Maarif məşəlini sönməyə qoymayanlar

 

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

 

Əlində məşəl bir yolçu müqəddəs səfərə çıxmışdı. Üz tutmuşdu bütün ellərə, obalara, kənd-kənd, ev-ev gəzərək məşələ od olacaq qığılcımları gəzirdi, axtarırdı - usanmadan, bezmədən...

İrəvanda, Naxçıvanda, Gəncədə, Şuşada, Şəkidə, Şamaxıda oldu, oradan da yolunu Bakıya, Qubaya saldı. Gah faytonla, araba ilə, qatarla, gah da piyada qət etdi bu məsafələri. İnamı üzülmürdü, bilirdi ki, mütləq həmin qığılcımları tapıb əlindəki məşələ od vuracaqbu məşəlin ziyası əsrlər, minillər boyu doğma Azərbaycanın yoluna nur saçacaq...

Bu yolçu, Qori Seminariyasının Azərbaycan şöbəsinin inspektoru, müsəlman balaları üçün "Vətən dili” adlı dərsliyin müəllifi, ilk Azərbaycan müəllimlərinin müəllimi idi...

Milliyyətcə rus, ata-babaları vaxtilə Həştərxandan köçüb Şamaxının Mərəzə kəndində məskunlaşmış və özüburada doğulub buranı doğma vətəni sayan, ağlı kəsəndən Azərbaycanın adət-ənənəsini, məişətini, dil və ədəbiyyatını incəliklərinə qədər öyrənib, ömrünü maarifçiliyə həsr edən, azərbaycanlıları seminariyada oxuyub təhsil almağa, maarifə, mədəniyyətə çağıran nurlu insan...

Uşaqlarını Qoriyə göndərmək istəməyən valideynlərin, mədrəsədəki mollaların görəndə tüklərinin biz-biz olduğu, "Allahu Əkbər” deyib üç dəfə salavat çevirdikləri, "Dəli Kür” filmində heyran olub sevdiyimiz Aleksey Osipoviç Çernyayevski...

"...Azərbaycanlılardan görkəmli maarif və mədəniyyət xadimləri daha çox yetişəcək. Onlar ana dillərində dərsliklər yazacaqlar, bu xalqın zəngin ədəbiyyatından, tarixindən cild-cild əsərlər hazırlayacaqlar. Bu gün mənim elədiklərim o zaman çox cüzi görünəcək. Mən bunu hər bir azərbaycanlı seminaristin simasında görürəm. İftixar edirəm ki, "Vətən dili” kitabını müsəlman balaları üçün mən tərtib etmişəm. Bu kitabın vasitəsilə təkcə Qori Seminariyasında deyil, ölkənin bütün qəzalarında olan ibtidai rus-Azərbaycan məktəblərində uşaqlar savad öyrənirlər. "Vətən dili” kitabının birinci hissəsini tələbəm Rəşid bəy Əfəndizadənin gözəl xətti ilə daş basmasında çap etdirdik, ikinci hissəsini Səfərəli bəy Vəlibəyovla birlikdə yazmışıq”, - deyə təvazökarlıqla və sevinclə bildirirdi...

 

İlk müəllimlərimiz

 

Fədakar müəllimin əməyi hədər getməmişdi və Qori Seminariyasında Azərbaycanlılar üçün açılan bölmə Şuşadan Firudin bəy Əhmədağa oğlu Köçərli, Səfərəli bəy Vəlibəyov, Lənkərandan Teymur bəy Məmməd bəy oğlu Bayrambəyov, Rəşid bəy Əfəndiyev, Qazaxdan İsmayılağa Mustafa oğlu Vəkilov və Məmmədağa İsmayılağa oğlu Şıxlınskinin sayəsində bağlanmamışdı, onlar maarif yolumuzda ilk müjdəçi qaranquşlar olmuşdular...

1918-ci il noyabrın 10-da isə Qazax Müəllimlər Seminariyasının açılışı xalqımızın təhsil tarixində əhəmiyyətli hadisə oldu. Seminariyada İsfəndiyar bəy Vəkilov - rus dili və təbiət elmləri; Yusif Qasımov - tarix fənləri; Əli Hüseynov - tarixcoğrafiya; Məhəmməd Hüseynzadə - riyaziyyat; İbrahim Əfəndi Qayıbov - ana dili fənlərindən dərs deməyə başladılar.

