Azərbaycan
Asiyanı həm Qərblə, həm də Şimalla
birləşdirir
Prezident İlham
Əliyevin geoiqtisadi təşəbbüsləri
əsasında qitələr arasında körpülərin
qurulması ölkəmizə böyük
dividendlər gətirəcək
"Müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla biz yalnız ölkəmizi mühüm nəqliyyat mərkəzinə çevirmədik. Eyni zamanda biz "Şərq-Qərb” və "Şimal-Cənub” dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfə verdik. Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. "Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir”.
Bu il aprelin 25-27-də Çinin paytaxtı Pekində keçirilən "Bir kəmər, bir yol” II Beynəlxalq Əməkdaşlıq Forumunda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat-tranzit imkanları və bu istiqamətdə reallaşdırılan layihələri dəyərləndirərkən vurğulayıb ki, ölkəmiz öz coğrafi mövqeyindən bəhrələnərək Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırıb. Məhz bunun sayəsində açıq dənizə çıxışı olmayan bir ölkə beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib.
Əlverişli coğrafi mövqeyə malik olan və tarixən ticarət dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan bu üstünlüyündən səmərəli istifadə edir. Artıq demək olar ki, nəqliyyat-logistika aspektlərində Azərbaycan regionun mərkəzi qovşağı hesab olunur. Ölkəmizin ərazisindən keçən "Şərq-Qərb”, "Şimal-Cənub” və "Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün real imkanlar yaradır.
Yəni Azərbaycan bu dəhlizlərin Cənubi Qafqazda qovuşduğu məkandır və ölkəmizin nəqliyyat-logistika potensialı qitə miqyasında inteqrasiyanı gücləndirir.
Azərbaycanın sərmayə yatırdığı əhəmiyyətli nəqliyyat layihələrindən biri "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi”dir. Son dövrlərdə bu nəqliyyat dəhlizi layihəsinin keçəcəyi regionda, fərqli qütblər arasında geosiyasi rəqabətin daha da kəskinləşməsi fonunda sabit və balanslı xarici siyasət yürüdən Azərbaycan yeni siyasi və iqtisadi dividendlər əldə etməyi hədəfləyir.
2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən dövlətlər arasında nəqliyyat əlaqələrini inkişaf etdirmək məqsədi ilə yaradılan bu layihənin gerçəkləşməsi istiqamətində Azərbaycanın da böyük payı var. 2005-ci il iyulun 24-27-də Tehran şəhərində və 2005-ci il fevralın 9-da Bakıda "Şimal-Cənub nəqliyyat dəhlizi”nin tikintisi, gələcək istismarı, beynəlxalq konsorsiumun yaradılması və maliyyələşdirilməsi üsulları, hər bir tərəfin tikintidə payı, qoyulacaq əsaslı vəsaitin qaytarılması yolları və digər məsələlər müzakirə edilib və razılığa gəlinib. Sonrakı illərdə isə ümumilikdə 13 dövlət - Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukrayna bu sazişə imza atıb.
2005-ci ildən etibarən layihənin önəmli parçasına çevrilən ölkəmiz son illərdə üzərinə götürdüyü bütün vəzifələri icra edib. Bu dəhliz vasitəsi ilə yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirildikdən sonra qatarlara yüklənməsi və İranın mövcud dəmir yolu ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürülməsi və birbaşa Azərbaycan ərazisindən Rusiyaya, oradan da Şimali Avropa ölkələrinə çatdırılması planlaşdırılır. Hazırkı marşrut (Süveyş kanalı) üzrə malların çatdırılma vaxtı 45-60 gündür, "Şimal-Cənub nəqliyyat dəhlizi” vasitəsilə bu zamanın 14-20 gün olması gözlənilir.
İran sərhəddinə qədər dəmir yolu infrastrukturunun yenilənməsi təmin edilib və 2018-ci ilin martında İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin ölkəmizə rəsmi səfəri çərçivəsində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb. Azərbaycan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tezliklə istifadəyə verilməsində maraqlıdır. Astara (AR)-Astara (İİR) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər olan 8,3 kilometr yeni yolun, Astaraçay üzərindəki körpü və İran ərazisindəki 1,4 kilometr yolun tikintisi tamamlanıb. Bu dəhlizin Qəzvin-Rəşt (175 km) hissəsinin tikintisi ilə bağlı İran tərəfi ilə danışıqlar aparılır və işlərə başlanmaq üzrədir. Azərbaycan bu dəmir yolunun tikintisinin maliyyələşdirilməsində də iştirak edir. Rəsmi Bakı İran tərəfinə bəhs olunan dəmir yolunun tikintisi və avadanlıqla təchiz olunması layihəsi üzrə 500 milyon dollar dəyərində kredit ayırmağı nəzərdə tutub.
Azərbaycanın "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi” ilə bağlı layihənin ciddiliyini nəzərə alaraq investisiya yatırması və üzərinə götürdüyü işləri vaxtında icra etməsi ölkəmizə beynəlxalq arenada etibarlı tərəfdaş imicini qazandırıb.
Son illərdə Bakı-Tbilisi-Ceyhan dəmir yolunun, Ələtdə Beynəlxalq Limanın tikilib istifadəyə verilməsi və azad iqtisadi zonanın yaradılması nəticəsində Azərbaycan Mərkəzi Asiyanı Qərblə (Türkiyə və Avropa İttifaqı), Cənubi Asiyanı (İran və Hindistan) isə Şimalla birləşdirən nəqliyyat qovşağına çevirilmək istiqamətində inamlı addımlar atır.
Hazırda beynəlxalq siyasi arenada baş verən gərginliklər, "Şimal-Cənub” layihəsinin reallaşmasını gecikdirsə də, bu problemin ölkəmizdən qaynaqlanmadığı aydındır. Azərbaycan gerçəkləşdirilməsi gərəkən bütün infrastruktur layihələrini uğurla həyata keçirib.
İllər öncə, "Şimal-Cənub” dəhlizinin Azərbaycana çox böyük iqtisadi mənfəət gətirəcəyini bildirən Prezident İlham Əliyev vurğulamışdı ki, ölkəmizdən keçən bu yol milyonlarla ton əlavə yükün ərazimizdən daşınmasına xidmət edəcək. Bunun həm siyasi, həm iqtisadi gəlirlər gətirəcəyi isə şübhə doğurmur. Artıq Azərbaycanın bu dəhliz vasitəsi ilə təməlli iqtisadi gücə çevrilməsi də danılmaz faktdır. Misal üçün, hesablamalara görə, 2020-ci ilə Azərbaycanın tranzit potensialı 600-700 milyon dollara və ya 300 min konteynerə çatacaq.
Göründüyü kimi, regional əməkdaşlığın aparıcı qüvvəsi olan Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan yeri və rolu bu günümüzün reallıqlarından daha aydın görünür. Artıq iştirakçısı olduğumuz beynəlxalq transmilli layihələr ölkəyə iqtisadi dividendlər gətirir.
"Asiya ilə Avropa arasında ən qısa yol bu gün Azərbaycandan keçir” deyən cənab İlham Əliyevin müstəqil siyasətinin nəticəsidir ki, Azərbaycan xalqlar, dövlətlər arasında körpülərin qurulmasında öz rolunu oynamağa davam edir. Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolların üzərində olan Azərbaycan qitələri, ölkələri birləşdirərək daha uğurlu gələcəyə doğru inamla addımlayır.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 2 oktyabr.- S. 1; 7.