Azərbaycan prokurorluğunun müasir inkişaf dövrü

 

Ölkənin davamlı tərəqqisinə aparan hərtərəfli islahatlar məhkəmə-hüquq sisteminin inkişafının yeni mərhələsini şərtləndirmişdir

 

Prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir.

 

İlham ƏLİYEV

 

Müasir Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin uzaqgörən milli dövlətçilik ideya və düşüncələrinin tam əsaslılığının və birmənalı düzgünlüyünün triumfu və əyani sübutu olmaqla Ulu Öndərin siyasi kursunun, onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən dövrün reallıqları və gerçəklikləri nəzərə alınmaqla daha da zənginləşdirilərək həyata keçirilməsi nəticəsində uğurla inkişaf edir. Sosial-iqtisadi sahə ilə bağlı dövlət başçısının yanında keçirilmiş müşavirədə qeyd olunduğu kimi, iqtisadi vəziyyət çox müsbət olmaqla ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələr icra olunur.

Vətəndaşların rifahının daha da yüksəldilməsi istiqamətində çox önəmli kompleks tədbirlər görülməklə əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artırılmış, manatın məzənnəsi sabit olmaqla inflyasiya cəmi 2,5 faiz təşkil etmişdir. Minimum pensiyanın 70 faizdən çox, minimum əməkhaqqının isə iki dəfəyə yaxın artırılması nəticəsində alıcılıq qabiliyyətinə görə bu göstəricilər üzrə ölkənin MDB məkanında müvafiq olaraq birinci və ikinci yerlərdə qərarlaşmasını şərtləndirmişdir. Əhalinin sosial cəhətdən həssas təbəqəsi olan əlillərin, məcburi köçkünlərin, tələbə və gənclərin rifahının daha da yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirilməklə, onlara ödənilən müavinət və təqaüdlər artırılaraq gəlirləri əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Ölkədə sosialyönümlü dövlət siyasətinin həyata keçirilməsində, əhalinin rifahının yüksəlməsində, sosial xidmətlərin asan, şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsində, insanları narahat edən problemlərin aradan qaldırılmasına nail olunmasında, dinlərarası və mədəniyyətlərarası münasibətlərin qurulmasında, milli-əxlaqi əsasların möhkəmləndirilməsində, idmanın və multikultural dəyərlərin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, genişmiqyaslı proqram və layihələrin gerçəkləşdirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti və misilsiz xidmətləri xüsusi qeyd olunmalıdır.

Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanı məhkəmə-hüquq islahatlarının yeni mərhələsinin başlanğıcı olmuşdur. Bu fərman konseptual əhəmiyyətli proqram xarakterli mühüm dövlət sənədi olmaqla ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatların məhkəmə-hüquq sisteminin inkişafında da yeni mərhələnin başlanması və bu sahədə islahatların genişləndirilməsi zərurətindən irəli gəlmişdir. Ölkə Prezidentinin Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində qeyd etdiyi kimi, fərmanın icrası bu sahədə də ciddi dönüşə səbəb olacaqdır.

Məhkəmə-hüquq islahatlarının yeni mərhələsinin əsasını qoymaqla bu sahədə strateji hədəfləri müəyyən edərək həmin istiqamətdə görülən işlər üçün "yol xəritəsi” əhəmiyyətinə malik olan bu fərmanın tələblərindən irəli gələrək prokurorluq orqanlarının üzərinə düşən mühüm vəzifələrin vaxtında və səmərəli icrasını təmin etmək məqsədilə Baş Prokurorluq üzrə 4 aprel 2019-cu il tarixli sərəncamla işçi qrupu yaradılaraq müntəzəm iş aparılmışdır.

Eyni zamanda, Prezidentin 3 aprel 2019-cu il tarixli fərmanının 2-4-cü bəndlərinin icrasını vaxtında və keyfiyyətlə təmin etmək məqsədilə Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi, Ali Məhkəmə və Baş Prokurorluğun 5 aprel 2019-cu il tarixli sərəncamı ilə həmin qurumların əməkdaşlarından ibarət tərkibdə birgə işçi qrupu yaradılaraq intensiv fəaliyyət göstərmişdir.

