Erməni təxribatının “Sumqayıt ssenarisi”

 

Tarixin müxtəlif dönəmlərində ermənilər Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərə imza atmışlar. 1988-ci ilin fevralında Sumqayıtda baş verən hadisələr də ermənilərin və onların havadarlarının Azərbaycan xalqı ilə bağlı dünyada mənfi imic yaratmaq məqsədi güdən qanlı cinayətlərindən biri idi. Bu hadisə nəticəsində Sumqayıtda müxtəlif millətlərdən olan 32 adam, o cümlədən 26 erməni həlak olmuş, 400-dən çox insan bədən xəsarəti almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomaşın sındırılmış və qismən yandırılmış, şəhərə ovaxtkı qiymətlərlə 10 milyon ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdu.

 

Azərbaycana qarşı total informasiya müharibəsi başlamışdı

 

Belə misalları çox sadalamaq olar. Möhkəm silahlanmış ermənilər ideoloji silahdan da məharətlə istifadə etməyə çalışırdılar. Erməni və ermənipərəst qüvvələr dünyanın ayrı-ayrı mətbuat səhifələrində guya Böyük Ermənistanın mövcud olduğunu iddia edir, Osmanlı imperiyası tərəfindən dağıldığını ön plana çəkirdilər. Fransız sovetşünası Lemerse-Kelkeje "Azərbaycana xaricdən təsir” məqaləsində Azərbaycan tarixini təhrif edir, qonşu dövlətlərə (ermənilər nəzərdə tutulur - müəl.) qarşı xəyanətkar olduğunu sübut etməyə çalışırdı.

Erməni ideoloqları öz havadarlarının pulu hesabına xaricdə kütləvi informasiya vasitələrində Azərbaycan haqqında mənfi imic yaratmaqla məşğul idilər. Məsələn, 1989-cu il iyun ayının 29-da "Yurmala” qəzetinin 26-cı sayının birinci səhifəsində belə bir başlıq verilmişdi: "Qəzetin bu nömrəsi Ermənistana və erməni xalqına həsr olunur”.

Qəzetlə tanış olanlar bilirlər ki, Azərbaycanın, onun dinc əhalisinin ünvanına nə qədər böhtanlar yağdırılmışdır. Dağlıq Qarabağın guya tarixən ermənilərin olmasını sübut etməyə çalışır, Sumqayıtda ermənilərə qarşı "genosid” aparıldığını söyləyirdilər. Silva Kaputikyan məqaləsində yazırdı: "Biz uçuruma yuvarlanmışıq. Çıxış yolu yoxdur. Bir tərəfdə Türkiyə, digər tərəfdə Azərbaycan. Havamız çatmır. Məhv oluruq. Sumqayıtda qırğın olmuşdur. Bizi yaşamağa qoymurlar”.

Qərb ölkələri, transmilli korporasiyalar, xarici mətbuat Azərbaycanda gedən ictimai-siyasi proseslərdən, Sumqayıtda baş verən qanlı aksiyadan, Dağlıq Qarabağ problemindən SSRİ-nin dağıdılmasında və kommunist partiyasının ləğvində bir alət kimi istifadə etdilər. Erməni millətçiləri isə bu hadisələrdən tarixi şans kimi istifadə etməyə çalışırdılar. Həmin illər ermənilər informasiya müharibəsində üstünlük qazanmışdılar. Fransada, Kaliforniyada, Hollandiyada kütləvi informasiya vasitələrində ermənilər və ermənipərəst siyasətçilər, politoloqlar Azərbaycanın ünvanına hədyanlar yağdırırdılar.

Sumqayıtda qanlı terror fevralın 27-də baş tutsa da, bu ssenari çoxdan hazırlanmışdı. Ssenari çox məxfi şəkildə hazırlandığından iğtişaşlar başlanandan sonra da həqiqət dünyadan, cinayətkarlar isə istintaqdan gizlədildi. Hadisələrin xronikası, ardıcıllığı sübut edir ki, erməni millətçi və separatçı qüvvələri bu qanlı terrorun məxfi planını, parol və işarələrini çoxdan hazırlamışdı. Bir-birinin ardınca təşkil olunan aksiyalar, siyasi gedişlər də bunu sübut edir. Eyni vaxtda Xankəndidə və Yerevanda Qarabağ uğrunda mitinqlər təşkil olunur, yığıncaqlar keçirilirdi. Ermənistanda yaşayan azərbaycanlılar mütəşəkkilliklə ata-baba yurdlarından zorla qovulurdular. İlk qaçqınlar Bakıya, Sumqayıta gəlirdi. Əlbəttə, bu gəlişin ardınca cavab aksiyaları təşkil olunurdu. Nümayişçilər, yürüşçülər arasında Azərbaycan dilində sərbəst danışan saqqallı erməni emissarları görünürdü. Erməni separatçıları məqsədlərinə çatmaq üçün hər cür hiyləyə əl atır, dəridən-qabıqdan çıxırdılar. Elə bir məqam yaranmışdı ki, Moskva hadisələri sükutla izləyir, əslində isə daha riyakar və dəhşətli planların konturları cızılırdı.

