Beynəlxalq miqyasda ehtiramla
qarşılanan siyasət
"Valday” Beynəlxalq Diskussiya
Klubunun plenar
iclasına dəvət olunması Prezident
İlham Əliyevə dünyada
olan böyük
hörmətin göstəricisidir
Populist vədlər üzərində hakimiyyətə gələn Nikol Paşinyanın siyasi proseslərdəki naşılığı və təcrübəsizliyi, real vəziyyəti dərk edə bilməməsi mütəmadi olaraq özünü büruzə verir. Eyni zamanda, ötən ilin may ayından bəri erməni cəmiyyətində müsbətə doğru heç bir dəyişiklik baş verməyib. Bunun nəticəsidir ki, ictimai rəydə Ermənistanın baş nazirinin reytinqi sürətlə aşağı düşməkdədir.
Yerevan sammiti
Paşinyanın növbəti məğlubiyyəti oldu
İnsan azadlıqlarının, hüququn aliliyinin, demokratik dəyərlərin təmin olunması, Ermənistanın iqtisadi inkişafına şərait yaradılacağı və digər bu kimi şüarlarla hakimiyyətə gələn Paşinyanın azmüddətli rəhbərliyi dövründə ölkədə vəziyyət daha da gərginləşir, diplomatik məğlubiyyətlərin sayı durmadan artır. Özündən əvvəlki hakimiyyət mənsublarına qarşı repressiyaların təşkili, demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarının durmadan artması, siyasi rəqiblərinin qeyri-qanuni yollarla neytrallaşdırılması, faktiki olaraq diktatura üsuli-idarəsinin tətbiq edilməsi, iqtisadi tənəzzülün dərinləşməsi, ölkədə vəziyyətin daha da pisləşməsi - Paşinyanın hakimiyyətdə olduğu qısa müddəti əyani şəkildə göstərən faktorlardır.
Digər tərəfdən, yürütdüyü anlaşılmaz siyasət səbəbindən ənənəvi tərəfdaşları da Yerevana olan inamlarını tam itiriblər və münasibətlərdəki soyuqluq davam edir. Paşinyan özü isə digər dövlət başçıları tərəfindən ümumiyyətlə ciddi qəbul olunmur. Bunu bir neçə gün əvvəl Avrasiya İqtisadi İttifaqının Yerevanda keçirilən sammitində yaşananlar da təsdiq etdi.
Öncə onu qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının sammitinin Yerevanda keçirilməsi adi rotasiya qaydasında baş tutub. Ermənistanda hakimiyyətə yaxın KİV bunu Paşinyanın uğuru kimi qələmə verməyə çalışsa da, siyasi dairələrdə erməni baş naziri sammitdən öz nüfuzu baxımından ümumiyyətlə yararlana bilmədi.
Məsələn, Paşinyan ev sahibi olsa da, onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü son anda baş tutub. Rəsmi Yerevan bu görüşə çoxdan hazırlaşırdı və yüksək səviyyədə keçirilməsi üçün diplomatik kanalları işə salmışdı. Ermənistan mediası da təsdiq edir ki, rəsmi Yerevan bu görüşün baş tutması üçün çox ciddi səylər göstərib, görüş üçün Rusiya tərəfi ilə dəfələrlə əlaqə yaradılıb və xahişlər olunub.
Vladimir Putinlə N.Paşinyan arasında görüş günün sonunda, özü də sammit çərçivəsində baş tutub. Bu isə Ermənistana və onun baş nazirinə olan münasibətin göstəricisidir. Xatırladaq ki, bundan öncə də ABŞ-a səfəri öncəsi Paşinyanın Donald Trampla görüşəcəyini piar edən Ermənistan mediası baş nazirin yalnız ABŞ Prezidenti ilə selfi çəkdirməyə nail olduğundan məyusluğunu gizlədə bilməmişdi.
Ermənistanın
baş naziri ciddi siyasətçi kimi
qəbul olunmur
Əslində, protokol qaydalarına görə, sammiti, zirvə görüşünü və ya hansısa tədbiri təşkil edən ölkənin rəhbəri ayrı-ayrılıqda hər bir dövlət və hökumət başçısı ilə görüşür. Bir çox hallarda bu görüş geniş tərkibdə keçirilir, ikitərəfli münasibətlər müzakirə olunur. Dəfələrlə bu kimi tədbirlərə evsahibliyi edən Azərbaycanın nümunəsi, Prezident İlham Əliyevin dövlət və hökumət başçıları ilə ayrı-ayrılıqda, geniş tərkibdə görüşləri bunu əyani şəkildə təsdiqləyir.