Fərmanın 2-ci hissəsinin icrası üzrə müvafiq təhlillər aparılmaqla təkliflərin hazırlanması məqsədilə birgə işçi qrupu tərəfindən qabaqcıl xarici ölkələrin qanunvericilik və məhkəmə təcrübəsi öyrənilməklə, yeni və mütərəqqi hüquq normalarının milli qanunvericiliyə implementasiya imkanları nəzərdən keçirilərək Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrinə 400-ə yaxın dəyişikliyin edilməsini nəzərdə tutan qanun layihələri hazırlanmışdır. "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmandan irəli gələn məsələlərlə bağlı məhkəmələrdə dövlət ittihamının müdafiəsinin səmərəliliyinin daha da artırılması məqsədilə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının məhkəməyə daxil olması, onların hazırlıq iclasları, həmin işlərin məhkəmədə baxılmasının nəticələrinin elektronlaşdırılmasını əhatə edən, cinayət işlərinə nəzarət, sürətli axtarış, cinayət işi üzrə vurulmuş ziyanın məbləğinin, cəzaların hədlərinin müəyyən olunması, cəzanın cinayətlərin məcmusu üzrə hesablanması, qısa müddətdə ümumiləşdirmələr aparılması və digər imkanları nəzərdə tutan "Elektron Dövlət İttihamı” proqramı hazırlanaraq cari il sentyabr ayının 24-də istifadəyə verilmişdir. Bu proqrama "Elektron Cinayət” proqramı inteqrasiya olunmuşdur ki, həmin funksiya cinayət işinin nömrəsinin daxil edilməsi ilə "Elektron Cinayət” proqramına daxil edilmiş cinayət işi materialları ilə tanış olmaq imkanı yaradır.

"Elektron Cinayət” proqramı 2015-ci ildə istifadəyə verildikdən sonra indiyədək 52 mindən çox sənəd, o cümlədən 7 minə yaxın cinayət işi və 45 mindən çox cinayət xarakterli materiallar qeydiyyatdan keçirilmişdir. Bu da prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini təsdiq edən göstəricilərdən biridir. Artıq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi və Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsi də daxil olmaqla "Elektron Cinayət” proqramından tam istifadə edilməsi təmin olunmuşdur.

"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanla cinayət mühakimə icraatında dövlət ittihamçıları qarşısında qoyulmuş vəzifələrin daha səmərəli həyata keçirilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Baş Prokurorluq üzrə Bakı Şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsində 2 böyük və 23 prokuror vəzifələrinin yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri ilə komplektləşdirilməsi üçün müsabiqə elan olunmaqla bu prosesin həyata keçirilməsi üçün Müsabiqə Komissiyası yaradılmışdır. Komissiyanın üzvləri olan prokurorluq işçiləri ilə yanaşı, onun işində Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin müvafiq üzvləri iştirak etməklə keçirilmiş müsabiqənin yekununda yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri seçilmiş, onlardan dövlət ittihamının müdafiəsi sahəsində iş təcrübəsi olmayanlar Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən birgə təşkil olunmuş müvafiq ixtisasartırma kursu keçmişlər. Müsabiqə nəticəsində müvəffəqiyyət qazanmış prokurorluq işçiləri Bakı Şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin müvafiq vəzifələrinə təyin olunmuşlar.

Ölkə Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş, prokurorluğun daha da təkmilləşərək müasirləşdirilməsi dövrünün əsasını qoymuş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın icrası prokurorluğun hüquq sisteminin inkişafı prosesində rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətinin təşkili, insan hüquq və azadlıqlarının qorunması, fəaliyyətində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə edilməsi, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bu dövlət orqanının fəaliyyətinin bütün istiqamətləri üzrə peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki təminatının yaxşılaşdırılması sahələrində ciddi nailiyyətlər əldə edilmişdir.

