İLHAM ƏLİYEV:
Qarabağ Azərbaycandır, nida
Azərbaycan Prezidentindən Ermənistana
növbəti siyasi-diplomatik zərbə
Soçidə keçirilən "Valday” Beynəlxalq
Diskussiya Klubunun plenar sessiyasının ən yaddaqalan məqamı
sözsüz ki, İlham Əliyevin çıxışı
oldu. Ona görə ki, bu çıxış Azərbaycan
Prezidentinin Ermənistana vurduğu növbəti siyasi-diplomatik
zərbə kimi tarixə düşdü. Bununla həm də Ermənistanın beynəlxalq səviyyədə
ifşası istiqamətində növbəti uğurlu
addım atıldı.
Məğlub olan əslində Ermənistandır
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsindən
danışan Prezident İlham Əliyev Ermənistanın
işğalının nəticələrinə diqqət
yetirdi, BMT Təhlükəsizlik Şurasının
münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin
25 ildən çoxdur yerinə yetirilmədiyini vurğuladı:
"BMT Təhlükəsizlik Şurası erməni
silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən
dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edən dörd qətnamə
qəbul edib. İyirmi beş ildən
çoxdur ki, bu qətnamələr yerinə yetirilmir. Burada biz mühüm məsələyə - qəbul
olunmuş qərarların yerinə yetirilməsinə gəlirik.
BMT Təhlükəsizlik Şurası ali
beynəlxalq orqandır. Əgər 25 ildən
çox müddətdə Təhlükəsizlik
Şurasının qəbul etdiyi qərarlar yerinə
yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi
ilə bağlı bir çox suallar doğurur. Azərbaycanda bizi qətnamələrin yerinə
yetirilməsinin reallaşdırılmasının seçmə
xarakteri narahat edir. Bəzən onlar bir
neçə gün ərzində yerinə yetirilir, bəzən
isə müəyyən hərbi əməliyyatların həyata
keçirilməsində onlara, ümumiyyətlə, ehtiyac qalmır.
Bizimlə bağlı məsələdə isə
qətnamələr kağız üzərində qalır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində,
BMT-nin bütün dünya tərəfindən qəbul
edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik
Şurasının qətnamələri və Helsinki Yekun
Aktı çərçivəsində həll
olunmalıdır”.
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün hüquqi və siyasi addımlar beynəlxalq
hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik
Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə,
ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq
təşkilatların müvafiq sənəd və qərarlarına
əsaslanır. Lakin Minsk qrupu vasitəsilə
aparılan sülh danışıqları 1994-cü ildəki
atəşkəs razılaşmasından bəri nəticəsiz
qalır. Bu təşkilatların
müvafiq sənədlərində işğalçı
qoşunların Azərbaycan Respublikasının işğal
edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz
çıxarılması tələb edilsə də, Ermənistan
bütün dünyanın gözü qarşısında
buna məhəl qoymur.
Sülh danışıqları isə ilk vaxtlardan beynəlxalq
əhəmiyyət kəsb etməyə başlayıb. 1994-cü ildən
başlayaraq problemin həlli ilə bağlı bir neçə
variant nəzərdən keçirilib. Amma
bütün həll variantları məhz Ermənistanın
qeyri-konstruktiv mövqeyi ucbatından alınmayıb. Azərbaycan problemin həllinə dair vasitəçilərin
təqdim etdiyi variantlara müsbət yanaşsa da, Ermənistan
bunu etməyib və həm birbaşa, həm də
dolayısı regiondakı status-kvonun dəyişməz
qalmasına çalışıb.
Bu müharibədə Azərbaycanın torpaqları
işğal olunsa da, uduzan məhz Ermənistandır. Öz təcavüzkar
siyasətinin qurbanı olan Ermənistan bütün regional və
beynəlxalq layihələrdən kənarda qalıb. Qonşuları ilə normal münasibətlər
yarada bilməməsi səbəbindən iqtisadi blokadada
qalıb və ötən əsrin 90-cı illərində necə
idisə indi də səfalət içində yaşayır.
Əhalisi sürətlə azaldığından hətta
orduya əsgər çağırışında belə hər
il ciddi problemlərlə üzləşir.
Bu mənada Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı status-kvonun dəyişməsi
Azərbaycan üçün vacibdirsə, Ermənistan
üçün daha önəmlidir. Status-kvonun
dəyişməsi ilə bağlı həmsədrlər
mövqelərini dəfələrlə açıq bildirsələr
də ortada bir nəticə yoxdur. Çünki
Ermənistan müxtəlif bəhanələr gətirməklə
münaqişənin sülh yolu ilə həllini uzadır.
