Əhalinin siyahıyaalınması perspektivləri müəyyənləşdirmək üçün atılan zəruri addımdır

 

Prezident İlham Əliyevin "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli fərmanına əsasən, bu il oktyabrin 1-dən əhalinin siyahıyaalınmasına start verilmişdir.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bu məsələ ilə bağlı keçirilən mətbuat konfransında siyahıyaalınmanın 1-10 oktyabr 2019-cu il tarixlərində keçiriləcəyi barədə məlumat verdi. Siyahıyaalma başlamazdan əvvəl komitənin təsdiq etdiyi plana uyğun olaraq bütün hazırlıq işləri tam başa çatdırılmışdır.

Siyahıyaalma zamanı əhalinin tam əhatə olunması üçün xüsusi əhəmiyyət daşıyan şəhər, rayon və şəhər rayonları üzrə təşkilati planlar tərtib edilmiş, 50-yə yaxın metodoloji və köməkçi sənədlər hazırlanmış, Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın işində 19 dövlət qurumu və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə müəyyən məsələlər razılaşdırılmışdır. Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planlar tərtib olunmuş, ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünmüşdür.

Siyahıyaalınmada xüsusi diqqət ayrılan sahələrdən biri də əhalinin məlumatlandırılmasıdır. Bu ilin aprel ayından başlayaraq təşviqat xarakterli plakat və banerlər yerli icra hakimiyyətləri tərəfindən müəyyən edilmiş dislokasiya üzrə yerləşdirilmiş, videoçarxlar televiziya kanalları və aparıcı elektron media vasitələrində, Bakı Metropolitenində, Dənizkənarı Milli Parkda və Dövlət Reklam Agentliyinin paytaxtın mərkəzi küçə və prospektlərində quraşdırılmış elektron lövhələrində yayımlanmaqdadır. Eyni zamanda, siyahıyaalınmanın işıqlandırılmasına KİV-nin, fərdi jurnalistlərin böyük bir qismi cəlb edilmiş, hətta Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə cari il iyulun 18-də müsabiqə elan edilmişdir.

Ölkəmizdə keçirilən növbəti siyahıyaalınma barədə Azərbaycan Prezidentinə məlumat verən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov siyahıyaalınmanın keçirilməsi zərurətinin son illər insanların yaşayış, mənzil şəraitində çox ciddi irəliləyişlərin baş verməsimiqrasiya proseslərindəki müəyyən dəyişikliklərdən doğan zərurətlə bağlı olduğunu bildirmişdir: "Bütün bunlar nəzərə alınaraq keçirilən bu siyahıyaalmanın nəticəsində insanların rifah halında, onların gəlir mənbələrində, mənzil-məişət şəraitində baş verən dəyişikliklərlə yanaşı, əhalinin ailə tərkibi, ev təsərrüfatlarının tərkibi, hər bir şəxs barədə toplanılan məlumatlar ölkədə həm daxili, həm xarici miqrasiya proseslərinə, eyni zamanda, insanların məşğulluq statusuna, onların gəlir mənbələrinə, təhsil səviyyəsinə dair bir çox sosial-iqtisadi göstəricilərin əldə edilməsinə imkan yaradacaq”.

Sonuncu siyahıyaalınmanın əvvəlkilərindən fərqi ilk dəfə olaraq sosial statusla bağlı məsələlərin siyahıyaalınmaya daxil edilməsidir. Bu siyahıyaalınmada strateji yol xəritələrindən irəli gələn məsələlərin monitorinqi, eləcə də dayanıqlı inkişaf üzrə BMT-nin müvafiq qərarları ilə bağlı suallar da nəzərə alınmışdır.

Həmçinin Əmək Təşkilatı tərəfindən qəbul edilmiş beynəlxalq metodologiyalara əsaslanaraq sorğu vərəqəsinə işçipotensial işçi qüvvəsini, əhalinin məşğulluğunu, işsizliyinis. məqamları müəyyən edən bir sıra suallar da daxil edilmişdir. Əvvəlki siyahıyaalmadan fərqli olaraq, sorğu vərəqəsinə ilk dəfə daxil edilmiş əlilliyə dair suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə və məşğulluğuna, habelə siyahıyaalma çərçivəsində toplanan digər göstəricilərə dair məlumatların əldə edilməsinə imkan yaradacaq.

Beləliklə, siyahıyaalma başa çatdıqdan sonra toplanan bütün məlumatlar siyahıyaalma qrupuna təhvil veriləcək, elektron məlumat sisteminə daxil edildikdən sonra isə proqram təminatı vasitəsilə məntiqi analiz ediləcək. Bu məlumatların emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr edilərək istifadəçilərə çatdırılması gələn ilin sonuna nəzərdə tutulub.

Prezident İlham Əliyev bu tədbirin nəinki Azərbaycan, bütün ölkələr üçün xüsusi önəm daşıdığını vurğulaşmışdır: "Azərbaycanda da siyahıyaalınma tədbirləri müntəzəm olaraq keçirilir. Son dəfə 10 il bundan əvvəl keçirilmişdir. Əlbəttə, bu 10 il ərzində ölkəmizdə çoxlu dəyişikliklər baş vermişdir. İlk növbədə, demoqrafik vəziyyət daha da yaxşılaşdı. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini təntənə ilə qeyd etmişik. İşsizliklə bağlı görülmüş tədbirlər öz səmərəsini verir, vətəndaşların sosial rifahı yaxşılaşır. Təkcə bu il minimum əməkhaqqı təxminən iki dəfə artırıldı. Həmçinin pensiyalar, tələbələrin təqaüdləri, müavinətlər artırıldı. Yəni sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır və bu da təbiidir”.

Dövlət başçısı onu da qeyd etmişdir ki, müstəqillik dövründə Azərbaycan əhalisinin təxminən 3 milyon artması həm ölkəni, həm də mövqelərimizi gücləndirir. Beləliklə, Azərbaycan qarşıya çıxan yeni çağırışlara daha mükəmməl cavab vermək imkanlarını qazanır. Ölkəmizdə gedən proseslərin ciddi nəzarətdə olmasına və daim izlənməsinə baxmayaraq, 10 gün ərzində keçirilən siyahıyaalma prosesi başa çatdıqdan sonra iqtisadi inkişafla, infrastrukturla, miqrasiya və əmək resurslarının artımı ilə bağlı daha yeni və ətraflı məlumatlar əldə ediləcək. Siyahıyaalma gələcək inkişafın və çoxsaylı məsələlərin planlaşdırılmasını asanlaşdıracaq, islahatların daha davamlı olmasına, sosial layihələrin isə daha mükəmməl icrasına zəmin yaradacaq.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2019.- 3 oktyabr.-  S. 6.