Dinlərarası və mədəniyyətlərarası
dialoqun önəmli platforması
Elm və texnologiyalar maddi aləmə təsir imkanlarını genişləndirdikcə insanın mənəvi dünyası ilə bağlı problemlər də artır. Bəşəriyyət müasir inkişafın mövcud səviyyəsində mədəniyyətlər arasında toqquşmalar, dini dözümsüzlük, ksenefobiya kimi mənəvi xəstəliklərlə üz-üzə dayanır.
Ona görə də müasir dünyamızda insanın qarşısında duran bəşəri problemlərin həlli üçün mədəniyyətlər, o cümlədən dinlər arasında dialoqa nail olmaq ən mühüm vəzifədir.
Dünya dini liderlərinin Bakıda keçirilən II sammiti məhz bu məqsədə xidmət edirdi. İlk dəfə təxminən 9 il əvvəl - 2010-cu ilin aprelində də məhz paytaxtımızda keçirilmiş I sammitdən sonra bu, Azərbaycanın evsahibliyi etdiyi ikinci belə tədbir idi.
Azərbaycanın bu gün islam sivilizasiyasının əsas mərkəzlərindən birinə çevrilməsi tarixi təkamül proseslərinin məntiqi yekunu kimi mümkün olub. Əsrlərin sərt sınaqlarından üzüağ çıxan xalqımız tarixinin ən keşməkeşli, çətin anlarında belə insanlığın yüksəlişinə, mənəviyyatın təntənəsinə xidmət edən dini dəyərlərdən dönməyib, onları daim uca tutub. 70 il tərkibində yaşadığımız sovet imperiyası öz ideologiyasına uyğun ateizm təbliğatı apararaq xalqımızı tarixi keçmişindən, dini və milli-mənəvi dəyərlərindən uzaqlaşdırmaq istəsə də, buna əsla nail ola bilməyib.
Həm həyat tərzi, həm də dövlət siyasəti
II sammit dünyada sülhün, anlaşmanın, inkişaf mühitinin əldə olunması üçün son illər davamlı şəkildə qlobal tədbirlərə evsahibliyi edən, Ulu Öndər Heydər Əliyevin ümumbəşəri dəyərlər əsasında müəyyənləşdirdiyi milli dövlətçilik prinsiplərinə sadiqliklə mədəniyyətlər arasında dialoq məkanına çevrilən Azərbaycanın bu sahədə həyata keçirdiyi beynəlxalq təşəbbüslərin davamı kimi qiymətləndirilməlidir.
Bu təşəbbüslər müstəqillik tariximizin xoş ənənələrinə çevrilib.
Məsələn, Azərbaycanda Bakı Humanitar Forumu, BMT tərəfindən də dəstəklənən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin Zirvə görüşləri ənənəvi şəkildə təşkil olunur. Elə bir il olmaz ki, Azərbaycan bu silsilədən bir neçə tədbirin təşkilatçılığını öz üzərinə götürməsin.
Bütün bunların mahiyyətini, məqsəd və məramını sammitdəki çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev kifayət qədər dəqiq şəkildə ifadə etdi. Multikulturalizm dəyərlərinin ölkəmizdə həm həyat tərzi, həm də dövlət siyasəti olduğunu diqqətə çatdıran ölkə rəhbəri qeyd etdi ki, bütün bu tədbirlərin bir məqsədi var - dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmaq, multikultural dəyərləri təbliğ etmək və beləliklə, dünyada gedən müsbət proseslərə töhfə vermək: "Çünki biz yaxşı görürük və mətbuatdan da izləyirik ki, dini zəmində, etnik zəmində, məzhəb zəminində bir çox xoşagəlməz hallar - münaqişələr, qarşıdurmalar, müharibələr, qardaş qanının axıdılması baş verir. Əfsuslar olsun ki, bəzi hallarda psevdodini şüarlar altında cinayətlər törədilir. Biz bu istiqamətdə öz səylərimizi birləşdirməliyik”.
Ötən il 10 illiyi qeyd edilən "Bakı Prosesi”nin geniş beynəlxalq dəstək qazanması, o cümlədən BMT-nin "Bakı Prosesi”ni dinlərarası, mədəniyyətlərarası dialoqun önəmli platforması kimi qəbul etməsi çox sevindiricidir. Bu, dünyadakı gərginliklərin azaldılması üçün Azərbaycanın üzərinə götürdüyü tarixi missiyanın uğurlarını əks etdirir. Paytaxtımızda təşkil olunmuş qlobal əhəmiyyətli tədbirlərdə təmsil olunan nüfuzlu elm, mədəniyyət, dövlət xadimlərinin Bakıdan bəşəriyyətə ünvanladıqları qlobal çağırışların öz ünvanına çatdığını təsdiqləyir.