Statistik məlumatlara görə, hələ 1988-ci ilin əvvəllərində Sumqayıtda müxtəlif millətlərdən olan 258 min 200 nəfər yaşayırdı. Onların 14.208 nəfəri milliyyətcə erməni idi. Doğrudur, həmin illərdə Gəncədə, Şəkidə, Bakıda da ermənilərin sayı az deyildi. Amma iğtişaş üçün məhz Sumqayıtın seçilməsinin səbəbləri vardı. Birincisi, Sumqayıt Bakıya daha yaxın idi. Bakıdan dünya ictimaiyyətinə hadisə barədə məlumat yaymaq, antiazərbaycançı şəbəkə ilə çevik əlaqə yaratmaq imkanları geniş idi. İkincisi, 80-dən çox millətin yaşadığı Sumqayıt təkcə kimyaçılar, metallurqlar şəhəri kimi yox, həm də xalqların dostluq şəhəri kimi tanınırdı. Maraqlı olan qüvvələr bu hadisələri törətməklə dünya ictimaiyyətinə bəyan etmək istəyirdilər ki, guya azərbaycanlılar millətçi, vəhşi və barbar bir xalqdır. Bu səbəbdən də onlarla birgə yaşamaq mümkün deyil. Sumqayıtda törədilən qanlı aksiyaların şəhərin Dostluq, Sülh küçələrində baş tutması da məqsədli idi.

 

Fransız jurnalisti Jan-İv: "Ermənilər 5-6 yaşlı uşaqları, dinc əhalini vəhşicəsinə öldürürlər”

 

Sumqayıtda hadisələrin başladığı gündən dərhal anti-Azərbaycan informasiya şəbəkəsi işə düşdü. Müxtəlif ölkələrdə videolentlər nümayiş etdirildi, mətbuatda şər və böhtan dolu yazılar dərc olundu. Qəribədir ki, cəmi 3-4 gün sonra Xankəndidə əvvəlcədən hazırlanmış "Sumqayıt hadisələri” zamanı həlak olmuş ermənilərə xatirə abidəsi ucaldıldı, "Sumqayıt... soyqırımı... aşkarlıq” adlanan kitabça 50 min tirajla Yerevanda rus dilində çap olunub dünya ictimaiyyətinə çatdırıldı. Əlbəttə, belə silsilə tədbirlər bir daha sübut etdi ki, ermənilər bu qanlı aksiyanın törədilməsini və geniş yayılmasını planlı şəkildə təşkil etmişlər. "Böyük Ermənistan” xülyasına xidmət edən antitürk, anti-Azərbaycan təbliğat separatçıların başlıca məqsədinə, məramına çevrilmişdi. Sumqayıt hadisələri barədə sovet və xarici ölkə mətbuatında birtərəfli, qərəzli yazılar dərc olunurdu. Moskva isə susurdu. Hələ 1988-ci il fevralın 26-da ittifaq rəhbəri M.Qorbaçov ermənilərin ona müraciətinə çox təmkinlə cavab vermişdi: "Mən hər şeyi başa düşdüm, ancaq bir az gözləyin”. Cəmi iki gün sonra Sumqayıt hadisələri baş verdi.

1988-ci il fevral hadisələrindən sonra M.Qorbaçov yüksək dairələrdə Sumqayıt faciəsinə siyasi qiymət verilməsinin qarşısını aldı. Çünki o vaxtlar Sumqayıt hadisələrinə siyasi qiymət verilsəydi, həmin əməliyyatın yüksək dairələrdən idarə olunması faktı ortaya çıxa bilərdi. SSRİ-nin milli münaqişələr zəminində dağıdılması ssenarisinin əsl müəllifləri ittiham olunardı, Sumqayıtda törədilmiş iğtişaşların Dağlıq Qarabağ problemi ilə bağlılığı üzə çıxardı. Bununla da ermənilərin dünyaya bəlli olan iç üzləri açılardı. Hələ bir vaxtlar ermənilərin vəhşiliyindən dəhşətə gələn fransız jurnalisti Jan-İv yazırdı: "Mən müharibədə çox şeylər olduğunu, alman əsgərlərinin qəddarlığını eşitmişəm. Amma ermənilər onları ötüb-keçiblər. Onlar 5-6 yaşlı uşaqları, dinc əhalini vəhşicəsinə öldürürlər”.

