NüfuzluChina Daily” qəzeti Azərbaycan Prezidentinin ÇXR Sədrinə ünvanladığı təbrik məktubu haqqında yazır

 

Çinin ingilis dilində nəşr olunan nüfuzlu "China Daily" qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü münasibətilə Sədr Si Cinpinə ünvanladığı təbrik məktubu barədə xəbər yayıb.

"China Daily"nin AZƏRTAC-a istinadla yaydığı məlumatda dövlətimizin başçısının Çinin ötən illər ərzində böyük inkişaf yolu, qazandığı uğurlar barədə fikirlərinə geniş yer verilib. Həmçinin Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafı, o cümlədən Çin liderinin müəllifi olduğu irimiqyaslı transmilli beynəlxalq əməkdaşlıq layihəsi olan "Bir kəmər, bir yol" təşəbbüsünün Avrasiya məkanının çiçəklənməsi üçün geniş imkanlar açması, ölkəmizin Azərbaycan-Çin əməkdaşlığına böyük əhəmiyyət verməsi barədə fikirləri yer alıb.

Qeyd edək ki, AZƏRTAC ilə "China Daily” qəzeti arasında əməkdaşlığa dair razılıq agentliyin İdarə Heyətinin sədri Aslan Aslanovun Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media Sammitində iştirak etmək üçün ötən ilin iyununda Pekinə səfəri çərçivəsində qəzetin rəhbərliyi ilə görüşündə əldə edilib. Ötən müddətdə tərəflər informasiya mübadiləsi həyata keçirməklə yanaşı, AZƏRTAC "China Daily"nin müxtəlif layihələrinə dəstək verib, agentliyin əməkdaşları qəzetin təlim proqramlarında iştirak ediblər. Cari ilin mayında "China Daily" tərəfindən AZƏRTAC-a "Fəxri beynəlxalq media tərəfdaşı-2019” mükafatı təqdim olunub.

Ümumilikdə, 100 milyondan çox çaponlayn abunəçisi olan "China Daily" təkcə Çində deyil, regionda, eləcə də dünyada ingilis dilində nəşr edilən ən nüfuzlu qəzetlərdən biridir. Qəzetin xarici ölkələrdəki oxucularının sayı yerli oxuculardan daha çoxdur. Bu da qəzetin qlobal səviyyəli nəşr olduğunun göstəricisidir.

 

Azərbaycan.- 2019.- 5 oktyabr.- S. 5.