Əsas meyarlardan
biri aşkarlığın təmin edilməsidir
23 dekabr Bələdiyyə
Seçkiləri Günüdür
Seçkilərin
keçirilməsinin legitimliyi və demokratikliyinin qiymətləndirilməsinin
əsas meyarlarından biri seçki prosesində
aşkarlığın təmin edilməsidir. Buna görə
də ölkəmizin seçki qanunvericiliyində
aşkarlığın təmin olunmasının bir sıra
institutları nəzərdə tutulub. Bunlara seçkilərin
hazırlanmasını, keçirilməsini və yekun
vurularaq nəticələrin elan olunmasını, seçkilərdə
ciddi reqlamentin müəyyənləşdirilməsini nəzərdə
tutan, ölkənin beynəlxalq öhdəliklərinə
uyğun olaraq qəbul edilmiş qanunların və
qanunuvericilik aktlarının, daimi əsaslarla peşəkar səviyyədə
fəaliyyət göstərən seçki komissiyalarının
mövcudluğu, onların fəaliyyətinin şəffaflığı,
seçkilərə ictimai və beynəlxalq müşahidənin
həyata keçirilməsi üçün zəruri şəraitin
yaradılması və s. kimi hüquqi mexanizmlər aiddir.
Azərbaycan
Respublikasının Seçki Məcəlləsində
seçkilərin hazırlanması və keçirilməsi
zamanı aşkarlıq mühüm prinsiplərdən biri
kimi təsbit edilib. Seçkilərin şəffaflığına
xidmət edən bu prinsipin təmin olunmasında
aşkarlıq institutunun müxtəlif elementləri - yerli və
beynəlxalq müşahidəçilərin, kütləvi
informasiya vasitələrinin yaxından iştirakı, beynəlxalq
metod kimi tətbiq olunan "exit-poll” keçirilməsi,
seçki komissiyalarının şəffaf fəaliyyəti,
eyni zamanda, qaynar xətt, internet resursları və son illər
ölkəmizdə geniş tətbiq olunan veb-kameralar
mühüm rol oynayır. Bütün
bunlar seçki prosesini əvvəldən-axıradək izləməyə,
geniş və hərtərəfli müşahidə
aparmağa və nəhayət, aşkarlığın daha
dolğun təminatına şərait yaradır.
Öncə qeyd etmək
lazımdır ki, seçki qanunu bəzi seçki subyektlərinə
- seçki komissiyalarının üzvlərinə,
müvafiq seçki dairəsi üzrə qeydə
alınmış namizədlərə və onların səlahiyyətli
nümayəndələrinə, yaxud onların, eləcə də
siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil
edilmiş şəxslərinə seçki
komissiyasının iclaslarını, habelə səslərin
hesablanmasını, məntəqə və dairə
seçki komissiyalarında seçki bülletenləri,
seçici siyahıları ilə, səsvermə
üçün qeydiyyatdan çıxma vəsiqələri
ilə, səsvermənin nəticələri və
yekunları haqqında protokollarla müvafiq işin
aparılmasını müşahidə etmək və onlarla
tanış olmaq, dairə və məntəqə seçki
komissiyalarının qərarlarının və digər
seçki sənədlərinin (seçici siyahıları, səsvermə
üçün qeydiyyatdan çıxma vəsiqələri,
seçki bülletenləri və imza vərəqələri
istisna olmaqla) surətlərini almaq, seçki
komissiyalarında digər seçki hərəkətlərinin
həyata keçirilməsini müşahidə etmək
hüququ verməklə seçki prosesində
aşkarlığın və şəffaflığın təmin
olunmasının əsasını qoyub. Həmin şəxslərin
müvafiq seçki komissiyalarının iclaslarında
iştirak etmək və adıçəkilən sənədlərlə
tanış olmaq üçün
seçki komissiyalarından əlavə icazə almaları və
ya müşahidəçi qismində qeydiyyatdan keçmələri
tələb olunmur. Müvafiq seçki komissiyası isə
onların seçki sənədləri ilə iş
aparılan və ya səslər hesablanan yerə sərbəst
daxil olmasını təmin edir.
