Milli Məclisdə BMT-nin İnsan Hüquqları Şurasının qida hüququ üzrə xüsusi məruzəçisi ilə görüş olub

 

Oktyabrın 3-də Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ölkəmizdə səfərdə olan BMT-nin İnsan Hüquqları Şurasının qida hüququ üzrə xüsusi məruzəçisi xanım Hilal Elver ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Eldar İbrahimov qonaqlara Milli Məclisin strukturu, Aqrar siyasət komitəsinin gördüyü işlər, aqrar sahədə qəbul edilmiş qanunlar barədə məlumat verib. Bildirilib ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Hazırda komitədə "Qida təhlükəsizliyi haqqında” qanun layihəsi üzərində aparılır. Ölkəmizə genetik modifikasiya olunmuş məhsulların idxalı qadağan edilib. Azərbaycanda yalnız ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edilir.

Komitə sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyev kənd təsərrüfatına xüsusi qayğı ilə yanaşır və hər il kənd təsərrüfatının inkişafına ayrılan dövlət vəsaitinin artırılması bunun bariz nümunəsidir. Kənd təsərrüfatının inkişafı məqsədilə onun müxtəlif sahələrinə dövlət tərəfindən subsidiyalar ayrılır. Sumqayıtda tikilmiş karbamid zavodunun istehsal etdiyi gübrə nəinki ölkəmizi təmin edir, həm də xarici ölkələrə satılır. Hazırda kənd təsərrüfatı vergilərdən azaddır. Yalnız cüzi olaraq torpaq vergisi alınır. Bu da ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalının ilbəil artmasına səbəb olur.

Hilal Elver bildirib ki, Azərbaycanın neftqaz sahəsindən sonra kənd təsərrüfatının inkişaf etdirilməsini qarşıya məqsəd qoyması sevindirici haldır. Azərbaycan zəngin təbii ehtiyatlarına arxalanaraq öz vətəndaşlarını təmin etmək resurslarına malik ölkədir. Qonaq Azərbaycanda gənclərin kənd təsərrüfatı ilə məşğul olmağa həvəsləndirilməsi üçün görülən işləri yüksək qiymətləndirib.

Söhbət zamanı tərəfləri maraqlandıran suallara aydınlıq gətirilib.

Görüşdə Milli Məclisin deputatları Tahir Süleymanov, Mahir Aslanov, Cavanşir Paşazadə, İqbal Məmmədov, Aydın Hüseynov, Elçin Quliyev və Eldəniz Səlimov iştirak ediblər.

 

Azərbaycan.- 2019.- 4 oktyabr.-  S. 2.