Müxalifət partiyaları YAP-ın təşəbbüsünü dəstəkləyirlər

 

Partiya sədrləri yeni parlament seçkilərinin siyasi islahatların dərinləşəcəyinə və ölkənin inkişafına mühüm töhfə verəcəyini deyirlər

 

Dünən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının toplantısı keçirilib. İclasda Siyasi Şura parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsünü irəli sürüb. Toplantıdan sonra YAP sədrinin müavini-icra katibi Əli Əhmədov mətbuat konfransı keçirərək partiyanın Azərbaycan dövləti və cəmiyyəti üçün mühüm qərar qəbul etdiyini vurğulayıb.

Əli Əhmədov qeyd edib ki, ilin əvvəlindən Prezident İlham Əliyevin təşəbbüsü və imzaladığı sərəncamlarla əhəmiyyətli sosial layihələr həyata keçirilibbu islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanıb: "Ancaq islahatlar həyatımızın bütün sferalarını əhatə etməlidir. Azərbaycanda hakimiyyətin iki qolunda - icra hakimiyyəti və məhkəmə hakimiyyəti sistemində mühüm islahatlar keçirilib. Bu xətt davam edir. İslahatların həmahəng olması, qarşıya qoyulan vəzifələrə nail olunması üçün YAP üzvləri belə qənaətə gəliblər ki, Prezidentin islahatları qanunverici hakimiyyət sferasından da kənarda qalmamalıdır: "YAP-ın Siyasi Şurası qərara aldı ki, Azərbaycan parlamentinin də yenilənməsi, müasirləşməsi islahatlar prosesinə aid edilsin. Parlamentdə YAP-ı təmsil edən deputatlar qərara gəldilər ki, Milli Məclisə müraciət ünvanlansın. Güman edirəm ki, parlament rəhbərliyi bunu nəzərə alıb, parlamentin plenar iclasında məsələni müzakirəyə çıxaracaq”.

Günün müzakirə mövzusuna çevrilən bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəs görəsən, YAP-ın bu qərarını parlamentdə təmsil olunan müxalifət partiyaları necə qarşılayır?

 

İslahatlar parlamentdə də aparılmalıdır

 

Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bizimlə söhbətində YAP-ın qərarına hörmətlə yanaşdığını vurğuladı: "İslahatlar parlamentdə də aparılmalıdır. Prezident İlham Əliyevin müəllifi olduğu islahatlara təkcə icra strukturları deyil, Milli Məclis də qanunvericilik bazasından dəstək, kömək etməlidir. Yükün böyük hissəsini parlament üzərinə götürməlidir.”

Deputat hesab edir ki, YAP-ın qərarı doğru addımdır. Hakim partiya konstitusion hüququndan istifadə edib belə bir addım atıb. Prezident İlham Əliyevin böyük islahatlar paketinin həyata keçirilməsi istiqamətində daha çevik qanunlar qəbul edən, yerlərdən iradəni parlamentə daha yaxşı daşıya bilən yeni parlamentin formalaşması çox normal haldır.

 

YAP-ın təşəbbüsü islahatların daha da dərinləşməsinə xidmət edəcək

 

Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qəzetimizə açıqlamasında bildirdi ki, əgər ölkədə hakim partiya olan YAP belə bir zərurəti vacib sayırsa, deməli, zamanın tələblərindən irəli gələn vacib dəyişikliklər edilməlidir: "Mən bütün islahatların tərəfdarıyam. Çünki Azərbaycanda idarəetmə sistemində yeni islahatlara, dəyişikliklərə başlanılıb. İdarəçiliyə yeni simalar, yeni təfəkkürə malik olan insanlar gətirilir. Bununla yanaşı parlament bu dəyişikliyə uyğunlaşmalıdır”.

Partiya sədri hesab edir ki, Milli Məclis yeni qüvvə ilə bu islahatları daha da sürətləndirməlidir. Deputatlar yeni çağırışlarla bağlı ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər: "Bu səbəbdən mən YAP-ın Siyasi Şurasının qərarını dəstəkləyirəm ümidvaram ki, bu qərar islahatların daha da dərinləşməsinə, ölkənin inkişafına xidmət edəcək”.

 

Bu addım ölkəmizdə gedən islahatların tərkib hissəsidir

 

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkiləri keçirilməsi ilə bağlı təşəbbüsünü dəstəkləyir:

"Yeni Azərbaycan Partiyasının irəli sürdüyü təşəbbüsü müsbət dəyərləndiririk. Düşünürəm ki, bu addım ölkəmizdə gedən islahatların tərkib hissəsi kimi qiymətləndirilməlidir”.

 

Qanuna zidd heç bir hal yoxdur

 

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa YAP-ın təşəbbüsünü müsbət qarşılayıb:

"Hakim partiya səs çoxluğundan istifadə edərək belə bir qərar qəbul edə bilər. Seçkilərə bir il qalıb. Parlamentin buraxılması mümkündür yenidən seçkilər təyin oluna bilər. Burada qanuna zidd heç bir hal yoxdur”.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.-29 noyabr.- S.3.