Seçki Məcəlləsi
istər yerli, istərsə də beynəlxalq müşahidəçilərin
seçkilərdə iştirakı və fəaliyyəti
üçün geniş imkanlar açır. Qanunla müəyyənləşdirilmiş
qaydada və müvafiq dəvət əsasında Azərbaycan
Respublikasına gələn beynəlxalq müşahidəçilər
MSK-da qeydiyyatdan keçdikdən sonra fəaliyyət göstərə
bilirlər. Qanunun tələbinə
görə, Azərbaycan Respublikasının vətəndaşları
beynəlxalq müşahidəçi statusu ala bilməzlər.
MSK-nın internet səhifəsində
müşahidəçilərin qeydiyyatdan keçmələrinə
metodiki köməklik göstərilməsi məqsədilə
qanunvericiliklə nəzərdə tutulmuş və bir
çox ölkələr üçün nümunə olacaq
səviyyədə, sadə və işlək qaydalara
uyğun ingilis və rus dillərində beynəlxalq, Azərbaycan
dilində isə yerli müşahidəçilər
üçün, hətta beynəlxalq müşahidəçiləri
müşayiət edən tərcüməçilər
üçün müvafiq ərizə formaları yerləşdirilib.
Həmin formaları doldurub iki ədəd rəngli
fotoşəkil əlavə etməklə qeydiyyat
üçün müraciət etmək olar.
Qeydə alınmaq
üçün müvafiq sənədləri təqdim edən
beynəlxalq müşahidəçiyə MSK Azərbaycan
dilində və xarici dillərin birində vəsiqə -
lövhəcik verir. Yalnız belə lövhəciyin
olması beynəlxalq müşahidəçiyə
seçkilərin hazırlanması və keçirilməsi
dövründə fəaliyyət göstərmək
imkanı verir. Beynəlxalq müşahidəçinin
səlahiyyət müddəti müvafiq qaydada qeydə
alındığı gündən başlayır və
seçkilərin yekunlarının (ümumi
yekunlarının) rəsmi dərc edildiyi gün başa
çatır. Azərbaycan
Respublikasının qanunlarını, beynəlxalq hüquq
normalarını pozduqları halda MSK onların
qeydiyyatını ləğv edə bilər.
Beynəlxalq müşahidəçilər
seçicilərlə, namizədlərlə, qeydə
alınmış namizədlərlə, seçki
komissiyalarının üzvləri ilə, siyasi
partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli
nümayəndələri ilə, qeydə alınmış
namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının
vəkil edilmiş şəxsləri ilə görüşə,
səsvermə günündən sonra seçki qanunvericiliyi,
seçkilərin hazırlanması və keçirilməsi
ilə əlaqədar mətbuat konfransı keçirə və
kütləvi informasiya vasitələrinə müraciət edə
bilərlər.
Onlar seçki
kampaniyasının gedişi, seçkilərin
hazırlanması və keçirilməsi ilə əlaqədar
olmayan fəaliyyətlə məşğul olmaq
üçün öz statusundan istifadə edə bilməzlər.
Seçki prosesinin yerli
müşahidəsi bir qayda olaraq müşahidəçinin
öz təşəbbüsü ilə və ya qeydə
alınmış namizədin, siyasi partiyanın, siyasi
partiyalar blokunun seçkilər sahəsində fəaliyyət
göstərən qeyri-hökumət təşkilatının
təşəbbüsü əsasında aparılır. Belə müşahidələr
iki formada: respublikanın bütün ərazisində və
müvafiq seçki dairəsinin ərazisində aparıla bilər.
