Hədəf daha qüdrətli, daha rifahlı Azərbaycandır!
Prezident İlham Əliyevin Sumqayıtda və BDU-nun
yubileyində etdiyi çıxışlar haqqında bəzi
qeydlər
Hədəf daha qüdrətli, daha
rifahlı Azərbaycandır!
Azərbaycan Prezidentinin son iki çıxışının əsas yekunu budur: uğurlarımız faktdır, lakin dayanmaq olmaz, biz daha qüdrətli, daha rifahlı bir Azərbaycan qurmalıyıq. Bu hədəfə doğru irəliləyərkən keçmiş illərin nə uğurlu səhifələrini, nə də ki, acı xatirələrini; nə ölkəni idarə edənlərin uğurlarını, nə də səriştəsizliklərini; nə siyasi qətiyyətin nəticələrini, nə də səhlənkarlıqların fəsadlarını unutmamalıyıq. Qarşıdan gələn müddətdə milli tariximizin bütün dərslərini və yaşana biləcək fəsadları göz önünə almalı, ümumazərbaycan məsələlərində dövlətçiliyə xidmət edənləri də, düşmənlərimizlə bir sırada yer alanları da, belələrindən qəhrəman düzəldənləri də yaxşı tanımalıyıq. Biz–Azərbaycanın inkişafına məsul olan iqtidar komandası dövlətçiliyimizin və milli maraqlarımızın ətrafında daha sıx birləşərək, bu yolda heç bir təxribatçı fəaliyyətə, komanda oyununa xələl gətirmə istiqamətindəki əyintilərə imkan verməyəcəyik.
Bu fikirlər Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Facebook səhifəsində paylaşdığı statusda yer alıb.
Professor Əli Həsənovun
statusunda deyilir:
– Hörmətli oxucuların diqqətinə
çatdırmaq istəyirəm ki, uzun müddətdir hakimiyyət
təmsilçiləri iqtidarla yanaşı, müxalifətdə
də kadr və təşkilati islahatların vacibliyi
haqqında çıxışlar edirdi, 25-30 ildir ki, eyni
liderlərin rəhbərlik etdiyi ənənəvi müxalifətin
yenilənməsi ilə bağlı müzakirələr
aparırdı. Təəssüf ki, müzakirələrə
qatılmaq əvəzinə, əks tərəfdən
yalnız anlaşılmaz və inkarçı münasibət
görürük. Nə gizlədək, bəzən
iqtidar komandasında da belə müzakirələrə
könülsüz qoşulanlar tapılırdı. Cənab
Prezident Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki
çıxışında bu mövzuya toxunaraq
vurğuladı ki, Azərbaycanın müxalifət
düşərgəsində bu gün ciddi bir boşluq
yaranıbdır, ölkədə sağlam müxalifətin
yaranmasına, dövlətçiliyə sadiq, xalqa
bağlı olan, doğrudan da konstruktiv təkliflər verə
bilən, hakimiyyəti konstruktiv formada tənqid edən,
alternativ inkişaf yolları göstərən müxalifət
yaranarsa, biz buna yalnız sevinərik. Cənab Prezidentin
Sumqayıtda və BDU-nun yubileyində etdiyi
çıxışlardakı fikirləri, ritorikası, səsləndirdiyi
qətiyyətli çağırışlar,
düşünürəm ki, həm sağlam əqidəli
opponentlərimizə, həm hər iki düşərgənin
islahat müəlliflərinə, həm də bu istiqamətdəki
müzakirələrə könülsüz qoşulan siyasətşünaslara
ciddi düşünmək üçün xeyli mövzu
verir. Hesab edirəm ki, cənab Prezidentin son iki tədbirdəki
çıxışları iqtidar komandasının hər
bir üzvü və mövcud hakimiyyətin aktiv dəstəkçiləri
üçün master-klass sayıla bilər.