Tarixi inkişaf baxımından çox da böyük olmayan müddətdə respublikamızda məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi, hüquq sisteminin inkişafı istiqamətində mühüm tədbirlər görülməklə prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün yüksək tələblərinə uyğun qurulması üçün son illər ərzində daha böyük işlər görülmüşdür. İslahatların həyata keçirilməsi, fəaliyyətdə səmərəliliyin artırılması üçün təkmilləşmənin aparılmasının, bütövlükdə müasirləşmənin sonu olmadığından bu proses bu gün də intensiv şəkildə davam etməkdədir.

 

Prokurorluq işçilərinin peşə bayramları və yubileyləri yüksək dövlət səviyyəsində qeyd olunur

 

Bu gün Azərbaycanda milli prokurorluq orqanlarının yaranmasının 101-ci ili tamam olur. Bu gün prokurorluq işçiləri, prokurorluğun veteranları, bütün hüquq ictimaiyyəti üçün əlamətdar bir hadisə kimi böyük ruh yüksəkliyi ilə qeyd olunur.

Qürurverici tarixi həqiqətdir ki, 1918-ci il may ayının 28-də Şərqdə ilk dəfə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti bəşəriyyətin inkişaf salnaməsində yeni parlaq bir səhifə açmaqla xalqımızın dünya dövlətçilik irsinə, demokratik dövlət quruculuğu prosesinə mühüm töhfəsi olmuşdur. Prokurorluq hər bir demokratik dövlətin zəruri atributlarından biri olduğundan Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğunun ilk aylarında həyata keçirilmiş dövlət orqanlarının strukturunun yaradılması prosesi çərçivəsində qəbul edilmiş ən mühüm qərarlardan biri də məhz prokurorluq orqanlarının təsis edilməsi ilə bağlı olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluğun təsis edilməsi yalnız o zaman üçün deyil, həmçinin sonrakı dövrlər üçün, bütövlükdə milli prokurorluq orqanlarımızın hazırkı yüksək inkişaf səviyyəsində formalaşdırılmasının əsasının qoyulması baxımından tarixi əhəmiyyətə malik hadisədir. Lakin Azərbaycan Prokurorluğunun ölkənin hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının qorunmasında çox əhəmiyyəti olan, konstitusion statuslu, yüksək dünya standartlarına və müasir beynəlxalq tələblərə uyğun sivil təsisat kimi formalaşması yalnız Ümummilli Lider Heydər Əliyev tərəfindən hazırlanaraq həyata keçirilməyə başlanılmış, sonradan onun layiqli davamçısı, müdrik və uzaqgörən dövlət başçısı İlham Əliyev tərəfindən yeni dövrün tələbləri nəzərə alınmaqla müasir müstəvidə uğurla reallaşdırılan hüquqi dövlət quruculuğu konsepsiyasının gerçəkləşdirilməsi sayəsində mümkün olmuşdur.

Milli prokurorluq orqanları 1918-ci ildə yaranaraq bu dövlət təsisatının tarixinin həmin vaxtdan hesablanmasına, idarəetmənin digər sahələrində müvafiq təcrübənin mövcud olmasına baxmayaraq, prokurorluq işçilərinin peşə bayramı çox illər qeyd olunmamışdır. Məhz Ümummilli Lider Heydər Əliyevin prokurorluğa və prokurorluq işçilərinə diqqətinin ifadəsi olan və tarixi gerçəkliyi əbədiləşdirən, 17 iyul 1998-ci il tarixli sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməklə qeyd olunmağa başlanmışdır. Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi prokurorluq işçilərinə yüksək dövlət qayğısının təzahürü olmaqla prokurorluq orqanlarının fəaliyyətinə böyük dəyər verilməsinin təsdiqidir.