Azərbaycanın bütün ərazisində
müşahidənin aparılmasına dair ərizə
seçkilərin elan edildiyi gündən başlayaraq
seçkilərin keçirilməsinə 10 gün qalanadək
MSK-ya təqdim edilə bilər. Ərizədə
müşahidə aparmaq niyyətində olan şəxsin
soyadı, adı, atasının adı, yaşayış
yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin seriya
və nömrəsi, zərurət olduqda isə həm də
maraqları təmsil olunacaq namizədin adı, qeyri-hökumət
təşkilatının, siyasi partiyanın, siyasi partiyalar
blokunun adı və hüquqi ünvanı göstərilməlidir.
Ərizəyə iki fotoşəkil də əlavə
olunmalıdır. Hər bir ərizəyə
dair qərar isə onun verildiyi tarixdən başlayaraq 3
gün müddətində qəbul edilir. Ərizəçinin
müşahidəçi qismində qeydiyyatından imtina
olunması halı yalnız ərizədə göstərilən
məlumatlar yanlış olduqda baş verə bilər. Müşahidənin aparılmasına icazə
verildikdə müşahidəçiyə MSK-nın müəyyən
etdiyi formada lövhəcik verilir.
Seçki dairəsinin ərazisində
müşahidənin aparılmasına dair ərizə isə
seçkilərin elan edildiyi gündən başlayaraq
seçkilərin keçirilməsinə 5 gün qalanadək
müvafiq dairə seçki komissiyasına təqdim edilməlidir. Bu ərizədə
də yuxarıda qeyd edilən məlumatlar göstərilməli
və ərizəyə iki fotoşəkil əlavə
olunmalıdır. Müşahidənin
aparılmasına icazə verildikdə dairə seçki
komissiyası müşahidəçiyə MSK-nın müəyyən
etdiyi formada lövhəcik verir.
Həm yerli, həm də
beynəlxalq müşahidəçilər eyni hüquq və
vəzifələrə malikdirlər. Onların seçici
siyahıları ilə tanış olmaq, səsvermə
günü istədiyi vaxt müvafiq seçki məntəqəsində
olmaq, seçki bülletenlərinin verilməsini, səsvermə
yerindən kənarda seçicilərin səs verməsini,
seçki bülletenlərinin, ləğv edilmiş
seçki bülletenlərinin sayılmasını
müşahidə etmək kimi hüquqları var. Bundan əlavə,
onlar seçicilərin səslərinin hesablanmasına,
seçicilərin səsləri hesablanarkən doldurulmuş və
ya doldurulmamış hər bir seçki bülleteninə səsin
etibarlılığını yoxlamaq məqsədilə baxa,
səsvermənin nəticələri və seçkilərin
yekunları haqqında seçki komissiyasının protokolu və
digər sənədlərlə tanış ola, səsvermənin
təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə
seçki komissiyasının sədrinə, o olmadıqda isə
onu əvəz edən şəxsə müraciət edə
bilər. Müşahidəçilərin, həmçinin
səsvermənin nəticələri və seçkilərin
yekunları haqqında protokolların surətini əldə
etmək hüququ var.
Qanunla seçki prosesində
aparılan müşahidənin tam, hərtərəfli,
keyfiyyətli, obyektiv və ən önəmlisi, qərəzsiz
aparılması üçün bir sıra prinsiplər də
müəyyən edilmişdir: seçki prosesində bir namizədin
və ya siyasi partiyanın mənafeləri naminə təsir
göstərilməməli, müşahidə edilən hərəkətlərə
aid olan bütün hallar və faktlar nəzərə
alınmalı, müşahidə açıq
aparılmalı və müşahidənin yekunları faktlara
əsaslanmalıdır. Göründüyü
kimi, bu prinsiplər seçki prosesinin müşahidəsinin səmərəliliyini
artırmağa və seçki praktikasının daha da təkmilləşdirilməsinə
xidmət edir. Həm yerli, həm də
beynəlxalq müşahidəçilər bütün fəaliyyətləri
zamanı qərəzsiz və bitərəf
olmalıdırlar.
