Paşinyanın reytinqi sürətlə azalır

 

Ermənistan siyasi-iqtisadi iflasın son mərhələsini yaşayır

 

Ermənistanda hadisələrin inkişaf istiqaməti bu nəticəyə gəlməyə əsas verir ki, bütün qlobalregional layihələrdən kənarda qalan işğalçı ölkə hazırda sosial partlayış ərəfəsindədir.

İlk növbədə, ona görə ki, əhalinin maddi gəlirləri aşağı düşdüyü bir vaxtda inflyasiyanın səviyyəsi artır, kommunal xidmətlərə görə insanlardan daha böyük həcmdə vəsait tələb olunur. Bu fonda Ermənistanda əhalinin sosial durumu dözülməz bir həddə çatıb. Ancaq hakimiyyətə gəldikdən sonra xalqa verdiyi vədlərə sadiq qalmayan baş nazir Nikol Paşinyanı bunların heç biri maraqlandırmır.

Yeni hökumətin əhaliyə verdiyi əsas vədlərdən biri sosial-iqtisadi problemlərin həlli, yeni yerlərinin yaradılması ilə bağlı idi. Amma son vəziyyətin təhlili göstərir ki, iqtidar nəinki yeni yerləri açır, əksinə, olanları da bağlayır. Bu da Ermənistanda kütləvi narazılıq yaradır, Paşinyana qarşı çıxanların sayının sürətlə artdığını nümayiş etdirir.

Elə bu günlərdə keçirilən rəy sorğusu Paşinyanın nüfuzunun daha sürətlə aşağı düşdüyünü növbəti dəfə göstərib. Yerli medianın yazdığına görə, sosial şəbəkədə aparılan sorğunun nəticələrinə görə, baş nazirin nüfuzu azalaraq 25 faizə düşüb: "Yeni iqtidar mütəmadi olaraq daxili istifadə üçün gizli sorğular keçirir. Sosial şəbəkələrdə vətəndaşlar arasında keçirilmiş növbəti rəy sorğusunun nəticələrinə əsasən Paşinyanın reytinqi azalaraq 25 faizə düşüb. Ancaq əldə edilən məlumata əsasən, bu rəqəm reallıqdan tamamilə çox uzaqdır. Təxminən bir ay əvvəl gizli rəsmi kanallarla aparılan sorğunun nəticələrinə görə, Paşinyanın reytinqi 45 faizə düşüb. Bu sorğu onun ABŞ-a səfərindən və güc strukturları başçılarının istefasından əvvəl keçirilib. Son hadisələrin, yüksək səviyyəli istefaların Paşinyanın reytinqinə daha ciddi zərbə olduğu heç kimdə şübhə doğurmur. Yenidən sorğu keçirilsə, yəqin ki, nəticələr onun üçün daha ağır olar”.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan sentyabrın 16-da istefa verib. Onun istefası ilə bağlı bəyanatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saytında yerləşdirilsə də, sonra silinib. Vanetsyanın həmin bəyanatında Paşinyana xitabən "Mən hökuməti ayıltmaq üçün istefa verirəm” və "Dayan!” ifadələri yer alıb.

ABŞ-a səfəri zamanı Nikol Paşinyan keçirdiyi mətbuat konfransında məsələyə münasibət bildirərək, Vanetsyanı ciddi tənqid edib, onun davranışının zabit paqonlarını zibil qutusuna atmaq kimi dəyərləndirib. Vurğulayıb ki, sonuncu dəfə 1991-ci ildə sovet dövründə qiyamçılar belə etmişdi: "Bəyanatında Vanetsyan zabit şərəfindən danışıb. Ancaq Milli Təhlükəsizlik Xidmətinin de-yure direktoru olaraq, əslində, ali baş komandanına qarşı bir bəyanat verirzabit şərəfinə bundan artıq hörmətsiz münasibət ola bilməz”.

Ermənistanın milli təhlükəsizlik xidmətinin sabiq direktoru bildirib ki, Paşinyan Los-Ancelesdə keçirdiyi mətbuat konfransında yenə də az bildiyi məsələlər barədə danışıb: "İstefa verməyimə baxmayaraq, Paşinyan yanıma adamlar göndərərək vəziyyətin sakitləşməsi üçün susmağımı istədi. Ancaq görürəm ki, o, növbəti dəfə razılaşmanı pozaraq anlaşılmayan, populist bəyanatlar verib. Aydındır ki, ictimai əhvali-ruhiyyəyə qısamüddətli təsir göstərmək istəyində olan Nikol Paşinyan yenə də sözlərinin nəticələri barədə düşünmür. Təsəvvür edin ki, birdən mən nəticələri düşünmədən danışmağa başlasam, nə olar?”

Bu arada Ermənistan Apelyasiya Məhkəməsi sabiq maliyyə naziri, dövlət gəlirlər komitəsinin keçmiş rəhbəri Gagik Xaçatryanı külli miqdarda mənimsəmə ittihamı ilə həbsdə saxlayıb. G.Xaçatryanın vəkili Erem Sarkisyan qeyd edib ki, Apellyasiya məhkəməsi Xaçatryanın həbsi ilə bağlı müraciəti rədd edib: "Müdafiə daxili məhkəmələrə etibar edilmirişi beynəlxalq məhkəmələrə verəcəyik. Təəssüf ki, bu qərar Avropa Məhkəməsində ciddi problemlər yaradacaq”.

Xatırladaq ki, Xaçatryan avqustun 27-də vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olan səhlənkarlıq və xüsusilə külli miqdarda əmlakı israfetmə şübhəsi ilə saxlanılıb. İstintaqçılar onun tutulması üçün məhkəməyə müraciət ediblər. Ərizə verilib. Bu qərar sonradan vəkillərin etirazına səbəb olub.

Ermənistanda vəziyyəti ağırlaşdıran digər bir cəhət isə işsizlik səviyyəsinin durmadan yüksəlməsidir. Araşdırmalara görə, əmək qabiliyyəti olan əhalinin yarıya qədəri hazırda işsizdir. Qlobal böhran nəticəsində isə dövlət və özəl sektorda kütləvi ixtisarlar aparılacağı bildirilir. Böhran nəticəsində kütləvi şəkildə işdən çıxarılma halları vəziyyəti daha da ağırlaşdıracaq. O da vurğulanır ki, tədbir görülməsə, anarxiya artacaq, Ermənistanda cinayətkarlığın baş alıb getməsi dövrü başlanacaq.

Bütün bunlar qarşıdakı dövr ərzində Ermənistanı kifayət qədər çətin günlər gözlədiyini deməyə əsas verir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 3 oktyabr.-  S. 1; 7.