Ölkə rəhbəri İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu qlobal təşəbbüslərin reallaşdırılması istiqamətində çəkdikləri zəhmətin, bu işə sərf etdikləri fədakar əməyin hədər getmədiyini göstərir.
Yeri gəlmişkən, elə bu fədakar əməyin qarşılığı olaraq Mehriban xanım Əliyevanın həm Qərb dünyasına aid UNESKO-nun, həm də müsəlman Şərqinin maraqlarını ifadə edən ISESCO-nun xoşməramlı səfiri ali statusuna layiq görülməsi, Azərbaycanın mədəniyyətlər, dinlər arasında dialoqun əldə olunması istiqamətində əldə etdiyi nailiyyətlərin bir simvolu sayıla bilər.
İndi əksəriyyət belə bir həqiqətin fərqindədir ki, bütün bəşəriyyəti təhdid edən ayrı-ayrı problemlərin həlli üçün hamı öz imkanlarını birləşdirməlidir. Ayrı-ayrı dövlətlərin, cəmiyyətlərin təmsilçiləri daha tez-tez bir araya gəlməlidirlər. Fərqli dinlər, mədəniyyətlər arasında dialoqun əldə olunmasına hər kəs səy göstərməlidir.
2008-ci ildə Bakıda start götürən və tarixə "Bakı Prosesi” kimi düşən qlobal platformanın uğurları sübut edir ki, bəşəriyyətin xoşbəxt gələcəyi üçün səmimiyyətlə çalışanda, bu işə zəhmət sərf edəndə belə bir dialoq mütləq alınır.
Qlobal hərəkata çevrilən
"Bakı Prosesi”
"Bakı Prosesi” Azərbaycan
Respublikasının təşəbbüsü ilə mədəniyyətlər
və sivilizasiyalar arasında səmərəli, effektiv
dialoqun qurulması məqsədilə irəli
sürülüb. Belə bir təşəbbüsün məhz
Azərbaycan tərəfindən ortaya qoyulması isə
heç də təsadüfi deyildi. Bu,
çoxmillətli ölkəmizin tarixən malik olduğu dini
tolerantlıq ənənələrindən, zəngin mədəni
müxtəlifliyindən, insanlar arasındakı
qarşılıqlı hörmət mühitindən irəli
gəlirdi.
Proses belə başlandı: Avropa
Şurasına üzv dövlətlərin 2008-ci ilin 2-3 dekabr
tarixində təşkil olunan mədəniyyət nazirlərinin
konfransına Azərbaycanın təşəbbüsü ilə
ilk dəfə olaraq 10 islam ölkəsi də
dəvət edildi. İslam dövlətlərinin
iştirakı ilə mədəniyyət nazirlərinin
konfransı yeni bir formata transformasiya olundu. Avropa və
ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın
və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının
yüksəksəviyyəli nümayəndələrinin
iştirak etdiyi bu konfransda "Mədəniyyətlərarası
dialoqun təşviqinə dair "Bakı Bəyannaməsi” qəbul
edildi.
"Bakı Bəyannaməsi”
ilə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə
tutan "Bakı Prosesi”nin və bu prosesin inkişafına hədəflənmiş
"Sənətçilər dialoq naminə” layihəsinin əsası
qoyuldu. "Bakı Prosesi”nin davamlılığını
təmin etmək məqsədilə 2009-cu il 13-15 oktyabr
tarixində Bakıda keçirilmiş İslam ölkələrinin
mədəniyyət nazirlərinin VI Konfransında Azərbaycanın
təşəbbüsü ilə 10-dan çox Avropa dövləti
də iştirak etdi.
Konfrans çərçivəsində
iştirak edən Avropa Şurasına üzv dövlətlərlə
İslam Konfransı Təşkilatına üzv dövlətlər
arasında mədəniyyətlərarası dialoqa dair birgə
kommunike qəbul edildi. 2010-cu ildən isə "Bakı Prosesi”
qlobal hərəkata çevrilməyə başladı.
2010-cu ilin sentyabrında BMT-nin Baş
Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının
Prezidenti tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun keçiriləcəyi elan edildi. Beləliklə, paytaxtımızda bu qəbildən
ilk forum 2011-ci ilin 7-9 aprel tarixlərində böyük
müvəffəqiyyətlə keçirildi və sonrakı
dövrlərdə də Bakıda bu silsilədən növbəti
forumların təşkili xoş bir ənənəyə
çevrildi.
"Bakı Prosesi” çərçivəsində
keçirilən Ümumdünya Mədəniyyətlərarası
Dialoq forumları BMT və onun strukturlarının mədəniyyətlərarası
dialoqun qurulması və inkişafı, irqi
ayrı-seçkiliyə və dözümsüzlüyə
qarşı mübarizə sahəsində qlobal platforma statusu
qazandı. 2016-cı ilin aprelində BMT Sivilizasiyalar
Alyansının 7-ci Qlobal Forumunun məhz Bakıda
keçirilməsi də bu uğurlu prosesin və fəaliyyətin
nəticəsi idi.