Çıxışlarda
vurğulanan əsas məqamlar haqqında bir qədər təfsilata
varmaq istəyirəm:
1. Azərbaycan Prezidentinin
çıxışlarında vurğulanan və əsaslandırılan
əsas fikirlərdən biri ondan ibarət idi ki,
bugünkü Azərbaycan Heydər Əliyevin 1969-cu ildən
başlanan və ardıcıl şəkildə həyata
keçirdiyi məqsədyönlü fəaliyyətinin nəticəsidir. Keçən əlli ildə
Azərbaycanın geridə qalmış aqrar respublikadan
inkişaf etmiş sənaye və kənd təsərrüfatı
ölkəsinə çevrilməsi, ictimai-siyasi və mədəni
həyatın bütün sahələrində hərtərəfli
inkişaf etməsi, ölkənin milli maraqlarının təmin
edilməsi, SSRİ-nin aparıcı respublikalardan, hazırda
isə regionun aparıcı dövlətlərindən birinə
çevrilməsi məhz ümummilli lider Heydər Əliyevin
adı ilə bağlı olmuşdur. Heydər Əliyevin
respublikamızdakı ilk hakimiyyəti illərində Azərbaycanda
ali məktəblərin və ali məktəb
məzunlarının ümuməhali sayına nisbəti kəskin
şəkildə artaraq inkişaf etmiş Qərb dövlətlərinin
göstəricilərinə yaxınlaşmışdı. Azərbaycan ədəbiyyatının, incəsənətinin,
mədəniyyətinin, elminin, təhsilinin, səhiyyəsinin
sovet hakimiyyəti illəri ərzində ən gözəl nəticələri
və qiymətləndirilməsi də məhz bu dövrə
təsadüf edirdi. Prezidentin bu fikirləri ilə
mübahisə etmək mümkünsüzdür: Heydər
Əliyevin yaratdığı güclü kadr potensialı bu
gün də ölkəmizin, müstəqil dövlətimizin
uğurlu inkişafını təmin edir.
Bu illərdə respublikada 10-larla elm,
mədəniyyət ocağı inşa olunmuş, onları təmsil
edən xadimlər respublikanın və Sovet
İttifaqının ali mükafatları və
fəxri adları ilə təltif edilmiş, Azərbaycan mədəniyyətinin
uğurları Sovet İttifaqının hüdudlarını
aşaraq dünya miqyasına çıxmışdır. Prezidentin qeyd etdiyi kimi, “Heydər Əliyevin rəhbərliyi
dövründə – 13 il ərzində Azərbaycan hər il
“Qırmızı keçici bayraq” alırdı. Bu, bir daha onu təsdiq edir ki, onun rəhbərliyi ilə
Azərbaycan böyük və uğurlu yol keçmişdir.
Heydər Əliyev Azərbaycana rəhbərlik
etməyə başlayanda respublikamız SSRİ-də ən
sonuncu yerlərdə idi. Lakin o, Azərbaycanı
böyük inkişafa qovuşduraraq ən qabaqcıl yerlərə
qədər ucaltdı”.
