Azərbaycanda narkomaniyaya qarşı dövlət səviyyəsində
mübarizə aparılır
"Narkomaniya bəşəriyyətin problemidir. Bu, Azərbaycan xalqı üçün xarakterik məsələ olmasa da, ölkəmizdə narkomaniyaya qarşı dövlət səviyyəsində mübarizə aparılır. Mübarizənin gücləndirilməsi üçün qanunvericilik bazası tamamilə təkmilləşdirilib, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülüb”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Baş Nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) Şərqi Avropa və Mərkəzi Asiya üzrə xüsusi məsləhətçisi Mişel Kazaçkin ilə görüşündə deyib.
Baş Nazirin müavini bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra İranla olan dövlət sərhədimizin 132 kilometrlik hissəsi nəzarətsiz zonaya çevrilib. Bu isə yeni narkotik tranzitinin yaranmasına səbəb olub.
1996-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yaradıldığını bildirən Baş Nazirin müavini deyib ki, Azərbaycanda beş ildən bir narkomaniya ilə mübarizəyə dair Dövlət Proqramı tərtib olunur. Bu proqramlar narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin təmin edilməsi baxımından önəmlidir. Bu il artıq dördüncü belə proqram qəbul edilib. Bu sənəd 2019-2024-cü illəri əhatə edəcək. Dövlət başçısı son 15 ildə Azərbaycanda narkomaniya ilə mübarizəyə dair 15 fərman, 56 sərəncam imzalayıb.
Mişel Kazaçkin
Azərbaycanda narkomaniya ilə mübarizənin
səviyyəsindən məmnunluğunu ifadə edib.
Azərbaycan.- 2019.- 3 oktyabr.- S. 2.