Seçki Məcəlləsində
müşahidəçilərin fəaliyyəti ilə
bağlı bir sıra qadağalar da müəyyən edilib. Belə ki, seçicilərə
seçki bülletenləri vermək, seçiciyə necə
səs verəcəyi və ya necə səs verdiyi haqqında
sual vermək, seçicinin xahişi ilə onun əvəzinə
seçki bülleteninin alınması haqqında imza etmək
və bülleteni doldurmaq, seçki bülletenlərinin
hesablanmasında birbaşa iştirak etmək, seçki
komissiyalarının işinə maneə törədən hərəkətlər
etmək, seçicilər arasında təşviqat aparmaq, hər
hansı bir namizədin, siyasi partiyanın, siyasi partiya
bloklarının dəstəklənməsinə yönəldilən
və ya bu cür qiymətləndirilə bilən
çağırışlar etmək, seçki
komissiyasının qərarlarının qəbul olunmasına
müdaxilə etmək və öz statusu ilə bağlı
suallar istisna olmaqla, seçicilərin suallarına cavab vermək
müşahidəçilərə qadağan edilir. Bu tələblərin əksinə hərəkət
edən müşahidəçinin qeydiyyatı onu qeydə
almış seçki komissiyasının müraciəti əsasında
müvafiq məhkəmə orqanı tərəfindən ləğv
oluna bilər.
Hal-hazırda
qarşıdakı bələdiyyə seçkiləri ilə
əlaqədar olaraq yerli və beynəlxalq müşahidəçilər,
xarici və yerli kütləvi informasiya vasitələrinin
nümayəndələri üçün seçki prosesini əvvəldən
axıradək azad və sərbəst müşahidə etməyə
həm qanunvericilik, həm də təşkilati baxımdan hər
cür şərait mövcuddur. Bütün seçki subyektləri,
eləcə də bütün müşahidəçilər
üçün Azərbaycan, ingilis və rus dillərində
müxtəlif maarifləndirmə materialları -
"Seçki günü üçün yaddaş”,
"Müşahidəçilər üçün
yaddaş” kitabçaları və s. hazırlanaraq həm
MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib,
həm də aidiyyəti üzrə çatdırılmaq
üçün seçki subyektlərinə
paylanılıb.
Azərbaycanda keçirilən
seçkiləri xarakterizə edən mühüm cəhətlərdən
biri də seçki prosesində çoxsaylı yerli və
beynəlxalq müşahidəçilərin, eləcə də
yerli və beynəlxalq kütləvi informasiya vasitələri
nümayəndələrinin iştirakıdır. Bu isə Azərbaycan
dövlətinin seçkilərin təşkili və
keçirilməsi sahəsində milli qanunvericiliyə, eləcə
də beynəlxalq hüquq normalarına uyğun olaraq üzərinə
götürdüyü öhdəliklərə sözsüz
və dönmədən əməl etməsinin bariz göstəricisidir.
Respublikada keçirilən
seçkilərdə şəffaflığın yüksək
səviyyədə təmin olunmasını özünün əsas
vəzifələrindən biri hesab edən MSK bu məqsədlə
informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da
geniş istifadə edir. Məsələn, respublikamızın
seçki tarixində on ildən artıq müddətdə tətbiq
olunan və səsvermə prosesini seçki məntəqələrindən
kənarda internet vasitəsilə fasiləsiz olaraq canlı izləməyə
imkan verən veb-kameralardan istifadə təcrübəsini qeyd
etmək yerinə düşər. Keçirilən
seçki və referendumlar zamanı respublikadakı seçki
məntəqələrində veb-kameralar
quraşdırılmasına dair məsələyə
MSK-nın iclasında baxılaraq müvafiq qərarla
veb-kameralar quraşdırılan 1000 (təxminən 20%) məntəqənin
siyahısı təsdiq olunur. Kameralar səsvermə
günü seçki məntəqələrinin
açılması anından, səsvermənin
yekunlarının müəyyənləşdirilməsi və
səsvermənin nəticələri haqqında protokolun
doldurulmasından sonra seçki məntəqələrinin
bağlanması anınadək fasiləsiz olaraq fəaliyyət
göstərir.
