Yeni Azərbaycan Partiyasının qərargahında İmadəddin Nəsimi yaradıcılığına həsr olunmuş sərgi açılıb

 

Noyabrın 27-də Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş gənc rəssamların sənət əsərlərindən ibarət sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, YAP və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə reallaşan sərgidə akademiyanın tələbələrinin 10-dan çox rəsm əsəri nümayiş olunur.

Tədbirdə YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Nəsimi ili” çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda təşkil edilən tədbirlərdən söz açıb. Bu gün ölkəmizdə mədəni sahəyə göstərilən dövlət qayğısından danışan Siyavuş Novruzov bildirib ki, bu ənənənin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. “Ümummilli Lider ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra müasir müstəqil Azərbaycanın elm və mədəniyyət sahəsində də dirçəliş hiss olunmağa başladı. AXC-Müsavat cütlüyünün dövründə mədəniyyətə ögey münasibət bəslənirdi. Azərbaycan Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi, Azərbaycan Milli Elmlər Akademiyası kimi elm və mədəniyyət ocaqları bağlanmaq təhlükəsi ilə üz-üzə idi. Ulu Öndərin hakimiyyəti dövründə bu sahələr dirçəldi, bu işin arxasındakıların istəkləri baş tutmadı. Bu gün ölkəmiz inkişaf edir, mədəniyyətimizə böyük qayğı göstərilir”, - deyə S.Novruzov söyləyib.

YAP icra katibinin müavini Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə qayğısından söz açıb, bu yöndə atılan addımları təqdir edib.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov Nəsiminin 650 illiyi münasibətilə reallaşan tədbirlərin əhəmiyyətindən bəhs edib. Bu il Nəsimi ilə bağlı ölkəmizdə çoxsaylı sərgilərin açıldığını deyən Ö.Eldarov ölkə başçısının mədəniyyətə göstərdiyi diqqət və qayğıdan söz açıb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Nəsimi yaradıcılığının Azərbaycanda son 60 ildə öyrənilməyə başlandığını bildirib. V.Əliyev deyib ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamları bu böyük şəxsiyyətin yaradıcılığını, ədəbiyyatımıza verdiyi böyük töhfələri yenidən dərk və təhlil etmək üçün fürsət yaradıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Nəsiminin 600 illik yubileyinin UNESKO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli hadisəyə çevrilmişdi. Dahi şair ilə bağlı əsərlər yazıldı, filmlər çəkildi, küçələrə onun adı verildi. Bu il ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq həm ölkəmizdə, həm də xaricdə müxtəlif tədbirlərin, sərgilərin, ədəbi-bədii axşamların təşkil edildiyini, kitabların çap olunduğunu söyləyən nazir müavini qeyd edib ki, hazırda YAP-da Nəsimi yaradıcılığına həsr edilmiş sərgisinin açılması bu qəbildən olan tədbirlərdəndir.

Tədbir çərçivəsində sərgidə əsərləri nümayiş edilən gənc rəssamlar diplomlarla təltif olunublar.

Sonra qonaqlar sərgiyə baxıblar.

 

Azərbaycan. - 2019.- 28 noyabr.- S.3.