Heydər Əliyevin birinci
hakimiyyəti illərində həm də ölkənin
iqtisadi inkişaf trendləri düzgün təhlil edilərək
SSRİ-nin xammal əlavəsi statusundan çıxması və
yerli sənaye müəssisələrinin inkişafı
istiqamətində ciddi addımlar atılmışdı. Bununla yanaşı, Azərbaycanın
müsbət demoqrafik göstəricilərinin saxlanması və
daha da yaxşılaşması istiqamətində artan digər
addımlar–əhalinin məşğulluğunu təmin etmək
məqsədilə respublikanın şəhər və qəsəbələrində
yaradılan çoxsaylı sənaye obyektləri, Sovet
İttifaqında ən qabaqcıl soyuducu və kondisioner
zavodlarının Bakıda qurulması, ölkə üzrə
çoxsaylı yerli aqrar sənaye komplekslərinin
yaradılması, Nabrandan Lənkərana qədər Xəzər
sahilində neçə-neçə ümumittifaq əhəmiyyətli
turizm–sanatoriya komplekslərinin salınması və s. tədbirlər
xüsusi qeyd edilməlidir. Neft sənayesinin gələcəyini
təmin etmək üçün dərin özüllər
zavodu qurulmuş, dənizdə neft-qaz kəşfiyyatı
işləri aparılmışdı. Bu, bir həqiqətdir
ki, o zaman kəşf edilmiş yataqlar olmasaydı, sonradan
ölkəmizin iqtisadi və geosiyasi müstəqilliyinin əsası
olan “Əsrin müqaviləsi”nin
imzalanması da mümkün olmazdı. Artıq
80-ci illərin ortalarına doğru Azərbaycan büdcəsinin
neftdən asılılığına, demək olar ki, son
qoyulmuşdu – o zaman üçün yeni modern texnologiyalara
malik çoxsaylı müəssisələr qurulmuşdu ki,
bu müəssisələr aqrar sənaye kompleksləri ilə
birlikdə respublika büdcəsinin böyük hissəsini
formalaşdırırdı. Təəssüf
ki, 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində
qısa zaman kəsiyində ölkəyə rəhbərlik
edənlər bu əlverişli iqtisadi zəmini möhkəmlətmək,
onun üzərində iqtisadi suverenliyi təmin etmək əvəzinə
mövcud sistemi dağıtmaqla məşğul oldular. Bu dağıdıcılığa xalqın
cavabı Heydər Əliyevin xilaskarlıq missiyası ilə
hakimiyyətə dəvət edilməsi oldu. BDU-dakı
çıxışında cənab Prezidentin qeyd etdiyi kimi,
“məhz 1970-ci illərdə Heydər Əliyevin
gördüyü işlər xalq tərəfindən rəğbətlə
və böyük məhəbbətlə
qarşılanmasaydı,1990-cı illərin
əvvəllərində Azərbaycan böyük fəlakətlə
üz-üzə qalanda Azərbaycan xalqı ona müraciət
etməzdi”.
2. Heydər Əliyev hakimiyyətdə
olduğu birinci dövrdə Azərbaycanın demoqrafik
göstəricilərinin gündən-günə
yaxşılaşması faktoru, ölkədaxili
miqrasiyanın düzgün nizamlanması cənab Prezidentin
Sumqayıtdakı çıxışında qeyd etdiyi kimi,
Dağlıq Qarabağda azərbaycanlı əhalinin nisbətini
iki dəfə artırmışdı. Ölkədə
azərbaycanlı əhalinin artım sürəti ermənilərin
İrəvan şəhərinə və Rusiyanın mərkəzi
əyalətlərinə emiqrasiya templərini də nəzərə
alsaq, Dağlıq Qarabağ probleminin təbii şəkildə
həllini yaxınlaşdırırdı. Dünya tarixinin belə nümunələrlə zəngin
olduğunu xatırlatmağa, yəqin ki, xüsusi ehtiyac
yoxdur, elə bizim bəzi tarixi torpaqlarımız da məhz
ayrı-ayrı zamanlarda həmin ərazilərdə demoqrafik
balansın əleyhimizə pozulması ilə itirilib. Heydər Əliyevin hakimiyyəti illərində
Dağlıq Qarabağda azərbaycanlıların
üstünlük təşkil etdiyi ikinci rayon
yaradılmış, Dağlıq Qarabağın Azərbaycana
hərtərəfli inteqrasiyası üçün bir
sıra digər addımlar atılmış,
separatçılıq meyillərinin qarşısı qətiyyətlə
alınmışdı. Azərbaycan
ziyalıları tərəfindən həmin dövrdə erməni
millətçilərinin əsassız iddialarına cavab
verilməsi üçün hərtərəfli münbit
şərait yaradılmışdı. Erməni
lobbisinin Heydər Əliyev əleyhinə fəaliyyətinin,
onun vəzifədən uzaqlaşdırılması
üçün məkrli planlar qurmasının əsas səbəbləri
də elə məhz bunlar idi.