Ümummilli Lider prokurorluq işçilərinin peşə bayramını təsis etdikdən sonra prokurorluq işçilərinin hər il bu günün təntənəli şəkildə qeyd olunması ənənəsi yaranmışdır. Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş 28 noyabr 1998-ci il tarixli yığıncaqda Ümummilli Lider dərin məzmunlu nitq söyləyərək prokurorluq işçiləri üçün önəmli olan məsələlərə toxunmuş, onlara çox dəyərli tövsiyələr verərək prokurorluq orqanlarının ümdə vəzifələrini qeyd etmişdir. Heydər Əliyevin qeyd etdiyi dərin mənalı "Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız” kəlamı prokurorluq işçilərində böyük ruh yüksəkliyi və iftixar hissi yaratmaqla yanaşı, onları öz fəaliyyətlərinə daha yüksək tələbkarlıqla və məsuliyyətlə yanaşmağa səfərbər edərək gündəlik fəaliyyət şüarına çevrilmişdir.

2018-ci ildə milli prokurorluq orqanlarının dövlətçilik tariximiz, ölkənin hüquq sisteminin, hüquq mühafizə orqanlarının və məhkəmə hakimiyyətinin formalaşdırılması və inkişaf tarixi üçün əlamətdar hadisə olan 100 illik yubileyi xüsusi təntənə ilə qeyd olundu. Azərbaycan Respublikasının 31 may 2018-ci il tarixli qanunu ilə "Azərbaycan prokurorluğunun 100 illiyi (1918-2018) Azərbaycan Respublikasının yubiley medalı” təsis edilməklə onun Əsasnaməsinin təsdiq edilməsi prokurorluq orqanlarına dövlət başçısı səviyyəsində göstərilən qayğının növbəti təsdiqi olmuşdur. Yubiley medalı ilə prokurorluq orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində peşəkarlığı ilə fərqlənən, uzun müddət qüsursuz xidmət edən prokurorluq əməkdaşları və veteranları ilə yanaşı, prokurorluq orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər də təltif olunmuşlar.

 

Cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparılır, sabitlik təmin olunur

 

Prokurorluq orqanlarının daxili işlər, ədliyyə, dövlət təhlükəsizliyi və məhkəmə orqanları ilə əlaqəli şəkildə birgə fəaliyyətinin nəticəsi olaraq ölkədə dayanıqlı ictimai-siyasi sabitlik qorunaraq dövlət maraqlarının müdafiəsi, cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparılmaqla kriminogen durumun stabilliyi və bütün mənfi təzahürlərin qarşısının alınması təmin edilir.

Görülmüş səmərəli birgə tədbirlərin nəticəsi olaraq cinayətkarlığın dinamikasında və xarakterində müsbət cəhətlər möhkəmlənmiş, cari ilin birinci yarımilində qeydə alınmış bir sıra cinayət növlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalmışdır.

Əvvəlki illərdə bağlı qalmış ağır və xüsusilə ağır cinayətlərin, qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətlərinin açılması istiqamətində görülən məqsədyönlü intensiv istintaq tədbirləri, Baş Prokurorluqda bu işlərə rəhbərliyi həyata keçirən idarənin zona prokurorlarının yerlərə ezam olunaraq istintaqın planlaşdırılmasında və təşkilində əməli kömək göstərmələri sayəsində cari ilin birinci yarımilinin göstəriciləri ötən ilin müvafiq dövrünə nisbətən xeyli artmışdır.

Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi dövlət siyasətinin və strateji inkişaf konsepsiyasının prioritetlərinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı ardıcıl və sistemli mübarizə aparılmaqla, bu sosial bəlaya qarşı əks-təsir mexanizmlərindən daha geniş istifadə edilməklə onun baş verməsinə səbəb olan və şərait yaradan halların aradan qaldırılması istiqamətində mühüm islahatlar, institusional, struktur və təşkilati tədbirlər davam etdirilmişdir. Korrupsiyaya qarşı mübarizə prokurorluğun fəaliyyətinin ən önəmli istiqaməti olaraq bu sahədə səmərəliliyinin artırılması və daha intensiv tədbirlərin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilməklə işin effektivliyinin yüksəlməsinə nail olunmuşdur.

