylı monoqrafiyaların müəllifi idi.

Özü demişkən, tale onu çox sınaqlardan keçirmişdi. 1893-cü ildə Krımda doğulsa da, ilk ibtidai təhsilini alandan sonra Türkiyədə Sultaniyyədə təhsilini davam etdirib. Yaradıcılığının ilk illərində poeziyaya, nəsrə maraq göstərsə də, sonradan bir alim kimi yetkinləşib. Krım-tatar tələbə cəmiyyətinin ilk yaradıcısı olub. Budapeştdə yaşadığı illərdə daha məhsuldar işləyib. Türk-ərəb-macar filologiyasını mükəmməl öyrənib. Budapeştdə çıxan "Şərq” qəzetinin redaktoru olub. Həmin illərdə onun dövrü mətbuatda silsilə elmi yazıları dərc olunub. Bəkir Çobanzadənin ömrünün Krım dövrü də zənginliyi ilə seçilir. O, Krım Maarif Komissarlığında şöbə müdiri vəzifəsində çalışıb. Amma Bəkir Çobanzadə üçün vəzifə əsas etalon deyildi. Onun yaradıcılığı coxşaxəli xətlə inkişaf edirdi. Tanınmış türkoloq yeni dərsliklər yazır, monoqrafiyalar hazırlayırdı. Müəllifi olduğu "Türk dillərinin metodikası” kitabı bir dərslik kimi geniş istifadə olunurdu.

Bəkir Çobanzadənin həyatında təlatümlü və ziddiyyətli məqamlar çox olub. Özübu, Bakıya dönüşündən sonra baş verib. O, Azərbaycan Dövlət Universitetində kafedra müdiri, sonralar isə dekan vəzifəsində çalışıb.

Elmi təfəkkürü, çoxsaylı filoloji araşdırmaları ilə bir sıra mükəmməl dərsliklər ərsəyə gətirmişdir. Ömrünü bütünlüklə elmi yaradıcılığa həsr edən alimin 1937-ci ildən sonra ən çətin günləri başlayır. Bu illərin sərt küləyi onu əsas yaradıcılığından ayırır. Bəkir Çobanzadəni müxtəlif şər və böhtanlarla ləkələməyə çalışır, pantürkist damğası ilə zədələyirdilər. Bir sözlə, böyük alimi dəmir çərçivədə saxlamaq üçün yollar axtarırdılar. Uydurmaların, böhtanların, yalanların sayı səngimirdi. Amma bütün bunların heç biri böyük alimi əsas elmi işlərindən ayıra bilmirdi. Bəkir Çobanzadə nə qədər özünü müdafiə etsə də, onu bədniyyətli adamların şərindən xilas etmək mümkün olmurdu. Məqam və fürsət axtarırdılar ki, bu alimi birdəfəlik ləkələsinlər. Yaxşı xatırlayıram, hələ Bakı Dövlət Universitetində oxuduğum illərdə müəllimimiz professor Həsən Şirəliyev onun yaradıcılığından, elmə verdiyi töhfələrdən çox danışardı. Həsən müəllim öz mühazirələrində Bəkir Çobanzadənin elmi irsindən geniş istifadə edərdi. Deyərdi ki, türkologiya elminin ilk dirçəlişi Bəkir Çobanzadənin adı ilə bağlıdır. Həsən müəllim deyirdi ki, hələ Bəkir Çobanzadənin elmi irsinin öyrənilməyən tərəfləri çoxdur. Onu tədqiq etmək, araşdırmaq yeni nəslin mənəvi borcudur. Professor 1937-ci ildə Bəkir Çobanzadənin böyük mənəvi sıxıntılara məruz qaldığını da təəssüflə xatırlayırdı.

1937-ci ildə Bəkir Çobanzadə istirahət etmək üçün həyat yoldaşı ilə birlikdə Kislovodska yollanır. İstirahətdə olduğu vaxt gecə ikən onu Kislovodskda həbs edirlər. Tanınmış alim yaxşı bilirdi ki, belə gecə həbslərinin sonu faciə ilə bitir. Onu Bakıya qaytarandan sonra cəmi 15 dəqiqəlik məhkəməsi olur. Axır ki, Bəkir Çobanzadəyə tuşlanan zərbələr öz hədəfinə çatır. Onu sorğu-sualsız, heç bir məhkəmə araşdırması aparmadan ölüm hökmünə məhkum etdilər. Tanınmış bir alimin ömür kitabını beləcə bitirirlər.

Araşdırmaçılar sonradan apardıqları tədqiqatda Bəkir Çobanzadənin ölüm yerini dəqiq tapa bilmədilər. Nə yaxşı ki, onun elmi əsərləri, çoxsaylı monoqrafiyaları bu gün də dərslik kimi öyrənilir. Əlbəttə, belə alimləri mənən məhv etmək çətindir. Ona görə ki, onları yaşadan çoxsaylı sanballı əsərləri var. Bu güntürkologiya elmi belə alimlərin yaradıcılığından faydalanır, onların əsərlərindən geniş istifadə olunur...

 

Bəşir ŞƏRİFLİ

 

Azərbaycan.- 2019.-27 noyabr.- S.11.