Məhz Heydər Əliyev
hakimiyyətdən getdikdən sonra erməni separatçıları
Azərbaycana qarşı geniş separatçı kampaniya təşkil
etmək, öz iddialarını reallaşdırmaq
üçün fürsət qazandılar. Ona görə də Azərbaycanda
ermənilərin separatçılıq iddiaları əleyhinə
baş qaldırmış kortəbii vətənpərvərlik
fəaliyyəti, sonrakı illərdə məhz Heydər
Əliyevin SSRİ rəhbərliyindən istefa verməsinə
etiraz olaraq tədricən ümumxalq hərəkatına, daha
sonra isə onun liderliyi ilə milli azadlıq hərəkatına
çevrilmişdir. Bu səbəbdən də xalq hərəkatının
ilk illərində Azərbaycana ezam olunmuş mərkəzi mətbuat
nümayəndələri reportajlarında xalq hərəkatında
“Heydər Əliyev izi” axtarır, hərəkatı mənfi
çalarlarla təqdim edərək onu əliyevçilik
(aliyevşina) kimi qiymətləndirirdilər. Bəli, bu
gün Azərbaycanın ən yeni siyasi tarixini öyrənənlər
bu faktı etiraf etməyə məcburdurlar: aksiyalar məhz
Heydər Əliyevə simpatiya bəsləyən insanların
etiraza qoşulması ilə kütləviləşmiş və
tədricən ümumxalq hərəkatı xarakteri
almışdır. “Yeni Azərbaycan Partiyası
niyə və necə yarandı?” başlıqlı yazımda
qeyd etdiyim kimi, “Milli Azadlıq Hərəkatının mərkəzinin
Bakıdan Naxçıvana keçməsi və hərəkatın
başında Heydər Əliyev kimi təcrübəli liderin
– görkəmli siyasi və dövlət xadiminin dayanması
qısa zaman kəsiyində Azərbaycan cəmiyyətində
milli qurtuluş ideyası ətrafında böyük təmərküzləşməyə
səbəb oldu”.
3. Təəssüf ki, xalq hərəkatının
əsas təşkilatlanma forması olan AXC 1992-ci ildə
mövcud reallıqlara maneçilik törədərək,
Milli Azadlıq Hərəkatı
iştirakçılarına öz ümummilli liderini – Heydər
Əliyevi hakimiyyətə gətirməsi işinə
süni əngəllər yaratmış, “mənfur yaş
senzi” qadağası ləğv edilmədən “seçkiyə”
gedilmişdi. Hakimiyyətdə olduqları
qısa müddət ərzində AXC–Müsavat hakimiyyətinin
xəyanətkar siması, antidemokratik mahiyyəti ifşa
edildi. Bu cütlüyün yarıtmaz siyasəti
nəticəsində Azərbaycan məhv olmaq təhlükəsi
ilə üz-üzə qaldı. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, “Xalq Cəbhəsi vətəndaş
müharibəsinə start vermiş və Gəncə şəhərini
bombalamağa başlamışdı... Görəndə ki,
özlərini qoruya bilmirlər, Heydər Əliyevə
müraciət etdilər ki, gəl, bizi xilas et.
Üç dəfə təyyarə göndərmişdilər
ki, bizi xilas et, çünki artıq gəlirdilər
bunları öldürməyə, yaxud da ki, yıxmağa. Qaçıb gizləndilər, bəziləri guya vəzifələrini
dondurdular. Əgər Heydər Əliyev gəlməsəydi,
həm Azərbaycan dağılacaqdı, həm də o
antimilli AXC–Müsavat dəstəsi öz cəzasını
alacaqdı”.
