Ünsiyyətləri
sözsüz və səssiz olanların öz dilləri var
Onlara küçə və bazarlarda addımbaşı rast gəlinmir. Cəmiyyətdən bir qədər təcrid həyat tərzi keçirməyə məhkum olanlardan söhbət gedir. Söhbətləri sözsüz və səssiz olur. Bunu anlamaq, duymaq və cavab vermək isə sizə asan gəlməsin.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər 10 nəfərdən biri əlildir. Azərbaycanda isə onların sayı 400 mindən çoxdur. Fiziki cəhətdən qüsurlu insanların cəmiyyətə inteqrasiyası da hələ ki, problemdir. Eşitməyən və danışmayan, lakin düşüncələrini jestlə izah edənlərin yalnız xüsusi məktəbləri yox, ilk növbədə öz dünyaları var...
Hər il sentyabrın son bazar günü dünyada Beynəlxalq Lal-Karlar Günü kimi qeyd olunur. 1951-ci ilin sentyabr ayında Beynəlxalq Lal-Karlar Federasiyası yaradıldı və bu federasiyanın yaradılması şərəfinə Beynəlxalq Lal-Karlar Günü təsis edildi.
Statistikaya görə bu gün dünyada hər doqquz nəfərdən biri (təqribən 650 milyon nəfər) eşitmə qabiliyyətindən məhrumdur. Onlar bu qabiliyyəti ya anadangəlmə itirir, ya da xəstəlik nəticəsində məhrum olurlar.
Ancaq bunlarla yanaşı, alimləri daha çox maraqlandıran isə jest dilidir. Beynəlxalq Lal-Karlar Federasiyası jestlər sistemini 50-ci illərdə yaradıb. Burada məqsəd eşitmə və danışma məhdudiyyətlilərinin beynəlxalq tədbirlərdə iştirakına xidmət etmək olub.
Eşitmə və danışma qabiliyyətini itirmiş insanlar arasında çox tanınmış, görkəmli şəxslərə də rast gəlinir. Məsələn, bunlardan Pyer De Ronsarı, Viktor Hüqonu, Lüdviq van Bethoveni, Jan Jak Russonu, Klod Andre Deseni, Karel Çapeki, Antonio Stanolini və s. göstərmək olar.
"Danışan”
baxışlar
Azərbaycanda belələri arasında rəssamlığa, idmana meyil edənlər də az deyil. Onlar beynəlxalq yarışlarda da iştirak edirlər. Qızlar daha çox dərzi, qadınlar isə saç ustası olurlar. Aralarında gözəllik salonlarında işləyənlər də az deyil. Lakin onlar ali təhsil almırlar. Çünki heç bir ali məktəbdə bu sahədə peşəkar kadr - müəllim yoxdur.
Gülzadə Verdiyeva ilə Gözəl Qurbanovanın əl işləri adamı heyran edir. Onlar muncuqlardan Azərbaycanın, Türkiyənin bayraqlarını əks etdirən suvenirlər düzəldirlər. Hətta deyirlər ki, Amerikadan gələn turistlər onların əl işləri ilə tanış olub, bir neçə fiqur alıblar. Üstəlik, onlara Amerikanın bayrağını hazırlamaq da sifariş edilib.
Bakının Nizami rayonunda lal və karlar üçün yataqxana var. Ondan bir az kənarda kar uşaqlar üçün 1 və 3 nömrəli respublika internat məktəbləri fəaliyyət göstərir. 3 nömrəlidə 400-ə qədər şagird təhsil alır. Məktəbin yataqxanasında 150-dək uşaq qalır, digərlərini valideynləri axşam saat 6-dan sonra gəlib aparırlar. Burada uşaq evindən gətirilən bir lal da olub. Lal övladının istəyi ilə bir ailə həmin uşağı da öz övladı ilə birgə aparıb ki, onlar məktəbdə, müəllimlərindən öyrəndikləri mimika vərdişini evdə məşq etsinlər.
Ölkəmizdə belə uşaqların sayı təxminən 7 mindən çox olduğu iddia edilsə də, bu, dəqiq hesab edilmir. Ona görə ki, bu rəqəm lal-kar uşaqların qeydiyyatdan keçənlərini əks etdirir. Eşitməsi zəif uşaqlar üçün əyani vəsaitlər kifayət qədər deyil. Qüsurlu uşaqların deffektoloq, loqoredlər sarıdan da bəxtləri gətirməyib. Əvvəllər bu ixtisaslı müəllimlər Moskva və Sankt-Peterburq şəhərlərində hazırlanırdı. Azərbaycan Dövlət Pedaqoji Universitetində belə ixtisaslar üzrə kadrlar hazırlansa da, sonradan onlar başqa peşəyə yiyələnirlər.
"Səssizliyin
səsi ol!”
