Heydər
Əliyev Mərkəzində “LiFFt-2019” IV Avrasiya
ədəbi festivallar festivalının
açılışı olub
Oktyabrın
1-də Heydər Əliyev Mərkəzində "LiFFt-2019”
IV Avrasiya ədəbi festivallar festivalının təntənəli
açılış mərasimi olub. "Avrasiya Xalqları
Assambleyası” beynəlxalq qeyri-hökumət təşkilatları
ittifaqının dəstəyi ilə keçirilən
festivalın təşkilatçıları Avrasiya
xalqlarının "LiFFt” Mədəni Layihələrinin
İnkişafına Dəstək Fondu və Heydər
Əliyev Fondudur.
AZƏRTAC
xəbər verir ki, genişmiqyaslı maarifçilik layihəsi
olan "LiFFt” Avrasiya mədəni məkanının
tamhüquqlu tərkib hissəsinə çevrilib. Avrasiya ədəbi
festivallarını birləşdirən "LiFFt” 2016-cı
ildən etibarən hər il keçirilir.
Builki
festival 2019-cu ilin BMT tərəfindən elan edilmiş Yerli
Xalqların Dilləri İli Proqramına və böyük Azərbaycan
şairi və mütəfəkkiri İmadəddin Nəsiminin
650 illiyinə həsr edilib.
Festivalın
məqsədi Avrasiya ölkələrində
yazıçıların və oxucuların
yaradıcılıq və dostluq əlaqələrini möhkəmlətmək,
vahid Avrasiya ədəbi məkanı yaratmaqdır.
Festivalın
əsas vəzifələrinə aşağıda sadalanan məsələlər
aiddir: Avrasiya ölkələrində festival hərəkatının
birləşdirilməsi, Avrasiya xalqlarının mədəniyyətlərinin
qarşılıqlı zənginləşməsinə
kömək, peşəkar ünsiyyət imkanlarının
genişləndirilməsi, ədəbi forumlar və festivallar
təşkili sahəsində təcrübə mübadiləsi,
ictimaiyyətin geniş dairələrinin, oxucuların qitənin
mədəni həyatında iştiraka cəlb edilməsi,
mütaliənin və ədəbi
yaradıcılığın təbliği, oxucu mədəniyyətinin
formalaşması, bütün xalqlar üçün ortaq mənəvi-əxlaqi
dəyərlərin bərqərar olması yolu ilə
yazıçıların və oxucuların
qarşılıqlı zənginləşməsi.
Festivalda
Avrasiya ölkələrindən olan yazıçılar,
şairlər, dramaturqlar, ədəbiyyat tənqidçiləri,
mədəniyyət xadimləri iştirak edirlər.
"LiFFt-2019”
Avrasiya festivalı Avrasiya məkanında ədəbiyyatçıların
qarşılıqlı yaradıcı fəaliyyəti, yer
üzündə həyatın qorunub saxlanması naminə mədəniyyətə
və qarşılıqlı hörmətə, sülhsevərliyə,
millətlərarası mehriban qonşuluq və həmrəyliyə
əsaslanan beynəlxalq ictimai münasibətlərin yeni
modelinin yaradılmasında iştirak edən
yazıçı və oxucuların geniş dialoqu
üçün nəzərdə tutulan məkandır.
"LiFFt-2019”
IV Avrasiya ədəbi festivallar festivalının
açılış mərasimində Azərbaycanın Xalq
yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri Anar Rzayev çıxış edib. O,
dünyanın müxtəlif ölkələrindən
festivala gəlmiş çoxsaylı qonaqları salamlayaraq
deyib ki, bu payız Azərbaycan üçün sözün həqiqi
mənasında ədəbi payız olub. O deyib: "Bu, ilk
növbədə böyük Azərbaycan şairi və
mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə
bağlıdır. Bu yubiley dövlət səviyyəsində
genişmiqyaslı silsilə tədbirlərlə qeyd edilir.
Sevindirici haldır ki, "LiFFt-2019” IV Avrasiya ədəbi
festivallar festivalı Bakıda keçirilir. Festivalın
işinə və iştirakçılarına uğurlar arzu
edirəm”.
Sonra
"LiFFt” Avrasiya Xalqlarının Mədəni Layihələrinin
İnkişafına Dəstək Fondunun direktoru,
"Şairin və rəssamın kitabı” layihəsinin
müəllifi rəssam Anvar Almuxametov çıxış
edib. O, festivalın təşkilatçılarına,
xüsusən Heydər Əliyev Fonduna və "Avrasiya
Xalqları Assambleyası” beynəlxalq qeyri-hökumət təşkilatları
ittifaqına təşəkkürünü bildirib.
