Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Yevlaxda gənclərlə görüş keçirilib

 

Oktyabrın 4-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Yevlax şəhərində gənc fəallarla görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Yevlax şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər gül dəstələri qoyulub.

Yevlax şəhər Mərkəzi Kitabxanasında keçirilən tədbirdə Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış edərək, müstəqil Azərbaycanın keçdiyi inkişaf yolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə əldə edilən uğurlardan danışıb, uğurlu siyasət nəticəsində ölkəmizi daha firavan gələcəyin gözlədiyini diqqətə çatdırıb.

1992-1993-cü illərdə respublikanın ağır vəziyyətini, iqtisadi tənəzzülü, hərc-mərcliyi gənclərin diqqətinə çatdıran Əli Əhmədov bildirib ki, böyük siyasi xadim Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə sabitlik, əmin-amanlıq yaradıldı, separatizm aradan qaldırıldı, dövlət müstəqilliyi möhkəmləndi, iqtisadi islahatlar həyata keçirilməyə başlandı.

YAP sədrinin müavini bildirib ki, bu gün ulu öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ötən illər ərzində böyük inkişaf yolu keçib, iqtisadiyyatın artması, əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb, infrastruktur yenidən qurulub, geniş tikinti-quruculuq işləri həyata keçirilməyə başlanıb, insanları narahat edən problemlər aradan qaldırılıb.

"Bu gün Azərbaycan hökumətinin əsas məqsədi gənc nəslin arzuladığı cəmiyyəti onlara təqdim etməkdir”, - deyən Baş Nazirin müavini bildirib ki, bu ümumi məqsədə nail olmaq üçün var gücümüzlə çalışırıq. Bunun üçün gənc nəslin daha yaxşı təhsil alması və zəngin biliklərə yiyələnməsi tələb olunur. Yaxşı yaşamağın, cəmiyyətin layiqli vətəndaşı olmağın yeganə yolu zəngin, etibarlı, dərin biliklərə yiyələnməkdir.

Baş Nazirin müavini deyib ki, son illər Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata keçirilir: "İnanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq. Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib. Onlar gələcəkdə ulu öndər Heydər Əliyevin ideyalarını, eləcə də onun layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti layiqincə davam etdirmək potensialına malikdirlər”.

Milli Məclisin deputatı İlham Məmmədov çıxış edərək, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, gənclərin dövlətə, dövlətçiliyimizə, Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətə həmişə sədaqətli olmalarından danışıb, onlara uğurlar arzulayıb.

Görüşdə çıxış edən gənclər də ictimai-siyasi proseslərlə bağlı fikirlərini bildiriblər.

 

Azərbaycan.- 2019.- 5 oktyabr.- S. 5.