Şəhidlərin
xatirəsi hər zaman əziz tutulur
Bu gün düşmənlə 168 kilometr məsafədə sərhəddə olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Qazaxda şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur və onların ailə üzvlərinə qayğı ilə yanaşılır.
Son 3 ildə rayonda Aprel şəhidləri kapitan Mühüd Orucovun, baş leytenant Elvin Namazovun və əsgər Orxan Əliyevin xatirəsini əbədiləşdirmək üçün şəhərin mərkəzində bulaqların tikilməsi, Milli qəhrəmanlar Alı Mustafayevin, Mərfət Nəsibovun, Firuddin Şamoyevin, Şamoy Çobanovun, Şahvələd Abbasovun, Qoşqar Qurbanovun, Qaratel Hacımahmudovanın adlarını daşıyan bulaqların, həmçinin "Şəhid polislərin xatirəsinə” ucaldılmış abidələrin yenidən qurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.
Bu günlərdə isə rayonun Orta Salahlı kəndində daha bir şəhidin - Hacıyev Səməd Məmməd oğlunun adını daşıyan bulağın yenidənqurmadan sonra açılışı olmuşdur. Əvvəlcə şəhidlərimizin ruhuna dua oxunmuş, onların əziz xatirəsi böyük ehtiramla yad edilmişdir. Sonra bulaq kompleksinin açılışını bildirən qırmızı lent kəsilmiş, önünə tər qərənfillər düzülmüşdür.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək tədbir iştirakçılarını salamlamış və bulağın yenidən qurulmasında əməyi olan insanlara minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, şəhidlərə və onların ailələrinə qayğı hər zaman dövlətin diqqət mərkəzindədir. Odur ki, bu ailələr dövlətin, eləcə də rayon rəhbərliyinin hər zaman yanlarında olduqlarını hiss edirlər. Rayonda aparılan abadlıq və quruculuq işləri çərçivəsində şəhidlərimizin uyuduqları müqəddəs məkanlarda da xeyli iş görülmüşdür. Qəbiristanlıqlar, onların xatirəsinə ucaldılmış abidələr, parklar, bulaqlar, xiyabanlar abadlaşdırılmış, əsaslı şəkildə təmir edilmişdir. 287 nəfər Qazax şəhidinə sonsuz ehtiram nümayiş etdirilərək şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı tamamilə yenidən qurulmuşdur. Bu gün nəinki şəhid ailələri və rayon sakinləri, eləcə də Qazaxa səfər edən qonaqlar da qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrinə ehtiram göstərirlər. Rayonda keçirilən tədbirlər öncə həmin müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayon şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar.
Tədbirdə Prezident İlham Əliyev, eləcə də Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə və şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan da söhbət açılmışdır. Qeyd edilmişdir ki, bu gün ölkəmizdə dövlət başçısı tərəfindən sistemli ordu quruculuğu ilə yanaşı, vətənin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərə və onların ailələrinə, həmçinin müharibə veteranlarına və əlillərinə böyük diqqət və qayğı göstərilir. Respublika Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə veteranları və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli, ən əsası da hər cür qayğı ilə əhatə olunmaları təşkil edir.
Qüdrətli Azərbaycan Ordusunun Aprel zəfərindən danışılarkən həmin şanlı tarixin yazılmasında Qazax rayonunun 3 nəfər igidinin - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlunun, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlunun və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlunun da xidməti olduğu diqqətə çatdırılıb. Qeyd edilıb ki, Aprel döyüşləri bizi Qarabağda böyük qələbəmizə aparan şanlı yolun başlanğıcıdır. O yolu qət edən igid oğullarımızla bu gün başda Ali Baş Komandan olmaqla hər kəs fəxr edir və bundan sonra da fəxr edəcəkdir. Aprel döyüşü bir daha sübut etdi ki, Azərbaycanın igid və mərd oğulları həmişə olub və bundan sonra da olacaqdır.
"Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov, Milli Qəhrəman Alı Mustafayevin qardaşı Mahmud Mustafayev, Orta Salahlı kənd sakini Səid Abdulkərimov və başqaları çıxış edərək dövlət başçısı tərəfindən şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına və əlillərinə, məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Sabir ƏLİYEV
Azərbaycan.- 2019.- 2 oktyabr.- S.
8.