Səhnənin yeni Məhsətisi

 

Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Pikə Axundovanın "Məhsəti” operasının premyerası olub.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbini üç ixtisas - fortepiano, bəstəkarlıq və nəzəriyyə sinifləri üzrə bitirən Pikə Axundova Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) fortepiano və bəstəkarlıq üzrə ali təhsil alıb. BMA-nın Bəstəkarlıq kafedrasının müəllimi, iki simfoniya, fortepiano ilə orkestr üçün konsert kimi daha bir neçə irihəcmli musiqi əsərlərinin müəllifi Pikə Axundovanın dahi Məhəmməd Füzulinin "Su” qəsidəsinə bəstələdiyi oratoriya bu ilin mart ayında İstanbulun Camal Rəşid Rey salonunda Türkiyə Prezident Orkestrinin baş dirijoru Rəngim Gökmənin idarəsilə ifa olunub.

"Mədəniyyət” televiziya kanalının təşkilati dəstəyi ilə hazırlanan əsər "Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC-nin Niyazi adına simfonik orkestrinin müşayiəti ilə səslənib. Librettonu Leyla Qədirzadə yazıb, "Məhsəti” onun operada ilk işi olsa da, indiyədək müzikl üçün librettolar da qələmə alıb. Leyla xanım qəhrəmanların ariyalarında da Məhsətinin rübailərindən istifadə edib. Tamaşaya "Məhsəti”miz - İnarə Babayeva quruluş verib. Baletmeyster Xalq artisti Təranə Muradova, geyim üzrə rəssam Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovadır.

Əsas partiyaları Opera Balet Teatrının solistləri ifa ediblər. Titul partiyasını Əməkdar artist İnarə Babayeva, Əmir Əhmədin partiyasını Ramil Qasımov, Sultan Səncəri Taleh Yəhyayev, Xanəndə qızı Fərqanə Qasımova oxuyublar. Tamaşada gənclərə üstünlük verilib: Fəhmin Şahyar, Fəxri Kazım-Nicat, İlqar Məclumov da tamaşada çıxış ediblər.

 

Azərbaycan.- 2019.- 4 oktyabr.-  S. 6.