 

İğtişaşları erməni millətçiləri və onların havadarları törədib

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun 1988-ci il Sumqayıt iğtişaşları ilə əlaqədar birgə bəyanatında deyilir: "Həmin təxribatın törədilməsində SSRİ DTK-nın məqsədi SSRİ-nin əyalətlərində vəziyyəti gərginləşdirərək güclənən mərkəzdənqaçma meyillərini dayandırmaq, sərt repressiya metodlarına əl atmağa bəraət qazandırmaq və güclü mərkəzi sovet hakimiyyəti olmadan sovet respublikalarının müstəqil yaşaya bilməyəcəklərini nümayiş etdirmək olmuşdur. Sumqayıt hadisələrinə bənzər iğtişaş və təxribatlar DTK tərəfindən Oş (Qırğızıstan), Fərqanə (Özbəkistan), Tbilisi (Gürcüstan), Vilnüs (Litva) və digər ərazilərdə təşkil olunmuşdu.

Hadisələr ərəfəsində və hadisələr baş verən gün Sumqayıt şəhərində və ətrafında SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və ordu birləşmələrinin kifayət qədər canlı qüvvəsi və texnikası olsa da, onlar tərəfindən vəziyyətin nəzarət altına alınması üçün vaxtında qabaqlayıcı tədbirlər görülməmişdi.

Evlərə basqın və digər zorakılıq hərəkətləri əvvəlcədən hazırlanmış siyahı və xüsusi plan əsasında əslən erməni olan Sumqayıt şəhər sakini, dəfələrlə məhkum olunmuş Eduard Qriqoryanın bilavasitə rəhbərliyi və göstərişləri üzrə həyata keçirilmiş, hücumlara məruz qalan ermənilər isə Dağlıq Qarabağın Azərbaycandan ayrılması məqsədini güdən gizli "Krunk” və "Karabakh” komitələrinə ianə verməkdən imtina edən şəxslər olmuşlar.

İğtişaşlarda E.Qriqoryan ermənilərə qarşı xüsusi qəddarlığı ilə seçilmiş, zorlamaya məruz qoyduğu erməni Mejlumyan bacıları tərəfindən istintaq zamanı qəti olaraq tanınmışdır. Məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilən E.Qriqoryan SSRİ dağılandan sonra Ermənistanın həbsxanasına köçürülmüş və oradan da dərhal müəmmalı şəkildə azadlığa buraxılmışdı. Hazırda istintaqı aparılan cinayət işi üzrə ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, qrup halında zorlama və digər ağır cinayətləri törətməkdə təqsirləndirilən, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilmiş E.Qriqoryanın faktiki yaşadığı ünvanın operativ kanallarla müəyyən olunmasına və ictimaiyyətə bu barədə məlumat verilməsinə baxmayaraq, o, Ermənistanın xüsusi xidmət orqanlarının himayəsi altında üçüncü ölkənin ərazisində azadlıqda yaşamaqda davam edir.

Cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr planlaşdırılmış təxribat planına uyğun olaraq daha geniş miqyas alardı. Milliyyətcə erməni olan şahidlərin ifadələrindən göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilmişdi.

SSRİ dövründə foto-video çəkilişə xüsusi nəzarət və senzura tətbiq olunmasına baxmayaraq, hadisələrin əvvəlcədən quraşdırılmış vasitələrlə foto-videoçəkilişi aparılmış və dərhal SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə anti-Azərbaycan kampaniyasının tərkib hissəsi kimi yayılmışdı.

Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilmişdir”.

Sumqayıt hadisələrinin ermənilərin maraqlarına xidmət edən təxribat olduğu faktlarla sübut olunub. Bu, əvvəlcədən düşünülmüş və həyata keçirilmiş bir aksiya idi. Ermənilər bu qanlı əməllərindən mənafeləri üçün istifadə etməyə, beynəlxalq miqyasda xalqımız haqqında mənfi rəy formalaşdırmağa cəhd göstərsələr də, zaman hər şeyi yerbəyer edərək kimin haqlı, kimin haqsız olduğunu sübuta yetirdi.

 

Azərbaycan.- 2019.- 29 noyabr.- S.1; 6.