Gənclərin sevimli ünvanı

 

Qusarda həyata keçirilən abadlıq-quruculuq işlərinin miqyası genişlənməkdədir. Asfalt küçələr, yaşıllıq zolaqları, yeni istirahət parklarının yaradılması, binaların fasadının yenilənməsi və digər işlər rayonun simasını xeyli dəyişdirib. Ölkəmizin şimal qapısı sayılan Qusarda yerli memarlıq üslubu baxımından fərqlənən rayon icra hakimiyyətinin inzibati binası, Heydər Əliyev Mərkəzi və sosial obyektlər yaraşığı ilə diqqət çəkir.

Rayonda Heydər Əliyev Mərkəzi Prezident İlham Əliyevin xeyir-duası ilə 2012-ci ildə fəaliyyətə başlayıb. 2 hektar sahədə Heydər Əliyev Mərkəzi, uşaq əyləncə meydanı, ictimai iaşə obyekti inşa olunub. Heydər Əliyev Xatirə Kompleksi ərazisində geniş abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Burada insanların ilin bütün fəsillərində istirahəti üçün hər bir şərait yaradılıb.

Heydər Əliyev Mərkəzi ikimərtəbəli, ümumi sahəsi 1420 kvadratmetrdir. Mərkəzdə 118 sayda foto və sənədlərdən ibarət eksponatlar Ümummilli Liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir.

Birinci mərtəbədə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri, ölkəmizin müxtəlif bölgələrinə, o cümlədən Qusara səfərlərini, rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr yer alıb.

Mərkəzə gələnlər fotolara xüsusi maraq göstərirlər. Foto və sənədlərdən ibarət eksponatlar xatirələri canlandırır. Vaxtilə Heydər Əliyevlə görüşmüş insanlar şəkillər qarşısında saatlarla dayanır, xəyalən həmin günlərə qayıdırlar. 8 foto-eksponat stendi Ulu Öndərin zəngin irsinin müxtəlif məqamlarını özündə əks etdirir.

Mərkəzdə 8 lövhə var. Həmin tablolarda Ümummilli Liderin siyasi fəaliyyəti, sadə insanlarla görüşləri, çıxışları, Qusara etdiyi səfərləri yer alıb. Monitorda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmlər nümayiş olunur.

Mərkəzdə həmçinin 105 yerlik kinozal fəaliyyət göstərir. Rayon gərclərinin sevimli yeri olan bu zalda yerli həvəskarların çəkdikləri qısametrajlı filmlər nümayiş etdirilir, dövlət tədbirləri keçirilir, icra strukturlarının səyyar görüşləri təşkil olunur. Turistlərlə görüşlər, rayona gələn qonaqlarla bağlı çəkilişlər də burada geniş yer alıb.

Mərkəzdə fəaliyyət göstərən kitabxananın çox hissəsi elektronlaşdırılıb. Kompüterdən istifadə etməklə istənilən elektron kitabı oxumaq mümkündür. Burada internet-klubkafe də fəaliyyət göstərir. İstirahət zamanı gənclər ora yığışır, fikir mübadiləsi çaykofe süfrəsində davam etdirilir.

Azərbaycana işgüzar səfərə gələn xarici qonaqlar mərkəzdə olur, buradan xoş təəssüratla ayrılırlar. Latviya, Litva, Polşa, Rusiya, Belarus, Türkiyə və digər ölkələrdən gəlmiş nümayəndə heyətləri mərkəzi ziyarət etmişlər. Qonaqlar mərkəzin "Xatirə kitabı”na öz ürək sözlərini yazmışlar. Kitabı vərəqlədikcə insanların Heydər Əliyev irsinə marağının bir daha şahidi olursan. Mərkəzin kollektivi müxtəlif dillərdə filmlərin kataloqunu hazırlayıb. Ulu Öndərin həyat və fəaliyyətini özündə əks etdirən kitablar sərgilənmək üçün xüsusi lövhələrdə yerləşdirilib. Heydər Əliyev ömrünün müxtəlif anlarını canlandıran filmlərin xarici dillərə tərcümə variantlarının çoxu qusarlı xarici dil müəllimləri tərəfindən icra edilib.

Mərkəzdə xalçaçılıq və rəssamlıq dərnəkləri fəaliyyət göstərir. Xalçaçılıq dərnəyində məktəbli qızlar şənbə və bazar günləri xovsuz milli xalça növü olan sumaxın toxunuşunun sirlərinə yiyələnirlər. Dərnəyin rəhbəri Natəvan Verdixanova bildirir ki, qızlar toxuculuğu həvəslə öyrənirlər. Hazırda dərnəkdə 8-12 şagird təlim keçir. Qızlarımızın əl işləri rayondaregionda keçirilən tədbirlərdə sərgilənir və uğur qazanır.

Rəssamlıq dərnəyinin rəhbəri Kəmalə Daşdanovadır. Şagirdlər burada rəsm dərsləri alır, dərnəkdə dekorativ sənət nümunələrinin sirlərinə yiyələnirlər. Dərnək rəssamlarının əl işləri "Bölgələrdən-bölgələrə” festivalında xüsusi mükafata layiq görülüb. "Ölkəmizi tanıyaq” devizi altında müxtəlif bölgələrə səfər edən gənclər dərnəyin rəsmlərini özləri ilə apararaq nümayiş etdirmişlər.

Mərkəzdə qızlardan ibarət "Ləzginka” rəqs qrupu da fəaliyyət göstərir. Həftənin şənbə və bazar günləri məşğələlər keçirilir. Məşğələləri rəqs müəllimi Aysel Rüstəmova aparır. Qrupun 12 üzvü var.

Mərkəzin missiyasının biri də müxtəlif yerlərə turların təşkilidir. Belə ki, 31 Mart, 20 Yanvar, 9 Noyabr və digər tarixi günlərdə gənclərin Quba, Şamaxı, Bakı və başqa şəhərlərə səfərləri təşkil olunur.

Mərkəzin digər ziyarətçiləri yeni ailə quranlardır. Gənclər arasında belə bir ənənə yaşamaqdadır. Gənclər ailə həyatının başlanğıcı olan nikah mərasimini bu mərkəzdə keçirirlər.

Milyonlar üçün yaşanmış ömür talelərin çırağına çevrilir. Bu gün qusarlıların qəlbində əbədi yaşayan Heydər Əliyev dühası hələ neçə nəsillərin həyat yoluna işıq salacaq.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2019.- 4 oktyabr.-  S. 5.