Xalqın maarifi və mədəniyyətinin inkişaf etdirilməsində, anadilli məktəblərin yaradılmasında, ana dilində dərsliklərin hazırlanmasında yuxarıda adları sadalanan fədakar müəllimlərin əvəzolunmaz xidmətləri var...

bu gün də xələflərinin yolunu davam etdirib xalqının maariflənməsi, elm alması yolunda öz doğmalarından, evindən, eşiyindən uzaqlara, lap ucqarlara yollanıb millətinin övladlarına elm, savad, bilik öyrədən gənc müəllimlərimiz, maarif məşəlini sönməyə qoymayanlarımız var...

 

Düşmənə sipər Kəmərlinin cəsur müəllimi

 

 

...Lap tezdən, hələ dan üzü ağarmamış istiyə, küləyə, qara, çovğuna, sazağa baxmadan yola çıxır. Hər gün 41 kilometr yol qət edərək Qazax rayonunun Balaçaylı kəndindən Kəmərli kəndinə üz tutur...

Axı, İncəsu çayının sahilində, dağlarla əhatələnmiş dumanın üzük qaşı kimi halqaya aldığı, düşmənə sipər Kəmərlinin qorxmaz şagirdləri gözləyir yolunu...

Vətəninin hər qarışını, daşını, torpağını, meşələrini, gülünü, çiçəyini, taxıl zəmiləri uzanan düzlərini, başı qarlı dağlarını, Kürünü, Arazını, neft ətirli Abşeronunu tanımaq, öyrənmək üçün...

Kəmərli kəndinin balaları doğulduğu andan vətən keşikçilərinə çevrilirlər, qorxmaz cəsur olurlar. Elm öyrənirlər, biliyə yiyələnirlər, gecə-gündüz evlərində, sinif otaqlarında eşitdikləri düşmən atəşlərinin sədası altında...

Həm kəndlərindəki, həm də doğma Azərbaycanın digər bölgələrindən onlarla, yüzlərlə kilometr yol qət edib bu ucqar, həm də düşmənlə həmsərhəd bölgəyə yollanıb onlara elm ziyası saçan müəllimlərinin sayəsində...

23 yaşlı coğrafiya müəllimi Aygün Adıgözəlova da belə fədakar müəllimlərdən biridir. Müəllimlərin işə qəbulu imtahanlarından topladığı yüksək balla şəhərdə, hansısa mərkəzə yaxın məktəblərdə dərs deməyi yox, Qazax rayonunun ucqarda, düşmənlə həmsərhəd bölgədə yerləşən Kəmərli kəndini seçib, buradakı uşaqların ona daha çox ehtiyacı olduğunu bildiyi üçün...

Əslən Qazaxın Balaçaylı kəndindən olan Aygün müəllimə hər gün uzaq yol qət edərək Kəmərlidə yerləşən Xanbağı kənd Aslan Bəbirov adına tam orta məktəbə yollanır. 2017-ci ildə Bakı Dövlət Universitetinin Qazax filialını bitirən gənc müəllim 2018-ci ildə müəllimlərin işə qəbulu imtahanında iştirak edir və 52 balla vakansiya yer kimi Qazax rayonunun Kəmərli kəndini seçir: "Kəmərli məktəbindəki yer vakansiyaya çıxarılanda mən bildirdim ki, məhz bu kənddə dərs demək istəyirəm. Valideynlərim, eşidənlər öncə tərəddüd edirdilər, deyirdilər ki, çox uzaqdır, sərhəd kənddir. Amma bu mövqelər mənim fikrimin yayınmasına səbəb olmadı.Yenə də Kəmərlini yazdım və çox şükür ki, elə ora da düşdüm. Kəmərli doğma Qazaxımın kəndidir, orada müəllimə tələbat var idisə, mənim başqa seçimimola bilməzdi. Düşündüm ki, ehtiyac varsa, mən məhz ora getməliyəm, nəinki başqa mərkəzə daha yaxın bölgələrə. Müəllimlik sənətinin də müqəddəsliyi elə məhz buna görədir ki, heç bir çətinliyə baxmadan harada təhsilə ehtiyacı olan bir uşaq varsa, özünü ona yetirir, bu yolda addımlamasına kömək edirsən”.