4. AXC–Müsavat hakimiyyətində
ölkə niyə dağılmaq həddinə
çatdı? Əbülfəz Elçibəyin
komandasında təmsil olunanlar tutduqları postlara nə qədər
adekvat və layiq idilər? Niyə bir il
əvvəl hakimiyyətə gəlişi önündə
süni maneə yaratdıqları, 6 ay əvvəl silahlı
çevrilişlə Naxçıvan Ali Məclisi sədrliyindən
uzaqlaşdırmaq istədikləri Heydər Əliyevin
xilaskarlıq missiyasına möhtac oldular?
Məşhur frazada deyildiyi
kimi, “hər şeyi kadrlar həll edir”. Meydan hərəkatının
nəticəsi olaraq ölkənin ən ali
postunda əyləşmiş Əbülfəz Elçibəy
ona qədər heç bir müəssisəyə rəhbərlik
etməmişdi, heç bir vəzifə tutmamışdı,
Əlyazmalar İnstitutunda adi bir elmi işçi olmuşdu.
Elçibəyin “cavanları başıma yığıb təzədən
inqilab edəcəyəm”, “tankın qabağında dayanan
oğlanlar pulun qabağında dayana bilmədi”, “qanunları
pozmaq olmaz, amma yan keçmək olar”, sonrakı müsahibələrində
“o dövrdəki prezidentlik, prezidentlik deyildi, amma mən yenidən
prezident olacağam”, “getməyib nə etməliydim, Surət məni
öldürməliydi?” kimi “aforizmləri” onların idarəçilik
fəlsəfəsinin nə qədər primitiv
olmasını, hər hansı məzmun, prinsip və mahiyyətdən–
substansiyadan xaliliyini göstərməklə yanaşı, həm
də bu komandanın zəifliyinin, acizliyinin, səriştəsizliyinin
acı etirafları idi. Cənab Prezidentin dediyi
kimi, Azərbaycanın Heydər Əliyevə qədərki
bütün rəhbərləri fərarilik etmiş, xalqı
və ölkəni ağır vəziyyətdə qoyaraq
qaçmışlar. Halbuki “liderin vəzifəsi
dövləti qorumaq, xalqla bir yerdə olmaqdır. Ən ağır, ən çətin anlarda lider
qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər
birimiz üçün nümunədir”.
Müxalifətin yenilənmə
zərurəti haqqında yazılara küskün və bədbin
reaksiya verən Pənah Hüseynin AXC hakimiyyəti zamanı
baş nazir kimi ilk açıqlamalarından biri iqtisadi bloka
dair bütün məsələlərin Nazirlər Kabinetində
həll edilməli olduğu ilə bağlı idi. Elçibəyi “Maks Veberi
mütaliə etməsi” ovsunlamış Pənah Hüseyn,
görəsən, o zaman hiperinflyasiya vəziyyətinə
düşən ölkəni və onun iqtisadiyyatını
idarə etmək üçün hansısa proqrama, yaxud da
peşəkar səriştəyə, biliklərə malik
idimi?. Cavab Prezidentin
çıxışında göstərilib: “Baş nazir, – o
da elmi işçi idi. O da heç bir dissertasiya müdafiə
edə bilməmişdi. Hamı yaxşı bilir, indi bu, sirr
deyil, mövsümi ticarətlə məşğul olan adam baş nazir təyin edilmişdi. Məhz onun dövründə “otkat” sözü bizim
lüğətimizə daxil edildi”.
Bu ara vaxtilə
90-cı illərin ikinci yarısında müxtəlif mətbu
orqanların iranlı biznesmenlər, qızıl sikkələr,
xalçalar, tramvay xətləri haqda araşdırmalarını
yada salmaq olardı.
