Nəsimi
festivalı çərçivəsində VIII Beynəlxalq
“Tullantıdan sənətə” sərgisi açılıb
Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 30-da "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VIII Beynəlxalq "Tullantıdan sənətə” sərgisi açılıb.
Layihə Heydər Əliyev Fondunun təşəbbüsü, "Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə həyata keçirilir.
Rusiyalı rəssam Fukrat Bayçibayev sərgi ilə bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: "Mənim metal tullantılardan ərsəyə gətirdiyim "Şərq gözəlliyi” əsərim görkəmli mütəfəkkir Nəsiminin mədəni irsində göstərilən ən parlaq və ecazkar simalardan biri olan Şərq gözəlini tərənnüm edir. Bu gözəli o, bir çox şeirlərində vəsf edib. Barelyef müxtəlif polad detallardan hazırlanıb. İnanıram ki, ziyarətçilər tərəfindən bəyəniləcək”.
Azərbaycanlı rəssam Şahnaz Ağayeva əsəri barədə məlumat verərək deyib ki, "Açıqlama” adlı instalyasiyasının əsas məğzi daşlaşmış beyinlərin elm və savada köklənməsi konseptini ehtiva edir: "Daş informasiya daşıyıcılarından biridir. İnsan beyninin məhz daşla müqayisə edilməsi konsepti daha dəqiqləşir, inkişafa can atmaq üçün dayaq nöqtəsi olur. Belə bir sərgidə iştirakdan məmnunam, yaradılan şəraitə görə təşkilatçılara təşəkkür edirəm”.
Xorvatiyalı Sanya Pribiçin "Seirlərin nəsimi” adlı əsəri yeddi üfüqi şəkildə asılmış, üzərinə qəzetlər yapışdırılmış və mavi rəngə boyadılmış penoplast parçasıdır. Rəssam deyib: "Hürufizmdə yeddi müqəddəs rəqəmdir. Əsərin nümayiş edildiyi yerdə hava axınının paketləri yüngül mehlə - nəsimlə hərəkətə gətirməsi şairin təxəllüsünə işarə verir. Nəsiminin yaradıcılığı səmadan bizə gələn bir bəxşişdir”.
Monteneqrolu rəssam Luka Radoyeviçin sərgidə yer alan "Nəsiminin xəyalları” əsəri də olduqca maraqlıdır. Əsər haqqında məlumat verən rəssam deyib: "Mən Nəsiminin uşaqlığını göstərən dörd portretini çəkmişəm. Plastikdən kollaj şəkilində hazırlanmış portret Azərbaycanın xəritəsidir. Burada onun ingilis dilində tərcümə olunmuş şeirləri yer alır”.
Budəfəki sərgidə 14 ölkədən 21 rəssam-heykəltəraşın əl işləri nümayiş olunur. Sərgidə Azərbaycan, Çin, Finlandiya, Hindistan, Xorvatiya, İordaniya, İran, Monteneqro, Özbəkistan, Rusiya, Türkiyə, Şimali Makedoniya, Ukrayna və Yaponiyadan olan incəsənət nümayəndələrinin əl işləri təqdim edilib. Ənənəvi keçirilən sərgi bu il 650 illik yubileyi qeyd olunan dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunub.
"Tullantıdan sənətə” sərgisi
2010-cu ildən etibarən təşkil olunur.
2015-ci ildən Qala qəsəbəsində
"Tullantıdan sənətə” muzeyi
də fəaliyyət göstərir. Layihə
tullantı materiallarından sənət əsərləri
yaratmağın mümkünlüyünü
nümayiş etdirir.
Əsas məqsəd əhaliyə ətraf mühiti
təmiz saxlamağın vacibliyini
aşılamaq, insanları lazımsız saydıqları əşyaları
düşünmədən zibil
qutularına atmaq vərdişlərindən
çəkindirməkdir.
Azərbaycan.- 2019.- 1 oktyabr.- S. 5.