Azərbaycan nümayəndə heyəti Bişkekdə Türk Şurasının Gənclər və İdman nazirlərinin dördüncü iclasında iştirak edir

 

Noyabrın 29-da Qırğızıstanın paytaxtı Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Gənclər və İdman nazirlərinin dördüncü iclası işə başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Qırğızıstanın Gənclərlə İş, Bədən Tərbiyəsi və İdman Dövlət Agentliyinin direktoru, Qazaxıstanın İnformasiyaSosial İnkişaf naziri, Türkiyənin Gənclər və İdman naziri, Özbəkistanın Bədən Tərbiyəsi və İdman nazirinin qatıldıqları tədbirdə Azərbaycan Respublikasını Gənclər və İdman naziri Azad Rəhimovun başçılığı ilə nümayəndə heyəti təmsil edir.

Tədbirdə Türk Şurasına üzv dövlətlərin gənclər sahəsində əməkdaşlığı, Gənclər Platforması Baş Assambleyasının ikinci, Gənc Liderlərin üçüncü forumunun tarixlərinin müəyyənləşdirilməsi və digər mühüm məsələlər müzakirə olunub. Bundan başqa, 2020-ci ildə Qazaxıstanda keçiriləcək ikinci İdman Oyunları Türk Universiadası, 2020-ci ildə Türkiyədə baş tutacaq dördüncü Dünya Köçəri Oyunları, Türk Şurasına üzv dövlətlərin dopinqlə mübarizə məsələsi, Türkiyə Antidopinq Komissiyasının təcrübə mübadiləsibu sahəni əhatə edən digər mühüm mövzular da müzakirəyə çıxarılıb.

Nazir Azad Rəhimov iclasda çıxış edərək bildirib ki, hazırda Bişkekdə keçirilən iclasdan əvvəl İstanbulda, Bakıda və Astanada toplantılar keçirilib. Eyni zamanda, daimi olaraq Türk Şurasında bu istiqamətdə işçi qrupu fəaliyyət göstərir. Türk Şurası çərçivəsində gənclər və idman sahələrində əməkdaşlıq düzgün istiqamətdə gedir.

Azərbaycanın 2016-2019-cu illərdə Türk Şurasının gənclər sahəsində 3, idman sahəsində 2 tədbirinə və bir dəfə də nazirlərin iclasına ev sahibliyi etdiyini xatırladan Azad Rəhimov bildirib ki, eyni zamanda, Türkiyədə, Qazaxıstanda və Qırğızıstanda keçirilmiş forum, festival, düşərgə və idman yarışlarında Azərbaycan gəncləri və idmançıları iştirak ediblər. Dövlətimizin başçısı İlham Əliyevin istər gənclər, istərsə də idman sahələrinə xüsusi diqqət və qayğı göstərdiyini qeyd edən nazir vurğulayıb ki, bu gün Azərbaycanda 40-a yaxın Gənclər evi və mərkəzi tikilərək gənclərin ixtiyarına verilib. Hazırda Azərbaycanda 45 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Milli Gimnastika Arenası və digər idman qurğularında ən mötəbər idman yarışları yüksək səviyyədə təşkil olunur.

Bildiyiniz kimi, keçən ay Türk Şurası Gənclər Platformasının birinci Baş Assambleyası Bakıda təşkil edilib. Baş Assambleyanın Türk Şurasının VII Zirvə Görüşü ərəfəsində keçirildiyini nəzərə alsaq, yaxşı bir ənənənin qoyulduğunu görərik. Təklif edirəm ki, Baş assambleyalar məhz Zirvə görüşlərindən əvvəl keçirilsin”, - deyə Azad Rəhimov bildirib. Həmçinin nazir Türk Şurası Gənclər Platformasının beynəlxalq gənclər təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasının faydalı olduğunu, hazırda platformaya Azərbaycanın sədrlik etdiyini, mövcud əlaqələrdən və təcrübədən istifadə edərək onun inkişafına töhfə verəcəyini bildirib. Çıxışının sonunda nazir Azad Rəhimov 2020-ci ilin yayında Türk Şurası V Beynəlxalq Gənclər Düşərgəsinin Azərbaycanda keçirilməsini təklif edib.

Səfər çərçivəsində Gənclər və İdman naziri Azad Rəhimov və Qırğızıstanın Gənclərlə İş, Bədən Tərbiyəsi və İdman Dövlət Agentliyinin direktoru Kanat Amankulov bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Sazişi və gənclər siyasəti sahəsində 2020-2021-ci illəri əhatə edən Tədbirlər Planını imzalayıblar.

 

Azərbaycan.- 2019.- 30 noyabr.- S.6.