Slovakiyanın Azərbaycandakı səfirliyinin rəsmi
açılış mərasimi olub
Noyabrın 28-də Slovakiyanın Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə uşaq xorunun ifasında Azərbaycanın və Slovakiyanın dövlət himnləri səsləndirilib.
Mərasimdə iştirak edən Slovakiyanın Xarici və Avropa İşləri naziri Miroslav Layçak səfirliyin açılmasının ölkəsi ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini söyləyib. “Azərbaycanın potensialını bilirdik, buna görə də burada səfirlik açmaq qərarına gəldik. Biz iqtisadi sahədə daha intensiv fəaliyyət göstərməyə hazırıq. İqtisadi qanunvericilik bazasının qurulmasında prosesləri sürətləndirməli – sərmayəçiləri və biznesmenləri sahibkarlıq fəaliyyətlərinə daha da ruhlandırmalıyıq. Biz birbaşa biznes əlaqələrinə dəstək verməyə və yeni biznes platformalarını üzə çıxarmağa hazırıq. Bizim xalqlarımız oxşardırlar, onlar dostluq əlaqələrimizin və insani münasibətlərimizin təməlini qoyanlardı. Buna görə də insanlara daha yaxın olan təhsil, gənclər mübadiləsi, səhiyyə və turizm kimi sahələrdə yeni əməkdaşlıq imkanları üzrə çıxarmağa maraqlıyıq”, – deyə nazir qeyd edib.
Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov ölkəmizdə Slovakiya səfirliyinin fəaliyyətə başlamasının əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, Azərbaycan tərəfi səfirliyin səmərəli fəaliyyəti üçün lazımi dəstək göstərməyə hazırdır.
Azərbaycanın Slovakiya ilə əlaqələrə önəm verdiyini vurğulayan nazir müavini qeyd edib ki, iki ölkə arasında münasibətlər inkişaf edir və yüksək səviyyəli səfərlər əlaqələrin inkişafına öz töhfəsini verir. “Azərbaycan Respublikası və Slovakiya Respublikası arasında bir sıra sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb. Bu sazişlər iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin etibarlı hüquqi təməlini yaradıb. Bununla yanaşı, ölkələrimiz arasında iqtisadi-ticarət, enerji, turizm və humanitar sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək üçün əlverişli imkanlar mövcuddur”, - deyə nazir müavini bildirib ki, bu imkanlardan səmərəli istifadə olunması istiqamətində bundan sonra da birgə səylər göstəriləcək.
Xatırladaq ki, Slovakiyanın Azərbaycanda səfirliyi bu il oktyabrın 1-dən fəaliyyətə
başlayıb.
Azərbaycan.- 2019.-29 noyabr.- S.2.