 

"Sevdiyimiz müəllimlik peşəsini yerinə yetirmək üçün məsafələr bizə əngəl deyil

 

Müəllimliyə başladığı ilk dərs günü çox həyəcanlıydı. Görəsən necə olacaq, uşaqlarla dil tapa, onların sevgisini qazana, coğrafiya fənninə maraqlarını artıra biləcəkdimi? İlk zəngin səsi ilə sinfə daxil olan şagirdlərin üzündəki təbəssümü, maraq dolu ona dikilmiş nəzərləri gördükdə isə sanki üzərindən dağ götürülmüşdü: "Yavaş-yavaş uşaqlarla dil tapmağa, onların aurasını hiss etməyə başladım. Şagirdlərin mənə qarşı hörmətini, sevgisini, dərsə maraqlarını gördükcə daha da həvəsləndim. Bu ildən 7-ci sinfin sinif rəhbəriyəm. Çalışıram şagirdlərimə ənənəvi üsulla yox, hazırkı kurikulum sisteminin tələblərinə uyğun dərs deyim. Əyani vəsaitlərdən daha çox istifadə edim, onlarda coğrafiyaya daha çox həvəs yaradım ki, dərsə maraqla yanaşsınlar. İstəmərəm ki, kimsə mənim fənnimdən "2” qiymət alsın. Düzdür, dərs qavramı bütün şagirdlərdə eyni olmur, hər kəs əla səviyyədə öyrənmir, zəiflər də olur. Çalışıram zəif səviyyəsində oxuyan uşaq da diqqətsiz qalmasın, o da qavramasına görə maksimum səviyyədə həmin dərsi mənimsəyə bilsin. Həm də şagirdlərimlə dost olmağa çalışıram. Hər zaman deyirəm ki, dərs zamanı, yaxud sonra hansısa çətinliyiniz, maraqlandığınız məsələlərlə bağlı mənə suallarınızı ünvanlaya, kömək istəyə bilərsiniz. Hər zaman kömək, dəstək olmağa hazıram”.

Kəmərli kəndində iki məktəb fəaliyyət göstərir və hər iki təhsil ocağı yeni tikilib, təhsil üçün lazım olan bütün şəraitlə, avadanlıqlarla təmin olunub. Ucqar Kəmərli kəndinə gələn müəllimlər buradakı gülərüz, qoçaq sakinlərin onlara olan mehribanxoş münasibətlərindən də razılıq edirlər.

 

Aygün müəllimə deyir ki, şagirdlərin çalışqanlığı, sakinlərin uzun məsafələr qət edərək gəlib onların övladlarına dərs öyrədən müəllimlərə sevgi və minnətdarlıq hissi onlarda seçdikləri peşənin əvəzolunmazlığına dair qürur hissi yaradır: "Bir daha əmin oluruq ki, sevdiyimiz peşəni yerinə yetirmək üçün məsafələr bizə əngəl deyil”.

 

"Heç bir çətinlik ehtiyacı olan uşaqlara dərs demək istəyimin qarşısına sədd çəkə bilməz”

 

...Səhərin bir az sərt mehiMövsüm babanın mehriban səsiydi onu oyadan. Yavaş-yavaş dan yeri ağarırdı, yaxınlıqdakı sarı-qırmızı yarpaqlı ağaclardan günəşin şəfəqlərini salamlayan quşların şən hay-küyü, civiltisi eşidilirdi. Kimya nənənin yenicə dəmlədiyi kəklikotulu çayın ətri aləmi bürümüşdü, haradansa qoyun-quzunu örüşə haraylayan çoban tütəyinin sədası gəlirdi...

O da yerindən qalxıb kənd həyatının lap alaqaranlıqdan başlayan özünəməxsus ritminə qoşuldu, həvəslə onu gözləyən sevimli şagirdlərinin görüşünə tələsdi...

Müəllim ailəsində böyümüşdü. Gözünü açandan cəmiyyətdə valideynlərinə qarşı hörmət, ehtiram görmüşdü, məktəbdə öz müəllimlərindən sevgi, qayğı, həyat yolunda addımlamaqda dəyərli məsləhətlər almışdı. Yavaş-yavaş, zərrə-zərrə onun da qəlbində müəllimliyə sevgi toxumları cücərməyə başlamışdı. Qərarını vermişdi, müəllim olacaqdı, işıqlı cəmiyyətin təməli sayılan savadlı, bilikli şagirdlər yetişdirəcəkdi. Və 2012-ci ildə arzularının arxasınca gedərək Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına qəbul olur. 2016-cı ildə təhsilini bitirib vətənə borcunu yerinə yetirmək üçün 1 illik hərbi xidmət keçir.

