DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Cəlilabad rayonunda vətəndaşları qəbul edib

 

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 30-da şəhər və rayonlarda vətəndaşların mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Cəlilabad rayonunda vətəndaşları qəbul edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, qəbulda Cəlilabad rayon sakinləri ilə yanaşı, Yardımlı, Biləsuvar, Lənkəran, Lerik, Astara, Masallı rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.

DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.

Görüşdə əsasən dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, aliorta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və digər məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilib.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.

Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da Məleykə Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

 

Azərbaycan.- 2019.- 1 oktyabr.- S. 2.