Milli Məclisin Hüquq
siyasəti və dövlət quruculuğu
komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb
Oktyabrın 2-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib. Gündəliyə 9 məsələ daxil edilmişdi.
AZƏRTAC xəbər verir ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli əvvəlcə ikinci oxunuşda müzakirəyə təqdim olunmuş "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi barədə danışdı. Qeyd etdi ki, ölkəmizdə belə bir qanunun tətbiqi demokratiyanın təzahürlərindən biridir. Sənəddəki bir sıra müddəalara dair beynəlxalq təcrübə, o cümlədən Avropa ölkələrinin təcrübəsi öyrənilib, Azərbaycan üçün uyğun olan model seçilib.
İclasda Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid məlumat verdi ki, iyul ayında bu sənədin ictimai müzakirəsi təşkil olunub. Müzakirədə xeyli təklif səsləndirilib. Birinci oxunuşdan sonra qanun layihəsində 30 dəyişiklik edilib.
Sonra komitəyə dəvət olunmuş hüquqşünasların rəyləri dinlənildi. Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Hüquq və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Hafiz Həsənov "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi barədə fikirlərini bildirdilər.
Deputatlar Elşən Musayev, Fəzail Ağamalı, Çingiz Qənizadə, komitə sədrinin müavini Məlahət İbrahimqızı rəy və təkliflərini diqqətə çatdırdılar. Komitənin sədri Əli Hüseynli bildirdi ki, deputatların və vətəndaş cəmiyyəti təmsilçilərinin irəli sürdükləri təkliflər nəzərə alınacaq.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
İclasda "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Notariat haqqında”, "Dövlət rüsumu haqqında” qanunlarda və Mülki Məcəllədə dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (üçüncü oxunuş), "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” (üçüncü oxunuş), "Məişət zorakılığının qarşısının alınması haqqında”, "Sosial xidmət haqqında”, "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və "Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” (üçüncü oxunuş), "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (üçüncü oxunuş) qanun layihələrinə də baxıldı. Qərara alındı ki, bu qanunların beşi də plenar iclasa təqdim edilsin.
Deputatlar ikinci
oxunuşa çıxarılmış qanun layihələrinə də müsbət
münasibət bildirdilər. Qərara
alındı ki, "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında”, "Narkotik
vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının dövriyyəsi
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” və "Bakı
Dövlət Universitetinin
100 illiyi (1919-2019)” Azərbaycan
Respublikasının yubiley medalının
təsis edilməsi ilə əlaqədar "Azərbaycan
Respublikasının orden və
medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə
məsələlər də parlamentin
müzakirəsinə təqdim olunsun.
Azərbaycan.- 2019.- 3 oktyabr.- S. 4.