Paşinyan özünü inkar edir
Ermənistanda
ötən ilin may ayında baş verən hakimiyyət dəyişikliyindən
sonra ölkənin yeni rəhbərliyi münaqişənin həlli
ilə bağlı mövcud danışıqlar prosesinin
ziddinə olan bəyanatlar verməyə
başlamışdı. Bir çox hallarda isə
baş nazir N.Paşinyanın atdığı addımlarla həmin
bəyanatlar arasında ciddi ziddiyyətlər
yaranmışdı. Əsas ziddiyyətli
məqam isə Ermənistan tərəfinin
danışıqlar prosesinin formatının dəyişdirilməsi,
Dağlıq Qarabağdakı separatçı rejimin
müzakirələrə cəlb edilməsi ilə əlaqədar
cəhdləri idi. Təbii ki, bu yanaşma
məqsədyönlü şəkildə bütün
danışıqların əngəllənməsinə və
iflic halına salınmasına gətirib çıxarmaqdan
başqa bir şey deyildi. Ona görə
prosesin formatının dəyişdirilməsi ilə
bağlı Ermənistan rəhbərliyinin tələbləri
ilk gündən beynəlxalq səviyyədə dəstəklənmədi.
Mart ayında ATƏT-in Minsk qrupu həmsədrləri
bəyanatla çıxış edərək formatın dəyişdirilməsinin
qəbuledilməzliyini bildirdilər.
Bu ilin martında Vyanada Azərbaycan Prezidenti və Ermənistan
baş naziri arasında keçirilən görüş Azərbaycanın
növbəti diplomatik uğuru kimi tarixə düşdü. Bu
görüşün keçirilməsi bir daha təsdiq etdi
ki, danışıqlar yalnız Azərbaycan Respublikası və
Ermənistan arasında aparılır və format dəyişməz
qalır.
Format məsələsinə
nöqtə qoyulduqdan sonra Ermənistanın baş naziri Nikol
Paşinyan sülh danışıqlarını tormozlayan
növbəti bəyanatla çıxış etdi. Belə ki, erməni baş nazirin avqust ayının əvvəllərində
Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan
adlandırması onun bölgədə və ümumiyyətlə,
dünyada baş verənlərdən nə dərəcədə
xəbərsiz və aciz birisi olduğunu nümayiş etdirdi.
Azərbaycanın işğal olunmuş ərazilərinin
ilhaqına çağırmaq beynəlxalq ictimaiyyətə,
xüsusilə münaqişənin danışıqlar yolu ilə
həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə
hörmətsizlikdən və məsuliyyətsizlikdən
başqa bir şey deyildi. Bu mənada Ermənistan baş nazir səviyyəsində
beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini,
Helsinki Yekun Aktını ayaq altına atdı, təhqir etdi və
ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik
etdiyi danışıqlar prosesini dalana dirədi. Bu addımı ilə Ermənistanın baş naziri
özünü də inkar etdi. Yəni bir
müddət əvvəl Dağlıq Qarabağ adından
guya danışa bilməməsi haqqında bəyanatının
cəfəngiyat və yalandan başqa bir şey
olmadığını göstərdi. Bununla
da Ermənistan rəhbərliyi açıq-aşkar göstərdi
ki, Ermənistanın danışıqlar prosesində
iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti
aldatmaqdan başqa bir şey olmamışdır.
Sergey Lavrovdan Paşinyana sərt cavab
Paşinyanın bu açıqlaması Ermənistanın
ənənəvi tərəfdaşları tərəfindən
də ciddi qəbul edilmir. Özü də nəinki
qəbul edilmir, hətta belə bəyanatların siyasi prosesin
tənzimlənməsinə kömək etmədiyi bildirilir.
Məsələn, Rusiyanın Xarici İşlər naziri
Sergey Lavrov "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik
iclasında Dağlıq Qarabağ prosesinin nizamlanması
haqqında sualı cavablandırarkən deyib: "ATƏT-in
Minsk qrupunun həmsədrləri sıx dostluq şəraitində
çalışırlar. Onlar bu il
üç dəfə xarici işlər nazirləri ilə
görüşüblər, o cümlədən bu ilin aprelində
mənim iştirakımla Azərbaycanın və Ermənistanın
xarici işlər nazirləri ilə görüş
keçirilib. İndi vəziyyət bir il əvvəlkindən
sakitdir. Lakin siyasi proses yavaşıyıb və hələlik
bu ləngiməni aradan qaldıra bilmirik. Tərəflər
yetərincə ciddi bəyanatlar, o cümlədən
Qarabağın Ermənistan olması barədə bəyanatlar
verirlər. Şübhəsiz ki, belə bəyanatlar
siyasi prosesin tənzimlənməsinə kömək etmir”.
Rusiya
XİN-in ATƏT-in Minsk qrupunun həmsədrləri ilə
birgə işlədiyini vurğulayan S.Lavrov deyib: "Bu, az
sayda hallardan biridir ki, bizim məsələyə
baxışımız tamamilə eynidir, bizim baza sənədlərimiz
var. Bizim dəfələrlə müzakirə olunmuş baza
prinsiplərimiz var. Bu prinsiplər əsasında məsələnin
həllini axtaracağıq. Amma məsələnin
həlli birbaşa dialoq yolu ilə tapılmalıdır.
Əlaqələr var, lakin nizamlanmaya dair dialoq hələlik
bərpa olunmur”.