Veb-kameralarla bağlı
texniki hazırlıq işləri və onların sınaqdan
keçirilməsi sahəsində MSK Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi ilə sıx əməkdaşlıq
edir. Qeyd edək
ki, bu veb-kameralar vasitəsilə internet istifadəçiləri
istər ölkə daxilindən, istərsə xaricdən
MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir
qeydiyyat tələb olunmadan səsvermə prosesini, səslərin
sayılmasını, nəticələrin müəyyənləşdirilməsini
və nəticələr haqqında rəsmi protokolların
hazırlanmasını arasıkəsilmədən canlı
müşahidə etmək imkanı əldə edir. Bu təcrübə 2008-ci ildən etibarən
respublikada keçirilən bütün seçki və
referendumlarda uğurla tətbiq olunur. Yeri gəlmişkən,
qarşıdan gələn bələdiyyə seçkilərində
də bu ənənənin davam etdirilməsi nəzərdə
tutulur. Bu isə seçki prosesində şəffaflığın
təmin olunmasında iştirak edən çoxsaylı
aşkarlıq institutları ilə bərabər, ölkə
əhalisinin təqribən 80 faizindən çoxunu təşkil
edən internet istifadəçiləri tərəfindən
seçki günü proseslərinin birbaşa izlənməsinə
və beləliklə, bu prosesdə aşkarlığın və
şəffaflığın daha yüksək səviyyədə
təmin olunmasına şərait yaradacaq. Qeyd
edək ki, dünya seçki praktikasında yeni bir səhifə
açan bu təcrübədən artıq bir sıra ölkələr
də istifadə etməyə başlayıb.
Seçkilərdə
iştirak edən tərəflərin etibarlı məlumat əldə
edə bildikləri qaynaqlardan biri də MSK-nın seçkilərlə
bağlı 115 nömrəli qaynar xəttidir. Avtomatlaşdırılmış
telefon və elektron qaynar xətlərə daxil olan müxtəlif
mövzularla bağlı sorğular, eləcə də digər
hüquqi məsələlər dərhal cavablandırılır
və operativ şəkildə müvafiq addımlar
atılır.
Ölkəmizdə
keçirilən seçkilər zamanı seçki
günü ərzində MSK-ya ötürülən məlumatlar
müxtəlif vasitələrlə birbaşa yayılır. Seçki prosesinin digər
mərhələlərində olduğu kimi, seçkilər
başa çatdıqdan və səsvermə məntəqələri
bağlandıqdan sonra maraqlı şəxslərin maneəsiz
şəkildə məlumat alması məqsədilə
ölkə üzrə bütün seçki məntəqələrindən
səsvermənin yekunlarına dair daxil olan ilkin məlumatlar
Dövlət Avtomatlaşdırılmış İnformasiya
Sisteminin xüsusi proqram təminatı vasitəsilə
birbaşa MSK-nın internet səhifəsinə
ötürülərək oradan bütün yerli və beynəlxalq
ictimaiyyətin diqqətinə təqdim olunur.