Həmçinin Birləşmiş
Millətlər Təşkilatı Baş katibinin 2017-ci ilin
sentyabrında BMT Baş Assambleyasının 72-ci
sessiyasındakı "Dünyanın rifahı naminə
sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası
dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın
təşviqi” adlı məruzəsində 2008-ci ildən
etibarən müvəffəqiyyətlə
reallaşdırılan "Bakı Prosesi”ni xüsusi
vurğulaması qədim dövrlərdən bəri
sivilizasiyalar arasında körpü rolunu oynamış Azərbaycanın
mədəniyyətlərarası dialoqa hazırkı mərhələdə
verdiyi töhfələrin beynəlxalq miqyasda xoş
etirafı kimi tarixə düşdü.
Tarixi ənənələrimizin
gücü
"Bakı Prosesi”nin
mövzu dairəsi kifayət qədər genişdir. Dinlər
arasında dialoq problemi isə burada hər zaman xüsusi yer
tutur. Bütün beynəlxalq tədbirlərdə
hansısa formada gündəmə gətirilir. Bu mövzuya xüsusi diqqətin ayrılması
sivilizasiyalararası, dinlərarası dialoqun dərinləşməsi,
güclənməsi, dünyada risklərin azalması,
ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət
verilməsi və bu təhlükəli meyillərin
qarşısının alınması niyyətindən irəli
gəlir.
Dünyanı vahid məkan, bəşəriyyəti
isə bir cəmiyyət kimi görmək istəyinin ifadəsi
olan bu cür tədbirlər yeni münasibətlər
qurmağa, daha mütərəqqi və aktual müzakirələr
aparmağa, dini insanın mənəvi dünyasının
müqəddəs dəyəri kimi qorumağa, hər cür
siyasi məqsədlərdən uzaq tutmağa, dinin əxlaq, tərbiyə,
mənəvi təmizlik mərtəbəsindən endirilib
çirkli niyyətlər üçün alətə
çevrilməsinin qarşısının alınmasına
xidmət edir.
Azərbaycan dinlər
arasında dialoqun əldə olunmasından ötrü təkcə
dünyanın nüfuzlu din xadimlərinin görüş və
müzakirə platformalarından deyil, ümumiyyətlə,
insanları ortaq məxrəcə gətirə biləcək
bütün mümkün vasitələrdən faydalanmağa
çalışır. Bunun uğurlu nümunələrini
yaradır. 2015-ci ildə ölkəmizdə
I Avropa Oyunlarının, iki ildən sonra - 2017-ci ildə IV
İslam Həmrəyliyi Oyunlarının keçirilməsi
buna bir örnəkdir. Prezident İlham Əliyevin də
qeyd etdiyi kimi, baxmayaraq ki bu, idman yarışlarıdır,
ancaq bu yarışların çox böyük siyasi mənası
var: "Çünki təsəvvür edin, cəmi iki il ərzində
bir ölkədə, bir şəhərdə islam ölkələrinin
və Avropa ölkələrinin idmançıları
yarışır və eyni zamanda, dostluq əlaqələri
yaradırlar. Çünki bu oyunlar, sadəcə
olaraq, idman yarışı deyil. Bu oyunlar
Azərbaycanda bir dostluq festivalına, dostluq bayramına
çevrilmişdir. Hər iki idman
yarışında 100-dən çox ölkə təmsil
olunurdu, minlərlə idmançı, məşqçi,
qonaq iştirak edirdi və əlbəttə ki, bu oyunların
dinlərarası, mədəniyyətlərarası dialoqun təşviqində
böyük rolu vardır”.
Azərbaycan bütün bunlara ona
görə nail ola bilir ki, bizim əsrlər ərzində
formalaşmış tarixi ənənələrimiz var.
Yüzilliklər ərzində müxtəlif dinlərin,
xalqların nümayəndələri Azərbaycanda bir ailə
kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində
yaşayıblar. Azərbaycan
Respublikasının Prezidenti dünya dini liderlərinin II
Sammitindəki çıxışı zamanı da bu amili
xüsusi vurğuladı. Qeyd olundu ki, dini
və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir.
Azərbaycanda uğurlu inkişafın, sabitliyin
bərqərar olması istiqamətində atılmış
bütün addımların arxasında dini və milli
dözümlülük, tolerantlıq və multikultural dəyərlər
dayanır.
