Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr vermiş
elm və təhsil məbədi
İlham Əliyev: "Yüz
il ərzində universitetin
200 minə yaxın məzunu Azərbaycanın müxtəlif
sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirmişdir”
Azərbaycanın elm məbədi hesab edilən Bakı Dövlət Universitetinin 100 illik yubileyi böyük təntənə ilə qeyd edildi. Bu təhsil ocağı xurafatın və cəhalətin hökm sürdüyü ağır zamanlarda - 1919-cu il sentyabrın 15-də fəaliyyətə başlamışdır. 100 il ərzində çoxşaxəli inkişaf yolu keçərək Azərbaycan və dünya elminə minlərlə dəyərli məzun, dövlət və elm xadimi bəxş etmişdir.
Konqres Mərkəzində milli ali təhsil tarixində xüsusi yeri olan Bakı Dövlət Universitetinin 100 illik yubileyində Azərbaycan elminin və təhsilinin görkəmli nümayəndələri, dövlət və hökumət rəhbərləri də iştirak edirdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə dərin məzmunlu nitq söyləmişdir.
Dövlət başçısı nitqində vurğuladı ki, bu ali təhsil ocağı Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilmişdir. Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə güclü müstəqil dövlət qurmaq mümkün deyil. Baxmayaraq ki, gənc respublika böyük çətinliklərlə üzləşmişdi və ölkə ərazisinə tam nəzarət edə bilmirdi, bu qərar bir daha respublikanın niyyətini, qurucuların siyasətini əks etdirir. Bakı Dövlət Universiteti Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr vermişdir.
Tarixdən məlumdur ki, xalqının azadlığı, milli dövlət quruculuğu yolunda əvəzsiz xidmətləri olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ömrü qısa olub. AXC 1920-ci ilin aprelində sovet imperiyası tərəfindən süquta uğradıldıqdan sonra universitet bir sıra çətinliklərlə, təzyiqlərlə üzləşmişdir. Universitetin ilk rektorlarından olan Tağı Şahbazi, Məmməd Kazım Ələkbərli, Balabəy Həsənbəyov və onlarca müəllim repressiyaya məruz qalmışdır. Bu universitetin tələbələri olmuş Əhməd Cavad, Hacı Kərim Sanılı, Cəfər Cabbarlı, Mikayıl Müşfiq kimi milli düşüncəli gənclər müxtəlif bəhanələrlə universitetdən uzaqlaşdırılmış, həbs edilmış, ya da sürgünə göndərilmişlər. Azərbaycan təhsilinin bu çətin dövrü barədə dövlət başçısı demişdir: "Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra Bakı Dövlət Universiteti yeni ictimai-siyasi dövrdə fəaliyyətini davam etdirirdi. Yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirmişdir. Məzunlar arasından görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxmışdır”.
Xatırladaq ki, Ümummilli Lider, müasir Azərbaycanın qurucusu Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu olmuşdur. Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə bu universitetə xüsusi diqqət və qayğı göstərmişdir. Sovet hakimiyyəti illərində azərbaycanlı gənclərin Sovet İttifaqının aparıcı ali məktəblərində təhsil almaları üçün də çox iş görmüşdür. Sovet məkanında buna oxşar təcrübə olmadığı vaxtda hər il 800-ə yaxın Azərbaycan gənci Rusiyanın Moskva, Leninqrad və digər böyük şəhərlərindəki aparıcı ali məktəblərinə göndərilmişdi. Bu, Ulu Öndərin ölkəmizdə milli ziyalılığı hərtərəfli inkişaf etdirmək, vətənpərvər və respublikanın taleyüklü məsələlərinin həllində gərəkli kadrlar yetişdirmək siyasətinin tərkib hissəsi idi. Ölkə rəhbəri nitqində vurğuladı ki: "...Azərbaycanın gələcəyi üçün güclü kadr potensialı yaradılırdı. Məhz bu kadr potensialı, o cümlədən bu gün ölkəmizin, müstəqil dövlətin uğurlu inkişafını təmin edir. Həmçinin o illərdə yüksək təhsil almış kadrlar bu gün Azərbaycanı ləyaqətlə təmsil edirlər”.
Onu da qeyd etmək yerinə düşər ki, Ulu Öndər hakimiyyətdə olduğu illərdə, ümumiyyətlə, Azərbaycan təhsilinin, eləcə də gənclərin hərtərəfli inkişafına xüsusi diqqət göstərmişdir. 1970-ci illərin əvvəllərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması buna bariz nümunədir. Bu da səbəbsiz deyildi. O vaxtlar azərbaycanlılar sovet ordusunun aparıcı sahələrində, habelə zabit heyətində az təmsil olunurdular. Ulu Öndər istəyirdi ki, hərbin bütün sahələri üzrə Azərbaycan mütəxəssisləri, hərbçiləri yetişsin. Bilirdi ki, nə vaxtsa Azərbaycan müstəqillik qazanacaq və kadrlar Milli Orduya lazım olacaq.
"Müəllim peşəsi şərəflidir, hörmətlidir, ancaq, eyni zamanda, müəllimlər də daim öz üzərlərində işləməlidirlər” deyən ölkə rəhbəri özünün də bir vaxtlar müəllim işlədiyini, 5 il Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda dərs dediyini xatırladaraq demişdir: "Müəllim peşəsi mənim üçün yad peşə deyil. Mən də müəllim olmuşam, müəllim kimi sizi salamlayıram. Tələbələrə sözüm odur ki, bilikli olsunlar”.
Ölkənin ictimai-siyasi həyatının müxtəlif sahələrində baş verən məsələlərdən ətraflı bəhs edən dövlət başçısı onu da qeyd etdi ki, bu gün Azərbaycan sürətlə inkişaf edir. Ona görə dünyada bizə rəğbət artır. Təsadüfi deyil ki, dünya birliyinin mütləq əksəriyyətini təşkil edən ölkələr bizə səs verirlər. Necə ki, 8 il bundan əvvəl veriblər. Biz 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Uğurlarımız və müstəqil siyasətimiz dünya birliyində yüksək qiymətləndirilir. Bütün bu nailiyyətlərin əldə olunmasında BDU-nun yüksək ixtisaslı müəllim və məzunlarının da əməyi az deyil.
Milli ali təhsil müəssisələrinin avanqardı kimi tanınan Bakı Dövlət Universiteti fəaliyyətdə olduğu 100 il ərzində çox böyük uğurlara imza atmışdır. Bu gün dünyada söz sahibi olan bir millətin və dövlətin varlığı, həmçinin BDU-nun fəaliyyətinin məntiqi nəticəsidir. Dünyanın 70-ə qədər ölkəsində diplomatik nümayəndəliklərimizin fəaliyyət göstərməsi, Azərbaycan alimlərinin dünyanın nüfuzlu elm mərkəzlərində təmsil olunması, habelə milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında Bakı Dövlət Universitetinin rolu danılmazdır.
Rəhman SALMANLI,
Azərbaycan.- 2019.- 28 noyabr.- S.1; 2.