Daha bir problem isə TV-lərin heç birinin fiziki cəhətdən qüsurlu insanların ehtiyacını nəzərə almamasıdır. Respublikamızda fəaliyyət göstərən telekanallar surdo-tərcüməçilərə ehtiyac görmürlər. Azərbaycan Dövlət Pedaqoji Universitetinin "İbtidai təhsilin pedaqogikası və psixologiyası” fakültəsində surdotərcümə fənni tədris olunsa da, mütəxəssis yetişmir. Respublikada surdotərcüməçi hazırlayan tədris müəssisəsi yoxdur.
Yeri gəlmişkən, maraqlı bir məqam: "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin "Park Bulvar” alış-veriş və istirahət mərkəzində keçirdiyi "Səssizliyin səsi ol!” adlı tədbirində təşkilatın üzvləri və könüllülərdən ibarət komanda Azərbaycanın Dövlət himnini işarət dilində ifa ediblər.
Böyük marağa səbəb olan tədbirin keçirilməsində məqsəd ictimaiyyətin daha fəal təbəqəsi olan gənclərin, eləcə də vətəndaş cəmiyyətinin xüsusi diqqət və qayğısını eşitmə və nitq məhdudiyyətli insanlara cəlb etmək olub.
Adı çəkilən təşkilatın sədri Cəmilə Abdulova deyir ki, fəaliyyəti dövründə "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İB-nin bu tip aksiyaları az olmayıb. Tədbirin keçirilməsində birlik üzvlərinin və könüllülərin də xüsusi əməyi olub.
Könül Quliyeva "Araxçın” MMC-nin layihə təlimçisi və surdotərcüməçisidir. 20 ilə yaxındır ki, Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün fəaliyyət göstərən 2 nömrəli internat məktəbində çalışır. İşarə dilini ata-anasından öyrənib: "Uşaq vaxtı atamla anam öz aralarında işarə dili ilə danışanda marağım yarandı və mən də bunu öyrəndim. Bakı Dövlət Universitetini bitirdikdən sonra tərəddüd etmədən 2 nömrəli internat məktəbinə gəldim. Digər tərəfdən, bu sahə ilə bağlı kurslara getdim, bitirib sertifikatlar aldım. İxtisasım isə kimya-biologiyadır. Bu fənni uşaqlara işarə dili ilə tədris edirəm. Bura uşaqlar bütün məktəblərdə olduğu kimi, birinci sinifdən qəbul edilir və 11 il təhsillərini davam etdirirlər. Sadəcə olaraq fərq ondadır ki, bizim məktəbdə dərslər işarə dilində keçirilir. Bundan başqa, məktəbimizdə kurslar da var. Müəllimlərimiz də bu kurslarda işarə dilini öyrənirlər”.
Bərbərlik,
aşbazlıq, dərzilik onların əsas məşğuliyyətidir
Təhsilləri orta məktəbi bitirdikdən sonra dayanır. Respublikamızda eşitmə və danışma məhdudiyyətli insanlar üçün gecə məktəbləri də var. Məsələn, kimisi rəssamlığa meyilli olur və məktəbdə oxuduğu müddətdə bu istedadını inkişaf etdirir. Həmçinin şagirdlər məktəbdə başqa peşələrə də yiyələnirlər.
Maraqlıdır, Bakıda eşitmə və danışma məhdudiyyətlilər üçün məktəblər var, bəs rayonlarda belə uşaqlar necə təhsil alırlar? Könül Quliyeva bu sualın da cavabını verir: "Rayonlardan bizim məktəbə gələn uşaqlar çoxdur. Məktəbimizin yataqxanası var axı. Buna baxmayaraq, uşaqlar həftə sonu evlərinə gedirlər. Buna görə də hər ay şagirdlərin kartlarına yolpulu yatırılır. Tədris ili bitənə yaxın, may ayında müəllimlərimiz rayonlara həm məktəbimizi tanıtmağa, həm də uşaq yığmağa gedirlər. Məktəbimizdə hansı işlər görülür, uşaqlar necə təhsil alır, bu barədə rayonlarda valideynlərə məlumat verilir.
Maraqlıdır, əvvəllər telekanallarda işarə dili ilə xəbərlər verilirdi. Nədənsə son zamanlar bu, unudulub. Biz daha çox istəyirik ki, kanallarımızın birində heç olmasa həftənin bir günü sırf eşitmə və danışma məhdudiyyətli uşaqlar üçün onların iştirak edə biləcəyi bir veriliş olsun. Biz surdotərcüməçilər varıq və bu işdə öz dəstəyimizi göstərə bilərik. Belə olsaydı, cəmiyyət onları daha çox tanıyardı. Bu da nəticədə onların cəmiyyətə adaptasiyasını daha da asanlaşdırardı. Çox yerdə eşitmə və danışma məhdudiyyətli uşaqlar əllə danışanda onlara başqa cür münasibət göstərirlər. Unudurlar ki, bu işarə onların dilidir, fikirlərini ifadə edirlər”.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2019.- 1 oktyabr.- S. 6.