Prokurorluq orqanlarına dövlət tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində göstərilən etimadın yüksəlməsinin nəticəsi olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yeni vəzifələr həvalə edilməklə Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2018-ci il tarixli fərmanı ilə bu qurumun Əsasnaməsində dəyişiklik edilərək ona cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəli cinayətlərin mərkəzləşmiş statistikasının elektron formada aparılmasını təşkil etmək, həmin cinayətlərlə bağlı statistik məlumatların toplanması, emalı və ötürülməsi üzrə informasiya sisteminin fəaliyyətini təmin etmək tapşırılmışdır. Prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin səmərəli icrasının həyata keçirilməsi ilə bağlı zəruri məsələlərin tənzimlənməsi məqsədilə Baş Prokurorluq üzrə 27 noyabr 2018-ci il tarixli əmrlə "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəli cinayətlərin vahid məlumat bazasına dair” Təlimat və "Təqdim edilməli olan məlumatların Siyahısı” təsdiq edilmişdir.

Fərmanın icrası ilə bağlı görülən işlər çərçivəsində 2019-cu il sentyabrın 7-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında Baş Prokurorluğun aidiyyəti struktur qurumlarının, o cümlədən Daxili İşlər, Vergilər, Fövqəladə Hallar və Ədliyyə nazirlikləri, habelə Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin nümayəndələrinin iştirakı ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərlə bağlı statistik məlumatların bir mərkəzdə toplanmasını təmin edəcək Vahid İnformasiya Bazasının təqdimat mərasimi keçirilmişdir. Vahid İnformasiya Bazası statistik məlumatların vahid mərkəzdə toplanmasını təmin etməklə yanaşı, əldə edilmiş informasiyanın müxtəlif parametrlər üzrə emalına imkan verir. Belə ki, proqramın geniş texniki imkanları qeyd edilən növ cinayətlərin ümumi dinamikasını izləməklə yanaşı, toplanan məlumatlar əsasında müxtəlif istiqamətlər üzrə analitik təhlillər aparılmasına və son nəticədə cinayətkarlığın bu növləri ilə mübarizə işinin daha keyfiyyətli təşkilinə şərait yaradacaqdır.

Korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanlarına inamın artmasının nəticəsi olaraq ötən ilin peşə bayramından hazırkı dövrədək olan müddətdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vətəndaşların 8118 müraciəti daxil olmuşdur. Onlar "Qaynar xətt” əlaqə mərkəzi üzrə müraciətlərin 3302-si nəzarətdə saxlanılmaqla aidiyyətı üzrə nazirlik, komitə və təşkilatlara göndərilmiş, 117-si prokurorluğun müvafiq struktur qurumlarında, 217-si isə Baş İdarədə araşdırılmış, korrupsiya ilə əlaqədar olmayan məsələlərlə bağlı 46 müraciət üzrə vətəndaşlara hüquqları izah edilmişdir. Həmin müraciətlərin 27-si üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılmışdır. Həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa olunmuş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilmişdir.

 

Gənc kadrların müsabiqə əsasında təyinatı təkmilləşməyə rəvac vermişdir

 

Prokurorluq orqanlarının inkişafı, yüksək beynəlxalq standartlar səviyyəsində təkmilləşərək hazırkı statusa malik dövlət təsisatı kimi formalaşması Ümummili Lider Heydər Əliyevin adı ilə bağlıdır. Kadr siyasətinin həyata keçirilməsi, yüksək ixtisaslı, peşəkar milli kadrların yetişdirilməsi, onların irəli çəkilməsi məsələlərinə hər zaman xüsusi əhəmiyyət verən Ulu Öndər 19 iyun 2001-ci il tarixli fərmanı ilə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə” təsdiq edərək prokurorluq orqanlarına işə qəbulun ən sivil və demokratik üsul olan müsabiqə yolu ilə, şəffaf prosedurlar əsasında aparılması qaydalarını müəyyən etmişdir. Prokurorluq orqanlarına işə qəbulun müsabiqə əsasında həyata keçirilməsi prokurorluğun kadr tərkibinin hərtərəfli, savadlı və yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvərliyi və dövlətçilik ideyalarına sədaqəti ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsinə şərait yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prokurorluq orqanları qarşısında müəyyən etdiyi, dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması prosesinin uğurla həyata keçirilməsi üzrə zəruri tədbirlər görülərək gənc hüquqşünasların prokurorluğa işə qəbulu ilə bağlı mütəmadi olaraq müsabiqələr keçirilmişdir. Bu istiqamətdə görülən işlər prokurorluğun inkişafının sürətlənməsində əhəmiyyətli olmaqla, fəaliyyətimizin daha səmərəli qurulmasına imkan yaratmışdır. Bununla əlaqədar olaraq dövlət başçısı prokurorluq orqanlarına müasir dünyagörüşlü, bilikli və dövlətçilik ideyalarına sadiq gənc hüquqşünasların qəbulunun prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə təkan verdiyini vurğulamışdır.