Xatırladaq
ki, bundan əvvəl ABŞ-ın Azərbaycandakı
keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri,
Atlantik Şuranın analitiki Metyu Brayzə Ermənistanın
baş nazirinin bəyanatları ilə irəliləyiş əldə
etməyin mümkün olmadığını bildirib:
"Nikol Paşinyan öncə Ermənistan və
Dağlıq Qarabağın vahid, daha sonra isə
Dağlıq Qarabağın müstəqil olduğunu bəyan
edib. Ermənistan hökumətinin yeni mövqeyi
ilə məzmunlu danışıqlar aparmaq
qeyri-mümkündür. Bu mövqe Azərbaycan
üçün də tamamilə qəbuledilməzdir. Mediator olsaydım və Ermənistan yeni mövqeyində
qalsaydı, buna aydın etiraz edib istefa verərdim. Belə ki, bu mövqe ilə irəliləyiş əldə
etmək mümkün deyil. Bu, həmçinin
ədalətli deyil”.
Nöqtəni məhv edən NİDA
Danışıqlar
prosesinin nəticəsiz qalmasına rəğmən Azərbaycan
dövləti torpaqların azad edilməsi üçün istər
siyasi-diplomatik, istər iqtisadi və digər sahələrdə
genişmiqyaslı iş aparır. Bu məsələdə əsas
fəaliyyət istiqamətlərindən biri Ermənistanın
işğalçı siyasətinin beynəlxalq miqyasda
ifşasına nail olmaqdır. Respublikamız bunun
üçün bütün imkanlardan səmərəli
istifadə edir. Buraya beynəlxalq təşkilatlarla
faydalı əməkdaşlıqdan tutmuş qlobal informasiya
müharibəsində aktiv fəaliyyət, hücum
diplomatiyasının həyata keçirilməsi və s.
daxildir.
Ümumiyyətlə, Ermənistanın ifşası ilə
bağlı fəaliyyət daimi olmalıdır. Prezident
İlham Əliyev "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI
illik iclasının plenar sessiyasında
çıxışı zamanı bunu yüksək
siyasi-diplomatik peşəkarlıqla etdi. Bu,
bütün Azərbaycan xalqının ürəyindən xəbər
verən bir çıxış oldu. Prezident İlham Əliyev
Ermənistanın baş nazirinin məlum bəyanatının
yalan olduğunu vurğulayaraq dedi: "Həmçinin Ermənistan
baş nazirinin təəccüb doğuran bəyanatına
toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda
təəccüblə qarşılanmayıb, ona Rusiya
Federasiyası tərəfindən də "Valday” forumu
çərçivəsində müvafiq cavab verilib.
Beləliklə, bəyanat sözbəsöz belədir:
"Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”.
Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi
kimi tanınıb. Ermənistan özü
də bu qanunsuz qurumu tanımır. Qarabağ
tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və
nida işarəsi”.
Onu da qeyd
edək ki, Azərbaycan Prezidentinin dünyanın məşhur
"beyin mərkəzləri”ndən biri olan "Valday” Beynəlxalq
Diskussiya Klubunun plenar iclasına dəvət olunması, habelə
keçirilməsi nəzərdə tutulan çoxsaylı
yüksəksəviyyəli görüşlər də
dövlət başçımıza dünyada olan
böyük hörmətin göstəricisidir. Kifayət
qədər populyarlıq qazanmış bu beynəlxalq
platformada bir çox ölkə rəhbərləri,
dünyanın ən nüfuzlu akademik dairələri, siyasətçilər,
jurnalistlər bəşəriyyətin qarşısında
duran ən aktual problemləri müzakirəyə
çıxarırlar.
Builki müzakirələrin kulminasiyası isə Prezident
İlham Əliyevin çox ağıllı,
düşünülmüş NİDA cavabı oldu. Bu, nəinki
ermənilərə, eyni zamanda onların himayədarlarına
da sərt və tutarlı cavab kimi tarixə düşdü.
Məsələnin diqqəti çəkən başqa bir tərəfi
odur ki, Azərbaycanın dövlət başçısı
İlham Əliyev cavabı Bakıda deyil, ölkədən
xaricdə - Rusiya Prezidenti Vladimir Putinin, İordaniya Kralı II
Abdullanın, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin və
Filippin Prezidenti Rodriqo Roa Dutertenin iştirak etdikləri mötəbər
tədbirdə verdi.
Azərbaycan Prezidentinin Soçidə səsləndirdiyi
bütün fikirlər dünya ictimaiyyətinə bir daha
ciddi mesaj oldu.
Prezident İlham Əliyev ölkəmizin və
xalqımızın mənafeyini, milli maraqlarını qətiyyətlə
qorudu. Azərbaycanın üzləşdiyi
problemin əsl mahiyyətini dünya ictimaiyyətinə
çatdırdı və haqqın bizim tərəfimizdə
olduğunu əsaslandırdı. Təbii
ki, bu çıxış Azərbaycan diplomatiyası
qarşısında yeni hədəflər müəyyənləşdirdi.
Bu hədəflərin uğurla qət edilməsi
və Ermənistanın diplomatik
sıxışdırılması torpaqlarımızın
azad edilməsi istiqamətində ən mühüm vəzifələrdən
biridir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2019.- 5 oktyabr.- S. 1; 6.