Üzərində
İmadəddin Nəsiminin şəkli olan Basqal kəlağayıları
hazırlanır
Qədim
Basqalın tarixi abidələri, maddi-mədəniyyət
nümunələri və dünyada tanınan kəlağayıları
hər zaman qəsəbədə olan yerli və xarici
qonaqların diqqətini çəkib. Bütün bu işləri
ərsəyə gətirənlər isə Basqalda yaşayan
və hər zaman yeni axtarışlarda olan, eyni zamanda, qədim
adət-ənənələri yaşadan yerli sənətkarlardır.
Onlardan biri də 63 yaşlı Mürşüd
Talıbovdır.
AZƏRTAC
xəbər verir ki, ixtisasca oymaçı olan usta, əlli
ildir kəlağayı istehsalı ilə məşğuldur.
Bu günə kimi saysız-hesabsız kəlağayı
boyayıb naxış vuran Mürşüd Talıbov, ilk dəfə
olaraq dahi Azərbaycan şairi İmadəddin Nəsiminin
şəklini kəlağayı üzərinə
köçürüb. Bu, basqallı ustanın həm də
"Nəsimi ili”nə bir töhfəsidir.
Onun
sözlərinə görə, digər naxışlı kəlağayılardan
fərqli olaraq, Nəsiminin portreti həkk olunan kəlağayıların
hazırlanmasına xeyli vaxt sərf edilib. Eyni zamanda, adi kəlağayılarda
1-2 rəng lazımdısa, bu kəlağayıların
boyanmasında 5-6 rəngdən istifadə olunub.
Usta
hazırladığı bu işlərdən əlavə, digər
kəlağayıların üzərinə Nəsiminin, həmçinin
dahi şairin Azərbaycan və xarici dillərə tərcümə
olunan qəzəllərini də köçürmək niyyətindədir.
Müxtəlif boyalardan və milli naxışlardan istifadə
edilməklə ərsəyə gətirilən bu əl işləri
görənlərin marağına səbəb olur.
Mürşüd
Talıbov deyir ki, ötən əsrin 70-ci illərindən
sovet hakimiyyətinin son dövrlərinə qədər
Basqalda kəlağayı sənətini itirmək istəyirdilər.
Kimin həyətində kəlağayı hazırlansaydı,
o, ağır cəza ala bilərdi. "Amma ölkəmiz
müstəqillik qazandıqdan sonra yenidən bu sənətə
və sənətkarlara dövlət tərəfindən dəstək
göstərilməyə başlandı. Bununla da Basqal kəlağayısı
yenidən öz şöhrətini qaytardı. Birinci
vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın
diqqət və qayğısı nəticəsində kəlağayı
sənətinə çox yüksək qiymət verilərək,
UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ
siyahısına daxil edildi. Bu, bizi hədsiz sevindirdi. İndi əminliklə
demək olar ki, kəlağayı sənəti
özünün yeni inkişaf dövrünü
yaşayır”, - deyə o qeyd edib.
Azərbaycan.- 2019.- 3 oktyabr.- S. 5.