İspaniya jurnalında Birinci
vitse-prezident Mehriban
Əliyevanın çoxşaxəli fəaliyyətinə dair məqalə dərc edilib
İspaniyanın
nüfuzlu “Diplomatiya XXI əsr” jurnalında Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən,
o cümlədən tolerantlıq və mədəniyyətlərarası
dialoqun inkişafı sahəsində əvəzolunmaz xidmətlərindən
bəhs edən geniş məqalə dərc olunub.
AZƏRTAC
xəbər verir ki, ölkəmizin İspaniya
Krallığındakı səfirliyinin təşəbbüsü
ilə hazırlanmış məqalədə Azərbaycanda
humanizm və xeyirxahlıq rəmzinə çevrilmiş
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın azərbaycançılıq məfkurəsinin
təbliğinə, habelə ölkədə sosial rifahın
yüksəldilməsinə, elm, təhsil, mədəniyyət,
idman sahələrinin inkişafına əhəmiyyətli
töhfə verməsindən, onun rəhbərliyi ilə həyata
keçirilən çoxsaylı layihələrin milli dəyərlərin
qorunmasına və onların ictimai şüurda möhkəmlənməsinə
xidmət etməsindən söz açılır.
Məqalədə
2004-cü ildə əsası qoyulmuş və elə o vaxtdan
Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev
Fondunun ölkənin inkişafına verdiyi töhfələrdən,
çoxşaxəli fəaliyyətindən bəhs olunur.
Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər
Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması, o cümlədən
Ermənistanın Azərbaycana qarşı təcavüzkar və
işğalçılıq siyasətinin ifşa edilməsi
istiqamətində məqsədyönlü və
ardıcıl iş aparması xüsusi olaraq
vurğulanır.
Fondun
dəstəyi ilə hər il müxtəlif ölkələrdə
Xocalı faciəsinə həsr olunmuş konfransların, tədbirlərin
keçirildiyi, ermənilərin Xocalıda törətdikləri
soyqırımı, insanlıq əleyhinə və müharibə
cinayətləri barədə məlumatlandırma
kampaniyasının uğurla aparıldığı qeyd
olunur, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci
ildə başladılmış "Xocalıya ədalət!”
beynəlxalq kampaniyasının mühüm əhəmiyyət
daşıdığı diqqətə
çatdırılır.
Qeyd
olunur ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğində,
mədəniyyətlərarası dialoqun genişləndirilməsində
Heydər Əliyev Fondunun BMT-nin Təhsil, Elm və Mədəniyyət
Təşkilatı (UNESKO) ilə əlaqələri xüsusi
yer tutur, Azərbaycan-UNESKO əməkdaşlığının
yüksələn xətlə inkişaf etməsində Fondun
prezidenti Mehriban Əliyevanın səyləri
danılmazdır.
Mehriban
Əliyevanın bilavasitə təşəbbüsü ilə
Heydər Əliyev Fondunun humanitar sahədə digər
dövlətlərlə ikitərəfli münasibətlərin
dərinləşməsinə, mədəniyyətlərarası
və dinlərarası dialoqun inkişafına xidmət etməsi
yüksək qiymətləndirilərək, Fondun bu məqsədlə
həyata keçirdiyi layihələr geniş şəkildə
işıqlandırılır. Tolerantlıq və dialoq sahəsində
görülmüş işlərin nəticəsi olaraq Roma
Papası Fransiskin 2016-cı ildə Azərbaycana səfər
etdiyi, Müqəddəs Məryəm katolik kilsəsində
dua mərasimi zamanı Azərbaycanı "sivilizasiyalar
arasında körpü” adlandırdığı xüsusi
olaraq vurğulanır.
Nəfis
tərtibatda çap edilən "Diplomatiya XXI əsr”
jurnalı ölkədə böyük oxuyucu kütləsinə
və xüsusi nüfuza malik olmaqla yanaşı,
İspaniyanın dövlət orqanları, xüsusilə
Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq
Nazirliyi, bu ölkədəki diplomatik nümayəndəliklər,
habelə İspaniya Krallığının Latin Amerikası
ölkələrindəki səfirlikləri arasında da
geniş yayılır.
Azərbaycan.- 2019.- 3 oktyabr.- S. 2.