Halikarnas mavzoleyi
Dünyanın yeddi möcüzəsi
Qədim dünyanın yeddi möcüzəsindən biri də Halikarnas mavzoleyidir. Bu əzəmətli məqbərə Asiyada Kariya padşahlığının paytaxtı Halikarnasda (Türkiyənin indiki Bodrum şəhəri) eramızdan əvvəl IV əsrin ortalarında tikilib.
İlk mavzoley
Kariya hökmdarı Mavsol təxminən eramızdann əvvəl 355-ci ildə hələ həyatda idi. O, Halikarnasda öz məzarının tikintisinə başlanması əmrini verdi. 46 metr yüksəklikdə, 36 sütunlu və bir araba heykəli ilə taxtadan möhtəşəm məzar quruluşu düzəltdirdi. Eramızdan əvvəl 353-cü ildə Mavsol dünyasını dəyişdikdən sonra tikinti işləri onun dul arvadı Artemisiyanın və bacısının göstərişləri əsasında aparıldı. Eramızdan əvvəl 351-ci ildə Artemisiyanın ölümündən sonra isə Mavsolun qardaşları məqbərənin inşasını davam etdirdilər.
Antik mənbələrdə yazıldığına görə, tavan ölçüləri 32x38 metr olan mavzoley 4 hissədən ibarət idi. Məqbərənin birinci yarusu ağ mərmərdən relyef zolağı əhatə edirdi, ikinci yarus yaraşıqlı mərmər sütunlardan, üçüncü yarus isə 24 pilləli ehramşəkilli mərmər damdan ibarət idi. Abidənin hündürlüyü barədə latın yazıçısı Plinius məlumat verirdi. Latınların dünyanın yeddi möcüzəsi olaraq gördükləri mavzoley 180 ionluq, yəni iyirmi mərtəbəli yaşayış binasının hündürlüyünə bərabərdi. Həmin ölçü sərgi salonundakı modelə əsaslanırdı.
Qədim müəlliflər binanın memarının Pytos olduğunu qeyd edirdilər. Həmçinin Satyrosun adı da çəkilirdi. Vitruvius bu binada eramızdan əvvəl IV əsrin ən əhəmiyyətli dörd heykəltəraşının - şərqdə Skopasın, qərbdə Leokharesın, şimalda Bryaksisin və cənubda Timoteyin çalışdığını bildirirdi. Bryaksis yerli - Kariya sənətkarı idi, digərləri Yunanıstandan gətirilmişdi. İçərisində İkinci Mavsol və Artemisiyanın heykəlləri olan mərmər dördatlı araba məqbərəni tamamlayırdı. Bu at arabalarını memar Pytosun qurduğu barədə məlumatlar qalmaqdadır.
Möhtəşəm tikili görənləri heyrətləndirirdi. Elə "mavzoley” sözü də buradan yarandı. Onu Mavsolun adı ilə bağlayırlar. "Mavzoley” sözünün "yerüstü məzarlıq” mənasını verdiyini bildirənlər də olmuşdur.
Dağıntılara
məruz qalan məqbərə
Canişinlik uğrunda mübarizələr inşaat işlərinin aparılmasına maneələr yaradırdı. Mənbələrdə mavzoleyin tikintisi yarıya çatdırılanda Halikarnasa ayrılmış maddi vəsaitin bitdiyi və inşaatın davamı üçün pulun insanlardan toplandığı göstərilir. Ehtimal edilir ki, eramızdan əvvəl 340-cı ildə Piksodaros və Ada arasındakı mübarizə zamanı tikinti dayandırılıb.
Tarixi mənbələrə əsaslanaraq demək olar ki, bu abidə uzun əsrlər yerində möhkəm dayandı. Güman edilir ki, mavzoley zəlzələ nəticəsində çökdü.
1402-ci ildə Seint Cen cəngavərləri Bodruma gəldikləri zaman abidənin xarabalarını gördülər. Cəngavərlər bütün daşları sökdülər və Bodrum qalasını tikdilər. Beləcə, məqbərəni ilk məhv edən cəngavərlər oldu. Onlar çuxurun ən dərin hissəsində yerləşən əsas dəfn otağını tapa bilmədikləri üçün ora qaldı. Amma 1522-ci ildə Seint Cen cəngavərləri qalalarını möhkəmləndirmək istədilər. Qalanın tikintisində istifadə etmək üçün ətrafda daşlar axtardılar. Mavzoley bu tarixlərdə son dağıntıya məruz qaldı. Qalanın gücləndirilməsində iştirak edən cəngavərlərdən biri - La Touret xatirəsində məzar abidənin sökülməsindən yazdı. O, qismən kirəmit dam altında qalan 12 pilləli nərdivanı necə tapdıqlarını, sərdabəyə gedən dəhlizin hər iki tərəfindəki heykəl və relyeflərə əvvəlcə baxıb heyran olduqlarını, sonra parçaladıqlarını təsvir etmişdi. Cəngavər sərdabəyə daxil olmaq istədikləri vaxt fasilə zənginin çalındığını, əsas otağa girmədən qalaya geri döndüklərini yazırdı. O, qeyd etmişdi ki, ertəsi gün geri döndükdə həmin otağın açıldığını, hər yerdə dağıdılmış qiymətli parçalar və zinət əşyaları görmüşdülər.
İngilis tədqiqatçısı Çarlz Tomas Nyuton 1856-1857-ci illərdə burada arxeoloji araşdırmaları zamanı daş bloku öz əvvəlki yerinə apardı. Qazıntı vaxtı tapdığı relyefləri, Mavsol və Artemisiyanın heykəllərini, dördatlı arabanın parçalarını Britaniya muzeyinə apardı. Daha əvvəl - 1846-cı ildə Türkiyədə olan İngiltərə səfiri Lord Stratford Canning Sultan Abdülməciddən aldığı icazə ilə Bodrum qalasının divarında olan Mavsolun relyefini Londona aparmışdı.
Danimarkalılar tərəfindən aparılan qazıntılar zamanı isə nərdivanın ətəyində Nyuton tərəfindən qazılmayan ərazidə öküz, qoyun, keçi, xoruz və göyərçin sümükləri tapıldı. Bunlar mərasim zamanı kəsilən heyvanların sümükləri idi.
Möhtəşəm
abidədən bugünümüzə qalanlar...
Beləcə, təbiətin şıltaqlıqları, hakimiyyət çəkişmələri, qovğalar, tarixi abidələrə etinasızlıq qədim dünyanın daha bir möcuzəsinin sonunu gətirdi. Doğrudur, nə aradan ötüb keçən uzun zaman, nə də zəlzələyə məruz qaldıqdan sonra amansızcasına sökülməsi, dağıdılması, parçalanması Halikarnas mavzoleyinin izlərini silə bildi.
O möhtəşəm abidədən qalan İkinci Mavsolun və Artemisiyanın heykəlləri, eləcə də məqbərənin digər bəzək əşyaları Londondakı Britaniya muzeyində saxlanılır. Abidənin olduğu yer isə bu gün çuxur olaraq qalmaqdadır. Həmin ərazinin yaxınlığında yarıqapalı muzey yerləşir. İçəri girərkən sağda Bodrum tipli bir ev, solda mavzoleylə bağlı memarlıq elementləri, maketlər, heykəllər sərgilənir.
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.- 2019.- 4 oktyabr.- S. 6.