O zaman dövlətin ikinci siması,
İsa Qəmbəri AXC hakimiyyətinin ən intellektual fiquru
sayırdılar. Bu intellektual fiqur düz 11 il
aspiranturada təhsil almış, bir dissertasiyanı belə
müdafiə edə bilməmişdi. Parlamentin
səlahiyyətləri qanunsuz olaraq Milli Şura tərəfindən
mənimsənilmişdi. Spiker, özü
haqqında çoxbaşlı “hələ ki, ikinci”
başlıqlı yazılar sifariş etdirən İsa Qəmbər
isə gah dramatik, gah tragikomik səhnələşdirmələrin
nümayiş olunduğu teatrı andıran parlament
iclaslarında müəyyən dövrdən sonra hakimiyyətdə
təmsil olunanları belə müxtəlif bəhanələrlə
birinci şəxsə qarşı yönəldir,
“özünüz əlaqə saxlayın, mən vasitəçi
olmaqdan bezmişəm” kimi mesajlar verirdi.
Bu gün sosial medianın
imkanları hesabına özünü “ana müxalifət”
elan etmiş Əli Kərimli AXC–Müsavat hakimiyyətində
dövlət katibi kimi mühüm postda təmsil olunurdu. Sosial media
istifadəçiləri dövlət katibi olduğu zaman ona həvalə
olunmuş mühüm dövlət əhəmiyyətli bir
tapşırığı–dövlət sirrini necə faş
etməsini artıq özünə xatırladıblar.
Vaxtilə eyni düşərgədə olduqları İsa Qəmbərə
yaxın media quruluşlarında onun hansısa tenderdə
“lazımi” şirkəti qalib elan etmək üçün
şəxsən maşın sürməsindən
yazmışdılar, iddia edilirdi ki, belə
sürücülük dövlət katibinə kifayət qədər
– beşrəqəmli məbləğdə pul qazanmaq
imkanı veribmiş, özü də hiperinflyasiyaya məruz
qalmış manatla deyil, xarici valyuta ilə. Beləcə
mebel zavodunun keçmiş komsomol fəalı qısa müddətdə
ölkənin ən zəngin şəxslərindən birinə
çevrilə bilmişdi. Bu zənginliyin
üzərinə illərlə müxtəlif fondların
vasitəsilə alınıb silinən qrantlar da, “Azadlıq”
qəzetinin leqal və illeqal gəlirləri də daxil idi.
Bu gəlirlər ona sonrakı dövrdə media
maqnatına çevrilmək, müxtəlif nəşrlərdə
qurduğu jurnalist şəbəkəsi vasitəsilə
öz sədri Elçibəyi hakimiyyətdən və partiya
sədrliyindən devirmək istəyi yaratmışdı.
Deyilənə görə, sonuncunun ölüm
xəbəri Bakıya daxil olan gün Əli Kərimli onun
haqqında inanılmaz dərəcə nifrətlə
yoğrulmuş yazılar yazdırmaq şansını belə
buraxmamışdı.
Prezident İlham Əliyevin bu sözləri
tarixi faktlardır: “Əbülfəz Elçibəy xəstələnəndə
ən çox sevinən elə o idi. Mən bunu
dəqiq bilirəm, bu məlumat var. Sevinirdi ki, xəstələnib
öləcəkdir, bu da keçəcəkdir onun yerinə”.
Bəs izlədiyi yola, liderinə
xəyanət etmiş, üzvü, sonra da rəhbəri
olduğu partiyanın bir neçə yerə
parçalanmasına səbəb olmuş şəxs öz
siyasi aktuallığını necə qoruya bilib? “Əli Kərimli
və radikal ətrafı bəraət axtarışında”
yazımda qeyd etdiyim kimi, bu şəxslərin real sosial
bazası olduqca məhduddur, bir çox hallarda saxta sənədlərlə
Avropaya göndərilib bədbəxt edilmiş miqrantlardan və
ya ümumən virtual, saxta hesablardakı profillərdən
ibarətdir. Təsadüfi deyil ki, öz
açıqlamalarında bildirdiyi kimi, Əli Kərimli və
radikal antimilli ətrafı sosial şəbəkələrdə
izləyicilərinin yarıdan çoxunu itiriblər.
