Yeni ekoloji layihənin
ilkin nəticələri uğurludur
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - paytaxtın Nərimanov rayonunda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrası həyata keçirilir.
Hazırlıq və sakinlərlə maarifləndirmə işlərinin yüksək səviyyədə aparılması nəticəsində 3 ay ərzində xeyli irəliləyişlər əldə olunub. Maarifləndirici tədbirlər, evlərə paylanan broşürlar, bloklara yapışdırılan elanlar, həyətlərdə, məhəllələrdə keçirilən görüşlər öz bəhrəsini verməkdədir. Rayon üzrə yaradılmış 400 ədəd meydançaya konteynerlər yerləşdirilib, həyət və məhəllələrə cavabdehlər təyin edilib, könüllülər gündəlik izahetmə işləri aparırlar. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən xüsusi olaraq bu layihə ilə bağlı Nərimanov rayonunda yaradılan Monitorinq Mərkəzində növbəti dəfə Bakıya ezam olunmuş Mott MacDonald şirkətinın nümayəndəsi - Tullantı Menecmenti məsləhətçisi Artur Guasti ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya çərçivəsində 3 ay ərzində görülən və nəzərdə tutulan işlər barədə ətraflı məlumat vermiş və jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
O bildirmişdir ki, tullantıların kompozisiyasının araşdırılmasının təkrarlanması təkrar emal tullantılarının nisbətinin dəqiq öyrənilməsinə xidmət edir: "Kompozisiya araşdırılmasının təkrarlanması hər dəfə nəticələri dəqiqləşdirilmək üçündür və hər 2-3 aydan bir təkrarlanması nəzərdə tutulub. Nəzərdə tutulduğu kimi, hər ay kompozisiya araşdırması keçirərək layihənin nəticələrini qiymətləndiririk, hansı sahədə uğurlu, hansı ərazilərdə uğursuzluq olduğunu müəyyən edirik. Burada əsas məqsəd hansı materialların uğurlu, hansının isə uğursuz toplanması, nələri az, nələri isə çox əldə edə bildiyimizi öyrənməkdir. Hər gün konteynerlər yoxlanılır, onların yerləşmə strukturu müzakirə olunaraq optimal variant tapılır, ümumi planda dəyişiklik edilərək mövcud vəziyyətə uyğunlaşdırılır. Layihənin icrasının 3 ayının nəticələri çox uğurludur. Kiçik, çox da vacib olmayan problemlər var, onlar qaçılmazdır. Bu problemlər operativ şəkildə aradan qaldırılır. Hər gün yığılan tullantıların tərkibi və çəkiləri araşdırılır, məlumat bazasına əlavə edilir. Gündəlik olaraq "Təmiz şəhər” ASC-də oluruq və nəqliyyatın gətirdiyi tullantıları orada da araşdırırıq”.
Xəyalə
MURADLI
Azərbaycan.- 2019.- 3 oktyabr.- S. 7.