Şamaxı rayonunda xidmət infrastrukturunun texniki təminatının
gücləndirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Şamaxı rayonunda xidmət infrastrukturunun müasir tələblər səviyyəsində yenidən qurulması, ətraf mühitin mühafizəsi, kommunal, sanitariya və digər xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Şamaxı rayonunda məişət tullantılarının daşınması və utilizasiyası, yolların təmizlənməsi, ictimai nəqliyyat xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsi üçün texnika və avadanlıq alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 7,0 (yeddi) milyon manatı Şamaxı Rayon İcra Hakimiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 noyabr 2019-cu il
Azərbaycan.- 2019.- 29 noyabr.- S. 2.