“Azərbaycan gəncliyi
2017-2021-ci illərdə” Dövlət Proqramının
Əlaqələndirmə Şurasının iclası keçirilib
"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasında 28 dövlət qurumu, eləcə də yerli icra hakimiyyəti, bələdiyyə orqanları, publik şəxslər və qeyri-hökumət təşkilatları iştirak edirlər. Dövlət Proqramının mərkəzi və yerli komponentləri eyni dərəcədə əhəmiyyət daşıyır və bütövlükdə 2 milyon 600 min nəfər ölkə əhalisinin müxtəlif hüquq, tələb və maraqlarını yönləndirir və təmin edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 2017-ci il sentyabrın 15-də imzaladığı müvafiq Sərəncamla təsdiq olunmuş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının sentyabrın 30-da Bakıda keçirilən iclasında səsləndirilib.
Dövlət qurumlarının, beynəlxalq, ictimai və gənclər təşkilatlarının nümayəndələrinin, Milli Məclisin deputatlarının iştirakı ilə keçirilən tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov çıxış edərək Dövlət Proqramının əhəmiyyətindən danışıb. Nazir Azad Rəhimov bildirib ki, Azərbaycanda gənclər sahəsinə diqqət ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti ilə müəyyənləşdirilib. Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında dediyi kimi, müasir dövrdə ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsinə 1994-cü ildə başlanıb. Həmin dövrdə çətinliklərə baxmayaraq, Ulu Öndərin uzaqgörən qərarı Azərbaycanda gənclər üçün yeni imkanlar yaradıb.
Nazir qeyd edib ki, ötən iyirmi beş ildə "Gənclər siyasəti haqqında” Qanun, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, üç ünvanlı Dövlət Proqramı və digər sənədlər qəbul olunub. Hazırkı Dövlət Proqramı nəticələrinə görə əvvəlkilərdən əsaslanır və ölkədə yaranmış imkanları nəzərə alır. Əvvəlki proqram 8 istiqamət və 68 bənddən ibarət olduğu halda, hazırkı sənəddə 11 istiqamət üzrə 106 bəndin icrası nəzərdə tutulub.
Sonra Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək Dövlət Proqramının icrası ilə əlaqədar ötən müddətdə həyata keçirilən tədbirlər, layihələr haqqında məlumat verib.
Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramını gənclərə və ictimaiyyətə aydın şəkildə çatdırmaq, müvafiq istiqamətləri göstərmək üçün hazırlanan müvafiq internet saytının təqdimatını edib.
Tədbirdə əlaqələndirmə
şurasının üzvləri və gənclər təşkilatlarının
rəhbərləri çıxışlarında proqram çərçivəsində
görülən işlərdən danışıblar.
Azərbaycan.- 2019.- 1 oktyabr.- S. 5.