Bunu ölkə ərazisindəki
dini abidələrdə də görmək olar. Bu abidələrin
aid olduğu tarixi dövrlər həm Vətənimizin qədimliyini,
həm də müxtəlif dövrlərdə
ayrı-ayrı dinlərin nümayəndələrinin Azərbaycanda
yaşayıb-yaratdıqları gözəl tarixi mirası əks
etdirir. Prezident İlham Əliyev islam
aləminin ən qədim məscidlərindən birinin Azərbaycanda
yerləşdiyini, bununla yanaşı ölkə ərazisində
digər dinlərə aid qədim abidələrin də
qorunub-saxlandığını qürurla sammit
iştirakçılarının diqqətinə
çatdırdı: "Şamaxı Cümə məscidi
743-cü ildə inşa edilmişdir, bir neçə il bundan
əvvəl əsaslı təmir olunmuşdur. Bu
məscid Dərbənd məscidindən sonra Qafqazın ən
qədim məscididir.
Eyni zamanda, qədim dövlət
olan Qafqaz Albaniyasının kilsəsi Azərbaycanın digər
tarixi şəhəri - Şəkinin
yaxınlığında yerləşir və bu kilsənin qədim
tarixi var. Bu, Qafqazın ən qədim kilsələrindən
biridir. Bakıda atəşpərəstlik məbədi - Atəşgah
yerləşir. Bu da onu göstərir ki, zərdüştlük
dininin Azərbaycanda qədim kökləri vardır. Sonrakı dövrlərdə rus pravoslav kilsələri,
sinaqoqlar, katolik kilsəsi inşa edilmişdir. ... Beləliklə, dinlərarası dialoqun Azərbaycanda
qədim tarixi vardır və müasir Azərbaycan dövləti
bu ənənələrə sadiqdir”.
Dəyərlərin
təbliği hər kəsin vəzifəsidir
Dünyəvilik, demokratik
inkişaf prinsiplərinə sadiq olan Azərbaycanda bu gün
dövlət-din münasibətləri ən yüksək səviyyədədir. Dövlət
hər bir vətəndaşının dini etiqad
azadlığına hörmətlə yanaşır.
Müsəlman ölkəsi kimi əhalisinin əsas hissəsinin
müqəddəs dini olan islamın ali dəyərlərinə
sahib çıxaraq bu dəyərləri təbliğ etməklə
yanaşı, digər dinlərin nümayəndələrinin
sərbəst fəaliyyətinə, öz dini ayinlərini
icra etmələrinə də şərait yaradılır. Azərbaycan dövləti ölkə ərazisindəki
bütün dini icmalara qayğı göstərir. Hansı dinə aidliyindən asılı olmayaraq hər
bir tarixi-dini abidəmizin qorunması, bərpası, təmiri,
eləcə də yeni dini məbədlərin inşası
istiqamətində addımlar atır.
Azərbaycan dövləti
dini dəyərlərə hörmət, dinlər arasında
dialoqun əldə olunması məsələsinə başqa
bir prizmadan da yanaşır. Din hər bir xalqın milli-mənəvi
dəyəridir. Qloballaşan dünyamızda xalqın milli
özünəməxsusluğunun, əxlaqi normalarının
qorunması üçün bu dəyərlərin
böyük təsir gücü var. Gənc nəsillərin
milli köklər üzərində yetişməsi, cəmiyyətin
tarixi ənənələr işığında müasir
inkişafa yönəlməsi üçün bu dəyərin
də təsir gücündən istifadə olunmalı,
qloballaşma meyillərinin milli-mənəvi dəyərləri
aşındırmasına yol verilməməlidir. Bu
mühüm məqama toxunan Azərbaycan Prezidenti deyir:
"Çünki biz görürük ki, dünyada,
dünyanın müxtəlif yerlərində ənənəvi
dəyərlərə qarşı kampaniya aparılır,
onlar gözdən salınır, bizim üçün yad olan,
bizim milli təfəkkürümüzə uyğun olmayan yeni
"dəyərlər” aşılanır. Biz
özümüzü və xüsusilə gənc nəslimizi
bu yad və bəd təsirdən qorumalıyıq. Ona görə hesab edirəm ki, ənənəvi dəyərlərin,
ailə dəyərlərinin təbliğ edilməsi
hamımızın işi olmalıdır”.
Dünyada sülhün,
sabitliyin, inkişafın, mədəniyyətlər və dinlər
arasında dialoqun bərqərar olması, multikultural dəyərlərin
yayılması istiqamətində Azərbaycanın
gördüyü işlər böyük bir tarixi
missiyadır.
Bu missiyanın mühüm bir hissəsi olan
"Bakı Prosesi” də dinlər və mədəniyyətlərarası
dialoqun önəmli platforması kimi hələ uzun illər
davam edəcək və bəşəriyyətin gələcəyinə
töhfə verəcək.
İradə ƏLİYEVA
Azərbaycan.-
2019.-30 noyabr.- S.1; 5.