Gənclərə hərtərəfli diqqət və qayğının göstərilməsi, onların sosial-iqtisadi, elmi-mədəni və digər sahələrdə irəli çəkilməsi, potensiallarından daha geniş istifadə edilməsi ölkədə həyata keçirilən sosialyönümlü dövlət siyasətinin tərkib hissəsidir.

2002-ci ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə prokurorluq orqanlarına qəbulla bağlı 19 müsabiqə keçirilmişdir. 2018-ci ildə müsabiqə yolu ilə 85, ümumilikdə isə uğur qazanmış 873 gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilmişdir ki, onlar da hazırda prokurorluq işçilərinin 67 faizini təşkil edir. Diqqətəlayiq haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş, o cümlədən 22 nəfəri ilk dəfə olaraq müstəqil rayon, şəhər və ərazi hərbi prokuroru vəzifələrinə təyin edilmişlər.

Ötən illərin təcrübəsi nəzərə alınaraq, müsabiqənin sənəd qəbulu mərhələsinin sadələşdirilməsi məqsədilə Baş Prokurorluq üzrə 7 sentyabr 2015-ci il tarixli əmrlə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”nda dəyişikliklər edilmişdir.

2019-cu il fevral ayının 18-də prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər üçün 80 vakant ştat vahidi üzrə elan edilmiş növbəti 20-ci müsabiqə çərçivəsində sənədlərin qəbulu prosesi 2019-cu ilin avqust ayının 2-də başa çatmışdır. Sənəd qəbulu mərhələsinin sadələşdirilməsi nəticəsində müsabiqə şərtlərinə cavab verən 301 namizədin (o cümlədən 39 qadın) sənədləri qəbul edilmişdir. Avqust ayının 9-da müsabiqənin ilkin mərhələsi olan test imtahanı, 21-də isə ikinci - yazılı imtahan mərhələsi keçirilmişdir.

Baş Prokurorluğun Müsabiqə Komissiyası Dövlət İmtahan Mərkəzi ilə birlikdə imtahanın birinci - test mərhələsinin və komissiya tərəfindən yazılı mərhələsinin tam aşkarlıq şəraitində, şəffaf üsullarla, obyektiv prosedurlar əsasında və beynəlxalq tələblərə uyğun keçirilməsi üçün bütün zəruri tədbirləri təmin etmişdir. Vahid auditoriyada - Bakı İdman Sarayında keçirilən imtahanı 17 dövlət qurumunun, qeyri-hökumət və beynəlxalq təşkilatın, həmçinin 8 kütləvi informasiya vasitəsinin nümayəndələri müşahidə etmişlər.

İndiyədək ictimai köməkçi qismində fəaliyyət göstərməsi ilə bağlı 145 tələbənin müraciəti qeydiyyata alınmış və onlardan 100 nəfəri prokurorluğun müvafiq struktur qurumlarında fəaliyyətə qəbul olunmuşdur. Müraciət etmiş gənclərin əksəriyyəti Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinin, bir qismi isə xarici dövlətlərin ali təhsil müəssisələrinin tələbəsidir.