Festivalın
Təşkilat Komitəsinin sədri, "Avrasiya xalqları
assambleyası” baş katibinin birinci müavini, Baş Katibliyin
rəhbəri Svetlana Smirnova "LiFFt-2019” IV Avrasiya ədəbi
festivallar festivalının "gözəl ölkənin
gözəl paytaxtında” keçirilməsinə
yaratdığı imkana və dəstəyə görə
Avrasiyanın çoxmillətli ədəbi ailəsi
adından Heydər Əliyev Fonduna və şəxsən
Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyevaya təşəkkürünü bildirib.
"Artıq ikinci gündür ki, festivalın iştirakçıları
qonaqpərvərlik, mahnı və rəqslər, Azərbaycan
mətbəxinin ləziz təamlarından həzz alır, ən
başlıcası Azərbaycan xalqının ürək
genişliyini duyurlar”, - deyən S.Smirnova
çıxışının sonunda festivalın loqosunu
xatirə kimi Azərbaycan Yazıçılar Birliyinin sədri
Anara hədiyyə edib.
Sonra "LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının
prezidenti və səfiri Marqarita Al çıxış edib. O, Avrasiya
qitəsinin bütün
guşələrindən gəlmiş
yazıçıları və
oxucuları salamlayıb.
Onun sözlərinə görə,
festival həmişə həmrəylik
üsuludur və bu mənada "LiFFt-2019”
IV Avrasiya ədəbi
festivallar festivalı unikaldır.
Sonra festivalın laureatları
– rusiyalı şair, fəlsəfə elmləri
doktoru, filosof və ədəbiyyat tənqidçisi, "metametafora”
termininin və metakodun fəlsəfi nəzəriyyəsinin müəllifi
Konstantin Kedrov-Çelişev, qazax şairi, yazıçı və ədəbiyyatşünas, Qazaxıstanın
Əmək Qəhrəmanı,
Qazaxıstan SSR Xalq yazıçısı, Qazaxıstanın
ictimai-siyasi xadimi,
diplomat Oljas Süleymenov,
Azərbaycan yazıçısı,
Azərbaycanın "Qızıl
kəlmə” ədəbi
mükafatı laureatı,
yazıçıların Nyu-York
Beynəlxalq Konqresinin
iştirakçısı Varis
Yolçuyev çıxış
etdi. Onlar festival barədə fikirlərini bölüşdülər.
Təntənəli açılış mərasiminin
sonunda festivalın bayrağı səhnəyə
gətirildi və Azərbaycan nümayəndəsi,
yazıçı Varis
Yolçuyevə təqdim
edildi. Festivalın himni səsləndi.
Festivalın birinci günü
öz işini "Müasir dünya ədəbiyyatının qlobal
trendləri – gələcək
dünya obrazının
və gələcəyin
adamlarının obrazlarının
proqramlaşdırılması və modelləşdirilməsi”
(moderator-Riçard Berenqarten
(Böyük Britaniya)),
"Müasir poeziya ədəbiyyatın avanqardında
gələcək adamının
və sosiumun obrazlarını proqramlaşdırır”
(moderator – Toğrul Tanyol
(Türkiyə)), "Müasir
qlobal dünyada ədəbi tərcümənin
insanların qarşılıqlı
anlaşmasında və
gələcək dünyanın
formalaşmasında artan
əhəmiyyəti” (moderator – Sergey Dmitriyenko (Rusiya)) mövzularında plenar iclaslarla davam etdirib.
Qeyd edək ki, "LiFFt-2019”
IV Avrasiya ədəbi
festivallar festivalının
azərbaycanlı spikerləri
Azərbaycanın Xalq
yazıçıları Anar,
Elçin Əfəndiyev,
Kamal Abdulla, Çingiz
Abdullayev, Afaq Məsud, Elmira Axundova, Xalq şairi Ramiz Rövşən, akademik Nizami Cəfərov, Azərbaycanın
xalq artisti Ramiz Fətəliyev və başqalarıdır.
"LiFFt-2019”
IV Avrasiya ədəbi
festivallar festivalının
beynəlxalq spikerləri
Oljas Süleymenov (Qazaxıstan), Konstantin Kedrov-Çelişev
(Rusiya), şair, nasir, tərcüməçi,
Olştın Universitetinin
professoru, mədəniyyət
sahəsində hər
il təqdim edilən marşal Varmiya və Mazur mükafatının laureata
Kşiştov Şatravski
(Polşa), yazıçı
və dramaturq, İsrailin Baş Naziri Binyamin Netanyahunun kiçik qardaşı İdo Netanyahu (İsrail),
əsərləri dünya
xalqlarının 40 dilinə
tərcümə edilmiş
satirik yazıçı,
şair, publisist, tərcüməçi, Başqırdıstanın
və Rusiya Federasiyasının Əməkdar
mədəniyyət işçisi
Marsel Səlimov (Rusiya) və başqalarıdır.
Festivalın işi oktyabrın 3-də
başa çatacaq.
Azərbaycan.- 2019.- 2 oktyabr.- S. 5.