Bununla yanaşı, Prezident İlham Əliyevin ən mötəbər tədbirlərə dəvət olunması, aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər və digər şəxslər ilə görüşləri bir daha həm cənab İlham Əliyevin, həm də Azərbaycanın yüksək nüfuzunun göstəricisidir. Misal olaraq bu ilin aprelində "Bir kəmər, bir yol” İkinci Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak etmək üçün Çinə səfər edən Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşünü göstərə bilərik. Bu tarixi görüşdə Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu daxili və xarici siyasət həyata keçirdiyini, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını, Azərbaycanda sabitliyin təmin olunduğunu, xalqımızın rifah halının yüksəldiyini, iqtisadi sahədə inkişafa nail olunduğunu bildirdi. Bir daha xatırladaq ki, bu tədbirə Cənubi Qafqazdan yalnız Prezident İlham Əliyev dəvət olunmuşdu.
Prezident İlham Əliyevin dünyanın məşhur "beyin mərkəzləri”ndən biri olan "Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasına dəvət olunması, habelə keçirilməsi nəzərdə tutulan çoxsaylı yüksək səviyyəli görüşlər də dövlət başçımıza dünyada olan böyük hörmətin göstəricisidir.
"Valday” Beynəlxalq Diskussiya Klubu 2004-cü ildə yaradılıb. Klubun ilk konfransı Rusiyanın Veliki Novqorod şəhərində, Valday gölünün sahilində keçirilib. Elə klub adını da buradan götürüb. Ötən illər ərzində dünyanın aparıcı ekspertlərinin görüş yerinə çevrilmiş klub öz tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer verir. İndiyədək klubun işinə 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, o cümlədən Harvard, Kolumbiya, Corctaun, Stenford, Karlton, Sarbona, London, Qahirə, Tehran, Tokio, Təl-Əviv və digər universitetlərin tanınmış professorları qatılıb. Finlandiya, Çexiya, Avstriya, Fransa, İtaliya, İran, CAR və digər ölkələrin prezidentləri və baş nazirləri "Valday” klubunun qonağı olublar. Rusiya Prezidenti Vladimir Putin klub yarandığı vaxtdan hər il diskussiyaların iştirakçıları ilə görüşür və ətraflı fikir mübadiləsi aparır. Onu da bildirək ki, digər ölkələrin rəhbərləri bu tədbirlərə məhdud sayda dəvət olunur. Hazırda keçirilən tədbirdə bir neçə ölkənin rəhbəri iştirak edir.
Başlıca məqsədlərindən
biri dünya sisteminin böhrandan
çıxarılmasına dair qərarlar
qəbul etmək üçün intellektual elitanın bir araya gətirilməsi olan klub beynəlxalq münasibətlər, qlobal siyasət, iqtisadiyyat,
təhlükəsizlik, energetika, sosiologiya və digər sahələrdə
aparıcı ekspertlərlə əməkdaşlıq edir. Klub Asiya, Yaxın Şərq, Avratlantika dialoqları kimi regional konfranslar da təşkil edir.
Beləliklə, müxtəlif məzmunlu və formatlı tədbirlər olmalarına
baxmayaraq, Avrasiya İqtisadi İttifaqının
sammiti və "Valday” Beynəlxalq Diskussiya Klubu məlum həqiqətlərə
yenidən aydınlıq
gətirdi. Avrasiya İqtisadi İttifaqının
sammiti bir daha təsdiqlədi ki, Paşinyan siyasi elita tərəfindən
siyasətçi və
ya ciddi hökumət başçısı
kimi qəbul olunmur. Bunun səbəbi isə
onun yürütdüyü
qeyri-konstruktiv siyasət,
bölgədə və
dünyada mövcud olan reallıqları bilməməsi və ya nəzərə almamasıdır. Ermənistan mediası,
ekspertləri də etiraf edirlər ki, elə buna
görə də son illər Ermənistan olan-qalan nüfuzunu da itirir.
Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubuna dəvət olunması isə Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil
siyasətin dünyanın
güc mərkəzləri
və böyük ölkələri tərəfindən
hörmətlə qarşılanması
və qəbul edilməsinin əyani təsdiqidir. Ən əsası, bu,
Prezident İlham Əliyevin şəxsiyyətinə
və yürütdüyü
siyasətə beynəlxalq
səviyyədə göstərilən
yüksək ehtiramın
göstəricisidir. Bütün bunların
nəticəsi olaraq dünya birliyi Azərbaycana böyük hörmət və rəğbətlə yanaşır.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2019.- 4 oktyabr.- S.
1; 3.