 

Müraciətlərə baxılması və vətəndaşların qəbulu işinə diqqət və qayğı daha da artırılmışdır

 

Prokurorluq orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbuluna xüsusi qayğı göstərilməklə, daxil olan hər bir ərizə və şikayətlərə diqqətlə yanaşılır. Bu da ölkədə dövlət başçısı tərəfindən uğurla həyata keçirilən siyasətin tələblərindən irəli gəlir. Müraciətlərə baxılması və vətəndaşların qəbulunun təşkili və həyata keçirilməsi üzrə fəaliyyət ölkə Prezidentinin rəhbər göstəriş və tövsiyələrinə uyğun olaraq qurulmaqla, "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun, digər qanunvericiliyin tələblərinə tam və dəqiq əməl edilməklə aparılır.

Həmin sahədə fəaliyyətin təkmilləşdirilməsinə, aşkarlığın və operativliyin artırılmasına önəmli əhəmiyyət verilərək bu məsələlər daim diqqət mərkəzində saxlanılmaqla, Azərbaycan Respublikasının Baş Prokurorluğunda prokurorluğun fəaliyyət istiqamətləri üzrə vətəndaşların müraciətlərinin qəbulu və qeydə alınması işinin daha səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə "Çağrı Mərkəzi”nin yaradılması prosesi yekunlaşdırılaraq qısa müddətdə fəaliyyətə başlaması nəzərdə tutulmuşdur. "Çağrı Mərkəzi” həftənin bütün günləri 24 saat ərzində fasiləsiz fəaliyyət göstərməklə vətəndaşlara şəhərlərarası, respublikadaxili və mobil telefonlar vasitəsilə ödənişsiz zəng etmək imkanı yaradaraq, daxil olan hər bir müraciətin və zənglər zamanı aparılan telefon danışıqlarının səs yazılarının xüsusi proqram vasitəsilə qeydə alınması, hər bir daxil olmuş müraciət üzrə yoxlama aparılmaqla zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.

Baş Prokurorluqda son bir il ərzində 1489 vətəndaşın qəbulu həyata keçirilmiş, o cümlədən 213 nəfər Baş Prokurorluğun rəhbərliyi tərəfindən qəbul edilmişdir. Eyni zamanda, ölkənin müxtəlif bölgələrində Baş Prokurorluğun rəhbərliyi tərəfindən mütəmadi olaraq əhalinin səyyar qəbulu keçirilməklə vətəndaşların qaldırdıqları məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Bu istiqamətdə görülən tədbirlər müntəzəm xarakterli olmaqla, cari ilin ötən doqquz ayı ərzində bölgələrdə Baş Prokurorluğun rəhbərliyi tərəfindən keçirilmiş on səkkiz səyyar qəbul zamanı 300 vətəndaş qəbul edilmiş, onlardan daxil olmuş 261 müraciətdən 251-i prokurorluğun icraatına qəbul edilmiş, 10-u isə baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilmişdir. Həmin qəbullar zamanı vətəndaşlardan daxil olmuş müraciətlərin hərtərəfli araşdırılması və qısa müddətdə qanuni həlli üçün zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Bir sözlə, prokurorluq işçiləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosialyönümlü dövlət siyasətini tam dəstəkləyərək, bundan sonra da ölkənin davamlı tərəqqisinin təmin edilməsi üçün həyata keçirilən hərtərəfli islahatlar konsepsiyasının reallaşdırılmasına, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə, ölkənin hüquq sisteminin möhkəmləndirilməsinə və hüquqi dövlət quruculuğu prosesinin sürətləndirilməsinə, prokurorluğun fəaliyyətinin ən yüksək dünya standartları səviyyəsində təkmilləşdirilməsinə çalışaraq, üzərlərinə düşən vəzifələri yüksək məsuliyyət hissi ilə icra etməklə dövlət müstəqilliyimizin və suverenliyimizin etibarlı müdafiəsinə, ictimai-siyasi sabitliyin qorunmasına, qanunçuluğun və təhlükəsizliyin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsinə xidmət edəcəklər.

 

Zakir QARALOV,

 

Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri

 

Azərbaycan.- 2019.- 1 oktyabr.- S. 3.