Seçki prosesində seçki
subyektlərinin maarifləndirilməsində və şəffaflığın
təmin olunmasında digər mühüm bir vasitə isə
Mərkəzi Seçki Komissiyasının internet səhifəsidir
(www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) ki, burada əvvəlki
seçkilərlə, o cümlədən bələdiyyə
seçkiləri ilə bağlı bütün məlumatlar
yerləşdirilib. Azərbaycan Respublikasının
Konstitusiyası, Seçki Məcəlləsi, MSK tərəfindən
qəbul edilmiş bütün təlimat, qayda, izah və qərarlar
ən son redaksiyada Azərbaycan və ingilis dillərində həmin
internet səhifəsində mövcuddur. Bələdiyyələrə
cari ildə keçiriləcək seçkilərlə əlaqədar
MSK-nın qərarları, keçirdiyi çoxsaylı maarifləndirmə
tədbirləri haqqında və digər məlumatlar dərhal
Azərbaycan və ingilis dillərində internet səhifəsində
yerləşdirilir. Bundan başqa, seçki dairə və
məntəqələrinin dislokasiyası, seçicilərin
axtarış sistemi, əvvəlki seçkilərlə
bağlı məlumatlar, seçki komissiyalarının tərkibi,
ünvanı (naviqasiyalı bələdçi vasitəsilə
səs veriləcək seçki məntəqəsinin
tapılması), əlaqə məlumatları, seçki məntəqələrinin
ünvanı və xəritəsi, seçicilərin
siyahısı, seçkiqabağı təşviqatla əlaqədar
məlumatlar, mətbuat bülletenləri və ictimaiyyət
üçün maraq kəsb edən digər informasiyalar
internet səhifəsində real vaxt rejimində vətəndaşların
istifadəsinə verilib. Komissiyanın sosial
şəbəkələrdəki səhifəsi də istifadəçilərin
ixtiyarındadır və məlumatlar mütəmadi olaraq bu səhifələrdə
də yerləşdirilir.
Seçkilərdə
kompüter texnologiyasından və telekommunikasiyadan istifadə
onların seçki prosesində tətbiqinin yüksək səmərəliliyini
inandırıcı şəkildə sübut etdi. MSK-nın təşəbbüsü
ilə yaradılmış "Seçkilər” Dövlət
Avtomatlaşdırılmış İnformasiya Sisteminin tətbiqi
Azərbaycan vətəndaşları üçün səsvermə
və referendumda iştirak hüququnun təminatlarından
biridir. Belə ki, sistem məlumatların
düzgünlüyünü və dolğunluğunu təmin
edir, vətəndaşları seçkilərin gedişi və
nəticələri barədə mümkün qədər tez
və geniş məlumatlandırır və bütün səviyyələrdən
olan seçki komissiyalarının fəaliyyətinin
informasiya təminatının səmərəliliyini
artırır ki, bununla da seçki prosesində
aşkarlığın təmin olunmasında önəmli rol
oynayır.
Seçki prosesinin şəffaflığının
və aşkarlığının təmin edilməsinin əsas
vəzifəsi ədalətli və azad seçkilərin
keçirilməsinə elə şərait yaratmaqdan ibarətdir
ki, vətəndaş namizədliyini azad şəkildə irəli
sürmək, səsvermənin gizliliyinə riayət edilməklə
dəstəklədiyi namizədin lehinə səs vermək və
iştirak etdiyi seçkinin nəticələrini vaxtında
almaq imkanına malik olsun.
Bir daha qeyd etmək istərdik
ki, aşkarlıq seçki prosesi üçün son dərəcə
vacibdir, çünki mümkün səhv və
nöqsanları aradan qaldırmağa, qanun pozuntusu ehtimalını
məhdudlaşdırmağa imkan verir, vətəndaşların
seçki sisteminə inamını gücləndirir.
Beləliklə, seçkilərdə
aşkarlığın və şəffaflığın təmin
olunmasına ciddi hüquqi əsas yaradan milli qanunvericilik
sisteminin və seçki praktikasında mühüm
aşkarlıq institutlarının mövcudluğu, seçki
komissiyaları sisteminin daimi əsaslarla peşəkar fəaliyyəti,
MSK-nın həyata keçirdiyi çoxsaylı maarifləndirmə
tədbirləri qarşıdakı bələdiyyə
seçkilərinin tam aşkarlıq və şəffaflıq
şəraitində, azad və ədalətli keçiriləcəyinə
inam yaradır.
Bəxşeyiş
ƏSGƏROV,
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının
üzvü
Azərbaycan.- 2019.- 29 noyabr.- S. 5.