Avropa Şurasının yeni Baş katibi
qarşısında Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsinə təsir göstərməsi
məsələsi qaldırıldı
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında vəzifələrinin icrasına yeni başlayan xanım Mariya Pesçinoviç Buriç ilk dəfə Assambleya qarşısında məruzə ilə çıxış etdi. Avropa Şurasının Baş katibi görməyi nəzərdə tutduğu işlər, qurumun fəaliyyətini daha da canlandırmaq üçün planlaşdırdığı layihələr barədə məlumat verdikdən sonra söz deputatlara verildi. Adətən Avropa Şurasının Baş katibi sessiyaların əvvəlində hesabat məruzəsi ilə çıxış etdikdən sonra ona suallar ünvanlanır. Lakin bu, xanım Mariya Pesçinoviç Buriçin Baş katib vəzifəsində qatıldığı ilk sessiya olduğundan onun məruzəsi, sadəcə, fəaliyyət istiqamətlərinin elan edilməsi səciyyəsi daşıdığı kimi ənənəvi suallar əvəzinə deputatlara həm də perspektivlərlə bağlı müəyyən mülahizələrini ifadə etmək imkanı yaradılmışdı.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış edərək əvvəlcə nümayəndə heyətimiz adından xanım Baş katibi təbrik etdi və ona Avropa Şurasının rəhbər tutduğu demokratik dəyərlərin daha artıq bərqərar olmasındakı çalışmalarında uğurlar arzuladı. Azərbaycanlı deputat sabiq Baş katib Torbyorn Yaqland tərəfindən Avropa Şurası tribunasından bir neçə dəfə səsləndirilmiş və indiyədək həllini tapmamış həssas bir məsələyə toxunaraq ermənilər tərəfindən girov götürülərək saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında söz açdı. Girovların azad edilməsini mümkün edəcək yeni şəraitin yaranmasını diqqətə çatdıran Rafael Hüseynov Baş katibi sələfinin başladığı və Avropa Şurasının gündəliyində yer alan bu problemin həllinə töhfə verməyə səslədi: "2014-cü ildə Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda girov götürülmüş və qeyri-qanuni mühakimə edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması ilə bağlı sizin sələfiniz Ermənistana çağırış etmişdi. Ötən ay mənim ölkəm hətta həmin 2 girovu Azərbaycan ərazisində terrorçu fəaliyyətləri ilə bağlı həbs edilmiş 2 erməni hərbçisi ilə dəyişməyə hazır olduğunu rəsmən əlaqədar beynəlxalq qurumlara bəyan etmişdir. Siz sələfinizin bu istiqamətdəki nəcib işini davam etdirərək Baş katibin gündəliyində olmuş həmin məsələnin müsbət həlli üçün töhfənizi verməyə cəhd edə bilərsinizmi?”.
Deputatların
çıxışlarından sonra cavab nitqi söyləyən
Mariya Pesçinoviç
Buriç bildirdi ki, Baş katib
olaraq hələ genişmiqyaslı fəaliyyətə
başlamadığından bir çox suallara ümumi şəkildə cavab
vermək məcburiyyətindədir və yəqin ki, növbəti sessiyalarda
həmin sualları daha müfəssəl
şəkildə cavablandıra biləcək. Deputat Rafael Hüseynovun toxunduğu məsələyə gəlincə
isə Baş katib bəyan
edib ki, varislik davam edəcək, Avropa Şurasının əsas fəlsəfəsi
ilə bağlı olan problemlər, hərbi
münaqişələr və onların həlli istiqamətində
müəyyən işlər görülmüş ayrı-ayrı məsələlər,
o cümlədən Dilqəm Əsgərov
və Şahbaz Quliyevin
problemi Baş Katibliyin gündəliyindədir. "Bizə
bəslənən ümidləri və inamı doğrultmaq üçün
zəruri olan bütün
addımları atacağıq”, - deyə xanım Mariya Pesçinoviç Buriç fikrini
yekunlaşdırıb.
Azərbaycan.- 2019.- 3 oktyabr.- S. 4.