Bu il isə müəllimlərin işə qəbul imtahanlarında 58 bal toplayır. Əslən İsmayıllı rayonunun Kürdeldarbəyli kəndindən olan 24 yaşlı gənc müəllim Əhliman Tapdıqlı yaşadığı kənddən 80 kilometr uzaqda yerləşən ucqar Xəlilli kəndində dərs deməyi seçir. Burada müəllimə daha çox ehtiyac olduğu üçün... Gənc müəllim evindən, ailəsindən uzaqda olduğunu hiss etmir. Deyir ki, Mövsüm babaKimya nənənin göstərdikləri qayğı sayəsində özünü yad yox, onların nəvəsi kimi hiss edir, eləcə də kəndin digər sakinləri ona çox hörmət bəsləyirlər: "Gənc müəllimlərin bir çoxu kənd məktəblərini, xüsusilə ucqar kəndlərdə yerləşən məktəbləri seçmirlər. Düzdür, bəzi çətinliklər var, şəhər həyatı kimi komfortlu deyil, xüsusilə qış fəslində müəyyən problemlər ola bilər, amma bütün bunlar mənim müəllimliyə həvəsimin, ehtiyacı olan uşaqlara dərs demə istəyimin qarşısına sədd çəkə bilməz. Mənim də qayğıkeş, həyat yolumu müəyyən etməyimdə zəhməti olan müəllimlərim olub. Amalım yaxşı müəllim olub gələcəyimiz üçün savadlı, ağıllı, tərbiyəli şagirdlər yetişdirməkdir”.

 

Şagirdlərin ümid işığı

 

Əhliman müəllim vurğulayır ki, elmin sirləri müxtəlif olduğu kimi, onu öyrətmək metodikaları da fərqlidir: "Şəxsi üslub bütün hallarda öyrətməyə xidmət edirbütün bu xidmətlərdən maksimum səviyyədə istifadə edəcəyini düşünür. Elm özü yenilikdir. Lakin həvəsləndirmə üçün bəzi əlavə proseslərə də baş vurmalıyıq. Məsələn, şeir müsabiqələri, tamaşalar, əsər yarışları keçirəcəm, qalibə kitab hədiyyə edəcəm. Düşünürəm ki, bu, şagirdlər üçün əlavə motivasiya olacaq”.

Gənc müəllim söyləyir ki, standart müəllim-şagird münasibəti yorucudur: "Sadəcə dərs keçib, sabah şagirdlərdən dərs soruşasan, biləndə "əla”, bilməyəndə "qeyri-kafi” qiymət verəsən və bununla da işini yerinə yetirdiyini düşünəsən: bu, düzgün deyil. Müəllim şagirdin dostu olmalıdır. Onların maraqlarını, məqsədlərini bilməli və doğru yola yönəltməlidir. Mən də məktəbdə şagirdlərin ümid işığı olmaq, onları elmə həvəsləndirmək üçün əlimdən gələni etməyə çalışıram”.

 

Hazırda Xəlilli kənd tam orta məktəbində 5-ci və 6-cı siniflərdə şagird olmadığı üçün həmin siniflər yoxdur, 7, 8 və 9-cu siniflərdə 3 şagird oxuyur. 10-cu sinifdə 4, 11-ci sinifdə isə 5 şagird təhsil alır.

"Məktəbdə uşaqların az olması dərslərimizə heç bir təsir etmir, əksinə bu, hər bir uşaqla daha çox məşğul olmağa imkan verir. Hər bir şagirdə ayrı-ayrılıqda vaxt ayırmağa, onların dərsə dair fikirlərini öyrənməyə bol vaxtımız olur. Həmçinin dərsdən əlavə də uşaqlarla məşğul oluram. Müşahidə edirəm ki, yeni biliklər öyrəndikcə daha da həvəslə oxuyurlar. Bu da bir müəllim kimi məni olduqca sevindirir, seçdiyim müəllimlik peşəsi ilə fəxr edirəm”, - deyə Əhliman Tapdıqlı bildirir ki, boş zamanlarında müxtəlif mövzularla bağlı araşdırmalar edir, kitab oxuyur, şeirlər dinləyir. Və öyrəndiyi yeni bilikləri, məlumatları şagirdləri ilə bölüşür, onlarla fikir mübadiləsi aparır, qaranlıq könüllərə nur, işıqlı gələcəyə doğru irəliləməkdə yollarına ziya saçır.

 

Müəllimliyin qürur ünvanı - Cocuq Mərcanlı

 

İnsan qürur duymazmı, fəxarət hissi keçirməzmi bu ünvanda olduğu üçün...

İnsan sevinməzmi, xoşbəxt olmazmı bu diyarda qaldığı üçün...

Dünyanın bəxtəvəri olmazmı pəncərəsinin mənzərəsi Lələtəpə yüksəkliyinə açıldığı üçün...

Özünü göylərdə hiss etməzmi məhz burada, müqəddəs vətən torpağımız, işğaldan azad olunan torpaqlarımızın ilk müjdəçisində yaşadığı üçün...

Öyünməzmi məhz Cocuq Mərcanlıdakı məktəbdə dərs deməyi seçib, buradakı şagirdlərə elm öyrətdiyi üçün...

