XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının təntənəli
bağlanış mərasimi olub
Bakıda
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə keçirilən
XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi
Festivalının sentyabrın 30-da təntənəli
bağlanış mərasimi olub.
AZƏRTAC
xəbər verir ki, tədbirdə Mədəniyyət naziri
Əbülfəs Qarayev, ictimai təşkilatların nümayəndələri,
tanınmış mədəniyyət və incəsənət
xadimləri, musiqisevərlər iştirak ediblər.
Bağlanış
mərasimində dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Simfonik Orkestri və beynəlxalq müsabiqələr
laureatları Elnarə Məmmədova (Azərbaycan-Rusiya),
Regina Rüstəmova (Rusiya), İlham Nəzərov (Azərbaycan),
Mahir Tağızadə (Azərbaycan), Cəbrayıl
İdrisov (Özbəkistan), Ümid İsrailov (Özbəkistan),
Giorgi Çelidze (Gürcüstan) və başqaları
çıxış ediblər.
Qeyd edək ki, Üzeyir Hacıbəyli göstərdiyi xidmətlərlə öz adını Azərbaycanın musiqi tarixinə əbədi olaraq həkk edib. Dahi bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin 1995-ci ildə - bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Böyük bəstəkar Azərbaycan xalqının tarixində silinməz iz qoyub. Təsadüfi deyil ki, Üzeyir bəy həm də ötən il 100 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-mədəni həyatında yaxından iştirak etmiş böyük şəxsiyyətlərimizdəndir.
Bu gün də Üzeyir bəy ənənələri davam edir. Milli Musiqi Günü artıq 10 ildir ki, təkcə musiqi bayramı olaraq deyil, həm də daha geniş miqyasda beynəlxalq musiqi festivalı kimi musiqisevərlərin görüşünə gəlir. Azərbaycan musiqisi bu gün beynəlxalq aləmdə təbliğ edilir. Musiqi kollektivlərimiz beynəlxalq müsabiqələrdə çıxış edərək Azərbaycan xalqının musiqi yaradıcılığı qüdrətini nümayiş etdirir. Heydər Əliyev Fondunun təşkilatçılığı, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan musiqisinin tarixi ənənələri UNESKO tərəfindən qorunmaqdadır.
Musiqi günü münasibətilə Azərbaycanın bütün bölgələrində tədbirlər həyata keçirilib. Bundan əlavə, builki XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində paytaxtın bütün mədəniyyət müəssisələrində musiqi bayramı əhvalı hökm sürüb, tanınmış musiqiçilərin əsərləri səsləndirilib.
XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında Azərbaycan, ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri çıxış ediblər. Festival günlərində paytaxtın bir sıra konsert salonlarında - Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında, Heydər Əliyev Sarayında, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ümumilikdə 40-a yaxın tədbir keçirilib.
Festival günlərində Xalq artisti, bəstəkar Aygün
Səmədzadənin "Azərbaycan 100 mahnıda” layihəsinin,
Azərbaycan Bəstəkarlar İttifaqında Əməkdar
incəsənət xadimi, akademik
Zemfira Səfərovanın "Azərbaycan
musiqi tarixi”
kitabının təqdimatları, Soltan
Hacıbəyovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi və
digər təqdimatlar olub.
Azərbaycan.- 2019.- 1 oktyabr.- S. 5.