Çünki Facebook sosial şəbəkəsi
administrasiyası bu il 5,4 milyard saxta
hesabı bağlayıb. “Saxta, manipulyasiya məqsədilə
yaradılan hesabları aşkarlayaraq bloklamaq qabiliyyətimizi
gücləndirmişik”, – internet şirkəti hesabatında
bildirir. Yəni, Əli Kərimli və
radikal antimilli ətraflarının izləyici və bəyənmə
itkiləri “Facebook” şəbəkəsinin öz
araşdırmasının, dezinformasiyaya qarşı effektiv
mübarizəsinin nəticəsidir.
Bu şəxslər öz əsas
təbliğatlarını sosial media üzərində qururlar. Fakta, jurnalist etikasına
istinad etməyə qanunlar və ictimai nəzarət mexanizmi
ilə məcbur edilən ənənəvi mediadan fərqli
olaraq sosial mediada ani emosional halət, nə şəxsi, nə
də ictimai yaddaşa istinad etməyən “feyk nyus”
rahatlıqla əsas trend ola bilər. Sosial media ilə sıx vəhdət ənənəvi,
xüsusən internet medianı da bəzən yanlış
trendlərin müşayiətçisinə çevirir.
Azərbaycan nümunəsində 2014-cü il
avqust, 2015-ci il Nardaran hadisələri ərəfəsində,
müəyyən mənada UEFA-nın Bakıda keçirilən
son yarımfinal görüşləri zamanı belə
manipulyativ media trendləri ilə üz-üzə
qalmışıq. Adamların bütün səfərbərlik,
daha dəqiqi, manipulyativ gücü bundadır. Bu güc isə dünyada “feyk nyus”a, manipulyasiyalara
qarşı aparılan mübarizə sayəsində itirilməyə
məhkumdur. Çünki real dəstəyi,
sosial bazası, cəmiyyətdə etimad bəslənən
siyasətçi imici olmayan, ən kritik məqamlarda
qaçmağa üz tutan və ya isterikaya düşən,
birləşdirməyi deyil, dağıtmağı bacaran bir
şəxsin ciddi siyasi iddialar reallaşdırması, sadəcə,
mümkün deyil. “İndi son hadisələr
də göstərdi ki, o, hansı hünərə sahibdir.
Yəni, bu isterika, bu paranoya, bu qorxaqlıq, – özünü
lider sayan hansı adam özünə rəva
bilər ki, bunu nümayiş etdirsin və ondan sonra
bütün millətə bəyan etsin ki, mənə
qarşı zor tətbiq ediblər... Bax, bu adam
prezidentlik iddiasında olub və bu gün vaxtilə xalq hərəkatı
tərəfindən yaradılmış Xalq Cəbhəsinə
rəhbərlik etməyə çalışır”, – cənab
Prezidentin təsbiti, göründüyü kimi, kifayət qədər
əhatəlidir.
Çıxışda adı çəkilməsə
də, Prezidentə cavab verməyi özünə “mənəvi
borc” bilən, son yazılarında ümummilli liderə
böhtan atmaqdan çəkinməyən Cəmil Həsənli
haqda kiçik xatırlatma etmək istərdim. Bu,
həmin Cəmil Həsənlidir ki, parlament kürsüsü
müqabilində həm çıxışlarında, həm
də kitablarında indi və əvvəl ən ağır
ifadələrlə tənqid etdiyi Heydər Əliyevi
ümummilli lider adlandırırdı. Bu, həmin Cəmil
Həsənlidir ki, 1990-cı illərin sonları – 2000-ci illərin
əvvəllərində o zaman AXCP sədri Ə.Elçibəylə
münasibətləri gərgin olan İsa Qəmbərin və
Əli Kərimlinin müdafiəsinə yazılar həsr
edir, Kərimlini tənqid edən elçibəyçi
jurnalistləri aşağılamaqdan belə çəkinmirdi.