Qismətinə bu cür şərəfli, qürurlu tarix yazılanlardan biridir 28 yaşlı gənc müəllim Könül Hacıyeva...

Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd Novruz Aslanov adına tam orta məktəbə yüksək balla işə qəbul olunan Könül Hacıyeva əslən Qəbələ rayonunun Tüntül kəndindəndir. Ağdaş Dövlət Humanitar Kollecinin İbtidai sinif müəllimliyini bitirən Könül müəllim müəllimlərin işə qəbulu imtahanında birinci turda yığdığı 50 balla düşünmədən Cocuq Mərcanlını seçib: "Əslində bu balla mənim düşə biləcəyim yerlər çox idi, Şamaxı, Lənkəran, Şirvan və digər rayonlarda müəllim işləyə bilərdim. Növbəti tura qatılsaydım, Bakıda da dərs demək şansım olardı. Amma düşündüm ki, Cocuq Mərcanlıda müəllimə daha çox ehtiyac var. Həm də Cocuq Mərcanlı mənə qeyri-adi, müqəddəs bir yer kimi gəldiyi üçün ürəkdən buranı istədim. Həyat yoldaşım da mənə dəstək olduiki övladımızla bərabər Tüntül kəndindən Cocuq Mərcanlıya gəldik. Hər bir şəraiti olan ikiotaqlı evlə təmin olunmuşuq. Burada işləyib yaşadığım müddətdə bu ev hər zaman bizim istifadəmizdə olacaq. Oğlum bağçaya gedir, qızım isə 3-cü sinifdə oxuyur”.

 

"Bu torpaqda müəllimə ehtiyac varsa, mənim başqa seçimim ola bilməzdi”

 

Özündən əlavə bir neçə müəllimin də yüksək balla Cocuq Mərcanlıdakı məktəbi seçdiyini söyləyən Könül Hacıyeva qeyd edir ki, burada xüsusilə ibtidai sinif müəlliminə ehtiyac var idi: "Uşaqları çox istəyirəm, şənbə-bazar olanda onlar üçün darıxıram. Müəllim kimi onlara təkcə təhsil vermirəm, dünyagörüşlərinin formalaşmasını, həyata baxışlarını, vətənə, torpağa bağlılığı da aşılamağa çalışıram. Onsuz da bu uşaqların hər biri vətənpərvərlik əhvali-ruhiyyəsindədir. Aprel döyüşləri bu uşaqlarda mübarizə ruhunu daha da yüksəldib. Onlar bütün Milli qəhrəmanlarımızı tanıyır və haqqında bilirlər. Cocuq Mərcanlıda dərs dediyim üçün mən özümçox qürurluyam, burada olmaq fərqli hissdir. Bu torpaq uğrunda qəhrəmanlarımız canlarından keçiblər, bu torpağın hər qarışı şəhidlərimizin qanı ilə suvarılıb. Və əgər bu gün bu torpaqda müəllimə ehtiyac varsa, mənim başqa seçimim ola bilməz. Vətən, torpaq qarşısında kiçikolsa borcumu yerinə yetirməliyəm”.

 

Cocuq Mərcanlı Novruz Aslanov adına məktəb onun ilk yeridir, ilk müəllimlik təcrübəsini burada öyrənib: "Lələtəpə yüksəkliyi ilə aramızda 700 metr məsafə var. O yüksəklik bizim güvən yerimizdir, bilirik ki, igid əsgərlərimiz hər zaman keşiyimizdədir. Buradakı kənd camaatı necə ürəklidirsə, biz də eləyik, heç nədən qorxmuruq. Yeganə bir arzum var, tezliklə Qarabağımızın digər əraziləri də düşmən tapdağından azad olunsunvakansiya kimi həmin bölgələri seçərək gedib orada da dərs deyim. Uşaqlarımıza elmin sirlərini açım, balaca əllərindən tutub müqəddəs "ana”, "vətən” yazmağı öyrədim, Lələtəpə zəfərindəki qəhrəmanlarımızın şücaətindən bəhs edim...”

Müəllim qaranlıq könüllərə nur saçandır. Müəllim ömrünü şama bənzədirlər, işıq saçmaq üçün yanan şama... Öz ömrünü başqalarının ömrünə həsr etdiyi üçün. Nə xoşbəxtik ki, doğma Azərbaycanımızın da hər guşəsində elm, bilik, maarif məşəlini yandıran zəhmətkeş müəllimlərimiz hər zaman olubbu günbu müqəddəs ənənəni şərəflə daşıyanlarımız, gənc müəllimlərimiz var...

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.- 5 oktyabr.-  S. 7.