Elçibəyçilərin Əli Kərimli
haqqında tənqidlərini isə “qaragüruhun Mirzə Cəlilə
hücumu” ilə müqayisə edirdi. Elçibəyə
və elçibəyçilərə belə ikrahamiz
münasibətin motivləri barədə isə indiyədək
səslənmiş ehtimallar üzərində geniş dayanmaq
istəməzdim.
Qeydlərimin əvvəlində
bildirdiyim kimi, cənab Prezidentin çıxışları
bir master-klass və fəaliyyət proqramı səciyyəsindədir. Çünki
çıxış bizim hədəfləri, hədəflərə
çatmanın yollarını, hədəflər
önündəki əngəlləri, iqtidarın opponentlərini
və ölkənin xarici düşmənlərini bir daha
xatırladır. Sirr deyil ki, hazırda
özünü iqtidarın dəstəkçisi kimi göstərməyə
çalışan bəzi
cığırdaşlarımız polemikanın istiqamətini
bilərəkdən sapdırmağa, müzakirələri
iqtidardaxili hansısa ziddiyyətlərə fokuslamağa can
atırlar. Mən onları cənab
Prezidentin çıxışlarının məntiqinə
diqqət etməyi, siyasi opponentlərə pas ötürməyi
dayandırmağa dəvət edirəm.
Sirr deyil ki, siyasi opponentlərimizə yaxın qruplarda yer alanlar bəzən ölkənin düşmənlərinə açıq simpatiya nümayiş etdirməkdən çəkinmirlər. Biz bunu Azərbaycan hər dəfə beynəlxalq yarışlarda yer tutanda səhvən erməni tərəfə azarkeşlik edənlərin siyasi müxalifətdə təmsil olunanların ailə üzvləri arasından aşkarlanması zamanı da, Saakyanla, Mailyanla eyni lojaları və baxışları bölüşənlərin kimliyi ortaya çıxanda da, Azərbaycan Prezidentinin uğurlu diplomatik həmlələrlə Ermənistan rəhbərliyini küncə sıxdığı vaxtlar bu uğuru sabotaj etmə cəhdlərini müşahidə edəndə də görmüşük. Bu şəxslərdən iqtidarın uğurlarını etiraf etməyi gözləmirəm. Amma onları ən azı ümummilli hədəflər naminə bir olmağa, ümumi işə dəstək olmağa, dəstək ola bilməyəndə də sabotajçı olmamağa dəvət edirəm. Ümummilli mənafelər sferası bizim rəqabət meydanımız deyil, bir-birimizə dəstək, ötürmələr meydanımızdır.
Azərbaycan Prezidentinin son iki çıxışının əsas yekunu budur: uğurlarımız faktdır, lakin dayanmaq olmaz, biz daha qüdrətli, daha rifahlı bir Azərbaycan qurmalıyıq. Bu hədəfə doğru irəliləyərkən keçmiş illərin nə uğurlu səhifələrini, nə də ki, acı xatirələrini; nə ölkəni idarə edənlərin uğurlarını, nə də səriştəsizliklərini; nə siyasi qətiyyətin nəticələrini, nə də səhlənkarlıqların fəsadlarını unutmamalıyıq. Qarşıdan gələn müddətdə milli tariximizin bütün dərslərini və yaşana biləcək fəsadları göz önünə almalı, ümumazərbaycan məsələlərində dövlətçiliyə xidmət edənləri də, düşmənlərimizlə bir sırada yer alanları da, belələrindən qəhrəman düzəldənləri də yaxşı tanımalıyıq. Biz – Azərbaycanın inkişafına məsul olan iqtidar komandası dövlətçiliyimizin və milli maraqlarımızın ətrafında daha sıx birləşərək, bu yolda heç bir təxribatçı fəaliyyətə, komanda oyununa xələl gətirmə istiqamətindəki əyintilərə imkan verməyəcəyik.
Azərbaycan.- 2019.- 29 noyabr.- S.1; 4.